"O, məni
sözün əsl mənasında qaragüruhçuların əlindən
xilas etdi"
Elmira Axundovanın Xalq yazıçısı
Mövlud Süleymanlının sözləri əsasında qələmə
aldığı əhvalatlar
Gizli təşkilat
"Bu gün Azərbaycanda 60-cı illər sərbəstliyindən,
milli oyanısdan, azadlıq duyğularının artmasından
söz açanlar var.
Haqlıdırlar... Altmışıncı illər o
biri onilliklərə bənzəməz. Dərindən izləyib
araşdırsaq, demək olar ki, əksər sahələrdə
özünə qayıdış, özünü
anlamağın, ədəbi proseslərdəki sətiraltı
mənaların, yeni ab-havanın yarandığını
görərik. Artıq Bakı küçələrində
daha arxayın və daha canlı eşidilən Azərbaycan
dilinə münasibət dəyişirdi.
İndi DTK qorxusunu unudan müəllimlərimiz
auditoriyalarda milli mənliyimizdən, azadlıq
duyğularından danışmağa özlərində
cürət tapmışdılar. Tələbələrin,
ümumiyyətlə, ziyalılarımızın birliyini,
görüşlərini təmin edən çayxanalar
aşıb-daşmaqdaydı... Ordan-burdan etiraz səsləri
eşidilməyə başlamışdı hətta.
Doğrudur, bu ab-hava bütün SSRİ miqyasında
hiss olunmaqdaydı. Amma heç kəsə sirr deyil ki, Azərbaycana
bu ittifaqda, yəni o biri respublikalardan seçilən xüsusi
baxış və nəzarət vardı. Adətən DTK-ya
Azərbaycan xalqına yad münasibətilə seçilən
insanları götürürdülər.
60-cı illərdə bu münasibət və tənasüb
nisbətən dəyişmişdi...
Mən bunun səbəbini çox sonralar anlaya
bildim...
DTK divarları arasından yayılan qadağalar,
yasaqlar, qanlar-qadalar xofu-qorxusu səngimişdi... Elə bil kimsə
qapını, pəncərələri aralamışdı, cəmiyyətin
düşüncəsinə təmiz hava sızmağa
basla-mışdı.
Bu hava 60-cı illərin tələbə mühitinə
öz təsirini daha tez göstərdi...
Cənubi Azərbaycan mövzusu qəzet səhifələrində
görünürdü artıq, Azadlıq, İstiqlaliyyət
sətiraltı mənalarla xatırlanırdı...
Əsas, düşüncələrə
işığın düşməsi idi. Əsas o idi ki,
toxum atılsın, atıldısa, cücərməli idi. Belə
də oldu...
1963-cü ildə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinin II kurs tələbəsiydim.
Əksəriyyətimiz rayon və kəndlərdən gəlmişdik.
Yadımda deyil, necə seçildik, bir-birimizi necə
anladıq. Günlərin birində ADU-nun 4 nömrəli
yataqxanasının bir gizli guşəsinə yığışdıq...
Hələlik, adsız bir təşkilatın bünövrəsi
qoyuldu.
İlk növbədə Güney Azərbaycan məsələsi
idi. Çıxış yolları araşdırıldı,
daha doğrusu, ümidsizliyi qırmaq, Azadlıq ruhunda
böyümək, bir-bir, iki-iki olsa da, artıb çoxalmaq
üçün addım atmaq, təməl daşı qoymaq.
Bir olmağın, birləşməyin əhəmiyyətini və
Azadlığın nə olduğunu anlayıb, anlatmaq.
Yəni bu taydan o taya gözləri yaşara-yaşara
şeir yazmaq, ağlayıb sızlamaq bəsdir, iş
görmək lazımdır.
İkinci məsələ, çox sadəlövh
görünsə də, Sovet İttifaqının tərkibindən
çıxmaqdan ibarət idi...
Günün müəyyən vaxtlarında, müəyyən
yerlərdə yığışmağa başladıq, təxminən
bir-iki aydan sonra hərə öz proqramını
hazırladı. Nə isə, hələlik planlar
tökülür, müzakirələr, mübahisələr
aparılırdı.
Bir il təşkilatlandıqdan sonra o zaman müəllimimiz
olan Bəxtiyar Vahabzadənin yanına getdik.
Universitetin uzun dəhlizində Bəxtiyar müəllimin
başına yığışmışdıq. Çox həyəcanlanmışdı.
- Bura gəlin, - Bəxtiyar müəllim belə deyib,
bizi boş auditoriyaya apardı. O vaxt onun hər sözü, hər
addımı göz qabağındaydı, daha doğrusu,
göz qabağında olmalıydı.
Bir neçə dəqiqə heç kəs dinmədi.
Bəxtiyar müəllim başını aşağı
salıb susmuşdu.
Elə bildik ağlayır...
Başını qaldırdı, doğrudan da gözləri
nəmli idi.
- Zindanlarda çürüyərsiniz, - dedi. - Məsləhət
görmürəm. Neyləmək olar. Şərait
yetişsin gərək...
Bəxtiyar müəllimi bir daha narahat etmədik.
Bir il də keçdi. 1964-cü ilin sentyabr ayında
DTK gizlin fəaliyyətimizdən xəbər tutdu.
1964-cü ilin payızı idi. Universitetin Yasamalda yerləşən
yataqxanasında səhər tezdən qapımız
döyüldü, tanımadığımız adamlar
içəri girdilər.
- Balakişiyev kimdir?
- Mənəm, - dedim.
- Gəl!
Məni araya aldılar, pilləkəni endik... Jurnalistika
fakültəsinin tələbəsi Hüseyni də mənim
kimi araya alıb aparırdılar. İki qara maşın
dayanmışdı, hərəmizi bir maşına qoyub
apardılar.
Hara getdiyimizi bilirdim. Keçən həftə
yoldaşlarımızdan bir neçəsini
aparmışdılar. Gedib qayıdanlar artıq bizə yaxınlaşmırdılar.
Münasibətlər kəsilmişdi, ətrafda
anlaşılmaz dərin vahimə hökm sürürdü.
Səhər tezdəndən qaranlıq düşənəcən
məni müxtəlif otaqlarda dindirdilər.
Qaranlıq çökmüşdü, saat 9-10 radələriydi.
Uzun, alaqaranlıq dəhliz boyu dolana-dolana xeyli getdik (bəlkə
də mənə belə gəlirdi), bir otağın
qapısı ağzında dayandıq. Qapını ehtiyatla və
ehmalca açıb məni içəri saldılar.
Qapının ağzında dayanıb otağa göz gəzdirdim,
fikrimdə-düşüncəmdə heç nə yox idi.
Çox güclü, şaqraq gülüş səsinə
özümə gəldim. Otaq çox böyükdü,
yuxarı başda saçlarını arxaya daramış,
enlikürəkli bir adam oturmuşdu.
- Yaxın gəl..!
Bir neçə addım atıb yenə dayandım.
- Yaxın gəl..!
Stolun üstündə iri vazada alma qoyulmuşdu.
Yaxınlaşdım.
- Alma ye!
- Yemirəm, - dedim dodağımın altında.
- Otur görüm! - Səs dəyişmişdi. Elə
zəhmli idi ki, elə bil məni divara çırpdılar.
Qorxa-qorxa başımı qaldırıb baxdım.
Elin-obanın "komissar" dediyi əmimi xatırladım,
kövrəldim... Burdan çıxıb qurtaracağıma
inanmırdım, ümidim üzülmüşdü
artıq.
- Neynəmisiz?
Susmuşdum...
- Düzünü de görüm, neynəyibsiz!
- Heç nə, - dedim. - Yığışıb Cənubi
Azərbaycan haqda danışmışıq.
- Cənubi Azərbaycanın nəyindən danışmısız?
Tanıyırsız Cənubi Azərbaycanı?!
Dinmədim.
- Sonra neynəmisiz?
- Heç nə...
- Onsuz da məlumdur hər şey... Keçini
keçi ayağından, qoyunu qoyun ayağından
asacayıq.
Sözə başımı qaldırdım,
çoxdandır bu məsəli eşitmirdim.
- Hardansan, danışığından bir şey
ayırd edəmmədim.
Hardan olduğumu dedim...
Bir az ara verdi, bu səssizliyi anlamaq üçün
başımı qaldırdım... Mənə
baxırdı... O vaxtdan qırx il keçib, mən o
baxışları bütün dərinliyiylə indi də
xatırlayıram. Bayaq sərtliyinə, zəhminə tab gətirmək
mümkün olmayan göyümsov, daha çox yaşıla
çalan gözlərində doğmalıq hiss olunurdu.
- Kimin var sənin?
- Atam davadan qayıtmayıb, anam var.
- Harda işləyir anan?
- Kolxozda...
- Sizə zəhmət çəkənlərin əməyini
itirməyin, təhsil alın, biliyinizi artırın.
Ağıllı, bilikli gəncliyə xalqın indi daha
böyük ehtiyacı var. Sən bilirsənmi, başqa vaxt
olsaydı, sizin başınıza nə oyun açardılar?
Güllələyərdilər... hamınızı!
Mən artıq özümə gəlmişdim,
olanları, olacaqları anlayırdım.
Başladığımız işin belə uşaqcasına
qırıldığının göynərtisi yenidən
oyansa da, bu doğma adamın hissləri, duyğuları
qarşısında baxa-baxa qalmışdım.
- Mənim bu sözümü unutmayın, bunu mən
sizin hamınıza demişəm. Ağlınızı
başınıza yığın, bu xalqa, bu millətə
xeyir verin, elmini ucaldın, tarixini yazın. Rus dilini öyrənin,
başqa dillərə yiyələnin. Nə elədiyinizdən
xəbərimiz var. Bilmirsiz ki, bu işin ziyandan başqa bir
xeyri olmayacaq?! İndi Moskva nəticəsini soruşacaq bizdən!
Hamısını eşidiblər, bilirlər. Amma mən sizi
Moskvaya verməyəcəyəm. Bunun nə demək
olduğunu anlayırsızmı?!
O vaxtdan qırx il keçib. Mən o
görüşü həmişə xatırlamışam. Bərkə-boşa
düşdükcə, yaxını-uzağı dərk etdikcə
bunun "nə demək olduğunu" anlamışam...
Azərbaycan dili haqqında
1969-cu ildə Heydər Əliyevin KP MK-nın birinci
katibi seçilməsi milli hərəkatla bağlı proseslərə
təkan verdi. Nəhayət, xalq öz səsini ən yüksək
tribunalardan eşitməyə başladı. Respublikanın
birinci şəxsi onun milli hisslərini, ülvi niyyətlərini
ifadə edirdi, üstəlik, onun doğma dilində gözəl
danışırdı ki, bu da bizim yerli
ziyalılarımızın təəccübünə və
heyrətinə səbəb olurdu.
Xatırlayıram ki, 70-ci illərin ortalarında Novruz
bayramı ərəfəsində Şıx çimərliyinin
ətrafında parkın təməlinin qoyulmasında
iştirak etmək üçün bütün şəhər
iməciliyə çıxmışdı.
Yazıçılar İttifaqının öz sahəsi
vardı, orada ədəbiyyatçılar hamılıqla
ağac əkirdilər. Heydər Əliyev gələcək
parkın ərazisini gəzir, insanlarla söhbətləşirdi.
Nəhayət, yaradıcı ziyalıların nümayəndələrinə
yaxınlaşdı.
O, həmişəki kimi sadə və səmimi idi,
ağsaqqallarla zarafatlaşır, gənc yazarlarla
maraqlanırdı.
Şair Qabil burada da öz səmimiyyəti ilə
seçildi:
- Yoldaş Əliyev, Siz azərbaycanca necə gözəl
danışırsınız!
Heydər Əliyev astaca güldü:
- Qabil, qəribədir, sən mənim rus dilini
yaxşı bilməyimə təəccüblənmirsən,
azərbaycanca danışmağıma heyrətlənirsən.
Axı bu, mənim ana dilimdir və onu bilmək mənim
üçün vacibdir. Özü də təkcə mənim
üçün yox, hamımız üçün...
Onun bu sözləri alqışlarla
qarşılandı. Ancaq iş bununla bitmədi. Ana dilini bilmək
zərurəti barədə respublika liderinin sözləri
tezliklə Azərbaycanın bütün guşələrinə
yayıldı və Azərbaycan dilinə mühafizəkarlıqla
yanaşan məmurları düşünməyə vadar etdi.
Heydər Əliyevin adicə iməcilikdə dediyi sözlər,
ümumiyyətlə, onun bu istiqamətdəki fəaliyyəti
cəmiyyətdə o vaxtadək doğma dilə hakim olan soyuq
münasibəti dəyişdi.
...Rəhmətlik Rəsul Rza danışırdı
ki, Heydər Əliyevin qəbulunda oldum. Novruz bayramıyla
bağlı fikirlərimi
bildirdim. Mənə dedi: "Rəsul müəllim, gəlin
gedək bizim evə, görək Novruz bayramını siz
yaxşı keçirirsiniz, yoxsa biz. Əgər bizim
ziyalılarımız Novruz bayramını mənim
tapşırığımla keçirəcəklərsə,
bu, heç də yaxşı deyil... Qoy ürəkləri istədikləri
şəkildə keçirsinlər".
O zaman 70-ci illərin əvvəlləri idi, bu söz
də dildən-dilə düşdü...
Yaz bayramımız öz səmənisi ilə evlərimizdən
bayıra çıxdı, yaxınlı-uzaqlı yurdumuzu
dolaşdı.
Yazıçılarla münasibətlər
1976-cı ildə Azərbaycan
yazıçılarının VI qurultayı keçirilirdi;
Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev şəxsən
təşrif buyurmuşdu. Bu, mənim və gənc qələm
yoldaşlarımın iştirak etdiyi ilk qurultay idi.
Heydər Əliyev öz çıxışı
zamanı Süleyman Rüstəm və Azərbaycan ədəbiyyatının
digər ağsaqqallarının əyləşdiyi rəyasət
heyətinə üz tutub soruşdu:
- Süleyman müəllim, mən hələ orta məktəbdə
təhsil alarkən dərsliklərdə şeirlərinizi
oxuyurdum. O vaxtdan yarım əsr keçib, dərsliklərdə
yenə sizin şeirlərinizdi. Bu, çox
yaxşıdır. Bəs bu yarım əsr ərzində məgər
bircə nəfər də cavan şair çıxmayıb? Bəs
cavanlar hanı?!
İndiyədək "birinci"nin bu sözlərini
qarşılayan gurultulu alqışlar qulağımda səslənir.
VI qurultayda, digər məsələlərlə
yanaşı, böyük Füzulinin nəşini uzaq Kərbəladan
Azərbaycana gətirib tarixi vətən torpağına
tapşırmaq təklifi qızğın müzakirələrə
səbəb olmuşdu. Çoxları, yəqin ki, Heydər
Əliyevin sözlərini xatırlayır:
- Siz istəyirsiniz bu məsələni mən
qaldırım. Ancaq bilin ki, elə şeylər var, mənə
qədər həll olunmalıdır. Siz öz tərəfinizdən
bu istəyinizi, arzunuzu bildirsəniz, daha yaxşı olar. Çünki
mən bunu etsəm, hallandıracaqlar, mənalandıracaqlar,
ona başqa rəng verənlər olacaq...
Zaman bu sözlərin həqiqət olduğunu təsdiqlədi.
Elə Heydər Əliyevin həmin günlərdə
Yazıçıların Qurultayda dediyi bir çox başqa
sözlər kimi.
70-ci illərin ikinci yarısında respublika
Yazıçılar İttifaqının dəvətilə
Bakıya gələn gürcü şair-tərcüməçi
Zezva Medulaşvili ilə görüşümü, ünsiyyətimi
xatırlayıram. Mənə tapşırmışdılar
ki, qonağı Azərbaycan paytaxtının görməli-görklü
yerləri ilə tanış edim. Zezva Azərbaycan xalq
nağıllarını, "Koroğlu" dastanını
gürcü dilinə tərcümə edirdi, Azərbaycan
dilini də, erməni dilini də yaxşı bilirdi.
İçərişəhəri dolaşdıq,
Dağüstü parkdan Bakını seyr etdik... Bakı
doğrudan da bir neçə ilin içərisində dəyişmişdi...
Qonaq baxdı-baxdı, gözləmədiyim halda dedi:
- Bilirsiniz siz niyə belə sürətlə
inkişaf edirsiniz?!
- İnkişaf edirik ki bəyəm?! - təəccübümü
gizlədə bilmədim.
- Siz görməsəniz də, böyük inkişaf
mərhələsi keçirirsiniz, - dedi. - Uzaqdan hər
şey yaxşı görünür.
- Bəs inkişafımızın səbəbi nədir?
- soruşdum.
- Sizin birinci katibiniz millətçidir, budur səbəb.
Dedim:
- Hörmətli Zezo, hamı sizə millətçi
deyir, sizsə...
Dedi:
- Hamının millətçi olmağı başqa
şeydir. Bir də ki, bizimkilər ancaq danışarlar,
iş görməzlər. Sizinki isə danışır, amma
dilindəki işi yox, ürəyindəki işi
görür.
Bu söz gözlənilməz olsa da, mən fəxr
etdim və qürur duydum...
Biz çox vaxt uzaqların - qonşuların belə
yaxşı gördüyü həqiqəti görmək istəmirik.
Ancaq görməmək mümkün deyil, sadəcə
görüb göz yumuruq...
...Əbülfəz Elçibəyin bir söhbətini
xatırlayıram: "Türkiyə radiosunu dinləyirdim,
veriliş Heydər Əliyevə həsr olunmuşdu, jurnalist
belə bir cümlə işlətdi: "Azərbaycanda
doğulmuş türk çocuğu Heydər Əliyev Kremli
fəth edir". Sonra əlavə elədi: "XX əsrdə
türk dünyası iki böyük şəxsiyyət
yetirib: Mustafa Kamal Atatürk və Heydər Əliyev..."
Rayona səfər
70-ci illərin sonunda Bərdədə Heydər
Əliyevin iştirakı ilə zona müşavirəsi
keçirilirdi. Yazıçılar İttifaqından da
başda birinci katib İmran Qasımov olmaqla bir dəstə
rayona yollandı. Mən də onların arasında idim.
Hər yerdə qayda-qanun, işgüzar ab-hava, səliqə-sahman
duyulurdu. Heydər Əliyev o qədər qayğının
içində bizi də yaddan çıxarmırdı.
Günün axırında o, Bərdə rayon partiya komitəsinin
birinci katibinə müraciətlə dedi:
- Səfərəliyev, yazıçılarla
özün məşğul ol!
Hazırda yaşları 60-ı ötmüş və
Azərbaycanın ədəbi ictimaiyyətində layiqli yer
tutmuş həmkarlarımın çoxu ürəklərində
o günlərin xoş xatirələrini yaşadırlar.
- İmran müəllim, məni gənc
yazıçılarla tanış elə!
Kimin yadından çıxıbsa, bu o vaxtlar idi ki,
qeyri-rəsmi də olsa, əsərlərin altında milli
soyadlar və ya ləqəblərlə imza atmaq qadağan
olunmuşdu. Partiya senzorları altında "oğlu",
"xanlı", "lı-li" ilə bitən
imzaların şeir və ya hekayəsini çapa
buraxmamağa çalışırdılar.
Aramızdan biri durub özünü təqdim etdi:
- Nüsrət Kəsəmənli.
Onu da deyim ki, qabaqcadan hazırlanmamış həmin
görüşdə başqa respublikalardan olan qonaqlar,
jurnalistlər, televiziya işçiləri də iştirak
edirdilər. Onlar gözlərini maraqla Nüsrətə
dikmişdilər. Bir neçə dəqiqəlik sükutdan
sonra Heydər Əliyev şairin soyadını təkrarladı:
- Deməli, Kəsəmənli... Kəsəmənli nə
deməkdir?
- Kəndimizin adıdır.
- Yaxşı, Kəsəmənli...Biz bir sırada
oturmuşduq. Ondan sonra Sabir Rüstəmxanlı ayağa
qalxdı.
- Sabir Rüstəmxanlı!
Heydər Əliyev onun da soyadını təkrar etdi.
- Deməli, Rüstəmxanlı.
Görüşdə bizim milli soyadlarını və
ya ləqəbləri qanuniləşdirmək cəhdlərimizə
var qüvvələri ilə müqavimət göstərən
partiya kahinləri də iştirak edirdi. Çoxlarını
üzdən tanıyırdıq. Hiss olunurdu ki, baş verənlər
onların ürəyincədir. Onlar açıq-aşkar
gözləyirdilər ki, birinci katib bu azadfikirliliyə son
qoyacaq və yazıçılara mətbuatda bu cür
soyadlardan istifadə etməmək barədə xəbərdarlıq
edəcək. Hamı gərginliklə qulaqburması gözləyirdi.
- Siyavuş Sərxanlı.
Heydər Əliyev gülümsündü:
- Belə. Sərxanlı - xanlı!
Mənim də növbəm çatdı:
- Mövlud Süleymanlı.
- Sağ ol. Əyləş!
Bu səfərdən bir qədər keçəndən
sonra İmran Qasımov bizi öz kabinetinə
yığdı.
- Mən sizi Heydər Əliyevin
tapşırığı ilə yığmışam. Onun
dediklərini sizə çatdırmaq istəyirəm. O, sizə
qayğı göstərməyi və problemlərinizi həll
etməyi mənə tapşırıb. Sizin haqqınızda
"yaxşı uşaqlardır" dedi.
Həqiqətən də, o dövrdə gənc,
istedadlı şair və yazıçıların çoxu
öz məişət problemlərini həll etdilər: kiməsə
mənzil, kiməsə maşın verildi, bəzilərini də
işlə təmin etdilər. Təkcə
yaradıcılıqla məşğul olmaq qalırdı...
Biz böyük ruh yüksəkliyi və məmnunluq
hissi ilə yazıb-yaradırdıq. Həm də başa
düşürdük ki, yeni ab-hava yeni ədəbi təfəkkür,
düşüncə tərzi, yeni üslub və yanaşma tələb
edir.
"Dəyirman" əsəri haqqında
"Dəyirman" adlı povestim çap olunduqdan
sonra baş vermiş qalmaqallı əhvalatı da
xatırlamaq istərdim.
Bu əsər 1979-cu ildə "Azərbaycan" jurnalında
dərc edilmiş və dərhal hücum hədəfinə
çevrilmişdi. Bəziləri hətta onu antisovet əsər
adlandırırdı. "Yuxarı"ya məktublar,
siqnallar axırdı. Həmin ilin payızında Azərbaycan
Yazıçılar İttifaqında "Dəyirman"ın
daha çox divanxananı xatırladan müzakirəsi keçirildi.
Ədəbi mühafizəkarlar və
irticaçılar mənə qarşı çox aqressiv idilər.
Amma diqqəti buna tuşlamaq istəmirəm. O adamlardan
söhbət gedəcək ki, həmin çətin aylarda mənə
arxa durdular, tab gətirməyimə, sınmamağıma
yardımçı oldular.
..."Dəyirman" ətrafında qalmaqal
qızışırdı. Moskvaya teleqramlar axışdı,
nəticədə bütün kitablarım, həm Azərbaycan,
həm Rusiya nəşriyyatlarında planlardan
çıxarıldı. Mən hiss eləyirdim ki, halqa
daralır... Belə ağır günlərin birində
İmran Qasımov - gəncləri sevən mütərəqqi
düşüncəli bu insan məni və "Azərbaycan"
jurnalının baş redaktoru Əkrəm Əylislini öz
kabinetinə çağırdı:
- Yoldaş Əliyev mənimlə telefon
bağlantısında oldu, - dedi. - Soruşdu bu nə "Dəyirman"dır
ki, hamı elə onun söhbətini eləyir. Mən
qısaca əsər haqqında ona öz rəyimi söylədim.
Jurnalı ona göndərməyi xahiş etdi. Mən də
"Azərbaycan"ı Mərkəzi Komitəyə
göndərdim. Bu gün yoldaş Əliyev yenidən zəng
vurub öz münasibətini bildirdi. Yeri gəlmişkən,
povesti akademik Həsən Əliyev də (Heydər Əliyevin
böyük qardaşı. - E.A.) oxuyub, Heydər Əliyev onun
da fikrini mənə çatdırdı. Birinci katib dedi ki,
povest istedadla yazılıb, müəllifi lüzumsuz
hücumlardan qorumaq gərəkdir: "Yeganə istənilən
odur ki, cavan yazıçının həyata
baxışlarını, dünyagörüşünü
bir qədər səhihləşdirmək lazımdır. O,
başa düşməlidir ki, bizim varlığımızda
yalnız qaranlıq deyil, işıqlı cəhətlər
də var..."
Bu söhbətdən sonra mən dərhal hiss elədim
ki, nəsə dəyişib. Hər halda
irticaçıların hücumları xeyli səngimişdi.
Mən yenə də nəfəs ala, yaza bilirdim.
Sonralar öyrəndim ki, opponentlərim Heydər
Əliyevin özünün qəbulunda olublar. Onlardan biri
özü mənə söyləmişdi:
- Əlimizdə "Dəyirman" povesti Heydər
Əliyevin kabinetinə daxil olduq.
- Nə baş verib? -
soruşdu.
- Yoldaş Əliyev, bu povestdə bizim quruluşa
böhtan, qarayaxma var, ağır və yolverilməz
söyüşlər var!
- Nə söyüşlər? - MK-nın birinci katibi
maraqlanır.
Onlar isə "ədəbsiz" yerlərin
altından qırmızı xətt çəkmişdilər.
Və eləmə tənbəllik, müəllifin neçə
dəfə söyüş ifadələri işlətdiyini
hesablamışdılar: 73 dəfə!
Heydər Əliyev jurnalı vərəqləyir,
altından qırmızı xətt çəkilmiş yerlərdən
bəzilərini oxuyub birdən qəhqəhə çəkir:
- Ay yoldaşlar, belə halda rus xalqı çoxdan
Şoloxovu məhkəməyə verməliydi...
Bax belə... Heydər Əliyev məni sözün əsl
mənasında
qaragüruhçuların əlindən xilas etdi.
Nihilist tənqidin dəmir caynaqlarından xilas olandan
sonra mən bir-birinin ardınca romanlar yazdım. Səmimi
olmağa və vicdanımın səsini dinləməyə
çalışırdım. Və bütün bunlara, eyni
zamanda iki dəfə başdan (sıfırdan)
yaratdığı Azərbaycana olan sonsuz məhəbbətinə
görə mən Heydər Əliyevə minnətdaram.
Həqiqət budur ki, yüksək dağları
yaxın məsafədən gözlə qiymətləndirmək
olmur. İllər, yüzilliklər keçəcək və
o, daha da yüksəyə qalxacaq və daha əzəmətli
görünəcək. Tarix bütün dövrlərdə
onu xatırlayacaq və Heydər Əliyev barədə ən
Vacib, Əbədi sözünü deyəcək...
Bakı, 2007.
Elmira AXUNDOVA
Xalq yazıçısı
525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.10-11.