Xalq artisti Nəzakət
Teymurova: "Arzum budur ki, yaxşı hər zaman pisin yolunu kəsə
bilsin"
Zamanın necə sürətlə
ötdüyünün hamımız fərqindəyik. Sanki
bir göz qırpımında yola saldığımız həftələr
bu gün bizi ilin son ayına gətirib çıxardı.
İl isə sıradan bir il olmadı. Şanlı Zəfərimizin
beşinci ili kimi tarixə düşdü. Bu beş ildə
külə dönmüş torpaqlara can gəldi, fəsillər
öz yerini aldı, daşlaşmış
cığırlara yeni izlər düşdü, yurd yerləri
sakinlərinin nəfəsilə qızındı, evlərdə
işıqlar yandı, ocaqlar alovlandı. Və bir daha
sönməsin..
Bu il biz jurnalistlər üçün də əlamətdar
oldu - Milli Mətbuatımızın 150 illiyi kimi yaddaşlarda
qaldı. Fəxri ad alanlar da oldu, mükafatla təltif edilənlər
də. Əsas qələmin gözü hər zaman sərraf
olsun... Beş il əvvəl biz Zəfər içində bir
zəfər də yaşadıq. Otuz il özünü
"qalib" hesab edənlər 44 gün ərzində tək
kapitulyasiyasını imzalamadılar, Qarabağın
üç gözəlini - Ağdamı, Kəlbəcəri
və Laçını qeyri-şərtsiz sahiblərinə
qaytardılar. Biz öz şərtimizi daha artıq qan
axmasın deyə qoymuşduqsa, on bir min fərarisi olan bir tərəf
üçün bu, göydəndüşmə bir fürsət
idi. Hələ də özünə gəlməyən
qarşı tərəf üçün ən böyük zərbə
24 saata Xankəndinin azad edilməsi oldu.
Deyirlər Qarabağ Azərbaycanın
konservatoriyasıdır, çünki burada doğulan körpələr
belə, muğam üstündə ağlayır. Bu sirr hələ
də açılmamış qalsa da, gözlə
görünənin başqa adı yoxdur. Yəqin Qarabağ və
muğam kəlmələrini oxuyan oxucuya artıq bəlli oldu
ki, bu gün onun görüşünə qarabağlı bir
sənətkarla gəlmişik.
Beləliklə, şənbə qonağımız
Akademik Opera və Balet Teatrının solisti, Prezident
mükafatçısı, Azərbaycan Milli
Konservatoriyasının pedaqoqu, Xalq artisti Nəzakət
Teymurovadır.
- Bir zamanlar Ağdamın Əlimədətli kəndində
Xosrov kişi böyük ailəsi ilə yaşayıb...
- Bəli, yaşayıb... Ömür-gün
yoldaşı Firəngiz xanım və on övladı ilə
birlikdə. Ailədə on uşağın olması bu
gün nağıla bənzəsə də, o zaman
üçün heç də qeyri-adi deyildi. Hər rayonda, hər
kənddə belə böyük ailələr vardı və
alın təri ilə böyüyən bu uşaqlar zəhmətin,
əməyin nə olduğunu dərk edərək
yürüməyə başlayıb. Ailəmizdə
oxumağa, təhsil almağa qarşı bir qadağa
qoyulmayıb, hansımız istəmişiksə, oxuyub təhsil
almışıq.
- Bildiyim qədər bu böyük ailənin
sonbeşiyi də sizsiniz...
- Elədir. Rəhmətlik atam məni çox sevib. O
zamanlar kənddə yaşayan uşaqlarda şəhərdə
yaşamaq istəyi güclü idi. Bəlkə də elə
bu güc və istəyin təsiri bizlərin təhsilə
olan marağını artırıb. Kənddən
çıxmağın yeganə yolu oxumaq olub. Açıq
deyəcəyəm, elələrindən biri də mən
olmuşam. Atam bu çırpıntılarımı
gördüyündən səkkizinci sinfi bitirəndən
sonra məni Bakıya təhsil almağa göndərdi və
Energetika Texnikumuna daxil oldum.
- Amma sizin səsiniz vardı və bunu bilirdilər...
- Əlbəttə bilirdilər, özü də tək
ailədə yox, rayonda da hamıya bəlli idi mənim
oxumağım. Üçüncü sinifdən başlayaraq
bütün tədbirlərdə, bayram şənlikləridə
artıq ifalarımla tanınırdım. Mən bir haşiyə
çıxmaq istərdim. Qarabağ elə bir bölgədir
ki, oranın torpağı musiqi ilə yoğrulub. Orada axan
bulaqların şırıltısında bir avaz var.
Qarabağda sənətindən asılı olmayaraq
hamının bir musiqi istedadı var. Barmaqla sayılacaq qədər
ev olardı ki, oradan bir musiqi alətinin səsi gəlməsin.
Bir ingilis dili müəllimimiz vardı, tarda elə məharətlə
ifa edərdi ki, kənardakılar onu musiqi müəllimi
sanardılar və o, bizim əlimizdən tutub kənddən
rayon mərkəzinə tədbirlərə aparardı. Azərbaycanda
ayrı-ayrı bölgələrin muğam məktəbləri
var. Amma mənim üçün Qarabağ muğam məktəbinin
əvəzi yoxdur. Qayıdaq söhbətimizə... Texnikumda
oxuya-oxuya özfəaliyyət dərnəklərində,
keçirilən müsabiqələrdə iştirak edirdim.
Müsabiqələrin birində qalib oldum və o zaman Azərbaycan
Həmkarlar İttifaqı Şurasının sədri Lidiya Rəsulova
məni çağıraraq dedi ki, ay qızım, bu səslə
sən niyə Energetika Texnikumunda təhsil alırsan? Energetik
olacaq kifayət qədər gənclərimiz var, sən bu səsin
arxasınca getməlisən. Və beləcə məni Asəf
Zeynallı adına Musiqi Texnikumunda xanəndəlik dərsi
verən Nəriman Əliyevin yanına göndərdi. Bir il
hazırlıqda oxudum və texnikuma qəbul oldum. Nəriman
müəllim Seyid Şuşinskinin tələbəsi
olmuşdu və bu gün həmin yolun davamçısı
olmaqdan qürur duyuram. Daha sonra indiki Bakı Musiqi
Akademiyasının tələbəsi kimi ustad, mərhum Arif
Babayevin tələbəsi, eyni zamanda Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti oldum. İyirmi
üç yaşımda operanın səhnəsində ilk
rolum "Leyli və Məcnun"da Leyli olub.
- Nəzakət Teymurova həm xanəndədir, həm
opera solistidir, həm də bəstəkar
mahnılarının ifaçısı. Üç fərqli
istiqamət...
- Xanəndəlik mənim üçün
köklü bir çinar ağacıdır ki, onun müxtəlif
şaxələri var. Mənim düşüncəmdə xanəndə
tək trio ilə çıxış etməklə kifayətlənməməlidir.
Özünü hər istiqamətdə sınamalıdır.
Opera səhnəsində mən yalnız xanəndə deyiləm
axı, burada mənim rolum var, bir obraz yaradıram, deməli, həm
də aktyor sənətini, orkestrlə ifa etməyi
bacarmalıyam. Bəstəkar mahnılarını duyaraq, hiss
edərək ifa edəndə onda tamam başqa duyğular
yaşayıram. Mən tələbələrimi də bu
istiqamətdə yetişdirməyə
çalışıram. Musiqinin sonu yoxdur, onun dibini görmək
mümkün deyil. Əgər istedadı inkişaf etdirmək
mümkündürsə, ondan qorxmaq, qaçmaq lazım deyil.
Özünü sınamaq hər zaman lazımdır. Mən
özümü həm sınadım, həm də istəyimə
nail olmağa çalışdım və nəticədə
dediyiniz üç fərqli istiqamətdə özümü
ifadə edə bilirəm.
- Amma ruhunuza daha yaxın biri var yəqin ki...
- Mən xanəndəyəm, muğam
ifaçısıyam və bu, mənim ruhumdur.
- Elə isə muğamdan danışaq...
- Mənim üçün muğam səsin Allaha
doğru uzanan yoludur. Muğam xalqımızın uzaq qərinələrdən
gələn yaddaşının səsə çevrilən
ruhudur. Muğam təkcə musiqi deyil. Hər nəfəsdən
ucalan bir dua, hər qəlbin qaranlıqda bir işıq
axtarışıdır. Həm dərdin ahəngi, həm
ümidin şöləsi var muğamda. Muğam sanki illərin
hikmətini insanın ruhunda yaşadan bir sehrdir. Muğam
ifaçını içindən tanıyır. Ona görə
də muğam mənim üçün səsin yox, ruhun
dilidir. Muğam bizim nadir milli sərvətimizdir. Onu
bütün dünya dinləyib, dinləyir və hər dəfə
də bu möcüzəyə valeh olur. Belə olmasaydı,
Azərbaycan muğamı UNESCO-nun Qeyri-maddi irsin Reprezentativ
siyahısına daxil edilməzdi. Bu, bir xalqın, millətin mənəvi
dəyərinə verilən yüksək qiymətdir.
- Muğamı belə ki gözəl tərif etdiniz,
deməli, hamısını sevirsiniz...
- Əslində muğamlarımızın
hamısı gözəldir, lakin Şur, Segah, Humayun mənə
daha yaxın olub. Zaman keçdikcə sanki daxilən sənə
yaxın olmayan muğamın içində elə incəliklər
tapırsan ki, özlüyündə düşünürsən
niyə bunu əvvəl hiss etməmişəm. Hər
muğam özünün təmkinliyi ilə sevgi
aşılaya biləcək qədər gözəldir.
- Bayaq dediniz ki, muğamı dünya dinləyir. Sizin
də səsiniz dünya səhnələrindən kifayət
qədər yayılıb, amma dinləyiciniz əcnəbidir,
ifa etdiyiniz muğamın qəzəlinin sözlərini də
bilmir...
- Tez-tez işlənən bir fikir var - musiqinin dili
olmur. Bəli, olmur, çünki musiqini əvvəl
eşidir, sonra qəlbinlə duyursan. Türkiyə, ABŞ,
Fransa, Yaponiya, Almaniya, Koreya, Macarıstan, İran və digər
ölkələrdə keçirilən konsert proqramlarında
muğamı ləyaqətlə təmsil edənlər
sırasında olmuşam. Bir misal deyim. Fransada bir neçə
dəfə solo konsertlə çıxış etmişəm.
Orada konsertə gəlmək istəyən aylar əvvəl
biletini alır. O bilmir ki, gələn Nəzakətdir və
ya qeyrisi. Bilmir nə oxuyacaq, tamaşaçıya nə təqdim
edəcək. Onlar bizim muğama antik irs kimi baxırlar. Gəlir,
oturur, səni yalnız dinləyir. Mən hiss etmirəm, o,
dinlədiyini bəyənir? Yox, bəyənmirsə, sona qədər
dinləməyə məcburdur, yəni zaldan sənə
heç bir enerji gəlmir. Lakin konsert başa çatanda zal
sanki tüğyana gəlir, sürəkli və davamlı
alqışlar səni dönə-dönə səhnəyə
qaytarır. Yalnız onda anlayırsan ki, sən muğamı
sevdirə bilmisən. Bu, onların tamaşaçı mədəniyyətidir.
Eləcə də başqa ölkələrdə. Muğam elə
bir dəryadır ki, istənilən tamaşaçı onun
sehrinə düşə bilir.
- Sizi doğma yurda həsrət qoyan uzaq 22 iyul
1993-cü il...
- Ağdamın işğalı günü... Mən
on altı yaşından Ağdamdan
çıxmışdım və işğala qədər
1992-ci ildə sonuncu dəfə olmuşdum yurdumda. Ailəmiz
sona qədər Ağdamdan çıxmadı.
Qardaşlarım, bacım oğlanları, əmi və bibi
uşaqları hamısı sona qədər Ağdamın
keşiyində dayandı. Bir bacım tibb bacısı, o biri
rabitəçi olub. Anam əsgərlər aclıq çəkməsin
deyə, aşpazlıq edib ki, isti yeməkləri olsun. Lakin
sonunda onu eşitdim ki, Ağdam işğal olundu. Bu itkilə
heç zaman barışa bilmədim. O boyda Ağdam bir
Quzanlıya sığınmışdı. Ora gedəndə
üzü kəndimizə sarı dayanıb dağlara baxa-baxa
qovrulurdum, uçan quşlara həsəd aparırdım ki,
onlar bir balaca qanadları ilə istədiyi yerə uçub
qayıdır, mənim isə əlim heç yerə
çatmır. Böyük sənətə gəldim,
uğurlar qazandım, fəxri adlar aldım, sevincli günlərim
çox oldu, amma mən yuxularımda ancaq kəndimizi
gördüm. Olub ki, səbəbsiz yuxudan hövlnak
oyanmışam, torpaqlarımızı düşünə-düşünə
səhəri diri gözlə açmışam. Bu iyirmi yeddi
ildə Ağdamı xatırlamadığım gün
olmayıb. Ayrılıq illərində anladım ki, qoynunda cəmi
on altı il yaşadığım torpağın itkisi
heç demə, mənim üçün hər şey demək
imiş. Ömründən iki müharibə dövrü
keçsə də, beş il əvvəl bizə Zəfər
sevincini yaşadan Ali Baş Komandanımıza, canını
qurban verən şəhidlərimizə, düşmənə
baş əyməyən qazilərimizə borcumuz ödənməzdir.
- Ağrısını yaşadığınız
iyirmi yeddi ilə 44 gün son qoydu...
- Müharibənin başlanması xəbərini
eşidəndə çaşqınlıq keçirsəm də,
Allaha şükür etdim. Həmin dönəmdə pandemiya
dövrünü yaşayırdıq, şəhər
bomboş idi, əhvallar ürəkaçan deyildi. Belə bir
vaxtda müharibə xəbəri bəzilərini sarsıtsa
da, mən şükür edənlərdən oldum. Elə ilk
gündən gəlməyə başlayan qələbə xəbərləri
xalqı bir yumruq kimi birləşdirə bildi. İllərlə
torpaq itkisinin acısı ilə yaşayanlar daha yaxşı
bilər nə yaşadığımı. O günlərdə
televizorun qarşısından ayrılmayan yaşlı
anamın dayanmadan etdiyi duaları indi də eşidirəm.
Bilirəm ki, həmin günlərdə elə bir ev olmadı
ki, oradan dua səsi gəlməsin. Noyabrın səkkizində
müharibə dayandı xəbərini eşidəndə,
içimdəki gözlənti sızıldadı,
alınmamış üç rayonumuzdan biri Ağdam idi. Lakin
bağlanan üçtərəfli sazişdən sonra
günləri saymağa başladım. Noyabr ayının
iyirmisinə vur-tut onca gün qalmışdı, amma mənə
sanki iyirmi yeddi ildən də çox gəldi. Çox tələssəm
də, vədə vaxtında gəldi və
torpağımız qayıtdı. Heyif ki, yaşanan hissləri
sözlə tam olduğu kimi ifadə etmək olmur.
- Müharibə başlayanda şükür edənlərdən
olmusunuzsa, deməli, bu savaş lazım idi...
- Biz sənət adamlarıyıq, ölkəmizi beynəlxalq
səviyyəli tədbirlərdə, müsabiqələrdə
təmsil edən insanlarıq. Təbii ki, bu illər ərzində
belə tədbirlərdə iştirakçı kimi bədnam
qonşularımızla da üz-üzə gəlirdik.
Bilirsiniz, onların istehza dolu baxışları ilə
qarşılaşmaq nə demək idi? Bax müharibə həm
də o baxışları kor qoymaq, dünyanın
qarşısında başımızı dik tutmaq naminə
lazım idi. Çünki bu illər ərzində bizim
sülh istəyi ilə uzatdığımız əlimizi
geri çevirən onlar idilər.
- Hiss olunur ki, indi çox məmnunsunuz...
- Haradasa onlarla üz-üzə gəlmək məcburiyyəti
yaranıbsa, öz müharibəmi aparmışam, həmişə
haqlı olduğumuzu sübut etmək üçün
çarpışmışam, heç vaxt dava-dalaşsız
geri qayıtmamışam. Çox vaxt mənə deyirdilər
ki, vurub öldürəcəklər səni, əllərindən
gələn ən asan işdir. Mən öz
savaşımı belə aparmışam. Mənim
xalqımın mahnısını göz görə-görə
erməni musiqisi kimi təqdim edirlərsə, mən bunu necə
sakit qarşılaya bilərəm? Heç uzağa getmirəm,
bu ilin sentyabr ayında Dubayda keçirilən bir müsabiqədə
münsiflər heyətinin üzvü idim. Bir çox ölkələrin
nümayəndələri qatılmışdı müsabiqəyə,
o cümlədən qonşularımız da. Baxmayaraq ki,
sülh müqaviləsi bağlanmaq haqqında söhbətlər
gedir, onlar imiclərini heç dəyişməyib. Hansı
ağılda, nə fikirdə olublarsa, elə də davam edirlər.
Eşidirəm ki, səhnə arxasında bizim musiqilərimiz
səslənir. Dərhal təşkilatçılara öz
iradımı bildirdim. Az keçməmiş onların
nümayəndəsi mənə yaxınlaşıb dedi ki,
musiqinin dili yoxdur və mənim atam azərbaycanlı olub, mən
də sizlərdən biriyəm. Dedim ki, bəli, musiqinin dili
yoxdur, amma heç bir azərbaycanlı öz
mahnısını erməni dilində oxutdurmağı
özünə sığışdırmaz. Arada gərginlik
yarandı, özünün erməni sifətini göstərib
qızardı-bozardı. Buna baxmayaraq, təşkilatçılara
bildirdim ki, bizim iki mahnımızı erməni dilində
oxumaqları bəs deyil, hələ öz musiqiləri kimi təqdim
etdikləri üçün mən tərəfdən onlara
xal verilməyəcək və dediyim kimi də etdim. Təsəvvür
edin, iki mahnımızı - Füzulinin "Can vermə qəmu
eşqə ki, eşq afəti-candır" qəzəli
üstündə oxunan Hicaz təsnifi və Rəşid Behbudovun
ifa etdiyi "Çal oyna" mahnısı erməni musiqisi
adı ilə müsabiqəyə təqdim edilib. Bunun həyasızlıqdan
başqa adı varmı? Dərhal Bakı ilə əlaqə
saxladım, hər iki musiqinin müəllif hüququnu təsdiq
edən sənədlərini göndərdilər, onu təşkilatçılara
təqdim etdim və dediyim kimi, həmin iki mahnıya görə
onlara xal vermədim. Böyük mübahisə yarandı və
sonda mənə yaxınlaşıb öz dilimizdə dedi ki,
iki yüz il əvvəl azərbaycanlı vardı? Bircə
onu dedim ki, bax, bu, sənin əsl simandır ki, axırda
göstərdin. İndi siz deyin, mən bu 44 günlük
müharibədən necə məmnun olmayım?
- Qələbədən sonra ilk dəfə
gördüyünüz Ağdam...
-1992-ci ildə çıxdığım torpağa
2022-ci ildə ayağım dəydi. Yaşıllıqlar
içində qoyub çıxdığım Ağdam bomboz
idi. Heç yerin nə səmti bəlli idi, nə istiqaməti.
Düşmən elə bil torpaqla, daş-kəsəklə, təbiətlə
müharibə aparmışdı. Gücüm səsimi
içimdə boğmağa yetdi, əslində isə var
gücümlə haray çəkmək istəyirdim,
çünki bu qədər ürək dağlayacaq bir mənzərə
ilə qarşılaşacağımı təsəvvür
etməmişdim. Yenə də şükür etdim ki,
ayağım öz torpağımdadır. Bilirsiniz, mənim
üçün Vətən doğulduğum yerdən
başlayır və həmin yer artıq mənimdir...
- Bir qızınız var... Ola bilməz ki, bu səsdən
ona ötürülməsin...
- Deyərdim ki, Nigar məndən də
istedadlıdır. Səsi də var,
yaradıcılığı da. Şeir yazır, öz
sözlərinə mahnılar bəstələyir. Sadəcə
istəmədim ki, onun istedadı mənim adımın
altında yer alsın. Ən əsası isə sənətin
yolu rahat və hamar deyil, istəmədim ki, qızım
çətinliklərlə üz-üzə gəlsin. İki
ali təhsili var, dövlət qulluğunda
çalışır. Öz növbəmdə
çalışmışam ki, onu adət-ənənələrimizə
dəyər verməyi bacaran əsl insan kimi yetişdirə bilim.
- Siz eyni zamanda bir pedaqoqsunuz, yəni daima gənclərin
əhatəsindəsiniz...
- Sualınızı anladım... Əvvəla onu deyim
ki, qələbəni bizə yaşadan,
torpaqlarımızı qaytaran bu günün gəncləri
olub. Bunu unutmağa haqqımız yoxdur. O ki qaldı tələbələrimə,
razı qaldıqlarım da var, narazı olduqlarım da.
İstəyirəm ki, necə biz ustadlarımızdan öyrənə-öyrənə
sənəti yaşadıb davam etdirirksə, bizdən sonra da
bu ənənə onlara qalsın. Bizimlə müqayisədə
bugünkü gənclik informasiya bolluğunda yaşayır,
necə deyərlər, bir düyməni basmaqla informasiya
özü onların ovcuna düşür.
Çalışsınlar, bacardıqca çox öyrənsinlər,
biz müəllimləri sualları ilə yorsunlar, gələcəkdə
Azərbaycan incəsənətini layiqincə təbliğ və
təmsil etsinlər.
- Bu il Milli Mətbuatımızın 150 yaşı
oldu. Giley-güzarınız varmı bizlərdən?
- Açıq deyəcəyəm, yəqin ki, inciməzsiniz.
Sifarişli, maraq naminə yazılanları oxuyanda, yazı mədəniyyəti
görməyəndə, etika gözlənilməyəndə
gileyli oluram. Birinin ünvanına təhqir yağılanda
gileyli oluram. Deyilən sözün başına ip salıb onu
istədiyi şəklə salanlardan gileyli oluram. Ən əsası
bu gün tamaşaçını öz təsiri altına
salan efirlərdən çox narazıyam. Təbii ki,
aralarında istisnalar var.
- Deməli, az-az görünməyinizin səbəbi
budur...
- Əksər aparıcıların öz verilişlərinə
dəvət etdikləri qonaqlarına qarşı
davranışının adı nədir, bilmirəm.
İştirakçılara ünvanlanan məntiqsiz
sualların, onlar arasında gərginlik, qalmaqal salmaq istəyinin
arxasında hansı məqsəd var? Əgər bunun adı
şoudursa, onda o, bizə lazım deyil. Peşəkarla sənətə
təsadüfi gələni eyni verilişə dəvət
edirlər və ona elə suallar verilir ki, özünə
hörmət edən adam düşünür ki, axı mənim
burada nə işim var? Bütün bunları görəndə
çəkilib kənarda dayanmaq, bacardığın işi
peşəkarcasına görmək daha düzgün
seçimdir. Söhbətimizi belə bədbin notlarla bitirmək
istəmirəm. Köhnə ilin son ayındayıq,
yaşananların yaxşısı da bizimdir, pisi də. Arzum
budur ki, yaxşı hər zaman pisin qarşısında bir
maneə olaraq onun yolunu kəsə bilsin.
SÖZARDI: Müsahibə üçün daxil
olduğum sinif otağında Nəzakət xanımın dərsi
hələ bitməmişdi. Bir neçə dəqiqəlik də
olsa, xanəndəlik dərsinin necə keçdiyini izlədim.
Hansı muğam olduğunu bilmədim, amma gördüm ki,
bir peşəkar muğamdakı eyni məqamı yorulmadan dəfələrlə
ifa edərək onu tələbəsinə necə ürəklə
öyrətməyə çalışır və yadıma
Bəxtiyar Vahabzadənin misraları düşdü:
"Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstə
qandırdı muğam".
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.18;19.