Günay Əfəndiyeva: "Mirzə Qədim İrəvani
irsi tarixi həqiqətlərimizin canlı sübutudur"
Bilirsiniz ki, bu il Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
Mirzə Qədim İrəvaninin 200 illiyi Azərbaycanda və
onun hüdudlarından kənarda geniş şəkildə
qeyd olunur. Mirzə Qədim İrəvani Azərbaycanın
görkəmli rəssamıdır, Azərbaycan təsviri sənətinin
seçkin nümayəndələrindən, rəngkarlıq
sənətimizin banilərindən biridir. Mirzə Qədim
İrəvani həm də özü-özlüyündə
bir sübut, mühüm bir faktdır ki, bizim ən azı 200
illik rəngkarlıq məktəbimizlə yanaşı,
çox ciddi tarixi həqiqətlərimiz də mövcuddur.
Bu tarixi həqiqətlər onun adında, soyadında və
yaratdığı əsərlərdə aydın şəkildə
əks olunur.
525.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a
açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət
Komitəsinin sədr müavini Günay Əfəndiyeva
bildirib.
“Biz mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə
sahib çıxmalıyıq. Biz mütləq şəkildə
dünyaya öz mədəni sərvətimizi nümayiş
etdirməliyik”, - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, Mirzə Qədim İrəvani
kimi sənətkarların irsinin dünya miqyasında təqdim
olunması bu məqsədə xidmət edən ən gözəl
nümunələrdən biridir. Onun sözlərinə
görə, gerçəkləri dəyişdirmək
mümkün deyil: kim nəyi məhv etməyə, nəyi
silməyə, talan etməyə çalışsa da, sonda
yenə tarixi həqiqətlər üzə
çıxır.
“Çox sevindirici haldır ki, Azərbaycan Milli
İncəsənət Muzeyində açılan sərgidə
Azərbaycan muzeylərində saxlanılan Mirzə Qədim
İrəvaninin əsərləri ilə yanaşı, həm
də onun Gürcüstandan gətirilən əsərləri
nümayiş etdirilir. Bu, çox vacib məqamdır”, – deyə
Günay Əfəndiyeva əlavə edib.
525-ci qəzet .- 2025.- 6 dekabr (¹223).- S.13.