Böyük alim, sadə rektor

 

Akademik Kamal Abdullanın 75 illiyinə

 

 

Bu günlər, demək olar ki, Azərbaycanda akademik Kamal Abdulla günləridir. Tanınmış yazıçı və böyük alim müdriklik yaşını, 75 illiyini qeyd edir.

Bir neçə gün əvvəl Naxçıvan Dövlət Universitetində onun yubileyi ilə əlaqədar elmi konfrans təşkil olunub.

Artıq bir həftədir ki, ayrı-ayrı mətbuat orqanlarında, eləcə də sosial şəbəkələrdə Kamal Abdullanın yaradıcılığı haqqında bir-birindən maraqlı yazılar, geniş təhlillər dərc edilir. Bütün bunlar təbiidir. Kamal Abdulla artıq çoxdan ədəbiyyatımızda böyük yazıçı və esseist kimi tanınır, qəbul olunur və sevilir. Onun yaradıcılığının ayrı-ayrı məziyyətləri haqqında kifayət qədər yazıldığı üçün mən diqqəti Kamal Abdulla şəxsiyyətinin başqa bir məqamına yönəltmək istəyirəm.

Tanınmış tənqidçi, akademik Tehran Əlişanoğlu yazır ki, "Kamal Abdulla - məktəbdir". Alimin bu fikrinə şərik olmaqla demək istəyirəm ki, Kamal Abdulla məktəb olmaqla yanaşı, həm də gözəl ali məktəb rəhbəri, istedadlı təhsil təşkilatçısıdır. Azərbaycan Dillər Universiteti onun rəhbərliyi ilə son illər böyük nailiyyətlər qazanıb. Kamal müəllim universitetə bir demokratik ruh gətirib, yaradıcı atmosfer bəxş edib.

Eyni zamanda Kamal Abdulla rektor kimi daim tələbə və müəllimlərin qayğısına qalmaqla, onların rastlaşdığı problemlərə həssas yanaşmaqla nüfuzlu rəhbər olduğunu sübut edib.

Uzun illər doktorluq dissertasiyası üzərində çalışdıqdan sonra müdafiə ilə bağlı ciddi problemlərlə üzləşmişdim. Artıq çıxış yolu görünmürdü. Problem dissertasiyanın mövzusu və ya mətni ilə bağlı deyildi, ayrı-ayrı xırda bürokratik əngəllər idi ki, aşmağı qeyri-mümkünə çevrilmişdi. Kamal müəllim universitetə rektor gələndən sonra üzləşdiyim problemlə bağlı ona müraciət etməli oldum. Qısa zaman kəsiyində illərdən bəri həllolunmaz görünən problemlər öz həllini tapdı və müdafiəm uğurla yekunlaşdı. Yəni demək istəyirəm ki, Kamal müəllim hər bir tələbənin, hər bir müəllimin dostu, sirdaşı, himayəçisidir.

Bu kiçik qeydlərlə son günlər Kamal Abdulla yaradıcılığı barədə deyilən xoş sözlərə şərik olur, onun rəhbər kimi, insan kimi böyüklüyünü xatırlatmaqla şanlı yubileyi münasibətilə təbrik edirəm.

 

Şəhla NAĞIYEVA

Azərbaycan Dillər Universitetinin professoru

525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.21.