İki parlayan ulduz
Moskvada Ali ssenari kurslarını bitirərkən diplom
işi kimi tammetrajlı bədii filmin "Torpaq. Dəniz. Od.
Səma"nın ssenarisini kursun bədii şurasına təqdim
etdim. Ssenari bədii şura tərəfindən qəbul olundu
və "Azərbaycanfilm" studiyasında quruluşuna məsləhət
görüldü.
Çətinliklər də bundan sonra başlandı.
Özünün qeyri-adi formasına görə ssenari
kinostudiyamızın redaksiya heyəti tərəfindən
yaxşı qarşılanmayanda SSRİ Dövlət kino komitəsinə
və diplom işimin rəhbəri,
"Yaşadığım ev", "Əgər bu sevgidirsə?"
filmlərinin müəllifi, məşhur kinodramaturq
İ.Q.Olşanskiyə müraciət etməli oldum. O da
ssenarinin yaxın illərin birində plana daxil edilməsi
üçün israrlı zəmanətlə bizim kinostudiyaya
məktub yazdı, SSRİ Dövlət kino komitəsini də,
Azərbaycan kinorəhbərliyini də yola gətirdi. Ssenariyə
bir neçə rejissor maraq göstərdi, nəhayət
filmin quruluşu Şamil Mahmudbəyova
tapşırıldı.
Şamil Mahmudbəyov, mənim fikrimcə, özünəməxsus
bir film çəkdi. Bu mənim kinoda ilk böyük işim
idi. "Torpaq. Dəniz. Od. Səma" filmində əsas
rollardan birinə hələ gənc olan Fidan Qasımova
çəkilmişdi. Bu, onun aktrisa kimi kinoda birinci və
sonuncu işi oldu. Konservatoriyanın skripka sinfinin tələbəsi
- Fidanı Şamil Mahmudbəyov kəşf etmişdi və
o, İsmayıl Osmanlı, Tamara Kokova kimi təcrübəli
peşəkarların yanında sönük görünmədi.
Belə uğurlu debütdən sonra Fidan kinoya
çox çəkilməli idi. Lakin tale onu əsl
istedadına uyğun başqa bir rol nəsib etmişdi.
Filmimiz isə Ermənistana ümumittifaq
kinofestivalında göstərilmək üçün
aparıldı. Başda Azərbaycan Kinematoqrafçılar
İttifaqının sədri - Həsən Seyidbəyli
olmaqla, aktrisalar Nəcibə Məlikova, Fidan Qasımova,
rejissorlar Şamil Mahmudbəyov, Rüfət Şabanov, operator
Arif Nərimanbəyov nümayəndə heyətinin tərkibinə
daxil idilər. Mən də ilk dəfə idi ki, Ermənistanda
olurdum.
Festival ssenarisi şair Gevorq Eminə məxsus olan
(rejissorun adını xatırlamıram) tammetrajlı bədii-
sənədli filmlə - "Ermənistan haqqında 7 nəğmə"
filmi ilə açıldı.
Film yetərincə professional çəkilmişdi, hərçənd
ki, kadrarxası diktor mətni çox pafosluydu: "Ermənistanın
bitdiyi sərhədlərdə qaranlıqlar
başlayır".
Ermənistan, məlumdur ki, nəinki İran və
Türkiyə ilə qonşudur, müəllifin fikrincə,
zülmətə qərq olmuş sovet respublikaları - Azərbaycan
və Gürcustanla da həmsərhəddir.
Və yaxud da belə mənasız ifadələr:
"Düşmənlər Araratı fəth edə bilmədilər,
onu əsir aldılar".
Məlumdur ki, Ararat dağı Türkiyədə yerləşir.
Lakin bütün bunlar başlanğıc idi, ən betəri
hələ qabaqdaydı. Ekranda İkinci Dünya müharibəsi
zamanı SSRİ-nin, Polşanın işğal olunmuş ərazilərində
faşist vəhşiliklərinin - kütləvi edamlar,
güllələnmələr, dar ağacları,
sürgünlər və insanların döyülməsinin sənədli
kadrları görünürdü, kadr arxasında isə təxminən
belə mətn səsləndi: "Türk yeniçəriləri
1915-ci ildə bizim əjdadlarımızla bax belə
davranırdılar".
Film bitəndən sonra, zalda işıqlar yananda
bütün başqa qonşu xalqlara patoloji düşmənçiliklə
hipnoz edilmiş gənclərin və nəinki gənclərin,
öz xalqını "incidənlərə" münasibətdə
kindən və intiqamdan od püskürənlərin göz
yaşlarını gördük.
Anar, Fidan Qasımova, Tamara Makarova, Rüfət
Şabanov, Ukrayna aktrisası
Açığını desək, biz saxta və
yapma "xalqlar dostluğu" - təntənəli surətdə
bəyan olunduğu sovet dövründə qonşu millətlərə
düşmənçiliyin belə açıq təbliğatından
şok olmuşduq. Bütün bunlar haqqında
düşünərkən mahnılarında Kürü,
Arazı, Araratı, Hayastanla qardaşlığı tərənnüm
edən, tarixi qəhrəmanları - Şaumyanları və
Mikoyanları sayan sovet beynəlmiləlçilik prinsiplərinə
ancaq Azərbaycanda riayət olunduğu nəticəsinə gəlirdim.
Mən sovet dövrünəqədərki erməni
yazıçılarından Raffinin türkəfob romanları
və "sosialist realizmi" nümayəndələri olan
Silva Kaputikyanın, L.Qurunsun, B.Ulubabayanın (Zori Balayan o vaxt
lax yumurtadan çıxmamışdı) əsərləri
ilə tanış idim. Mən bu mətnlərin Azərbaycan
yazıçılarının - klassik və müasirlərin
əsərlərindən kəskin fərqini
görürdüm, bizim mətnlərdə ermənilər
haqqında bir kəlmə pis söz ola bilməzdi (buna yol
verilə bilməzdi də), bu xalqın azı bir nümayəndəsi
mütləq dost, az qala qardaş obrazında təqdim olunurdu.
Yuxarıda adı çəkilən erməni müəlliflərinin
"əsərlərindəsə" açıq qəzəblə,
çox vaxt təhqiredici ifadələrlə türklər,
müsəlmanlar, birbaşa və dolayısıyla azərbaycanlılar
haqqında danışılırdı. Bir var kitabda oxuyasan,
bir də var kütləvi sənət olan kinoda, ekranda görəsən.
Nə qədər uşaqları, gənc insanları "Ermənistan
haqqında yeddi nəğmə" kimi filmlərlə zəhərləmək
mümkündü. Biz bu lentlərin nümayiş
olunmasından nəinki qəzəblənmiş, təhqir
olunmuşduq. Öz etirazımızı da bildirdik. Həsən
Seyidbəylini də yaxından tanıyan münsiflər heyətinin
sədri məşhur rus rejissoru Stanislav Rostoski idi - hər
ikisi ÜDKİ-nın məzunu idi. Mən Həsən Seyidbəyliyə
S.Rostoski ilə görüşməyi və bizim fikrimizi ona
bildirməyi təklif etdim. Biz onun otağında
görüşdük və bu filmin açıq və gizli
provaksiya xarakterini ona ətraflı izah etdik. S.Rostoski
açıq-aşkar şok olmuşdu. "Ermənilər
belə gözəl Baş mükafatı - Qran pirini
hazırlamışdılar və açığını
desəm, biz onu "Ermənistan haqqında yeddi nəğmə"
filminə təqdim etmək istəyirdik" - dedi.
Biz bununla bağlı qəti
narazılığımızı bildirdik və belə olan
halda Azərbaycan nümayəndə heyətinin etiraz əlaməti
olaraq festivalı tərk edəcəyini dedik. Bunun, əlbəttə,
təsiri oldu.
Lakin bununla belə, festival Ermənistanda
keçirilirdi, ev sahibliyi olan tərəflə heç də
münasibətləri korlamaq istəməyən başda
Rostoski olmaqla münsiflər heyətini (münsiflər heyətinə
məşhur aktrisa Tamara Makarova da daxil idi) başa düşmək
olardı. Yeganə ona nail olduq ki, "Ermənistan haqqında
yeddi nəğmə" filminə Qran pri verilmədi, o,
heç kimə təqdim olunmadı, ermənilər isə
Birinci mükafatla qane oldular. Lakin bununla bizim filmimizin də
taleyi həll olundu. Bizə heç bir mükafat, heç bir
priz, heç bir diplom belə verilmədi. S.Rostoski
arsızcasına bizə təsəlli verirdi: - Əvəzində
azərbaycanlılar festivala ən gözəl aktrisaları gətiriblər.
Həqiqətən də festivalda heç kim qadın
cazibəsi solmuş Tamara Makarova da daxil olmaqla, Nəcibə
xanım Məlikovanın yetkin gözəlliyi və Fidan
Qasımovanın gənclik təranəsi ilə müqayisə
oluna bilməzdi.
Biz hamımız nəinki konkursun qeyri-obyektiv nəticələri
ilə, həm də nümayəndə heyətimizə
qarşı açıq-aşkar etinasızlığa
görə çox qəzəblənmışdik.
Bütün qonaqları Sevan gölünə
apardılar. "Aktamar" restoranının bir zalında erməni
sahibləri nüfuzlu moskvalı qonaqlara ziyafət verirdilər.
Bizi, bizdən başqa yerli kino idarədən ikinci dərəcəli
məmurları başqa bir zala apardılar. Düzdür, bizim
masada təşkilatçıların ya səhlənkarlığındanmı,
ya da məlumatsızlığındanmı bilmirəm,
festivalın ən istedadlı qonağı olan - dramaturq
Aleksandr Volodini də oturtmuşdular. Mən məhz həmin
vaxtlar onun pyeslər kitabını oxumuşdum, çox
xoşuma gəlmişdi və bu barədə ona dedim. Volodin
sözlərimdən açıq-aşkar
sıxılırdı, görünür, çox utancaq adam
idi. Cavabında o da "Nedelya"nın səhifələrindən
tanış olduğu "Mən, sən, o və telefon"
hekayəm haqqında xoş sözlər dedi. Ermənilərin
belə "ənənəvi Qafqaz" qonaqpərvərliyi
bizi qeyzləndirmişdi və bəlkə də məhz buna
görə mən qədərindən çox
içmişdim.
Bizim nümayəndə heyətinə mikroavtobus və
Həsən Seyidbəylinin, Nəcibə xanımın və
Fidanın oturduğu yüngül avtomobil vermişdilər.
Banketdən sonra hamı maşınlara oturmağa
başlayanda, mən gördüm ki, bizim mikroavtobusun
sürücüsü maşını sürməyə tələsmir.
Onda mən macal tapıb Həsəngil mindiyi
maşının qapısını açdım, rul
arxasına keçdim və
motoru işə saldım. Maşın əyri-üyrü
yollarla hərəkət etməyə başladı. Qorxudan
donub qalmış Həsən Seyidbəyli bir dəqiqəlik
şokdan sonra özünə gəldi və maşını
dayandırmağımı xahiş etdi. Nəcibə xanım
qorxu içində oturmuşdu və yalnız Fidan fərəhlə
və sevinə-sevinə qışqırırdı -
görünür, bütün bunlar onun çox xoşuna gəlmişdi.
Mən bu qədər içkidən sonra Sevanın dolanbac və
bələd olmadığım yollarında maşını
necə idarə etdiyimə bu vaxta qədər də təəccüblənirəm.
Hələ bir Həsən Seyidbəylinin
yalvarışları: "Xahiş edirəm saxla, xahiş
edirəm əyləci bas" fəryadları. Yalnız
düz yola çıxanda maşını saxladım.
Başqa bir maşında bizə çatan rəngi
ağarmış sürücü öz yerini tutdu.
Pianoçu Zöhrab Adıgözəlov, Fidan
Qasımova, Anar. İstanbulda, Azərbaycan gecəsində
Əlbəttə, bütün bunlar mənim essemin
mövzusuna dolayısıyla aiddir, sadəcə bizim Ermənistanda
olduğumuz müddətdə bütün mənfi emosiyalara
baxmayaraq, bu gənclik xatirələri mənimçün
çox əzizdir. Və bir mühüm cəhət də
ondan ibarətdir ki, o vaxt mən ilk dəfə Fidanın
xarakterini - qoçaqlığını,
qorxmazlığını duydum. O, uşaqcasına mənim
uşaq hərəkətlərimə sevinirdi.
Bunu nümayəndə heyətimizin digər üzvləri
də görürdülər və Rüfət Şabanov
deyirdi: "Mən də sabah mütləq maşın
qaçırdıb sürəcəm". Lakin bu,
kinemotoqrafistlərin dediyi kimi, "ikinci ekran" olardı.
Mən bu səfərdə Fidanın nəinki skripka
çaldığını, hətta maraqlı şeirlər
yazdığını və ümumiyyətlə, gözəl
yumor hissinə malik olduğunu bildim. Yalnız bir şeyi
bilmirdim - bu da onun vokal qabiliyyəti idi ki, bu da sonralar aşkar
oldu.
Skripkaçı kimi o, Nazim Rzayevin Kamera orkestrində
çalırdı, lakin az bir müddətdən sonra o,
özünü bütünlüklə vokala həsr etdi.
Əvvəlcə Bakı, sonra Moskva Konservatoriyasında
mükəmməl məktəb keçdi və Moskvada Ədəbiyyatçıların
Mərkəzi Evində Fidan hansısa yubileydə
çıxış edərkən, M.Maqomayevdən onun
oxuması haqqında fikrini soruşdum, o vaxt özünün
şöhrət zirvəsində olan Müslüm dedi: gözəl
müğənnidir, artıq təcrübəli sənətkardır,
gələcəkdə daha uca yüksəkliklərə
qalxacaq.
Müslüm tamamilə haqlı çıxdı -
qısa müddətdə Fidan Qasımova sənətdə
birinci dərəcəli ulduz kimi parladı, ən yüksək
adları, nüfuzlu mükafatları aldı, böyük
uğurla məşhur opera səhnələrində və
konsert zallarında çıxış etdi.
Moskva təhsilindən sonra mən tamamilə başqa
bir insanla, düzdür, hələ söhrətin zirvəsinə
çatmamış, lakin artıq üstünlükləri və
itkiləri ilə Moskva həyat məktəbi keçmiş
birisi ilə qarşılaşdım.
Elə bu vaxtlarda onun kiçik bacısı
Xuramanın ulduzu parlamağa başladı. O da sənət
yoluna kino aktrisa kimi başladı, lakin Fidandan fərqli olaraq
bir neçə filmə çəkildi. Xuraman - "Mən
ki gözəl deyildim", "Liftçi qız" və
başqa kinofilmlərin baş qəhrəmanı idi. Əgər
desəm ki, Xuraman kino aktrisa kimi daha istedadlıdır, yəqin
ki, Fidan məndən inciməz. Ancaq Xuramanın bir vokalist kimi
formalaşmasında Fidanın böyük rolu oldu. Fidan Xuraman
üçün nəinki böyük bacı, həm də
musiqidə böyük, nüfuz sahibi, müəllimə, təqlid
nümunəsidir. Təqlid sözü bəlkə də,
yerinə düşmür, Xuraman kifayət qədər
müstəqil, orijinal müğənnidir. Əbəs yerə
deyil ki, o, Afinada Mariya Kallas adına konkursda Qran priyə layiq
görüldü, dəfələrlə başqa nüfuzlu
beynəlxalq mükafatlar aldı.
Konkursda onun ifası münsiflər heyətinin sədri,
gəncliyimizin "Sevimli ariyalar" filmindən yaxşı
tanıdığımız əfsanəvi italyan müğənnisi
Tito Qobbini məftun etmişdi.
Fidan və Xuramanın unikal vokal keyfiyyətləri
hansısa dərəcədə onların genetikası ilə
bağlıdır. Valideynləri - ata və anasının
musiqi istedadları var idi. Ata tərəfdən babası məşhur
müəllim və maarifçi Əli bəy Qasımov Lev
Tolstoyla məktublaşırdı və hətta böyük
yazıçının Yasnaya polyanadakı evində qonaq
olmuşdu. Atası Əkrəm və anası Tükəzban
xanım başqa sənət sahibləri olsalar da, dediyim kimi,
qeyri-adi musiqi qabiliyyətinə malik idilər. Anasının
gözəl səsi vardı, atası müxtəlif alətlərdə
peşəkarcasına çalırdı. Qardaşı
Əlibəyin musiqi təhsili olmasa da, bacıların ifa
etdiyi bir neçə mahnının müəllifidir.
Mənim üçün etalon və yüksək
ifaçılıq göstəricisi Üzeyir Hacıbəylinin
opera və opereattalarındakı partiyalardır. Ümumi fikrə
görə, ən yaxşı Məcnun Hüseynqulu Sarabski
olub. Sonrakı nəsillər bunu əski kinokadrlardan duya bilərik.
Ən yaxşı Leyli, mənim fikrimcə, Rübabə
Muradova idi. Mən onun səhnədəki ifasını deyil,
"Leyli və Məcnun" operasının lent
yazısını nəzərdə tuturam. Ən
yaxşı, təkrarsız və misilsiz Koroğlu
şübhəsiz, böyük Bülbül,
"Arşın mal alan"dakı ən yaxşı Əskər
- böyük Rəşid Behbudovdur.
Ən yaxşı Nigar və Gülçöhrə,
əlbəttə ki, Fidan, sonra isə Xuramandır. Mən
"Arşın mal alan" lentinə qulaq asmaqdan doymuram.
Böyük Niyazinin redaktəsi, bədii rəhbərliyi və
orkestrləşməsində bu diskdə Rəşid
Behbudov-Əskər, Fidan-Gülçöhrə və
Xuraman-Asiyanın ilahi ifaları səslənir. Xüsusən
"Arşın mal alan" nəqarəti ilə
Gülçöhrənin ariyası məni çox təsirləndirir
- Fidan öz ifası ilə nə qədər dəruni hissləri,
zəngin çalarlı incə yaşantıları
çatdırır.
Danışırlardı ki, Niyazi "Arşın mal
alan"ı vala yazdırarkən, Fidanın bu ariyanın
ifası zamanı gözyaşlarını saxlaya bilmirmiş.
Fidan hər hansı musiqini ifa edərkən nəinki
emosiyalarının parlaqlığı, həm də ifa olunan
musiqinin mahiyyətinə dərin nüfüz etməyi məni
heyran qoyur.
Həm Fidan, həm də Xuraman bizim xalq
mahnılarımızın və vokal sənətimizin incilər
olan Niyazinin "Arzu", Fikrət Əmirovun "Mən səni
araram" və "Sevdiyim yardır mənim", Tofiq
Quliyevin "Üzüyümün qaşı firuzədəndir"
və "Sənə də qalmaz", Vasif Adıgözəlovun
"Bakı" mahnılarının misilsiz
ifaçılarıdır. Son üç mahnı atamın
sözlərinə yazılıb. Mən səmimi qəlbdən
Fidan və Xuramana minnətdaram ki, onlar daima və böyük
şövqlə Rəsul Rza ilə bağlı tədbirlərdə
çıxış edirlər, onun 90 və 100 illiyində də
həvəslə oxudular. Fidan həmçinin həyat
yoldaşım Zemfira xanımın Ü.Hacıbəyliyə
həsr olunmuş "Ölməzlik" kitabının təqdimat
mərasimində iştirak edib və dahi bəstəkarın
"Sənsiz" əsərini müşayiətsiz, akapella
üsuluyla son dərəcə gözəl oxuyub. Yeri gəlmişkən,
həmin axşam o, çıxış edərkən dedi ki,
əvvəlcə valideynləri ona Əlvan adı qoymaq istəyiblər,
sonra mənim bacımın adını eşidiblər,
qızlarına bu adı veriblər.
Xuraman Qasımova, Vasif Adıgözəlov, Anar
Qeyd etmək istəyirəm ki, Fidan və Xuramanın
birgə konsertinə ilk resenziyalardan birini də Zemfira
xanım yazıb. "Qasımova bacıları"
resenziyasında qeyd edir: "İlk birgə solo konsertində
çıxış edərkən Fidan və Xuraman
böyük musiqi qabiliyyəti, yüksək professionallıq,
geniş diapozonlu repertuar nümayiş etdirdilər. Konsertdə
Perselin, Hendelin, Motsartın, Puççininin, Azərbaycan bəstəkarlarından
Ü.Hacıbəyovun, S.Rüstəmovun, F.Əmirovun,
T.Quliyevin, A.Məlikovun, A.Məmmədovun əsərləri səsləndi.
Bircə bu sadalanan müəlliflər müğənnilərin
böyük diapozonundan və klassik musiqidən tutmuş
müasirliyə qədər konsert proqramının zənginliyindən
xəbər verir. Gözəl soprano tembrinə malik olan
müğənnilər birgə çıxış edərək
öz repertuarlarına oxşar əsərlər daxil
etmişdilər".
1979-cu ildə bu resenziya yazılanda həm Fidan, həm
də Xuraman respublikanın Əməkdar artistləri idilər.
Bu gün Fidan da, Xuraman da Xalq artistləridirlər, hər
ikisi Dövlət mükafatı laureatıdırlar. Lakin məsələ
bu rəsmi adlarda deyil. İtaliyaya səfərimiz zamanı
belkantonun vətənində məşhur Müslüm
Moqamayev və Tamara Sinyavskayayla, gənc Qasımova
bacılarını necə eyni heyranlıqla
qarşılandıqlarını xatırlayıram. Mən
Bakıda Aida rolunda Xuramanın Böyük teatrın solisti
Amneris rolunda Yelena Qbrazsovoydan geri qalmadığının
şahidiyəm. Həm Fidanın, həm də Xuramanın
şöhrətə gedən yolları heç də hamar
olmayıb, onlar çətin günlər də görüblər,
ağır situasiyalar yaşayıblar, xüsusən sevimli
valideynlərinin, çox istədikləri
qardaşlarının itkisi ilə bağlı kədərli
günləri olub.
Xuraman xəstəliyə tutulanda o, ABŞ-da müalicə
olunurdu, şükür Allaha ki, sağaldı. Yad diyarda həddindən
artıq uzun müddət ərzində əziyyət çəkərək,
Bakıya qayıdarkən doğma torpağı
öpdüyünü danışırdılar.
ABŞ-dan qayıtdıqdan sonra Xuraman ilk konsertindəcə
əvvəlki güc və sənətkarlıqla, lakin daha
artıq xüsusi şövqlə Azərbaycan bəstəkarlarının
əsərlərini ifa etmişdi. Hamını Asəf
Zeynallının "Ölkəm" romansının təsirli
ifası sarsıtmışdı, bu mahnıda doğma vətən
üçün darıxan, əzab çəkən ruhun səmimi
duyğuları vardı.
Xuramanın həm də, qeyri-adi yumor hissi var, o,
müxtəlif insanları - ictimai xadimləri, incəsənət
işçilərini misilsiz təqlid edir.
Bu iki ulduz, bəzən insanları güldürməyi,
bəzən də ağlatmağı bacaran bacılar Azərbaycanın
şöhrəti və iftixarıdırlar.
26 dekabr 2010-cu il
P.S. On beş il bundan əvvəl rusca
yazılmış bu mətn Azərbaycan dilində ilk dəfə
çap olunur. 2023-cü ildə 85 yaşım qeyd edilərkən
Fidanın (yəqin ki, Xuramanın da iştirakıyla) mənim
haqqımda yazısı üçün də çox minnətdaram.
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.14-15.