Ömrün
ağırlığı çökmüş vərəqlər
Səni nə gözlədiyindən tam xəbərsiz
qalaraq nigaranlıq məngənəsində
çırpınmaqdan ağır duyğu olmaz. Ümidi hər
yerdən üzülmüş, evindən-eşiyindən
ayrılaraq günlərdən bəri dustaqxanada qara-qura fikirlərin
üzdüyü gənc Balaş, nəhayət ki, sevinir. Ona
görə sevinmirdi ki, şad xəbər almışdı.
Sevinirdi ki, nəhayət, məchulluq, namüəyyənlik
bitir, sevinirdi ki, yaxşı-yaman, aqibətləri
aydınlaşır.
Hər saatı azadlıqdakından qat-qat uzun
görünən həbsxana günlərinin növbətilərindən
birində yerləşdikləri kameranın qapısı
açılır və deyirlər: "Qalxın!"
Dörd divar arasına sıxıldığı bu
günlər ərzində dustaq yoldaşlarından, ətrafdakıların
yaşlısından-cavanından ha xəbər öyrənməyə
çalışmışdısa ki, atası haradadır,
heç bir fərli soraq ala bilməmişdi.İndi gecənin
bir aləmi idi, deyirdilər "Qalxın!" və
hamısını doldururlar maşınlara.
Həbsxananın iri dəmir darvazaları yenidən
açılır. Kimsə pıçıldayır ki,
buradan çölə iki yol var: ya bizi Nargin tərəfə
aparacaqlar, ya da neft mədənləri sarı ki, güllələyəndən
sonra köhnə, istifadədən çıxmış
quyularda basdırsınlar. Bu da ola bilər ki, yaxşı
qurtaraq, güllələnməyək.
Bu güllələnməmək, guya yaxşı
qurtarmaq da nə imiş? Dustaqlar danışırdılar ki,
ola bilər, bizi Qazaxıstan, Sibir tərəfə
sürgün etsinlər.
Dustaqlar belə təşvişli sualların əsiri
ikən onları Xəzərin sahilinə gətirir, gəmilərə
mindirməyə başlayırlar.
Bu əsnada hamısının fikrindən keçir
ki, deyəsən, Nargin məsələsi dəqiqləşdi,
bizi Nargin adasında güllələməyə aparırlar.
Çünki 1937-ci ilin əzazil tuthatutlarından
sonra Narginin əslində bir ölüm adası olması hər
kəsin beynində qətiləşmişdi. Ancaq adamla
ağzınacan dolu, heç oturmağa yer olmayan gəmi
asta-asta yola düzəlir. Saatlar ötür, baxırlar ki,
yox, deyəsən, Nargin məsələsi deyil. Hesabla Narginə
çoxdan çatmalıydılar.
Gedirlər, gedirlər və nəhayətdə elan
olunur ki, az sonra Ənzəliyə çatacağıq. Beləcə,
sabahlarda Azərbaycanın tanınmış şairlərindən
olacaq Balaşın həyatındakı ilk böyük
sürgün, əvvəlinci mühacirlik başlanır.
İran da, Güney Azərbaycan da ona ata-baba yurdu idi.
Əslində həm də Vətən idi. Quzey Azərbaycansa
onun elə əsl Vətəni idi - burada doğulmuşdu, bu
torpağın üstündə iməkləmişdi, ilk
addımlarını bu torpağın üzərində
atmışdı. İndi onu buradan - Vətəndən
sürgün etmişdilər, Balaş Vətəndən obiri
Vətənə mühacirətə gedirdi.
Sonra ömrü o mühacirətlə bu mühacirət,
o Vətənlə bu Vətən arasında keçəcək.
Uzun yaşayacaq və payına düşən ömür
möhləti ərzində, doqquz onilin içərisində
çox həftələr, çox aylar, çox illər
tamamlanacaq. Ancaq onun əbədi mühacirəti
ömrünün axırınadək bitməyəcək.
Dodaqları qurumuş
Susuz bir torpağam mən.
Sinəmdə cadara bax.
Budağından ayrılmış
Yaşıl bir yarpağam mən.
Qopduğum çinara bax.
Şimşəkləri çaxanda
Bir bahar buluduyam
Göylərin sinəsində.
Təlatümü susmamış
Bir vulkanın oduyam
Mən Odlar ölkəsində.
Fırtınası yatanda
Ümmandan ayrılmışam
Ümmana dönmək üçün.
Bir fırtına quşuyam,
Tufandan ayrılmışam
Tufana dönmək üçün.
İnsan əcaib məxluqdur. Bədbəxtliklərin,
zəlalətlərin içərisində də bəxtiyar
olmağı bacarır. Balaş gənc, heç gənc də
yox, yeniyetmə bir insan idi, 17 yaşı vardı. Artıq bu
balaca ömrü boyunca dəfələrlə şahidi
olmuşdu ki, həyatının mənasını şeirdə,
ədəbiyyatda görən, dünyanın ən ali ləzzətini
yazıb-yaratmaqda tapan neçə böyük insanı məhv
ediblər, sürgünlərə göndəriblər,
adlarını diri-diri tarixdən siliblər. Balaşı, digərləri
kimi, Sibir gedər-gəlməzlərinə
yollamamışdılar.
Əslində o da elə həmin yolu gedən kimi idi.
Balaşı digərləri kimi gülləyə
tutmamışdılarsa da, o da güllələnib
öldürülənlərdən fərqli deyildi. Əslində
onu diri-diri güllələmişdilər də,
sürgünə də göndərmişdilər.
1938-ci ilin yazdan çox boz payızına bənzəyən
mayında Ənzəliyə düşərkən onun
içərisindən keçən bu düşüncələrdi.
Üstündən 50, 60 il sovuşandan sonra bu əhvalatları
danışırdı. Ancaq o hissiyyatı hələ də
soyumamışdı.
Ailə faciələr girdabının içərisində
idi - Balaşın özündən əvvəl
atasını tutub aparmışdılar, axıracan da
öldü-qaldısından xəbəri çıxmadı.
Anasını apardılar, özünü tutdular,
anasının başına nə işlər gəldi, bundan
da bixəbər qaldı. İndi bu böyük dünyada tək-tənha,
aciz, mağmun və sabahına heç bir ümid olmayan
günlər ağuşu içərisində qərib
Ənzəlidə idi. Ancaq bədbəxtliklərin içərisində
olduğu bu anda elə hadisə baş verir ki, Balaş
dönüb olur xoşbəxtlərin xoşbəxti: qəfildən
anası da qarşısına çıxır, atası da.
Onları da, əslən İrandan olan digərləri
kimi, Bakıdan Ənzəli tərəfə sürgün eləmişdilər.
Görüşürlər, qucaqlaşırlar, bir-birini duz
kimi yalayırlar. Artıq ixtiyarlaşmış Balaş
müəllim səksənini keçəndən, sonra
doxsanın astanasında o günləri, o günlər
gedişindəki bir əziz axşamı həyəcanla, riqqətlə
xatırlayırdı. Deyirdi ki, həm yolun yorğunluğu, həm
də fikir-zikir məni elə üzmüşdü ki,
ata-anamla görüşdüyüm gecəni daş kimi
yatmışam. Səhərə yaxın ayıldım. Təbii
ki, atam da, anam da məndən beşbetər yorğun idilər.
Ancaq gözümü açanda gördüm ki, anam da, atam da
başımın üstündə dayanıblar. Sən demə,
səhərəcən göz qırpmadan yatmayıblar, səhərəcən
mənə baxırlarmış.
Demək, o gecənin içərisində bu qədər
müsibətlərin müqabilində həmin ata da, həmin
ana da xoşbəxt imiş. Balalarını
tapmışdılar, yenidən qovuşmuşdular. Hər
halda təzə bir ümid yaranmışdı ki, bir yerdədilər,
tamamilə yeni bir yol başlamaq imkanları var.
Düşünürdülər ki, burada həyatlarını
necə qursunlar.
Ata ilə uşaqdan fərqli olaraq, ana həbs
olunmamışdı, ona görə də evdən
çıxanda olanını götürə bilmişdi. Hər
halda bəzək-düzəyindən,
qır-qızılından əlində-ovcunda nələrsə
vardı. Onları satıb bir müddət dolana bilərdilər.
Odur ki, xəyallarında gələcək qururdular.
Düşünürmüşlər ki, əvvəlcə
Ənzəlidə qalsınlar. Əgər burada münasib
güzəran qura bilməsələr, iş tapmaq
müşkül olsa, onda Ərdəbilə yollansınlar. Hər
halda orada qohum-əqrəba çoxdur, ümidlər vardı,
həm də az deyildi.
İstər Abizadələr ailəsi, istərsə də
Bakıdan İrana sürgün edilmiş digərləri
çoxdan yadırğadıqları xoş xəbərlər
eşitmək arzusunda idilər.
Lakin ahəstə-ahəstə qəriblikdəki həyata
daha dərin sirayət etdikcə, köhnə günlərlə
buradakı dolanışığı müqayisə etdikcə
görürlər ki, yerlə göy fərq var.
Rza şah mütləqiyyəti İranı elə
kökə salıbmış ki, hamı qan
ağlayırmış. Ona görə də gələnlərin
əksəriyyəti artıq ayaqları bura dəyəndən
bir neçə ay sonra geriyə necə qayıtmağın
yolları haqda fikirləşirdi.
Lap başlanğıcda tək-tək adamlara, ən fərasətlilərə
nə şəkildəsə canını qurtarmaq,
qaçıb geriyə qayıtmaq müyəssər olur. Bu
adamlar İrana Sovet İttifaqından sürgün
edilmişdilər. Oradakı 1937-1938-ci illərin
qırğınlarını görmüşdülər.
İndi görün buralar nə kökdə imiş, vəziyyət
nə qədər dözülməzmiş ki, oranı buradan
üstün tutur, geriyə qayıtmağa səy göstərirdilər.
Ancaq bir qədər sonra məlum olur ki, heç geriyə
qayıtmaq da mümkün deyil.
İran tərəfdə sərhədə nəzarət,
sən deyən, ciddi deyildi, birtəhər onların diqqətindən
yayınıb keçmək olurdu. Ancaq sovet sərhədində
sərhədçilər ayıq-sayıq
dayanıbmış. Çox keçmədən camaat
arasında bu söhbətlər də yayılır ki, sərhədi
keçmək istəyənlərin çoxunu sovet sərhədçiləri
tutub, qaytarıb İrana təhvil veriblər. Ona görə də
əksəriyyət taleyi ilə barışır, anlayır
ki, daha buradan qurtulmağa nicat yoxdur. Bir halda ki qismət belədir,
qalıb necə yaşamağın çəmini tapmaq
lazımdır...
Balaşgilin ailəsi baxır ki, Ənzəlidə
dolanışıq daha sıxıntılıdır, burada
başacan duruş gətirə bilməyəcəklər. Qət
edirlər Ərdəbilə köçsünlər. Hər
halda Ərdəbildə söykənəcəkləri
vardı, oralarda qohum-əqrəba az deyildi. Onlar da xəbər
göndərmişdilər ki, gəlin, kənddə sizə
şərait yaradarıq, köməkləşib ev də tikərik.
Gəlirlər Ərdəbilin təxminən 10
kilometrliyində yerləşən dədə-baba kəndlərinə
- Hacı Səlim qışlağına. Balaşın
atasına qohumlardan kimsə məsləhət bilir ki, sən
get kəndin ağasının yanına, bir hədiyyədən-filandan
da apar, işini düzəldər.
İşini düzəltmək də ibarət olsun
ondan ki, kəndin ağası əli hədiyyəli gələni
verdiyi bəxşişin müqabilində rəiyyət
götürəcək.
Balaş müəllim xatırlayırdı ki,
anamın Bakıdan gətirdiklərindən hələ nələrsə
qalırdı, atam bəzi şeyləri götürür,
yollanır kəndin ağasının yanına.
O da hədiyyələri qəbul etməyinə edir,
ancaq möhlət istəyir, qayıdır ki, müəyyən
qədər, təxminən bir-iki ay gözləmək
lazımdır.
Bir-iki ay sovuşur, kəndin ağasından xəbər
çıxmır.
Balaşın gələcəkdə içərisindən
coşacaq inqilab havasının cücərtiləri elə o
vaxtdan qəlbində varmış. Başlayır atasıyla
deyişməyə ki, ay ata, bu nə deməkdir, sən
aparıb hədiyyə də vermisən, gözləyirsən
ki, nə var-nə var, bu adam səni köləliyə qəbul
edəcək; rəiyyət olmaq elə kölə olmaq deməkdir,
gecə-gündüz onun buyruğunda duracaqsan, nə əmr eləsə,
onu yerinə yetirməyə məcbursan.
Atası da naəlac-naəlac qayıdır ki, a bala, tək
mən deyiləm ki, bizim kimi Bakıdan sürgün
olunanların neçəsi hərəsi öz dədə-baba
kəndində gedib ağanın yanına, ondan rəiyyətlik
istəyib ki, əli bir parça çörəyə
çatsın.
Belə deməyinə deyir, ancaq oğlunun inamlı
etirazları ona təsirsiz də ötüşmür.
Yaxınları yığışaraq onlara bir koma düzəltmişdi
- yaşayacaq yerləri vardı. Ancaq günlərin gedişi
onları hər halda vadar edir ki, Hacı Səlim
qışlağından çıxaraq Ərdəbilə -
şəhərə köçmək barədə
düşünsünlər.
Savadsız ata-anasından fərqli olaraq, məktəb
oxumuş, bütün gələcəyi qarşıda olan
Balaşın bu kəndə sığmayan ayrı niyyətləri
də vardı.
O gəlib düşmüşdü İrana, buradan
başqa çıxış yolu yoxdu, burada
yaşamalıydı. Ancaq nə ərəb əlifbasını
bilirdi, nə farscanı. Soraq-soraq onu yönəldirlər
qonşudakı Mirzə Səlimin yanına. Mirzə Səlimin
evinə başqa öyrənmək istəyənlər də
gəlib-gedərmiş. Mirzə Səlim həm farscanı, həm
də yazıb-oxumağı öyrədərdi. Ancaq elə
ilk günlərdən Balaşın başqa şagirdlərindən
çox fərqləndiyini görür. Balaş savadıyla
da, ədəbiyyatı yaxşı bilməsi ilə də,
qabiliyyəti ilə də Mirzə Səlimin diqqətini
çox çəkir. Ancaq təkcə Mirzə Səlimin
yox. Mirzə Səlimin Səlmi adlı bir qızı da
varmış. Bir axşam növbəti dərsə gələndə
Balaşı müəllimi Mirzə Səlim yox, onun
qızı qarşılayır.
Xanım qayıdır ki, atam bərk xəstələnib,
zökəm olub. Məndən xahiş etdi ki, hələlik
bir neçə gün onu əvəz edim. Siz tək deyilsiniz,
başqa gələnlərlə də dərsi özüm
aparacam.
Elə ilk təmaslarından isinişirlər. Səlmi
qayıdır ki, atamla söhbətlərinizi gendən
eşitmişəm. Bilirəm ki, siz başqalarına nisbətən
çox biliklisiniz.
Balaş təsdiqləyir ki, mən Bakıda 10 il məktəb
oxumuşam, əlbəttə, fərqimiz olmalıdır:
"Mənim bilmədiyim yeganə ərəb əlifbası,
bir də fars dilidir ki, gərək bunlara yaxşı yiyələnəm".
Beləcə bir neçə dərsi Səlmi
aparır. Görünür, bu, onun ilk müəllimliyi
deyilmiş, məşğələləri ustalıqla idarə
edirmiş, elə Mirzə Səlimin apardığı dərslər
kimi idi -məzmunlu, cazibəli. Fəqət yazdıqca, mətnləri
oxuduqca, söhbətləşdikcə arada
baxışları da toqquşurdu. O baxışların
toqquşmasından onun da, bunun da ürəyinə nəsə
bir köz düşmüşdü.
Balaş Azəroğlu tezliklə ayrı düşəcəyi
bu qız haqqında çox sonralar şeirlər yazıb.
Ömrünün axırınacan onu unutmurdu və ona "ilk
məhəbbətim" deyirdi. Özünün etirafıyla
birinci sevgisi idi. Ancaq nə onun özü, nə Balaş tərəfindən
bu sevgi etirafı dilə gətirilməmişdi. Bu sevginin
varlığı hərdən bir-birinə toxunan əllərinin
hərarətində, toqquşan baxışlarının
sonra bir-birindən ayrıla bilməməsində
görünmüşdü. Az müddət sonra məlum olur
ki, onlar da, bunlar da köçməlidirlər. Mirzə Səlim
qızı Səlmini götürüb Ərdəbilin bir
başqa kəndinə yollanır, Balaşgilin ailəsi də
Ərdəbil şəhərinə köçmək qərarına
gəlir.
Bu, Balaşın həyatının lap əvvəlindən
alnına, ömrünə yazılan ayrılıqların
daha biri idi.
Danışırdı ki, 1938-ci ildə mən hələ
məktəbli ikən Bakıda həbs olunanda sinif
yoldaşlarımdan bir neçəsi anama baş çəkibmiş,
deyiblərmiş ki, Balaşdan ötrü çox
darıxırıq. Sinfimizdə onun oturduğu yeri boş
saxlamışıq. Balaş qayıdıb gələnəcən
o yerdə heç kim oturmayacaq.
Artıq ağsaqqal əyyamlarında, ömrün bitəcəyində
həmin söhbəti Balaş Azəroğlu bir də yada
salırdı. Deyirdi, mən təzədən Bakıya
qayıdanacan, yenidən o məktəbi görənəcən
illər keçdi, o uşaqlar neçəsi məktəbi də
qurtardı, sonra ali məktəbləri də başa vurdular; illər
ötəndən sonra, təbii ki, keçmiş sinif
yoldaşlarımın bir müddət skamyada boş
saxladığı yerimdə başqaları oturdu.
Balaş müəllim bir az da qəhərlənərək
əlavə edirdi ki, mən naşükür adam deyiləm,
ömrümdən razıyam, çox mətləblərə,
çox mərtəbələrə yetişdim, ancaq həyat
məndən otura biləcəyim çox yerləri də
aldı...
...Artıq dünya dəyişirdi, 1930-cu illər
bitir, 1940-cı illər başlanırdı və gənc
Balaş da dəyişən dünyaya hazır olmaq
üçün bəlli bir mərhələni artıq
keçmişdi: 1939-41-ci illərdə ikiillik mədrəsəni
bitirmişdi, farscanı mükəmməl öyrənmişdi.
Amma, eyni zamanda, fəal bir gənc kimi ətrafda cərəyan
edən ictimai-siyasi hadisələr haqqında
düşüncələrə dalırdı.
Dünya müharibəsi gedirdi. Savaş dərinləşdikcə
müttəfiq qoşunları da - sovet hissələri,
amerikanlar, ingilislər İrana girmişdilər, ölkə
ayrı bir hava ilə nəfəs almaqda idi. Rza şah da
İrandan çıxıb getmişdi. İnsanlar hansı təbəqələrdən
olmalarına rəğmən xeyli həssaslaşmışdılar.
Ərdəbilin mərkəzində
"Çaharrah" (dörd yol ayrıcı) deyilən yerdə
bir məşhur çayxana varmış. O çayxanada da bir
radio. Elə çağlarmış ki, radio bahalı əyləncə
imiş, hələ hər evdə yoxmuş. Ona görə də
günortadan sonra, axşamüstü radiodan lər
yayımlanan saatlarda bir çox adamlar bu çayxanaya can
atarmış. Gələrlərmiş ki, orada Berlin, Ankara
radiosundan verilən müharibə xəbərlərini dinləsinlər,
döyüşlərin gedişi haqda, ümumi vəziyyət
barədə yenilikləri öyrənsinlər.
Balaş müəllim bir az məzə ilə yada
salırdı ki, Ərdəbil şəhərində
başqa yerdə də çayxanalar vardı, orada da
çayı içmək üçün bir pul ödəməli
idin, ancaq Çaharrahdakı çayxanada həmin radioya
görə çayın qiyməti bir neçə dəfə
baha idi. Bəziləri guya az xərcə düşmək
üçün gəlir, bir stəkan çay
götürürdü, iki-üç qurtum içib
dayanırdı ki, guya soyumasını gözləyir. Ancaq
çayçılar bu kələkbazlardan da fəndgirmiş.
Müştəri vaxt uzatmaqçün iki-üç qurtumdan
sonra stəkanı qırağa qoyan kimi çaypaylayan
uşaq tezcə yaxınlaşarmış masaya,
görünür, bu da müşahidəcil çayxana
sahibinin göstərişi imiş ki, gördünüz stəkan
yarıboşdur, durmayın, dərhal götürüb təzəsini
gətirin. Müştəri gözünü
açıb-yumunca görürmüş stəkan getdi,
ağzını açan kimi də çayçı
şirin dilini salırmış işə ki, ağa,
çayınız buza dönmüşdü, qaynarını
gətirim, nuş edin.
Beləcə, xəbərlərə qulaq asmaq
üçün gələnlər əslində radionu dinləmək
pulunu da ödəmiş olur, çayxanaya
girib-çıxanacan xeyli xərcə düşürlərmiş.
Ancaq şübhə yox, bu çayxanaya
yığışanlar yalnız radiodakı xəbərləri
dinləmirdilər, bir yerdəydilərsə, öz
aralarında olub-keçənlərin müzakirələrini
də aparırdılar, ölkədə cərəyan edənlərin
də haqqında mülahizələrini
bölüşürdülər.
Həmin axşamlardan birində Balaş eşidir ki,
"hizb" yaranıb.
Deyirdi ki, ogünəcən "hizb"
sözünü eşitmişdim, nə demək olduğunu
bilmirdim. Başa saldılar ki, bu, bir təşkilatdır,
ölkənin nicatı haqqında düşünən
insanların birləşdiyi yerdir, mərkəzi qərargahı
da Tehrandadır.
Balaş da, tay-tuşları da hizblə
maraqlanmağa, orayla necə əlaqə yaratmaq haqqında
düşünməyə başlayırlar. O vaxtlar Balaş
başında Bakı havası olan, oradaykən tez-tez dərnəklərə
gedən gənc kimi xeyli fəal imiş, elə onun kimi
Bakıdan sürgün olunmuş yaşıdı Feyzi ilə
birlikdə teatr dəstəsi qurublarmış, ora səhnəyə
həvəs göstərən uşaqları da cəlb ediblərmiş,
"Şeyx Sənan"ı, "O olmasın, bu olsun"u,
digər dəbdə olan əsərləri göstərirlərmiş.
Balaş müəllim yada salırdı ki, 1941-ci ildə
yaratdığımız o dəstəyə tədricən
yeni gənclər qoşuldu.
Hətta Balaş da, Feyzi də aralanandan sonra gənclərin
həvəskar teatr dəstəsi işini ta 1945-ci ilə qədər
davam etdirir, bu 5 ilin ərzində sonradan Güney boyu
tanınıb şöhrətlənəcək bir neçə
aktyor məhz orada yetişir.
Həyatında və yaddaşında silinməz izlər
buraxmış həmin Çaharrahdakı çayxanada
1940-cı illərin lap əvvəllərində Balaş bir xəbər
də eşitmişdi ki, Təbrizdə "Vətən
yolunda" adlı qəzet çıxır.
Haşimi adlı bir xeyirxahı Balaşa məsləhət
görür ki, sən də şeirlərini göndər ora,
əlimə həmin qəzetin bəzi nömrələri
düşüb, oxumuşam, şeirləri gen-bol verirlər,
aralarında tanınan şairlər də olur, az tanınanlar
da, lap heç tanınmayanlar da. Ancaq sənin şeirlərini
oxuyuram, görürəm ki, orada dərc edilən şeirlərin
çoxundan yaxşıdır ki, pis deyil, məsləhətimdir
sən də şeirlərini göndərəsən, məncə,
çap edərlər.
Balaş hə-yox deməsə də, söz
ağlına batır. Çox çək-çevir etmədən
dostlara oxuyub tərif eşitdiyi şeirlərindən birini zərfə
qoyub "Vətən yolunda" qəzetinin redaksiyasına
yollayır.
Üstündən bir neçə gün keçəndən
sonra yenə həmin çayxanada toplaşıblarmış,
yenə xəbərləri gözləyirlərmiş, kimsə
cibindən "Vətən yolunda"nın təzə
nömrəsini çıxarır, qəzet əl-əl gəzir,
məqalələri oxuyanlardan biri içini çəkir ki,
"Bıy, burda Ərdəbilin də adı var!".
Hamı başlayır maraqlanmağa, rica edirlər ki, o yeri
ucadan oxuyun, görək Ərdəbil haqqında nə
yazılıb.
Qəzetin həmin buraxılışında redaksiyaya
göndərilən şeirlərin xülasəsi
verilibmiş və yazılmışdı ki, bizə indiyə
qədər Təbrizdən, Səlmasdan, digər şəhərlərdən
şeir göndərənlər olub, çoxusunu da dərc
etmişik, lakin indiyədək Ərdəbildən şeirli məktub
almamışdıq, təəccüblənirdik ki, bu necə
ola bilər Xətainin şəhərindən, Xətainin
yurdundan bir şair çıxmasın; indi Ərdəbildən
də şeirli məktub almışıq, "Azəri"
təxəllüslü bir şair şeirini göndərib, gələn
sayımızda onu da verəcəyik.
Balaşın dostu Haşimi qəzeti alıb baxır,
indicə eşitdiyi həmin məlumatı bir də oxuyur.
Balaş sarı əyilib astadan pıçıldayır ki, sənə
söz dedim, qulaq asmadın, şeirlərini vaxtında
göndərmədin, bu "Azəri" təxəllüslü
kimdirsə, düşdü qabağa, yoxsa sən "Vətən
yolunda"da şeiri çıxan birinci ərdəbilli
olacaqdın.
Balaş bir söz demir, amma o da fikirləşir ki,
görəsən, bu "Azəri" kimdir.
Belə fikirləşməyini Balaş müəllim
mənə artıq 1990-cı illərin ortalarında söyləyirdi.
Deyirdi ki, mən "Vətən yolunda" qəzetinə
göndərdiyim şeirin altında imzamı "Azəroğlu"
yazmışdım, növbəti sayda dərc ediləcək
şeirin müəllifi "Azəri" kimi elan edildiyindən
mən də bunun başqa adam olduğunu zənn etdim.
Çayxana hər gün adamlı idi, radio hər
gün səslənirdi və "Vətən yolunda" qəzetinin
də hər təzə buraxılışından azı
bir-iki nüsxə bura gələnlərdə olurdu ki,
hamının oxuması üçün elə bircəsi də
bəs edirdi.
Yenə axşam xəbərləri səslənib
bitincə başlayırlar qızğın müzakirələrə,
ara sakitləşəndə bir nəfər "Vətən
yolunda"nın son nömrəsini açıb deyir ki,
gözünüz aydın, ərdəbilli şairin də mənzuməsi
burada çap olunub. Qəzet əl-əl dolanaraq gəlib
Haşimiyə çatır. Gözü ilk sətirlərə
sataşınca az qala qışqırır: "Bu ki bizim
Balaşın şeiridir. Azəroğlu elə
Balaşdır, a camaat! Bu şeiri neçə ay qabaq öz
dilindən eşitmişəm!"
Və başlayır şeiri əvvəldən-axıracan
ucadan oxumağa.
...Onda üzbəüz idik, Balaş müəllim
danışırdı, mən dinləyirdim, diktofon
yazırdı. Mən yenə dinləyirəm, diktofon yenə
işləyir, ancaq Balaş müəllim yoxdur, səsi var:
"O vaxt müttəfiqlər - sovetlər şimaldan, o biri
müttəfiqlərsə cənubdan İrana daxil oldular. Beləliklə,
İran quruluşu sarsıldı, Rza şah qaçdı.
Şahlıq dağılandan sonra Cənubi Azərbaycanda
azadlıq hərəkatı başladı. Tehranda İran Xalq
Partiyası yarandı. Onun Ərdəbildə, Təbrizdə
şöbələri vardı. Mən də Ərdəbildəki
şöbəyə daxil oldum, başladım orada fəaliyyət
göstərməyə".
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə
satılmış bir qulam,
Nə saray məddahıyam, dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər
böyütmüş məni,
Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
Mən nə şam, nə pərvanə, nə
rübab şairiyəm.
Azadlığın carçısı, inqilab
şairiyəm.
1941-ci il idi. Balaş Azəroğlunun vur-tut 20
yaşı vardı. Ancaq o, mübarizələr meydanına
atılırdı. Böyük söz aləminə
döyüşkən sətirləri ilə gəlirdi. Bu
danışan da unudulmaz Balaş Azəroğludur: "Rza
şah qaçandan sonra Tehranda da həbsxanalar
açıldı. İranın həbsxanalardakı məşhur
inqilabçıları azadlığa çıxdılar.
Azadlığa çıxandan bir müddətdən sonra da,
təqribən beş-altı ay keçincə bunlar İran
Xalq Partiyasını təşkil etdilər. İran Xalq
Partiyasının nümayəndələri Ərdəbilə
də gəldi çıxdı, Ərdəbildə təşkilat
yaratdılar. Bu təşkilata birinci yazılan da biz
mühacirlər olduq. Mən də gedib təşkilata üzv
oldum. Şəhərdə nümayişlər keçirilir,
mitinqlər olurdu. Bizim ərdəbilli ziyalılar
çıxıb danışırdılar. Kənddən gələn
fəhlələr bunları başa düşmürdü.
Çünki elə farsca danışan kimiydilər. On kəlmə
deyəndə biri Azərbaycan sözü olurdu, doqquzu farsca.
Ona görə mitinqlərdə biz mühacirlər
çıxış etməyə başladıq. Mən də
çıxış edirdim, həm nitqlərim olurdu, həm də
təzə yazdığım şeirləri oxuyurdum.
Özü də şeirlər nə idi - hamısı şahın
əleyhinə. Camaat bizi istəyirdi. Kəndlərdəki
mitinqlərə "mühacirlər gəlsin" deyirdilər.
Çünki bizim danışığımızı rahatca
başa düşürdülər, bizim
çıxışlarımızda yerli ziyalıların
korlanmış dilindəki qəliz ərəb-fars sözləri,
izafət birləşmələri yox idi.
1943-cü ildə isə Təbrizdə olan
yoldaşlarımız fikirləşmişdilər başda
Biriya olmaqla ki, bir ziddi-faşist təşkilatı
yaratsınlar. Həmin faşistlərin əleyhinə olan təşkilata
Biriya sədr seçildi. Bu təşkilatın çoxlu
üzvləri var idi, əksəri də mühacirlər idi.
Bu təşkilatın bir şöbəsini də Ərdəbildə
yaratdılar. Ərdəbildəki ziddi-faşist təşkilatına
məni sədr seçdilər. Biz hər ay bir-iki səhifədən
ibarət xüsusi vərəqələr buraxırdıq.
Burada faşistlərin əleyhinə şeirlər, məqalələr
yazır, kəndliləri incidən ərbabların əməllərini
faş edən məqalələr dərc edirdik. O vərəqələri
kəndlərdə əl-əl gəzdirirb oxuyurdular, ərbablara
acıq verirdilər ki, bax sizi belə ifşa ediblər".
...Şər həmişə lap
başlanğıcdan məğlubdur. Çünki şər
yaranınca ona qarşı mübarizə aparacaq qüvvələr
də öz-özünə törəyir. Əslində hər
şər daha mütərəqqi qüvvələrin ortaya
çıxması üçün bir təmələ
çevrilir.
1940-cı illərin əvvəlləri dünyanı
səksəkədə saxlayan böyük təhlükə
addım-addım irəliləyir, Avropanın başı
üzərindəki faşizm kabusu getdikcə
qatılaşır. Dünyanın ən müxtəlif
ölkələrində hər kəs anlayırdı ki, bu bəla
gec-tez onları da vura bilər. Təqvimdə İkinci
Dünya müharibəsi idi.
Sabahın görkəmli şairi Balaş Azəroğlu
gənc bir insandı, vur-tut 20-21 yaşı vardı. Həyat
onunçün sözün hər mənasında yeni
başlanırdı. Birincisi, gənc idi, cavan bir insan
üçün, əlbəttə ki, həyat yolu yenicə
başlanır. Amma digər tərəfdən, o, bir Vətəndən
digər Vətənə gəlmişdi. Orada, Bakıda
ayrı bir həyat yaşayırdı və orada
qalmış olsaydı, onu büsbütün fərqli bir gələcək
gözləyərdi. İndi isə gəlib
düşmüşdü İrana. Ərdəbildəki həyatın
vəd etdiyi isə tamam başqa gələcək idi. İlk
şeirlərini yazırdı, artıq tanıyanlar onu "ərdəbilli
şair" adlandırırdı. Ancaq Balaş kimi
cavanlığında şeir yazan o qədər insan
olmuşdu ki, onların hamısı sonralar şair kimi
şöhrətlənmədi. Ola bilər ki, bu tale elə
Balaşı da müşayiət edərdi. Ancaq həyat
özü onu mübarizələrə hazırlayırdı.
Guya İran müharibədən aralı kimi idi, onun
Almaniya ilə bağlaşması vardı. Ancaq bütün
dünyanı silkələyən elə bir savaş gedirdi ki,
heç bir müqavilə, heç bir anlaşmaya
arxayınlaşaraq sakit oturmaq olmazdı, heç bir ölkə
bu fövqəladə hadisənin dalğasından kənarda
qala bilməzdi.
İrandakı şah rejimindən, bu
düyünlü və çürük siyasətin bir
çox əyintilərindən narazı olan qüvvələr
hədsiz idi. Ona görə də ölkə boyu mütərəqqi
fikirli insanlar nicat yolu axtarışlarında ayrı-ayrı cəmiyyətlərdə,
təşkilatlarda birləşməyə
çalışırdı.
XIX yüzilliyin ikinci yarısından etibarən,
xüsusən də XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycanda sıra-sıra qəzetlər, dərgilər
nəşr edilib. Mətbuatımızın bütöv tarixi
haçansa, yəqin ki, yazılacaq. Tariximizdə qalası bir
çox nəşrlər var ki, çağdaş insanlar
onlardan xəbərsizdir. Hansısa 1 ay nəşr olunub,
hansısa 3 ay, 5 ay, 1 il, 2 il. Ancaq bu qısa müddət ərzində
də onlar hamısı tarixdə həmişəlik qalacaq və
insanların vaxtaşırı qayıdacağı
imzasını atmağı bacarıb.
Azərbaycanın mətbuat tarixində şair
Balaş Azəroğlunun imzası həm də bir mühərrir
(qəzetçi) kimi qalmaqdadır.
1942-ci ildə onun 21 yaşı vardı, mətbuat
qaçılmaz cazibəsi ilə Balaşı özünə
doğru çəkməkdəydi və sabahın Azəroğlusuna
döndərmək üçün təməllər
tökürdü. Təbrizə ilk gəlişində "Vətən
yolu" qəzetinin redaksiyasında Qılman Musayevlə -
sabahın görkəmli yazıçıları Qılman
İlkinlə, Seyfəddin Abbasovla - sonraların Seyfəddin
Dağlısıyla, Ənvər Məmmədxanlıyla,
Əvəz Sadıqla tanış olmuşdu. Onların adı
Balaşa hələ Bakı illərindən, mətbuat səhifələrindən
tanış idi. Amma indi ilk dəfə onlarla əl tuturdu,
qabaq-qənşər dayanmışdı, kəlmə kəsirdi.
Bu xalis yazıçılarla təmaslardan sonra
şeirin Balaşçün sadəcə həvəs olmaq əyyamları
bitir, söz bütün varlığını doldurur və
anlayır ki, bundan belə ədəbiyyat onun həyatının
mənasına, düçüncəsinin qibləsinə
çevrilir.
Ancaq ömrün bu çağında onu əhatəsində,
təsirində daha çox saxlayan dövrün inqilab
havası idi. İti sürətlərlə irəliləyən
daxildən fırtınalı vaxt onu qəzet redaktoru edir. Hələlik
ayda iki dəfə buraxacaqları o qəzetin adını da elə
zamanın ovqatına uyğun olaraq "Yumruq"
qoymuşdular - birliyin, mütəşəkkilliyin,
bütün haqsızlıqlara qarşı etirazın rəmzi.
Ömür illərinin üstünə yeni illər,
onillər qalanacaq, ömrü uzunu Balaş Azəroğlu
çox sınaqlardan keçəcək. Bu, labüddür -
tərkinə alıb apardığı insanı həyat dəyişir,
adamın cavanlıqda hadisələrə, insanlara münasibəti
bir başqa olur, vaxt ötəndən sonra, ahıllıqda
ayrı cür. Balaş Azəroğlu da istisna deyildi.
İllah da ki, onunku sayaq başdan-başa burulğanlı
dövrlərə düşən ömür ola! 20-25
yaşlarında inqilab alovu ilə daşan Balaş Azəroğlu,
əlbəttə, həmişə o təhər qala bilməzdi.
İnsan vücudunun tabı yalnız ömrün kiçik
bir kəsiyində o hərarətdə olmağa
çatır. İnsan daim elə qalsa, odu elə
özünü alışdırar. Dəyişən onillər
və həyat şərtləri Balaş Azəroğlunu
aram, təmkinli, daha sakit, daha həlim etmişdi. Ancaq Azəroğlu
şair idi axı. Qələmi götürüb
kağızla təkbətək qalanda yaşı da, pəncərədən
dışarıdakı həyat axarı da, gündəlik
qayğılar da bir anda sanki yox olurdu, dönürdü gəncliyinə,
çevrilirdi elə həminki Balaşa və o yumruq ovqatı,
o dönməzlik, o mətinlik ömrün son saatınadək
Balaş Azəroğluyla birgə qaldı.
...1946-cı ilin 21 azərindən, Cənubi Azərbaycanda
Milli Hökumətin süqutundan sonra bir çoxları kimi,
Balaş Azəroğlu da bu taya pənah gətirməli
olmuşdu. Buralarda yerləşəndən, yüngülvari
rahatlıq əldə edəndən az sonra, elə 1947-ci ildəcə
qət etmişdi ki, Güney günlərinin xatirələrini
yubatmadan qələmə alsın. Nə qədər ki xatirələr
hələ isti idi, təfərrüatların çoxu əyaniliyi
ilə göz yaddaşında, hafizəsinin üst qatında
idi, istəyirdi ki, tezbazar təhrif etmədən onların
hamısını yalnız öz ömürnaməsi kimi yox,
həm də tarix sənədi kimi yazılaşdırsın.
Ancaq düşündüyü kimi
olmamışdı, xatirələrini yazmaq elə o günləri
yaşamaq qədər müşkülə
çevrilmişdi. 1947-ci ildə başlayandan həftələr,
aylar sonra, elə həmin ilin içindəcə
tamamlamağı düşündüyü xatiratının
son nöqtəsini qoyanda artıq 1996-cı il idi, Balaş Azəroğlu
75 yaşını haqlamışdı və yenə hər
gün xəyalən Təbrizdə, Ərdəbildə,
coşqun gəncliyində idi:
Bir karvan istəyirəm
Səhradan keçə, düzdən keçə,
Yolu Təbrizdən keçə.
Bir sərvan istəyirəm
Zəngli qara nərilə
Qatıb mənzili mənzilə
Alıb apara məni
Şah babam Xətainin
Vətəni Ərdəbilə.
Elə zənn edərsiniz ki, yəqin, xatirələr
həcmcə həddən artıq çoxmuş ki, yazıya
alınması bu qədər uzun vaxt aparıb. Ancaq heç
200 səhifə ola-olmaya.
Sanarsan ki, vərəq elə vərəqdir, əlində
tutanda biri ilə obirisinin çəkisindəki fərqi hiss
etməzsən. Ancaq Azəroğlunun elə öz xasiyyəti
kimi sahmanlı, dinclik yağan aydın xətti ilə xatirələrini
yazdığı vərəqlərin hər biri pəhləvanlar
qaldıran çəki daşlarından da ağır idi. Vərəqlərə
çökən o ağırlığı Balaş Azəroğlu
bütöv bir ömür boyu daşıdı.
12 noyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.16-17.