Qazax şairinin
“Qarabağ” poeması “İlin ən yaxşı kitabı”
seçilib
Qardaş Qazaxıstanın yeni nəsil şairlərindən
Sayat Kamşıgerin “Qarabağ” adlı poeması beynəlxalq
səviyyədə yüksək dəyərləndirilib.
Əsər Beynəlxalq PEN Klubunun (PEN (Poets, Essayists, Novelists)
International Club) “İlin ən yaxşı kitabı”
mükafatına layiq görülüb. Mükafat ötən
həftə sonu Avstraliyanın Sidney Opera Evində keçirilən
möhtəşəm törəndə təqdim edilib.
Məlumatına görə,
“Qarabağ” poeması bu ilin martında Azərbaycanda gün
üzü görüb (“CN-Poliqraf”; ISBN: 978-9952-013-79-5) və
Qazaxıstanda geniş ədəbi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanıb.
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə”
İctimai Birliyinin (RHİMİB) ortaq layihəsi olaraq ərsəyə
gələn kitab — Xəzərin o tayından gələn
poetik səda, Qazax-Azərbaycan ədəbi-mədəni
bağlarının daha bir möhkəm halqasına
çevrilib.
Poemanın Azərbaycan dilinə
uyğunlaşdırılmasını tanınmış
şair-publisist Elşən Əzim, redaktəsini Prof. Dr. Rəsmiyyə
Sabir həyata keçirib. Layihənin rəhbəri —
Uluslararası “Alaş” Ədəbi Mükafatının
laureatı Əkbər Qoşalı, önsöz müəllifi
RHİMİB sədri Arzu Bağırova, rəyçilər
İntiqam Yaşar və Tariyel Əhmədov, koordinatorlar Nilufər
Lətif və Etibar Muradxanlı, dizayner isə Cəsarət
Qasımovdur.
Əsər Azərbaycanın milli tarixini,
Qarabağın qurtuluş yolunu, şəhidləri və
Türk dünyasının birliyinə çağıran mənəvi
düşüncələri poetik dillə ifadə edir. DGTYB fəxri
üzvü Sayat Kamşıgerin Azərbaycana səfərindən
sonra verdiyi vədə sadiq qalaraq qələmə
aldığı “Qarabağ” bu gün həm Azərbaycan, həm
də qazax oxucuları üçün dəyərli bir ədəbi
hadisəyə çevrilib.
Beləliklə, Azərbaycan–Qazaxıstan
qardaşlığının poetik sədası dünyaya
yayılmağa davam edir.
Sözügedən beynəlxalq mükafat “Qarabağ” əsərinin
yalnız iki qardaş xalq arasında deyil, bütövlükdə
Türk dünyası ədəbiyyatı və mədəniyyətinin
qlobal səviyyədə tanınmasına xidmət etdiyini bir
daha təsdiqlədi.
525-ci qəzet .- 2025.- 9 dekabr (¹224).- S.9.