Kvant uçuşu

 

 Elə filosoflar da qadın saçlarından yetim qalırmış....

 

Esse

 

Dalğalarla rəqs...

Kainata doğru uçuşan ağappaq dualarla birlikdə yol gedirdi...

Sonsuzluğa, kainatın ən sirli otağına doğru elə hey uçur, uçurdu...

O ağappaq duaların içindəki məsumdan məsum, xəfifdən də xəfif səslərə bürünüb onlara nələrisə pıçıldayırdı...

Kosmik aləm onun körpə gülüşü tək dümağ gülüşlərinin ayaq izi ilə işıqlanırdı. Amma o getdikcə gedirdi, vardıqca da varırdı...

İlahi nizamın ahəngini möcüzəli saçlarına dolayıb dua dalğalarının içində rəqs etdirirdi...

Kainat seçilmiş insanın təkcə fikirlərində, təfəkküründə yox, həm də onun simasında, vücudunda öz sirrini gizlədir, mübhəmliyini qoruyur.

Və o möcüzə saçların dalğalarla rəqsi zamanı kainatın öz sirlərini ora yazdığı həmən görünürdü; Orada Yol, Xilas, gizli şifrələr var idi. İlahi işığa aparan səmavi cığırların gizli xəritəsi idi o saçlar... O saçlara baxmaq yox, o saçları yaşamaq, o saçları görmək yox, o saçları çözmək lazım idi... Xilas qapısının gizli açarı kimi çözmək...

O saçlardan boylanıb dünyanı kiçikdən kiçik görüb, bir anlıq yazıqlanıb, bütün bəşəriyyətə İlahi işığı elə oradan səpmək lazım imiş... Bəlkə də o, Möcüzə saçlı qız buna görə uçurdu...

Dalğaların rəqsini İlahi hüzura aparmaq, bəşəri peşmanlığı əfv dərgahına daşımaq və bir az da, bir az da sevgisizlik, işıq pıçıltıları üçün boğulan İkinci Halqanı tapmaq üçün kainat boyunca süzürdü...

Möcüzə saç üçün pıçıltılar

"Bu mənəm... İşıqsızlıqdan çürüyən İkinci Halqa...Səni tez-tez görürəm: Böyük Üzeyirin özündən də xəbərsiz kainata yolladığı "Şəbi hicran" adlı xorun hüznündə, Soltan bəyin "Karvan"ındakı müdriklikdə... Alimin, amma ancaq Alimin oxuduğu "Sənsiz" romansının daxili qatlarındakı uçuşda... Və oralarda da sən asanlıqla yoox, ancaq və ancaq duyulanda görünürsən... Duymaq əslində sənin sehrini gəzməkdir, Möcüzə saç... Amma səni gəzib bitirmək olmur. Səndə özünü axtarmaq alınmır. Sən məni öz sehrinin, öz müdrikliyinin, öz məsumluğunun yanına necə qaldırmısansa, hər dəfə gəlib özümə çatmaq istəyəndə elə ilk addımlardaca yıxılıram... Mən bir böyük olaraq səndə varam, sənin sehrində yaşayıram.. Elə buradakı özümə də Sənin ucadan uca mərtəbəndən baxaraq diksinirəm. Bu iki öz arasındakı uçurumun - böyük məsafənin dərinliyinə düşməməkdən ötrü elə səndən yapışıram, Möcüzə saç...

Yalnız indi anlayıram; elm nə nəyisə kəşf etmək, elm nə nəyisə araşdırmaq yox, elm elə sənə baxmaq, səni hiss etmək imiş. Filosoflar və güclü alimlərin bir çoxu bu qənaətdədir - Elm kainatı, İlahi nizamı yamsılamaqdır... Səndə isə yamsılamalar yox,  müdhiş səslər gizlənməkdə. O alimlər tez-tez fizikadakı Maqnit effektindən danışıb, sirli cazibələrdən söz açıb. Qədim sufilərdən tutmuş, orta əsrlərin gizli elm məbədlərindəki dünyaya fikir xəzinələri gətirən kiçik (amma böyükdən böyük) hücrələrdən tutmuş, Avropanın elm akademiyalarındakı dəbdəbəli salonlara qədər, hamı o sirri, Maqnit effektinin bətnindəki doğmalığı çözməyə çalışdı. Amma İlahi doğmalığı çözmək yox, onu yalnız və yalnız yaşamaq olar... Onun aliliyini - bütün gözəllikləri, ülvilikləri, əlvanlığı, xoş rayihələri özünə çəkən qüdrətini duymaq olar... Səndə o duyğunu görürəm, Möcüzə saç... Dualarla birlikdə uçduğun aləmə məndən də salam apar, oradan mənə də İşıq pıçılda, Möcüzə saç..."

Halqaların simfoniyası

Kainat bu gün də Allahın Əl Vədud isminin - Sevginin ən gizli nöqtələrini, eşqin bəşəri və ali üzünün vardığı ən böyük sirri özündə göstərən məkanın-içində üzür... Kosmik sədanın ülviliyi hər kəsə bunu pıçıldayır: durmadan, dayanmadan, fasilə belə etmədən... İnsan qulağındakı, gözündəki, ruhundakı qat-qat divarların o üzünə varmaq, onları yıxıb-dağıtmaq istəyir. Oradan ruha hopub da üzərinə həyat suyunu səpməyə can atır... Və hər kəs, təkrar edirəm, hər kəs o Kosmik Sədaya varmaqdan ötrü onun üçün hesablanmış Halqadan asılıdır. Burada birinci və ikinci halqa yoxdu, burada yalnız bir olmaq var... Birləşəndən sonra özünə varmağın, məhz indi özün olmağın çəkisizlik anı var...

Orta əsrlər Şərqindəki qədim elm məbədlərinin hücrələrində alim-sufilər bunu çox dedilər, çox yaşadılar. Əsrlər keçdi, dünya Kvant dövrünə gəldi. "Bir zərrə məsafədən asılı olmayaraq mütləq digər zərrə ilə təmas halındadır" - fikrini yaydılar. Kvant kainata, bəşəriyyətə qədim sufilərin sirlərini yenidən pıçıldadı... Harada olmasından asılı olmayaraq İlahi aləmdə bir vahidin tərkibində olan İKİ HALQA bəşəri həqiqətlərin ən sevimli simfoniyasındadırlar.. Onlar harada olmasından, necə olmasından asılı olmayaraq bir-birilərinə doğru gəlirlər. Çəkici qüvvə olan Birinci Halqa, İkinci Halqanı kosmik dənizdə tək qoymur. İkinci Halqa ona birləşəndə özündə olduğunu görür...

Və... Möcüzə saç özünün Kvant uçuşunu ağappaq dualarla rəqs edə-edə gerçəkləşdirir...

İkinci Halqa isə, Möcüzəli Saçdakı əsl mahiyyətini görüb, öz böyüklüyünə, əslinə varmaq üçün İşıq gəmisinə varıb.

Kainat isə özünün Kvant uçuşunu qucaqlayır... Öz doğma övladı kimi... Ağappaq duaların içindəki ən məsum pıçıltı kimi...

 

Elmin NURİ

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.19.