Mirzə Bala Məhəmmədzadənin
imzaları
(Əvvəli ötən sayımızda)
Mirzə Bala Məhəmmədzadə Türkiyədə
məskunlaşdıqdan sonra sovet təqib və təhdidlərindən
sığortalanmasa da, artıq açıq imzalarla, daha
çox "Mirza Bala Mehmetzade" imzası ilə mətbuatda
çıxış etməyə başlamışdı.
Amma bəzən, məsələn, "Azeri Türk"
(1928-1931) məcmuəsində olduğu kimi, "Daş Dəmir"
imzası ilə də məqalələr yazırdı. Həmin
imza ilə müəllifin "Odlu yurd"da 5 məqaləsi
verilmişdi.
Ədibin "Odlu yurd"da (1929-1931) yazıları əsasən
"Mirza Bala Mehmetzade", "M.B.Mehmetzade", "Mirza
Bala", "M.B" imzaları ilə işıq üzü
görmüşdü. M.B.Məhəmmədzadənin
"Odlu yurt"da "Mirza Bala" imzası ilə 21,
"M.B.Mehmedzade" və"M.B."nin hər biri ilə
14, "Mehmetzade Mirza Bala" imzası ilə 1 məqaləsi
verilib.
Mirzə Bala Berlindəki "İstiqlal" və
"Qutuluş", Ankarada nəşr olunan "Azərbaycan",
Münhendə buraxılan "Dərgi" jurnalındakı
əksər yazılarını "Mirza Bala" imzası ilə
çap etdirib.
Mirzə Bala haqqında qələmə alınan bəzi
əsərlərdə ədibin imzaları ilə
bağlı ciddi yanlışlıqlara yol verilir. Məsələn,
Rafail Əhmədli "Mirzə Bala Məhəmmədzadənin
ictimai-siyasi görüşləri" adlı irihəcmli
kitabında (Bakı, "Ozan", 2017, 448 səh.) yazır:
"Mirzə Bala, M.B.Məhəmmədzadə, Nuhoğlu,
A.Kut, M.B.Daşdəmir, Ali Kutluk, Azəri, Sənan, Kamal və
sair imzalardan istifadə edən Mirzə Bala Məhəmmədzadə
6 mart 1955-ci ildə Azərbaycan Milli İstiqlal Hərəkatının
lideri, Azərbaycan Xalq Cümhuriyyətinin memarı və
Müsavat Partiyasının rəhbəri,
xalqımızın böyük oğlu Məhəmməd
Əmin Rəsulzadənin vəfatından sonra Azərbaycan
milli-azadlıq hərəkatının və Müsavat
Partiyasının rəhbəri seçilmişdi. "Azəri"
imzasının Məhəmməd Əmin Rəsulzadəyə
(Avropada Ceyhun Hacıbəyliyə), "Sənan" gizli
imzasının milli istiqlal hərəkatı və mühacirət
poeziyasının tanınmış simalarından Məhəmməd
Sadıq Arana (1895, Zəngəzur, Sisyan 1972, İstanbul) mənsub
olduğu mühacirətşünaslıqda çoxdan məlumdur.
O ki qaldı, "Kamal" imzasının kimə mənsubiyyəti,
burada da tədqiqatçılar arasında ciddi fikir
ayrılığı var. Professor Bədirxan Əhmədli
mühacir ədiblərin imzasına da xeyli yer
ayırdığı "Azərbaycan mühacirət ədəbiyyatı:
təşəkkülü, problemləri, şəxsiyyətləri"
kitabında (Bakı: "Elm və təhsil", 2017, 376 s.)
"Kamal" imzası ilə də bağlı müxtəlif
müəlliflərin mülahizələrin müqayisəli təhlilini
aparır, opponentlərinin mövqeyini əsaslı dəillərlə
təkzib edir. Əli Şamilə istinad edən B.Əhmədlinin
qənaətinə görə, bəzi araşdırmaçıların
iddia etdiyi kimi, "Kamal" imzası Mirzə Balaya yox,
mühacirət mətbuatının fəal əməkdaşlarından
Kamal Qənizadəyə məxsusdur. "Kamal" imzası
ilə bağlı Dilqəm Əhmədin də fikirləri
maraq doğurur. O, "İranda öldürülən
mühacir - Əli Kamal Qənizadə" ("Teleqraf"
informasiya agentliyi, 16 avqust 2020) adlı məqaləsində
türkiyəli yazıçı, ictimai-siyasi xadim Hüseyn
Nihal Atsızın 1971-ci ildə "Ötüken"
jurnalının 8-ci sayında dərc etdirdiyi "Mehmet
Sadık Aran - Tahsin Demiray" adlı məqaləsinə əsaslanaraq
"Kamal" imzasının kimə məxsusluğu barədə
fikirlərini bölüşür. Onun ehtimalına görə,
məqalələrini əsasən "Azərbaycanlı
Kamal" imzası ilə dərc etdirən müəllif
"Yeni Qafqasya"nın fəal əməkdaşlarından,
sonradan "Odlu yurd" dərgisinin, "Bildiriş" qəzetinin
məsul müdiri işləyən Əlikamal Qənizadədir.
D.Əhməd Əli Kamalın "Yeni Kafkasya" və
"Odlu yurd"da dərc olunan 14 məqaləsinin biblioqrafik
göstəricisini də tərtib edib. Onun yazdığına
görə, Əli Kamal bir müddət Avropada
yaşadıqdan sonra İrana qayıdır və orada da
1941-ci ildə İrana daxil olan rus qoşunları tərəfindən
qətlə yetirilir. Dilqəm Əhmədin mülahizələri
inandırıcı görünür. Onu da əlavə edək
ki, "Yeni Kafkasya"nın tam mətnini transliterasiya edən
müəlliflər də kitabın "Dizin" hissəsində
bu imza ilə bağlı "Əli Kamal (Almaniyada azərbaycanlı
tələbə)" yazmışlar. Beləliklə, hesab
edirik ki, Rafail Əhmədlinin "Azəri", "Sənan",
"Kamal" imzalarının Mirzə Balaya aid olması
haqqında iddiasına aydınlıq gətirildi.
Azərbaycan mühacirlərin Türkiyədən
çıxarılması ilə bağlı Sovet İttifaqının
təkidli tələblərindən sonra qardaş ölkəni
tərk etməyə məcbur olan istiqlal mücahidləri
Avropanın müxtəlif ölkələrinə üz
tutublar. Mirzə Bala da yeni qəbul olunduğu İstanbul
Universitetində təhsilini yarımçıq qoymağa,
Türkiyəni tərk etməyə məcbur olur. Polşada,
Varşavada məskunlaşan M.B.Məhəmmədzadə
Berlində M.Ə.Rəsulzadənin rəhbərliyi ilə nəşr
olunan "İstiqlal" qəzeti (1932-1934) və
"Qurtuluş" dərgisi (1934-1939) ilə sıx əməkdaşlıq
edir. İkinci Dünya müharibəsi başlayanda - 1939-cu ildə
faşist Almaniyası Polşanı işğal edir, bu zaman
Mirzə Bala yenidən Türkiyəyə dönür.
Varşavada ikən M.B.Məhəmmədzadə bir müddət
Milli Eyitim Bakanlığı tərəfindən buraxılan
"İslam Ansiklopedisi"ndə (İstanbul, 1940-1948) məmur
kimi çalışır, eyni zamanda həmin nəşrə
"V.Nuhoğlu" gizli imzası ilə məqalələr
dərc etdirir.
Mirzə Balanın istifadə etdiyi gizli imzalardan biri də
Ali Kutlukdur. O, Polşada yaşayarkən Çolaq ailəsindən
Bahirə Çolaqla tanış olur. Bahirə xanımın
bacısı Manolya Veziroğlu sonralar bu
tanışlığın tarixçəsi ilə
bağlı xatırladıqları əsasında yazılan məqalədə
oxuyuruq: "Çolaqların orada, Krakovda bulunan Pastane (un məmulatlarının
bişirilib satıldığı dükan - T.A) sayesində
Halil Hamdi Çolaq ile tanışmış ve sonra da qız
kardeşi Bahirə ile tanışmış və orada evlənmişlər.
1939-cu ildə Almanya, Polşanı işğal edincə təkrar
İstanbula dönmüş, yazılarında həmişə
takma isimlərdən istifadə etdiyi için Türkiyə də
əsl soyadı olan Kutluk isminə geri dönmüş.
Xalamız Bahirənin soyadı bu səbəblə
Kutlukdu" (Çamlıhemşin Dergisi 7. Sayı, s. 28).
İsmayıl Türkoğlu Mirzə Baladan bəhs edərkən
onun imzalarına da toxunur: "1939-cu ildə Almaniya
Polşanı işgal edince təkrar İstanbula döndü.
İslam-Türk Ansiklopedisində V.Nuhoğlu takma adıyla
bazı maddeler yazdı. Komünizmle Mücadilə, Türk
Yurdu, Tasvir, Milliyet ve Cumhuriyet kimi dərgi və qəzetlərdəki
yazılarında Mirza Bala, Nuhoğlu, V.Nuhoğlu, Daşdəmir,
M.B.Ali Kutluk kimi isimler kullanmışdır". (Azərbaycanlı
qəzetçi, tarixçi vepolitikaçı. İslam
Ansiklopedisi, TDV, Ek 2, İstanbul, s. 273-274).
Araşdırmanı yekunlaşdırarkən bu qənaətə
gəlirik ki, Azərbaycan istiqlal mücadiləsi tarixində
parlaq iz qoymuş Mirzə Bala Məhəmmədzadə
müxtəlif imzalardan, o cümlədən gizli imzalardan
istifadə edərək, həmçinin imzasız zəngin bədii,
publisistik, elmi əsərlər ərsəyə gətirib.
İstər ölkəmizdə, istərsə də Türkiyədə
Mirzə Balanın imzaları imzaları ayrıca tədqiqat
obyekti kimi işlənilməyib. Bununla belə,
ayrı-ayrı tədqiqatçılar müxtəlif səpkili
əsərlərində az da olsa, bu mövzuya toxunmuşlar. Məsələ
burasındadır ki, bu qəbildən olan yazılarda ədibin
imzaları ilə bağlı tədqiqatçılar
arasında fikir ayrılığı var və bu da M.B.Məhəmmədzadə
irsinin tam üzə çıxarılmasına və dəyərləndirilməsinə
müəyyən qədər əngəl törədir.
Ədib 40 ildən də çox davam edən
yaradıcılıq yolunda "Mirzə Bala Məhəmmədzadə",
"M.B.Məhəmmədzadə", "Mirzə Bala",
"Daş Dəmir", "M.B.Kutluk", "Ali
Kutluk", "A.Kut", "Nuhoğlu",
"V.Nuhoğlu", "Azerizade", "M.M.B",
"M.B" imzalarından istifadə edib.
Ötən əsrin 20-30-cu illərində mühacirət
mətbuatında "Y.Ali", "Y.A.", "Yey Elif"
imzaları ilə dərc olunmuş yazıların da ideya
istiqamətinə, mövzusuna, dilinə, üslubuna, sənətkarlığına
görə Mirzə Bala qələminə məxsusluğunu
ehtimal edirik. Bu istiqamətdə hələ qarşıda ciddi
vəzifələr durur. Mirzə Balanın bütün imzalarının
və imzasız yazılarının üzə
çıxarılması, toplanılması, daha dərindən
və əhatəli tədqiqi, dəyərləndirilməsi
mühacirətşünaslığın və mətnşünaslığın
qarşısında aktual vəzifələrdəndir. Bu
işin icrası eyni zamanda mücahidlərin əqli
mülkiyyət hüququnun, mənəvi haqqının
qorunmasına, mühacirət irsinə daha ədalətli, həssas
münasibətin formalaşmasına zəmin yaradardı.
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.23.