“Arşın mal alan” Türkmənistan
mətbuatında
Türkmənistanın nüfuzlu “Orient” informasiya
portalı Azərbaycan Prezidentinin Sərəncamı ilə bu
il anadan olmasının 140 illiyi qeyd edilən dahi bəstəkar
Üzeyir Hacıbəylinin ölməz əsəri -
“Arşın mal alan” operettası haqqında geniş material
yayıb.
AZƏRTAC Azərbaycanın Türkmənistandakı səfirliyinə
istinadla xəbər verir ki, məqalədə “Arşın
mal alan”ın Şərq və Qərb musiqi ənənələrinin
nadir şəkildə sintez olunduğu, bir əsrdən
artıq müddətdə aktuallığını və
populyarlığını qorumağı bacaran bənzərsiz
sənət incisi olduğu vurğulanıb. Portal yazır ki,
bu operetta təkcə musiqi və dramaturji baxımdan deyil, həm
də məzmununda əks olunan sevgi azadlığı, səmimiyyət,
humanizm və ailə dəyərləri kimi mövzulara
görə bu gün də xüsusi əhəmiyyət
daşıyır.
Materialda Aşqabadda yerləşən A.S.Puşkin
adına Rus Dram Teatrında nümayiş olunan “Arşın
mal alan” tamaşasının geniş tamaşaçı rəğbəti
qazandığı qeyd olunur. Bildirilir ki, səhnə tərtibatı,
aktyorların ustalıqla yaratdığı obrazlar, musiqi və
dekor üslubunun harmoniyası tamaşanı xüsusilə
yaddaqalan edib və türkmən teatr mühitində
böyük maraq doğurub.
Məqalədə operettanın dünya miqyasında
qazandığı monumental uğur da geniş
işıqlandırılır: əsərin 80-dən
çox dilə tərcümə edilməsi, 76 ölkənin
187 teatrında səhnələşdirilməsi onun beynəlxalq
miqyasda tanınan nadir musiqi nümunələrindən biri
olduğunu təsdiqləyir. Həmçinin 1945-ci il
kino-versiyasının müasir texnologiyalarla rənglənərək
yenidən işlənməsi Azərbaycanın mədəni
irsinə göstərilən diqqət və
qayğının bariz nümunəsi kimi xüsusilə qeyd
olunur; bu prosesə Heydər Əliyev Fondunun böyük
töhfə verdiyi vurğulanır.
Bununla yanaşı, portal bildirir ki, “Arşın mal
alan” təkcə bir sənət əsəri deyil, Azərbaycan
və türkmən xalqları arasında yaxın mədəni
əlaqələrin, ortaq mənəvi köklərin və
dostluğun rəmzidir. Operetta region xalqlarının ümumi
mədəni yaddaşını zənginləşdirən,
onları bir-birinə daha da yaxınlaşdıran
mühüm körpü rolunu oynayır.
Məqalənin sonunda qeyd edilir ki, Üzeyir Hacıbəylinin
yaradıcılığı Azərbaycan və Türk
dünyası üçün tükənməz ilham mənbəyi
olaraq qalır və onun sənət mirası gələcək
nəsillər tərəfindən də dərin ehtiramla
yaşadılacaq.
525-ci qəzet .- 2025.- 9 dekabr (¹224).- S.9.