Sahibkarların kredit
resurslarına çıxış imkanları və problemlər
Bu gün sahibkarların fəaliyyətinin genişlənməsi,
davamlılığı və rəqabət qabiliyyətinin
artırılması üçün maliyyə
resurslarının olması vacibdir. Kreditə
çıxış nə qədər əlçatan olsa,
sahibkarlıq mühiti bir o qədər inkişaf edir, yeni
iş yerləri yaranır və iqtisadi artım sürətlənir.
Ölkədə sahibkarların maliyyələşməsini
təşviq edən dövlət mexanizmləri mövcuddur.
Sahibkarlığın İnkişafı Fondu vasitəsilə
aşağı faizli və güzəştli kreditlərin
verilməsi sahibkarların kapital əldə etməsini
asanlaşdırır. Amma kredit təşkilatlarının
risklərin azaldılması məqsədilə tələb
etdikləri girov təminatları bir çox sahibkar
üçün maneə yaradır. Xüsusən yeni fəaliyyətə
başlayan bizneslərdə girov kimi təqdim edilə biləcək
aktivlərin məhdudluğu kredit almağı çətinləşdirir.
Banklardan sahibkarlara əngəl
İqtisadçı Xalid Kərimli deyir ki, banklar
kredit portfelini qiymətləndirərkən sahibkarın
dövriyyəsini, xərclərini və mənfəətini
aydın göstərən maliyyə hesabatlarına ehtiyac
duyur. Lakin bir çox mikro və kiçik sahibkar qeyri-formal fəaliyyətə
üstünlük verdiyindən, bu şəffaflıq
çatışmazlığı kredit əldə etmə
prosesini məhdudlaşdırır: "Bu gün Azərbaycanda
bizneslərin maliyyə çıxışlarında müəyyən
çətinliklər var. Bu, həm obyektiv, həm də
iqtisadi çətinliklərdir. Kredit resurslarına
çıxışa ən böyük maneə banklar tərəfindən
sahibkarlardan tələb edilən girovlardır. Xüsusən
də regionlarda fəaliyyət göstərən sahibkarlar bəzən
bu girovu təmin edə bilmirlər. Çünki regionlarda əmlakların
likvid dəyəri aşağı olur, yaxud da banklar əmlak
götürməyə o qədər də maraqlı olmurlar".
Girovun tələb olunması ən böyük maneələrdəndir
İqtisadçının sözlərinə əsasən,
kredit resurslarına çıxışda girovun tələb
olunması ən böyük maneələrdən biridir.
Banklar girov olmadan da kredit verə bilərlər. Bu zaman kredit
götürmək istəyən şəxslərlə bağlı
məqamlar da ortaya çıxır: "Həmin şəxslərin
maliyyə hesabatları qaydasında olmalı, maliyyə
hesabatları auditdən keçməli və şirkətin
korporativ idarəetməsi yaxşı vəziyyətdə
olmalıdır. Təbii ki, regionlarda bir çox hallarda
sahibkarlar kustar üsulla fəaliyyət göstərirlər.
Əsasən də mikrosahibkarlarda hesabatlar sadə olur, auditdən
keçmir. Odur ki, bankların regionlarda bir çox sahibkarlar
üçün kredit vermək üçün girovdan
başqa alternativi qalmır. Çünki şirkət
etibarlı, yaxşı hesabatlılığa malik etibarlı
bir qurum olmalıdır. Yaxud da girovu daşınmaz əmlak
deyil, biznes aktivləri təşkil etsin".
Sahibkar qazancını gizlədə, hesabatında gəlirini
göstərməyə bilər
Ekspert bildirib ki, bu baxımdan banklar sahibkarlara kredit verərkən
məcbur qalıb daşınmaz əmlak, sərt girovlar tələb
edirlər. Digər bir məqam ondan ibarətdir ki, şəffaflığın
zəif olması da sahibkarların kreditə
çıxışını məhdudlaşdırır.
Sahibkar qazancını gizlədə, hesabatında gəlirini
göstərməyə bilər. Nəticədə onun kredit
götürmək imkanları məhdudlaşır.
Çünki şirkətlərin dövriyyələrinin bir
hissəsinin qeyri-şəffaf formalaşdırılması bu
sahədə çətinlik yaradır. Bu səbəbdən
də dövlət şirkətləri öz
qazanclarını rəsmiləşdirməyə
çağırır.
Onun söylədiyinə görə, Azərbaycan
Biznesinin İnkişaf Fondu müəyyən şərtlərlə
güzəştli kreditlər verir. Lakin yenə də müvəkkil
banklar girov təminatı - zəmanət təminatı tələb
edir. Bununla belə, kredit faiz dərəcələri kifayət
qədər əlverişlidir.
Bu, bank sektorunun problemidir
İqtisadçı ekspert Elşad Məmmədov
hesab edir ki, Azərbaycanda sahibkarlığa mane olan bir sıra
amillər var. Ən birincisi sahibkarlıqla məşğul
olan və buna cəhd göstərən insanların maliyyə
resurslarına çıxışının məhdud
olmasıdır: "Bu da çox böyük maneədir.
Çünki biznes investisiyalarsız mümkün deyil. İnvestisiyaların
əsas mənbəyi kimi bazar iqtisadiyyatı şəraitində
kredit resursları çıxış edir. Kredit
resurslarına çıxış imkanları da ölkədə
lazımi səviyyədə təmin olunmayıb. Bu, bank
sektorunun, pul-kredit siyasətinin problemlərindəndir. Bu
gün təklif olunan kredit faizi yüksəkdir. Digər tərəfdən
isə kreditin əldə olunması üçün
sahibkarlıqla məşğul olmaq istəyən insanlara
girov bazası ilə bağlı çox ağır, çətin
tələblər qoyulur. Onların çoxu isə bu tələblərə
uyğun girov bazası təqdim edə bilmirlər.
Bütün bu problemlər sözügedən məsələdə
xüsusi olaraq vurğulanmalıdır. Eyni zamanda bazarın məhdudluğu,
idxalın payının çox olması da problemlər
sırasındadır və sözsüz ki, vergi
yükünün bir qədər azaldılmasına ehtiyac var.
Xüsusilə real istehsal ilə məşğul olmağa cəhd
göstərən kiçik və orta sahibkarlığa aid
biznes fəaliyyəti ilə məşğul olmaq istəyən
insanların vergi yükü azaldılmalıdır. Bununla
yanaşı, sahibkarlığın maliyyələşməsi
üçün investisiyaların artımı
baxımından xüsusi kredit şərtlərinin tətbiq
edilməsinə ehtiyac var. Bu da ölkəmizdə
sahibkarlıq mühitinin xeyli dərəcədə fəallaşmasına
şərait yarada bilər".
Kredit vermək riski
İqtisadçı ekspert Əkrəm Həsənov
qeyd edib ki, həm əhalinin, həm də sahibkarların
ödəniş qabiliyyəti zəiflədiyindən banklar
kredit verməkdə tərəddüd edirlər: "Banklar
da anlayır ki, hər kəsə kredit vermək risklidir.
Sosial-iqtisadi vəziyyət gündən-günə pisləşdiyi
üçün bu sahədə banklar da çarəsizdir.
Əslində, kredit verilməsində maraqlıdırlar, lakin
risk yüksəkdir. Problem təkcə banklarda deyil. Kölgə
iqtisadiyyatının yüksək payı da bu sahədə
maneələr yaradır. Azərbaycanda çox vaxt
insanların və sahibkarların əsas gəliri qeyri-rəsmi
olur. Banklar bunu başa düşür, amma Mərkəzi
Bankın qaydaları yalnız rəsmi gəlirləri nəzərə
almağa imkan verir. Bəzən bu qaydalar pozulur, lakin bu,
kütləvi xarakter daşımır".
Kölgə iqtisadiyyatı azaldılmalı, kredit
sistemində şəffaflıq artırılmalıdır
Ekspertin fikrincə, bank olmayan kredit təşkilatları
(BOKT) bu baxımdan daha çevik davranır. Lakin onların
faiz dərəcələri yüksəkdir və ucuz maliyyə
resurslarına çıxışları yoxdur: "Onlara nə
Mərkəzi Bankdan kredit verilir, nə də insanlar əmanət
qoyur. Ona görə də vəsaitləri bahadır. Banklara
qarşı isə tələb sərtdir, çünki onlar əmanətçilərin
pullarını idarə edirlər. Bu baxımdan Mərkəzi
Bank sərt davranır. Amma müəyyən qədər
yumşalma olsa, bu, sui-istifadə hallarına da səbəb ola
bilər. Problemin aradan qaldırılması üçün
kölgə iqtisadiyyatı azaldılmalı, kredit sistemində
şəffaflıq artırılmalı və Mərkəzi
Bankın tələbləri
balanslaşdırılmalıdır".
Sahibkara güzəştli kreditlər verilməsinin
yeni mexanizmləri
İqtisadiyyat Nazirliyindən verilən məlumata
görə, Nazirliyinin Sahibkarlığın
İnkişafı Fondunun sahibkarlığın güzəştli
kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq
olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu
olmayan sahibkarların güzəştli kreditlərə
çıxış imkanlarının yaradılması məqsədilə
avadanlıqların alınması üçün güzəştli
kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir
ki, güzəştli kredit yeni avadanlıqların
alınmasına yönəldilir və həmin avadanlıqlar
da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz
dərəcəsi 7 faiz təşkil edir. Tətbiq olunan yeni
mexanizm biznes subyektlərinin maliyyə resurslarına
çıxış imkanlarının daha da genişlənməsinə,
investisiya fəallığının, iqtisadi artımın və
məşğulluğun dəstəklənməsinə əhəmiyyətli
töhfə verəcək.
Bundan başqa, kənd təsərrüfatı üzrə
uzunmüddətli investisiya tələb edən sahələrdə
kiçik həcmli kreditlər üzrə kredit müddəti
3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən
7 ilədək artırılıb və kredit
dövrünün yarısı güzəşt müddəti
olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd
kredit risklərinin azaldılması, kiçik və orta
sahibkarların güzəştli kreditlərə
çıxış imkanlarının
artırılmasıdır.
Təsdiq edilən digər mexanizm fors-major hadisə ilə
bağlı şəraitin dəyişməsi səbəbindən
Sahibkarlığın İnkişafı Fondunun Müşahidə
Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının
Fond qarşısındakı borc öhdəliyinin zəruri
hallarda restrukturizasiya olunması, kredit öhdəliyin
icrasına möhlət verilməsidir: "Bununla
yanaşı, sahibkarlara verilən yeni kreditlər üzrə
dövlət zəmanətinin verilməsi və həmin
kreditlər üzrə faizlərin
subsidiyalaşdırılması, eləcə də mövcud
kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin
dövlət tərəfindən maliyyələşdirilməsi
mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki,
qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl
sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
maliyyə resurslarına çıxış
imkanlarının artırılması, eləcə də
koronavirus pandemiyasının işgüzar mühitə və
iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə
mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi
və əlavə dəstək alətləri tətbiq
olunacaq".
Güzəştli kreditləşdirilmənin yeni
mexanizmləri hansılardır?
Millət vəkili Vüqar Bayramov deyir ki, sahibkarlar
üçün imkanların genişləndirilməsi və
investisiya mühitinin daha da
yaxşılaşdırılması hər zaman prioritetdir:
"Sahibkarlar üçün kredit resurslarına
çıxış imkanlarının artırılması,
eyni zamanda daha ucuz maliyyə vəsaitlərinin əldə
edilməsi ilə bağlı dəstəyə daha çox
ehtiyac var. Çünki bir tərəfdən sahibkarların cəlb
etdiyi kredit resurslarının nisbətən bahalı
olması, onların fəaliyyətinin genişləndirilməsinə
mane olur, digər tərəfdən maliyyəyə
çıxış vacib olmaqla sahibkarlar üçün həm
də yeni sərmayə qoyuluşlarına və fəaliyyətlərin
genişləndirilməsinə gətirib çıxara bilər.
Eyni zamanda ixrac imkanlarının artırılması ilə
bağlı da daha çox dəstəyin həyata
keçirilməsi vacibdir. Çünki xüsusilə əsas
məqsəd qeyri-neft sektorunda çalışan
sahibkarların ixrac potensialının genişləndirilməsidir.
Bu istiqamətdə də dəstəyin
artırılmasına ehtiyac var ki, həm də qeyri-neft
ixracının artırılması və bütövlükdə
ixracatda qeyri-neft sektorunun payının artırılması
mümkün olsun".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.9.