Dövlətin və xalqın əleyhinə çıxanlar...

 

Azərbaycanın İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatları ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regionda yeni reallıqlar yaratması, nüfuzlu və güclü dövlətə çevrilməsi təkcə bir sıra xarici qüvvələri deyil, həm də daxildəki bəzi məkrli dairələrin ciddi narahatlığına səbəb oldu. Onlar Azərbaycanın uğurlarına kölgə salmaq, dövlətə zərbə vurmaq üçün hər cür üsullara əl atdılar. Azərbaycan gücləndikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca, bütün dünyaya yaratdığı yeni reallıqları qəbul etdirdikcə, həmin daxili qüvvələr daha da narahat olaraq dövlətə xəyanət yolunu tutmaqdan belə çəkinmədilər.

Bəli, hakimiyyət hərisliyinə görə onlar dövlətə xəyanət kimi ən dəhşətli cinayətə əl atdılar, hakimiyyəti devirmək üçün planlar qurdular. Xəyanətkarların başında isə uzun illər yüksək vəzifədə təmsil olunmuş - Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dayanırdı. Bu şəxsin ifşasından əvvəl də Azərbaycan əleyhinə fəaliyyəti barədə mediada müəyyən məlumatlar dərc olunurdu. Amma son açıqlanan faktlar, ittiham olunduğu maddələr göstərdi ki, artıq nəyisə danmaq mümkün deyil.

Yada salaq ki, bir müddət əvvəl Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxdı. Məlum oldu ki, bu şəxs “Dövlət Şurası” yaratmaq istəyib və onun tərkibi də 50 nəfərdən ibarət olacaqmış. Məktub sübut etdi ki, Ramiz Mehdiyev xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xəyalına düşüb.

Mehdiyevin siyahısında yer alan müxalifət düşərgəsindəki şəxslərin bəzilərinin adları mediada açıqlanıb. Həmin adlar bir daha onu göstərir ki, xəyanətkarlar yenidən bir araya gəliblər. Onlardan biri AXCP sədri Əli Kərimlidir. Bu həmin Əli Kərimlidir ki, vaxtilə Əbülfəz Elçibəy sağkən ona xəyanət edib, Ramiz Mehdiyevə sığınıb, ondan aldığı göstərişləri həyata keçirib. Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılması ilə Əli Kərimlinin fəaliyyətində də durğunluq başlayıb. Onun gündəmdən düşməsi, mitinq və piketlərə son qoyulması da deyilənləri sübut edir. Mehdiyev vəzifədə olduğu dövrdə Əli Kərimlinin “ana müxalifət” və “hakimiyyətə təhdid yaradacaq gücə malik olması” haqqında eyforiya yaradılır, mitinq və piketlərlə gündəmdə qalırdı.

Artıq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı həbsqətimkan tədbiri seçilib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Mehdiyev dəstəsinin fəalları olan AXCP sədri Əli Kərimli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də həbs qərarı çıxarılıb. Eyni zamanda, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Milli Şuranın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli istintaqa cəlb ediliblər.

AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb və istintaq üçün əhəmiyyətli olan bir sıra sənədlər götürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı ittihamlar irəli sürülüb. Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham olunur. AXCP sədrinin ifadəsi alınıb və onun barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə Əli Kərimli ilə bağlı 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Azərbaycan cəmiyyəti radikalizmi, ölkədə pozuculuğa can atan bu qüvvələri dəstəkləmir, onların fəaliyyətinə qarşıdır. Çünki ötən illər ərzində adıçəkilən şəxslər, onların rəhbərlik etdikləri siyasi qüvvələr yalnız və yalınız dövlətin milli maraqlarının əleyhinə fəaliyyət göstərib, Azərbaycana zərbə vurmağa çalışıblar, bu məqsədlə ölkəmizə qarşı çıxan qüvvələrlə iş birliyində olub, onlardan maliyyə alıblar. Şəxsi mənafeləri naminə dövlətə düşmən kəsiliblər. Onların mübarizəsi də,  siyasi fəaliyyətləri də məhz Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı olub. Bu özünü bütün ötən illər ərzində də göstərib. Məsələn, 2013-cü ildə Rusiyanın reallaşdırmağa çalışdığı “Qafqaz baharı” ssenarisində də Əli Kərimli aparıcı rola malik idi.

Dövlətimiz əleyhinə yaradılan “Milyarderlər İttifaqı”nın da məhz Ramiz Mehdiyev tərəfindən idarə olunduğu aydın olub. “Milli şura” deyilən qurum da bu ittifaqın dəstəyi ilə yaradılıb.

Bir faktı da xatırlatmaq yerinə düşər. Həmin xəyanətkar qüvvələr 44 günlük Vətən müharibəsində yenə də öz şəxsi maraqlarını önə çıxardılar, dövlətin və xalqın mənafelərinə qarşı çıxdılar. Baxmayaraq ki, həmin tarix xalqımız və dövlətimiz üçün həlledici an idi, heç vaxt olmadığı qədər həmrəylik, birlik tələb olunurdu. 2020-ci ilin iyulunda ermənilərin Tovuz təxribatı zamanı 43 siyasi partiyanın imzaladığı "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair" bəyanatını AXCP və Müsavat imzalamadı. 44 günlük Vətən müharibəsi zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gəlib beynəlxalq təşkilatlara Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq bəyanatlar, müraciətlər ünvanladılar. Müsavat və AXCP yenə də həmin bəyanat və sənədlərə qoşulmadı. Siyasi partiyaların Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərini dəstək bəyanatına yenə də AXCP, Müsavat və Milli Şura qoşulmaqdan imtina etdilər. Bununla da dəyişməz simalarını, dövlət, xalqın əleyhinə çıxdıqlarını bir daha nümayiş etdirdilər. Bu, həm də ermənilərə, Azərbaycan əleyhinə olan qüvvələrə xoş gəlmək idi. Onlara xoş gələ bilsələr də, xalqımızın gözündən tamamilə düşdülər.

Vətənin çətin günündə ona arxa çevirirsənsə, öz marağın öndədirsə, Azərbaycana dəyən ziyandan, xalqın çətin günündən mənfəət güdürsənsə, deməli, siyasi səhnədə olmağa haqqın çatmır. Həmin qüvvələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra siyasətdən kənara çəkilməli idilər. Çünki Ermənistandakı keçmiş hakimiyyətlər kimi onlar da uzun illər Qarabağ kartından istifadə edirdilər. Bu gün münaqişə yoxdur, sülh prosesi irəliləyir, Azərbaycan regionun əsas dövləti olmaqla yanaşı, beynəlxalq birliyin aparıcı aktoruna çevrilir. Odur ki, maraqlıdır, Ramiz Mehdiyevin çətirinə sığınıb, köhnə şüarlarla, yalançı “Vətən”, “Xalq” çağırışları ilə Əli Kərimli və onun ətrafı nəyə nail olmaq istəyirdilər?! Xalqın dəstəyi sıfır, heç bir siyasi potensial yox, seçdikləri xəyanət yolu ilə də özlərini tamamilə ifşa etdilər.

Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı deyib ki, bəlkə də bir başqası olsaydı, məsələ bu qədər maraq doğurmazdı: "Söhbət vaxtilə iqtidarda əsas postlardan birini tutmuş bir insanın radikal müxalifətlə əlaqələri və dövlətçiliyimizə qarşı apardığı fəaliyyətlə bağlıdır. Çox təəssüf ki, uzun müddət özünü Ümummilli lider Heydər Əliyevin və cənab Prezidentin tərəfdarı və təbliğatçısı kimi göstərən bir insanın başqa bir tərəfi də var imiş. Belə görünür ki, o, ya müəyyən bir məqam gözləyirmiş ki, hakimiyyətə keçsin, və ya uzun müddət ona göstərilən ən yüksək etimada baxmayaraq, yenə də hakimiyyətdən narazı qalıb. Bu gün o, narazılığını bu formada ifadə etmək istəyir. O, bilməli idi ki, Azərbaycan dövləti istənilən sınağa davam gətirəcək və bu cür siyasi gedişlərin sonu yoxdur.

Ən dəhşətlisi də odur ki, onlar öz siyasi hakimiyyət niyyətlərini xarici dövlətlərin Azərbaycandakı daxili işlərə qarışmasında görürlər. Hansı ki, 200 il əvvəl Azərbaycan xanlıqları birləşmək əvəzinə bu və ya digər imperiyaya sığınmağa çalışdı və bu, müstəqilliyimizin itirilməsinə səbəb oldu. Əgər bu gün onların istəkləri reallaşsaydı, Azərbaycan eyni faciəni yenidən yaşaya bilərdi. Amma onlar unudurlar ki, Azərbaycan cəmiyyəti artıq kifayət qədər siyasi yetkinliyə malikdir. Müstəqilliyinin qədrini bilir və onu qorumağı bacarır. Bu cəmiyyət Ramiz Mehdiyev kimi yüksək vəzifələrdə işləməyib, amma onlar Azərbaycan dövlətçiliyini hər şeydən üstün tuturlar.

Əli Kərimli və onun komandasında isə heç vaxt milli vətənpərvərlik olmayıb. Onlar nə otuz illik işğal dövründə, nə 44 günlük müharibədə, nə də ondan sonrakı proseslərdə Azərbaycanın maraqlarını müdafiə ediblər. Nə Ramiz Mehdiyev, nə Əli Kərimli bir dəfə də olsun işğaldan azad olunmuş ərazilərə getməyiblər.

Keçmiş vəzifə sahibinin cənab Prezidentin uğurları ilə bağlı suala “mənə bu sualı verməyin” deməsi isə cəmiyyətdə böyük bir şok yaratdı. Vaxtilə hər kəsdən sadiqlik tələb edən bir insanın indi bu yolun uğurla davam etdirilməsini qəbul etməməsi onu göstərir ki, yüksək vəzifə tutmaqla sadiqlik eyni şey deyilmiş.

Bu gün Azərbaycan dövlətçiliyi növbəti bir sınaqdan keçdi. Dövlət öz gücünü göstərdi. Xalq, cəmiyyət, vətəndaşlar cənab Prezidentin siyasətini dəstəkləyir və heç bir çaşqınlıq, heç bir xarici əlaqə Azərbaycanın müstəqilliyinə mane ola bilməz".

 

ELNUR

525-ci qəzet .- 2025.- 9 dekabr (¹224).- S.5.