Azərbaycan-Britaniya:
Müdafiə və təhlükəsizlik tərəfdaşlığı
gücləndirilir
Azərbaycanla Böyük Britaniya arasında
münasibətlər çoxşaxəli olmaqla dinamik
inkişaf edir. Britaniya Azərbaycanla münasibətləri
daha da genişləndirməkdə, əlaqələrimizin
strateji tərəfdaşlıq müstəvisində
inkişafında maraqlıdır. Bunu bu ölkənin
müdafiə naziri Lord Vernon Koakerin Bakıya səfəri bir
daha nümayiş etdirdi.
Dekabrın 4-də Azərbaycan Prezidenti İlham
Əliyev Lord Vernon Koakeri qəbul edib. İkitərəfli
münasibətlərin zəngin tarixinin olduğunu deyən
dövlət başçısı ölkələrimiz
arasında əməkdaşlığın enerji sektorundan
başladığını və daha sonra bir çox sahələri
əhatə etdiyini vurğulayıb. Prezident ticarət,
investisiya və digər sahələrdə əməkdaşlığı
daha da genişləndirmək üçün yaxşı
imkanların olduğunu deyib. Hazırda ölkələrimiz
arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla
bağlı yeni səhifənin açılmasına toxunaraq,
bunu qarşılıqlı etimadın göstəricisi kimi
qiymətləndirib.
Britaniyalı nazir Azərbaycanla Ermənistan
arasında münasibətlərin normallaşması və
sülh gündəliyinin irəli aparılması istiqamətində
bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr
münasibətilə dövlət
başçısını təbrik edib, eyni zamanda, ölkələrimiz
arasında dostluq və etimada əsaslanan münasibətləri
qeyd edərək əlaqələrin strateji tərəfdaşlıq
müstəvisində inkişaf etdirilməsində maraqlı
olduqlarını söyləyib.
Britaniyanın Azərbaycandakı səfirliyinin nazirin
səfərinin yekunu ilə bağlı yaydığı
açıqlamada qeyd olunub ki, Koaker Böyük Britaniya və
Azərbaycan arasında müdafiə tərəfdaşlığını
gücləndirmək məqsədilə Bakıya səfər
edib. Görüşlərdə müdafiə və təhlükəsizlik
məsələlərinin müzakirəsi diqqətdə olub.
Vurğulanıb ki, təhlükəsizlik sahəsində əməkdaşlıq
Böyük Britaniya-Azərbaycan strateji tərəfdaşlığının
əsas sütunlarından biri olacaq, regional sabitlik və
uzunmüddətli sülhün əhəmiyyətinə dair
ortaq anlayışı əks etdirəcək. Artan təhdidlər
fonunda ölkələr ortaq strateji maraqlar üzrə birgə
işləməyə davam edəcəklər.
Böyük Britaniya bu ilin oktyabrında Azərbaycana tətbiq
olunan silah embarqosunu aradan qaldırıb. Səfirliyin bəyanatında
o da bildirilib ki, Böyük Britaniya və Azərbaycan Cənubi
Qafqazda sülh, sabitlik və rifah üçün ortaq məqsəd
üzərində birlikdə çalışırlar. Nazir
Koaker bu məqsədə dəstək olaraq Bakıya səfər
edib. Səfər ikitərəfli münasibətlərdə
mühüm inkişaflardan sonra müdafiə sahəsində əməkdaşlığı
daha da dərinləşdirir. Bu inkişaflara 2025-ci ilin
avqustunda münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldilməsi niyyəti daxildir.
Müdafiə əməkdaşlığı bu tərəfdaşlığın
əsas sütunu olacaq və regional təhlükəsizlik və
strateji sabitliyə ortaq sadiqliyi əks etdirəcək.
Britaniya bu ilin mart ayında Azərbaycanda ilk rezident hərbi
attaşesini təyin edib. Oktyabr ayında isə iki ölkənin
müdafiə nazirləri Londonda 2026-2027-ci illər
üçün əməkdaşlıq planı
imzalayıblar. Bu, ən iddialı ikitərəfli müdafiə
əməkdaşlığı proqramı hesab olunur.
Azərbaycanla Britaniya arasında münasibətlər
həm də etimada əsaslanır. Məhz bu amil əməkdaşlığı
daha da möhkəmləndirir. Müdafiə naziri Koaker də
bu məqama diqqət çəkərək deyib: "Ölkələrimizin
üzləşdiyi təhdidlər artdıqca, bizim kimi etimad və
hörmət üzərində qurulmuş tərəfdaşlıqlar
daha da vacib olur. Cənubi Qafqazda sülh və rifahı dəstəkləmək
üçün Azərbaycanla işləməkdən məmnunam
və qarşıdakı aylar və illərdə əməkdaşlığımızı
daha da gücləndirməyi səbirsizliklə gözləyirəm".
Azərbaycanın xarici siyasətində Böyük
Britaniya ilə münasibətlər hər zaman vacib yer tutub.
İki ökənin əlaqələri tarixi və strateji əhəmiyyətə
malikdir. Britaniya 1991-ci ilin dekabrında Azərbaycanın
müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən
biri oldu. Ölkələrimiz arasında diplomatik münasibətlər
isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə
iki ölkə arasında əlaqələrin genişləndirilməsi
baxımından yüksək tarixi nailiyyətlər əldə
olunub və hazırda Azərbaycan-Böyük Britaniya
münasibətləri inkişafının ən yüksək
səviyyəsinə çatıb. Böyük Britaniya da bir
çox sahələrdə, xüsusən enerji sektorunda
uzunmüddətli etibarlı əməkdaşlığın
inkişaf etdirilməsinə böyük önəm verir.
İqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin
əsasını təşkil edir. Böyük Britaniya Azərbaycanda
ən böyük xarici investor olaraq qalır. BP Azərbaycanın
neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir.
Şirkət Azərbaycanın neft-qaz sektorunun
inkişafına və modernləşdirilməsinə
mühüm töhfələr verməklə enerji sektorunda
ölkəmizin əsas tərəfdaşı qismində
çıxış edir. BP "Azəri-Çıraq-Günəşli",
"Şahdəniz" layihələrinin operatoru,
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin,
Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru
kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas
sərmayədarlarından biridir. 1994-cü ilin sentyabrında
"Əsrin müqaviləsi" imzalandığı vaxtdan
etibarən SOCAR və BP arasında enerji sahəsində
uğurlu əməkdaşlıq qurulub və 2017-ci il
sentyabrın 14-də SOCAR və BP arasında Xəzər dənizinin
Azərbaycan sektorunda yerləşən "Azəri",
"Çıraq", "Günəşli"
yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə
tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya
əməkdaşlığında növbəti tarixi hadisədir.
Bu saziş ölkələrimiz arasındakı əlaqələrin
möhkəmliyinin, qarşılıqlı etimadın və
faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.
Azərbaycanda 500-dən çox Birləşmiş
Krallıq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.
Bu rəqəm iqtisadi tərəfdaşlığımızın
şaxələndirilməsinin mühüm göstəricisidir.
Təbii ki, əlaqələr inkişaf etdikcə,
yeni çağırışlar, reallıqlar fonunda əməkdaşlıq
sahələri də genişlənir. "Əsrin müqaviləsi",
mədəni-təhsil
proqramları ilə başlayan münasibətlər bu
gün artıq daha geniş və strateji xarakter alıb.
Müdafiə, təhlükəsizlik sahələri, o cümlədən
yaşıl enerji əməkdaşlıqda prioritet xarakter
almağa başlayıb.
Rəsmi London Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi məsələsində
də hər zaman prinsipal olub, keçmiş Qarabağ münaqişəsinə dair
mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanıb.
Qırx dörd günlük Vətən müharibəsi
dövründə də Böyük Britaniya obyektiv münasibət
nümayiş etdirib.
Milli Məclisin deputatı Asim Mollazadə "525"ə
şərhində deyib ki, Britaniya ilə Azərbaycan
arasında çoxşaxəli strateji münasibətləri
var. Bu münasibətlər bütün istiqamətlərdə
inkişaf edir: "Enerji sahəsində bizim ənənəvi
əməkdaşlığımız artıq yaşıl
enerji istiqamətində də genişlənir. Avropanın
enerji təhlükəsizliyi bizim əməkdaşlığımızın
nəticəsində daha da güclənib. Birgə layihələrimizin
sayı artıb. Bununla yanaşı, Azərbaycan Britaniya ilə
təhsil səhəsində əməkdaşlıq edir, eyni
zamanda, mədəniyyət sahəsində əməkdaşlıımız
genişlənməkdədir. Yəni humanitar sahəni də
biz intensiv inkişaf etdiririk. Həmçinin təbii olaraq
çox çətin bir dünyada Azərbaycan və Britaniya
öz layihələrini, yaratdıqları sistemi qorumaq
üçün təhlükəsizlik məsələlərində
də əməkdaşlığı gücləndirməlidirlər.
Bu istiqamətdə də bizim birgə işlərimiz daha
intensiv olacaq".
Deputat hesab edir ki, Britaniya ilə Azərbaycan
arasında əlaqələr bütün sahələrdə
daha da güclənəcək, çoxşaxəli, strateji əməkdaşlıq
daha da dərinləşəcək: "Biz öz strateji
proqramlarımızı qorumaq fikrindəyik, buna qadirik və
bu işlər davam edəcəkdir".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Mətin Məmmədli isə "525"ə
deyib ki, Britaniya və Azərbaycan bir çox sahələrdə,
enerji təhsil mədəniyyət, siyasi diplomatik və s.
istiqamətlərdə yaxından əməkdaşlıq
edirlər. Ancaq münaqişə dövründə Britaniya
ilə Azərbaycan arasında hərbi, təhlükəsizlik
sahəsində əməkdaşlıq o qədər də geniş
olmayıb: "Ümumiyyətlə, Qərb dövlətləri
keçmiş münaqişə dövründə hərbi,
təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı
xeyli məhdudlaşdırmışdılar. Təbii ki,
müəyyən əməkdaşlıq olub, amma bu, məhdud
səviyyədə olub. Məsələn, Azərbaycan-NATO əməldaşlığı
çərçivəsində Britaniya da müəyyən
rol oynayırdı. Amma bu, o qədər də geniş xarakter
daşımırdı. Münaqişədən sonra biz
müşahidə edirik ki, bir sıra Qərb dövlətləri
Azərbaycanla həm də hərbi, təhükəsizlik sahəsində
əməkdaşlıq etməyə meyillidirlər. Vaxtilə
qoyduqları məhdudiyyətləri tədricən ardan
qaldırırlar. Düşünürəm ki, Azərbaycanla
Britaniya arasında hərbi, təhlükəsizlik, müdafiə
sahəsində də əməkdaşlıq inkişaf etdirilə
bilər. Bunun üçün də ciddi potensial var. Bu sahələrdə
əməkdaşlıq həqiqətən də iki ölkə
arasında strateji tərəfdaşlığın vacib
sütunlarından biri kimi çıxış edə bilər.
Çünki hər iki tərəfin bu sahədə əməkdaşlığı
dərinləşdirməklə bağlı ortaq maraqları
var".
Ekspert iki ölkə arasında münasibətləri
də dəyərləndirib: "Münasibətlərimiz
strateji xarakter daşıyır. Son 30 ildən artıq
dövr ərzində iki ölkə müxtəlif sahələrdə
yüksək səviyyəli münasibətlər qurub. Məsələn,
enerji sahəsində Azərbaycan Britaniya münasibətlərini
xüsusi qeyd etmək istəyirəm. Britaniya və bu ölkəyə
aid olan şirkət BP Azərbaycanda ən böyük xarici
investordur. Xüsusi qeyd etmək istərdim ki, vaxtilə
Britaniya şirkəti Azərbaycanda enerji resurslarının
istehsalında, hasilatında böyük rol oynayıb. Bu
gün də enerji sahəsində əməkdaşlıq
davam etdirilir. Humanitar sahədə də iki ölkə arasında
yaxın əməkdaşlıq qurulub də davam etdirilir.
İngilis dili, ingilis mədəniyyətinə Azərbaycan cəmiyyətində
hər zaman böyük maraq olub. Siyasi-diplomatik müstəvidə
əlaqələri qeyd etmək istərdim. Azərbaycan
münaqişə dövründə və ondan sonra da hər
zaman Qərb dünyasında Britaniyanı özünə daha
yaxın ölkələrdən biri hesab edib. Britaniya da Azərbaycanla
münasibətlərə böyük əhəmiyyət
verib. Britaniyanın zəngin diplomatik məktəbi var,
dünyanın böyük ölkələrindəndir. Belə
bir dövlət regionun aparıcı ölkəsi olan Azərbaycanla
münasibətlərə böyük əhəmiyyət
verir. Qarşılıqlı və ortaq maraqlar iki ölkənin
münasibətlərinin davamlı olmasına, strateji səciyyə
daşımasına səbəb olub".
Pərvanə
525-ci qəzet .- 2025.- 6 dekabr (№223).- S.5.