Yaponiya - böyük transformasiyalar
ölkəsi
(Əvvəli ötən şənbə
saylarımızda)
Monqolların Yaponiyaya hücumunun baş tutmaması
Bu vaxt Mərkəzi Asiyada Çingiz xanın
başçılığı altında Monqolustanın
qalxması baş verdi. Yarım əsr ərzində onlar
Koreya yarımadasının şərqində, qərbdə
isə, uzaq Rusiya və Polşaya qədər olan geniş bir ərazidə
imperiya qurdular. 1260-cı ildə Çingiz xanın nəvə
varisi Xutilay (Kubilay) Çinin baş xanına çevrildi və
indiki Pekində öz paytaxtını qurdu. 1271-ci ildə
Xubilay yaratdığı Yuan sülalə titulunu qəbul etdi
və monqollar Yaponiyaya müdaxilə etməyə
hazırlaşdılar. 1274-cü ilin payızında 25 min nəfərlik
monqol və Koreya ordusu indiki Cənubi Koreyadan Yaponiyaya yola
düşdü. Onlar Kyusyu adasında sahilə
çıxıb, bir mahalı zəbt etdilər. Kyusyu hərbi
vassalları müdafiə üçün səfərbər
edildi, lakin onlar Hakata körfəzində geri çəkilməli
oldular. Bu vaxt qəflətən tayfun qalxdı və müdafiəçilərin
200-dən artıq gəmisini dağıtdı. Sağ qalanlar
Cənubi Koreyaya geri dönməli oldular.
Bakufu, müdaxilənin təzələnməsinə
qarşı tədbirlər həyata keçirdi, sahil
müdafiə qüvvələri gücləndirildi. Bir
neçə mil uzunluğunda daş divar hörüldü ki,
güclü monqol süvarisinin qarşısı
alınsın. Bu işləri görməyə beş ilə
bərabər bir müddət sərf edildi. Monqollar da bu vaxt
ikinci ekspedisiyanı göndərmək üçün plan
qururdular. 1281-ci ildə iki ayrıca ordu təşkil olundu.
Şərq ordusu 40 min nəfərdən ibarət olmaqla, ona
monqol, Şimali Çin və Koreya qoşunları daxil idi.
İkinci ordu ilə Cənubi Çin qoşunlarından ibarət
olmaqla, canlı qüvvəsi 100 min nəfərə qədər
idi. İki ordu birləşib, Hakata körfəzinə
hücum etdi. Yenə də qəzəbli tayfun qalxdı və
müdaxilə edən gəmilərin, demək olar ki,
hamısını məhv etdi. Müdaxilə edən ordunun
qalıqları isə yaponlar tərəfindən əsir
götürüldü. 140 minlik ordunun yalnız beşdə
bir hissəsi qaçıb, xilas ola bildi.
Monqolların məğlubiyyəti Yaponiya tarixi
üçün həlledici əhəmiyyət
daşıyırdı. Bu həm də ölkənin XIV əsrə
qədər Çindən izolyasiya olunması
dövrünün yaranmasına səbəb oldu. Qələbə
milli qürur hissi yaratdı və Kamikadze və ya
"İlahi külək" adlandırdıqları tayfun
düşmən müdaxiləçilərini
darmadağın etməklə, yaponlarda belə bir inam
yaratdı ki, onlar məhz ilahi qüvvənin himayə etdiyi
bir xalqdır.
Samurayların rolu
Samuraylar döyüş cəbhəsinə xidmət
edir, dinc vaxtlarda isə daim ovçuluqla və məşq etməklə
məşğul olurdular. Samuray ailələrində
qadınların statusu müqayisəli şəkildə
yüksək idi, malikanənin bir hissəsinə onlar vərəsə
kimi sahib ola bilərdilər. Mülkiyyət məsələsi
istisna olmaqla, samuray ailələrində qadına müsbət
münasibət qədim Spartadakı qadınların sərbəstliyini
yada salır.
Bu dövrdə kənd təsərrüfatı da
inkişaf edirdi. Sənətkarlara da tələbat
artırdı. Metal döyülməsi və metallurgiya,
kağız manufakturası və digər istehsallar da irəli
gedirdi.
Kamakura dövründə samuray sinfi qədim mülki
kübarlıq üzərində ağalıq edirdi. Dənizin
o tayı ilə ticarətin gətirdiyi Zen - Buddizmin və yeni
Konfutsionizmin yayılması sürətləndi. Bu, arxitektura
növlərinin yaranmasına da səbəb oldu, Çinin təsiri
ilə çay dəstgahı mərasimi adəti də meydana
gəldi. Bunlar, samuray mədəniyyətinin
formalaşmasına səbəb oldu.
Sonrakı Kamakura dövrü samuraylar arasında ailə
həmrəyliynin dağılması ilə əlamətdar
oldu. Cəmiyyətdəki qarışıqlıq şəraitində
Kamakura dövrü tənəzzül etməyə
başladı. Bakufunun zəifləməsi ilə mülki
kübarlar arasında hərbçilərdən siyasi hakimiyyəti
almaq üstündə mübarizə başlandı.
1333-cü ildə imperator II Dayqo Kiotoya qayıtdı,
bu hadisə Kenmu Bərpası kimi tanınır. O, tezliklə
imperial idarəçiliyi bərpa etməyə girişdi.
Lakin imperial qüvvələrin Bakufunu devirməsi baş
tutmadı və imperator Kiotodan qovuldu.
XVI əsrin birinci yarısına qədər
ağalıq edən lordlar güclü hərbi bazalar tikdilər.
1543-cü ildə İspaniya və Portuqaliya adamları
arxipelaqda görünməyə başladı. Onlar Kyusyu
adasının cənubuna gəlmişdilər. 1549-cu ildə
İezuit missioneri Fransisk Xavyer Yaponiyaya gəldi və iki il ərzində
missionerlik fəaliyyəti ilə məşğul oldu. Lordlar
xristianlığı himayə edirdilər və özləri
də xristianlığa keçirdilər.
1550-1560-cı illərə Senqoku ("Mülki
müharibə") adlanan daymyo lordları meydana gəldi.
Onlar 100 il davam edən müharibələrdən salamat
çıxmışdılar. Bu qüdrətli daymyolar təkcə
bir-birləri ilə münaqişəyə girişmirdilər,
həm də öz torpaqlarında olan icma adamlarının
sosial inkişafına çalışırdılar. Onlar
Kiotoya nəzarətin zəruri olduğu qərarına gəldilər,
axı bu şəhər qədim dövrlərdən siyasi mərkəz
hesab olunurdu.
Oda rejiminin meydana gəlməsi ilə ölkəni
birləşdirməyə doğru olan meylin daha da
artdığı görünməyə başladı. Oda
Kinay mahalında işğal etdiyi ərazidə mərkəzləşdi.
Mürəkkəb torpaq sahibliyi və fermerlərə aid olan
vergi sistemi üzərində nəzarət ələ
keçirildi. Bu işdə qəddarlığı ilə
seçilən Nobunaqa Oda mühüm rol oynadı. Birləşmə
isə, sonrakı dövrdə, syoqun Toyotomi Hideyoşi rejimi ərzində
baş verdi.
Hideyoşi Odayon əyalətindən olan fermerin
oğlu idisə, Oda orada ağalıq edən ailənin
oğlu idi. Oda xidmətinə daxil olan Hideyoşi, onun ən
güclü nümayəndələrindən biri oldu. Nobunaqa
Oda özünü intihar edəndən sonra, 1582-ci ildə rəqibləri
qiyam qaldıranda, Hideyoşi onlara üstün gəlib,
özünü varis etdi. O, hakimiyyətə yiyələndikdə,
bütöv ölkəni çətin bir şəraitdə
birləşdirməyə cəhd etdi və 1590-cı ildə
bütün Yaponiya onun nəzarəti altına keçdi.
Hideyoşi Konto torpaqlarını Tokuqava İeyaşuya verdi və
axırıncı Edoya köçdü. Hideyoşi 1591-ci ildə
regent səlahiyyətlərinə yiyələndi. Bu prosesdə
mühüm rol oynayan Tayko, Hideyoşinin ölümündən
əvvəl də bütün ölkəni idarə etdi.
Tayko tərəfindən torpaq mülkiyyətinin bərpa
olunması ərzində fermerlər torpaq vergisini ödəmək
tədbirləri ilə bağlandılar. Beləliklə,
fermerlər kənd təhkimçilərinə çevrildilər.
Adamlar ya torpağı becərməli, ya da hərbi xidməti
icra etməli idilər. Fermerlərdən silahın
(qılıncın) alınması "qılınc ovu"
qaydasına çevrilməklə, bu siyasətin mühüm
hissəsi oldu. Silahdan məhrum olmuş kəndlilər özlərini
müdafiə etmək üçün əl
döyüşlərini öyrəndilər və buradan
karate və digər idman növləri öz
başlanğıcını götürür. Hideyoşi
rejimi süqut etdi, buna Koreyaya uğursuz ekspansiya nəticəsindəki
məğlubiyyət və Hideyoşinin özünün
ölümü də səbəb olmuşdu. Tokuqava İeyasu
bu vaxt yeni rejimi formalaşdırmaq üçün ən
möhkəm namizəd hesab olunurdu.
Tokuqava İeyasunun əcdadları Edo Bakufusunun əsasını
qoymuşdular, Mikada əyalətinin sinqoku daymyo ailəsinə
məxsus idilər. Onun atası öz torpaqlarını itirməsi
kimi acı bədbəxtlikdən əziyyət çəkmişdi.
İeyasu gənc yaşlarında Oda ailəsinin düşməninə
çevrilmişdi, lakin bu vaxt əsir
götürülmüş və ömrünün 12 ilini məhbəsdə
keçirmişdi. 1560-cı ildəki məşhur
döyüşdə Oda Nobunaqa öz rəqibini
öldürmüş və onun ailəsini məhv etmişdi.
Birləşmə xətti möhkəm aparılanda,
İeyasu nəhayət dustaqlıqdan azad edilmişdi. Öz
vilayətinə qayıdıb o, əyaləti şəxsi nəzarətinə
götürmüşdü. Odanın bu dəfə müttəfiqi
kimi, Kiotoya hücumun aryerqardını müdafiə etsə də,
əslində öz hərbi
kampaniyasını aparmışdı. 1582-ci ildə o,
artıq qüdrətli daymyo idi, öz əyalətindən əlavə
dörd əyalətə də sahib olmuşdu.
Hideyoşi Toyotomi hakimiyyəti tutduqda, İeyasu əvvəlcə
ona müxalif olmuşdu. Hideyoşinin ölümündən
sonra isə, 1600-cü ildə Sakiqahara döyüşündə
qalib gəlib, öz milli ali hakimiyyətini qurmuşdu.
İeyasu 1603-cü ildə Edo Bakufusundan Tokuqava sülaləsi
kimi tanınmış bir hakimiyyət yaratmışdı.
Hideyoşinin oğlu Hideyori isə mahalın torpaq
lordu səviyyəsinə endirilmişdi. İeyasu syoqunluğu
sonra öz oğlu Hidetaqaya verdi, özü isə Bakufunun
bünövrəsinin möhkəmləndirilməsi ilə məşğul
oldu. 1605-ci ildə o, Osaka qəsrini işğal etdi. Torpaq
lordlarına və imperial sarayına Bakufunun nəzarətinin
qanuni əsasları elan edildi.
İkinci və üçüncü syoqunların
başçılığı altında Bakufunun bu nəzarət
siyasəti daha uzaqlara getdi, Tokuqava syoqunatının yeni
hökumət sistemi meydana gəldi. Bakufu həmçinin Hərbi
Evlər barədəki qanunları təftiş etdi, həm də
mühüm şəhərlər və liderlər Bakufunun
birbaşa nəzarətinə keçdi. Torpaq
lordlarının hər il Edoya mərasim səfəri etməsi
tələb olunurdu, bu vaxt onların arvadları və
uşaqları daim girov kimi yaşamalı idi. Bu sistem, yapon
feodalizmində unikal xarakter daşıyırdı və
heç vaxt Avropa feodalizmində meydana gəlməmişdi.
1630-cu illərdə həmçinin beynəlxalq
münasibətlərdə mühüm bölgü xətti həyata
keçirildi, bu tədbir milli izolyasiya adlanırdı.
"İlahi ölkə" sayılan Yaponiyaya verilən
güzəştlər feodal hakimiyyətin hesabına
keçirilirdi. Xristianlığın qadağan edilməsi
istiqamətində addım atıldı və yerli
xristianların təqib edilməsinə başlanıldı.
1633-cü ildə isə yaponların okeanın o tayına səfər
etməsi və ya Yaponiyaya qayıtması qadağan olundu.
Orta əsrlərdə yazılmış yapon tarixi əsərlərində
Bakufu sisteminin sosial strukturası da təsvir edilir və
Bakufunun əsasının qoyulmasının faydalı
olduğu göstərilir. Bu əsərlərdə Tokuqava
syoqunatının qurulması tarixi cəhətdən əsaslandırılır.
Çindəkinin əksinə olaraq, feodal lord-vassal əlaqələri
daha da yüksək qiymətləndirilir. Konfutsionizmin ailə
etikası həmin əlaqələr naminə
aşağı salınırdı. Bu təlimlər möhkəm
təbəə idealizmi kimi xarakterizə olunurdu.
Bakufu sisteminin qurulması ilə əvvəlki anarxiya
dövrünə son qoyuldu, daimi sülh tendensiyası
oyadıldı. Nəticədə sənaye inkişaf etdirildi
və şəhərlərin sayı artdı. Bu meyl XVII əsrin
birinci yarısında aparıcı yer tutdu. Feodal kiçik
fermerliyi bu vaxt geniş yayıldı, həm də daha
yaxşı yaşayış standartına yiyələnməyə
can atılırdı, lakin bu proses zəif qaydada gedirdi. Onlar əkinlərdə
becərilməni yaxşılaşdırmaq cəhdləri ilə
yanaşı, kommersiyaya yararlı müxtəlif məhsullar və
şəhər bazarlarında satılmaq üçün sənətkarlıq
malları istehsal edirdilər. Əsas kommersiya malı
pambıq parça idi və bu, yun və ipək
istehsallarını əvəz etmişdi. Kommersiya və nəqliyyat,
bu malların dövriyyəsi üçün həmçinin
inkişaf edirdi. Su yollarından daha çox istifadə
olunurdu. Bunun nəticəsi kimi sənaye və kommunikasiya
inkişaf edirdi, yeni üslubdakı tacirlər -
topdansatış ticarəti ilə məşğul olanlar və
birja brokerləri meydana gəlirdi. Bu vaxt həm də qüdrətli
maliyyəçilər qrupu yarandı. Şəhərlər,
daha çox kommersial xarakter daşımağa başladı.
Belə şəhərlər və həm də əsasən
yol boyunda olan kiçik şəhərlər bütün
ölkədə meydana gəldi. Edo, Osaka və Kioto kimi şəhərlər
Bakufunun birbaşa nəzarəti altında xüsusən
sürətlə inkişaf edirdi. Edonun əhalisi 12 milyon nəfərə
çatdı və ölkə paytaxtı dünyadakı ən
iri şəhərə çevrildi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.22.