Cəmiyyətin
"görünməz polis"i
Esse
Ayıb... Sadəcə dörd hərfdən ibarət
olan bu söz bir xalqın əsrlərlə
formalaşmış həyat kodu, davranış nizamı, səssiz
polisi, görünməz hökmdarıdır. Azərbaycan cəmiyyətində
"ayıb olar" ifadəsi bir çox hallarda qanundan, dindən,
əxlaq kriteriyalarından daha sərt təsir göstərir.
Biz çox vaxt vicdanımıza yox, cəmiyyət
qarşısındakı ayıba tabe oluruq, seçimlərimizi
arzularımıza görə yox, el içində necə görünəcəyimizə,
daha doğrusu, ətrafdakıların bunu necə qəbul edəcəyinə
görə edirik. Ayıb sanki havada dolaşan bir duman kimi hər
evə, hər ailəyə, hər masaya, hər əqidəyə
hopub. Onu görmürsən, amma hər nəfəsdə, hər
addımda, hər düşüncədə hiss edirsən.
"Ayıb" sözü davranış
qaydasından daha çox bir mədəniyyətin içində
yaşayan dayazlıq və dərinliklərin, qorxular və təsəllilərin
birləşdiyi mürəkkəb bir mexanizmdir.
lll
Uşaqlıq yaddaşımız ayıbın min bir
forması ilə doludur. Küçədə qaçanda
ayıb, yüksək səslə güləndə ayıb,
soruşanda ayıb, danışanda ayıb, susanda ayıb, yeyəndə
ayıb, yeməyəndə ayıb... Sanki elə o illərdən
həyatımızın ritmini müəyyənləşdirən
görünməz xəritəyə çevrilib.
Böyüklərimiz tərbiyə vermək
anlayışını ayıbı bizim beynimizə,
şüurumuzun alt qatına yeritməklə səhv
salıblar. Əslində isə "ayıb"ın
arxasında sadə bir psixoloji reaksiya dayanır: ictimai rəy
qorxusu.
Bəlkə də valideynimiz bizə təlqin etmək
istəyirdi ki, kiminsə hüququnu pozmaq, kimisə incitmək,
başqasının həyatına müdaxilə etmək,
özünü təhlükəyə atmaq olmaz. Amma
bütün bu düşüncələr, bütün bu
öyüdlər, nəsihətlər bircə
"ayıb" sözünün içində əriyib yox
olurdu.
Bəli, ayıb qorxusu bizi bəzən pis şeylərdən
qoruyub, edəcəyimiz səhvlərin, günahların
önünə keçib, amma çox vaxt da
düşünməkdən, soruşmaqdan, özümüz
olmağa cəsarət göstərməkdən çəkindirib.
Psixoloqlar deyirlər ki, ayıb mədəniyyəti
güclü olan toplumlarda insan özünün daim izlənildiyini
hiss edir. Yəni bir növ özünü daim mühakimə
edən daxili polis formalaşır.
lll
Heç kimə sirr deyil ki, Azərbaycan cəmiyyətində
ayıbın ən sərt üzü qadınlara yönəlib.
Onun yükü kişidən çox qadının
çiyinlərinə yüklənib. Qadın
üçün ayıbın sərhədi daha geniş, daha
boğucudur. Guya qadına gülmək, danışmaq, sevinmək,
ürəyi istədiyi kimi geyinmək, ürəyi istədiyi
kimi gəzmək, oturmaq, durmaq, əsəbləşmək,
etiraz etmək, səsini qaldırmaq ayıbdır. Ayıb
sanki qadının həyatına keçirilmiş qandal
kimidir. Kişilərin həyatında ayıb daha seçici və
"taktiki" şəkildə istifadə olunur,
qadınların həyatında isə ayıb
davranışı tənzimləyən, həyatı çərçivəyə
salan, cəsarəti beşiyindəcə öldürən
strateji silah kimidir.
Qadın səsinə ayıb, qadın şəxsiyyətinə
ayıb, qadının qərarına ayıb deyən bir
toplumun qadın azadlığından danışması
çətinləşir. Ayıb çox vaxt qadının
iradəsini susdurmağın sosial cəhətdən "mədəni"
yoludur. Çünki bu yolla həm tərbiyə, həm qorxu,
həm də itaət tələb olunur.
lll
Ayıb cəmiyyətdə hər kəsə eyni
davranmır. Varlı ilə kasıba qarşı qoyulmuş
ayıb anlayışları arasında çox böyük fərq
var. Kasıb ailələrdə ayıb daha sərtdir.
Çünki "el nə deyər?" qorxusu daha
güclüdür. Kasıb ailələrdə qızın
davranışı ailənin şərəfi sayılır,
onun haqqındakı ən kiçik neqativlik belə ailənin
adına, nüfuzuna toxunur. Varlı ailələrdə isə
ayıbın əhatəsi daha elastikdir. Onların sərvəti
ayıbın sərhədlərini nisbətən daha çox
genişləndirir.
Bu baxımdan ayıb həm də sosial bərabərsizlik
yaradır: kimin gücü çoxdursa, onun ayıbı daha
azdır. Ayıbın sərtliyi alt təbəqələrə
daha çox təsir edir, çünki onların əlində
"özünü müdafiə edən başqa kapital"
yoxdur.
Ayıbı ilahiləşdirən cəmiyyətlərdə
ailə modeli çox vaxt sevgi üzərində yox, "nə
deyərlər?" qorxusu üzərində qurulur. Ailədə
problem varsa, ayıbı çıxmasın deyə gizlədilir.
Şiddət baş verirsə, ailə qınanmasın deyə
susulur. Qadın boşanmaq istəyirsə,
"ayıbdır" deyərək qayıtmağa məcbur
edilir. Kişi xəyanət edir, yaxud pis vərdişlərin
aludəçisi olur, amma ailəni dağıtmaq
"ayıb" olduğundan bu da bağışlanır.
Ayıbın qorunması bəzən insan taleyindən daha
vacib bir dəyərlər silsiləsi kimi təqdim olunur.
Ayıb çox vaxt mövcud problemləri həll
etmir, yalnız üstünü örtür. Qapını
bağlayır, amma içəridəki qaranlığı
böyüdür.
Biz çox danışan millətik, amma çox
şeyi də deməyən cəmiyyətik. Çünki ta əzəldən
ayıb bizi danışmaqdan çox susmağa
alışdırıb. Uşaq yaşlarımızdan susmaq tərbiyə
kimi bizə təqdim olunub. Maraqlandığımızı
soruşmaq, istəmədiyimizi dilə gətirmək,
könlümüzə yatanı istəmək, hər
hansı məsələ haqqında öz fikrimizi bildirmək
bizim üçün həmişə ayıb olub. Nəticədə
öz istəyini ifadə edə bilməyən, öz problemlərini
dilə gətirə bilməyən nəsil formalaşıb.
lll
Ayıb böyük bir emosional basqı sistemidir. O,
içdən içə emosional aclıq yaradır,
insanın öz-özünü ifadə etmək
bacarığını öldürür. Nəticədə
ayıb mədəniyyəti ilə böyüyən insanlar
çox vaxt hisslərini ifadə etməkdə çətinlik
çəkirlər. Çünki ayıbın divarına
çırpıla-çırpıla böyüyən
sözlər bir gün tamamilə susqunluğa qərq olur.
Ayıb təkcə şəxsi həyatı deyil,
düşüncə modelini də formalaşdırır.
Uşaq müəllimə sual verəndə ayıbdır. Səhv
edəndə ayıbdır. Bildiyini söyləyəndə
ayıbdır. Qeyri-adi bir fikir deyəndə də
ayıbdır. Beləcə, uşaq risk etməkdən uzaq
durur. Fikirlərini gizlədir, soruşmaqdan utanır, səhv
etməyə cəhd göstərmir. Bu isə
yaradıcılığı, tənqidi düşüncəni
öldürən ən təhlükəli mexanizmdir.
Ayıb mədəniyyətində yetişən insan
daha çox uyğunlaşmağa çalışır, az
risk edir, çərçivədən çıxmaqdan
qorxur. Beləliklə, bir cəmiyyət olaraq, yenilikdən
çox təkrarçılığa meyl edirik.
Ayıb həm də paradoksal anlayışdır. Bir
tərəfdən dediyimiz hər şey ayıbdır, digər
tərəfdən isə ayıb hesab etdiyimiz şeyi gizlində
edənlərin sayı az deyil. Məsələn, küçədə
əl-ələ tutmaq ayıbdır, amma gizli münasibətlər
normal sayılır. Qızın evə gec gəlməsi
ayıbdır, oğlanın gecə həyatına isə
normal baxılır. Qadının kişidən
ayrılması ayıbdır, kişi ailəni tərk edərsə,
mütləq bəraət qazandırılacaq bir səbəb
tapılır.
Nəticədə insanların dediklərini
yaşamadığı, yaşadığını demədiyi,
düşündüklərini gözlətdiyi bir cəmiyyət
formalaşır. Belə cəmiyyətlərdə isə
ayıbın funksiyası insanın əsl
davranışı, onun əxlaq və tərbiyəsindəki
naqisləri düzəltmək yox, sadəcə onu gizlətməkdir.
Bu isə həmişə şikayətləndiyimiz o ikili standartların
möhkəmlənməsinə gətirib çıxarır.
lll
Ayıbın ən çox zərər verdiyi sahələrdən
biri də yaradıcılıq, mədəniyyətdir.
Şair düşünür, amma yaza bilmir. Rəssam çəkir,
amma sərgiləmir. Yazıçı yazır, amma gizlədir.
Çünki ayıbın tənqidi gücü, ictimai
qınağı, sərt sərhədi bir çox
yaradıcı insanın cəsarətini qırır.
Ayıb sənət ruhunun düşmənidir.
Çünki sənət eksperimentdir,
açıqlıqdır, sərhədsizlikdir,
düşündüyünü, hiss etdiyini,
gördüyünü, ya da görmək istədiyini
buxovlardan azad şəkildə söyləyə bilməkdir. Ayıb
isə bunların hamısını "camaat nə deyər?"
sualı ilə boğur.
lll
İndi dünyada fərdilik güclənir, şəxsi
sərhədlər genişlənir, insanlar daha çox öz
həyatlarının sahibi olmaq istəyirlər. Sosial şəbəkələr
də bu prosesi sürətləndirir. İnsanlar özlərini
daha açıq ifadə edir, daha sərbəst davranmaq istəyirlər.
Amma paradoks ondadır ki, həyatımızın hər
küncünə-bucağına hopmuş o ayıb internet
mühitində də var, sadəcə forması dəyişib.
"Nə deyərlər?" qorxusu indi "kommentlərdə
nə yazacaqlar?" şəklində özünü
göstərir. Yəni ayıb yalnız ənənəvi həyatın
yox, virtual dünyanın da "görünməz polis"inə
çevrilib.
Əlbəttə, nə qədər etiraz etməyimizdən
asılı olmayaraq, ayıbın tamamilə yox olması da
mümkün deyil. Heç məsləhət də deyil.
Axı hər toplumda müəyyən etik çərçivələr
olur. Amma ayıbın dəyişməsi, yumşalması,
daha humanist formaya keçməsi mümkündür. Artıq
gənc nəsil "ayıbdır" arqumentindən daha az
qorxur, daha çox "mən bunu niyə edirəm?"
sualını verir. Bu isə ayıbın bir gün
davranış qaydasından çox, mədəni bir ifadəyə
çevriləcəyinə ümid yaradır.
Ayıb nə tam pisdir, nə də tam yaxşı. O,
toplumun tarixi, mədəniyyəti və etikası içində
formalaşmış natural bir mexanizmdir. Ayıbın
yaxşı tərəfi insanı cəmiyyət içində
məsuliyyətli olmağa sövq etməsidir. O, bəzən
sözün, davranışın həddini qoruyur,
başqasını incitməkdən saxlayır.
Eyni zamanda onun zərərli tərəfi də var ki,
bu da insanı öz həyatından, seçimlərindən,
arzusundan, səsindən, cəsarətindən məhrum
qoymasıdır. Ayıb çox vaxt vicdanın, insan
haqlarının, azad düşüncənin yerini tutur və
onları susdurur.
Ayıb mədəniyyəti ilə yaşayan cəmiyyətin
qarşısında iki yol var: ya ayıbı qorxunun yox, etik
şüurun bir parçasına çevirməli, ya da onun
arxasında gizlənib öz narahatlıq və ziddiyyətlərinin
üstünü örtməyə davam etməlidir.
İnsanın hər hansı əməli ayıb
qorxusu ilə yox, doğru olduğuna inandığı
üçün etdiyi üçün ayıbın
görünməz divarlarının
dağıldığı gün olacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.20.