Strateji tərəfdaşlığa
və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya
əlaqələri
Slovakiya ilə Azərbaycan arasında diplomatik
münasibətlər 1990-cı illərin əvvəllərindən
bəri davamlı və sistemli şəkildə inkişaf
edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin
yanvarında tanıyıb və iki ölkə arasında
diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə
qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu
ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan
isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib.
Lakin, Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu
2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi
mərhələlər iki ölkə arasındakı
diplomatik əlaqələrin möhkəm və davamlı
olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq
üçün də əlverişli zəmin yaradıb.
Oxu.Az xəbər verir ki, AZƏRTAC Azərbaycan-Slovakiya
münasibətlərində strateji tərəfdaşlığa
doğru dinamik inkişafı və bunun regiondakı əhəmiyyətinin
gündən-günə artmasını diqqət mərkəzində
saxlayır, ölkələr arasındakı diplomatik, iqtisadi
və humanitar əməkdaşlıq sahələrində əldə
olunan uğurları və perspektivləri təhlil edir.
Ötən ilin may ayında Slovakiyanın Baş naziri
Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində
Bakıda imzalanmış Strateji Tərəfdaşlığın
Qurulması haqqında Birgə Bəyannamə münasibətləri
yeni səviyyəyə qaldırdı. Bu sənəd iki
ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji
sahələrdə əməkdaşlığı daha da
gücləndirməyi hədəfləyir. Slovakiyanın
Baş naziri ilə birgə mətbuata bəyanatla çıxış
edən Prezident İlham Əliyev Slovakiya-Azərbaycan əlaqələrində
yeni səhifənin açıldığını və bu
müştərək yolun çox uğurlu gediləcəyinə
ümidvar olduğunu vurğulayaraq deyib: "Bu, çox ciddi
siyasi sənəddir və bizim əlaqələrimizi ən
yüksək səviyyəyə qaldıran sənəddir.
Strateji Tərəfdaşlıq Bəyannaməsində əks
olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni
zamanda, əməkdaşlığın perspektivlərini də
müəyyən edir".
Strateji tərəfdaşlığa və regional
sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri
Həqiqətən də, bu Bəyannamənin praktiki
təsiri, Slovakiya Prezidenti Peter Pelleqrinin COP29 çərçivəsində
Azərbaycana səfəri ilə də müşahidə
olundu. Səfər çərçivəsində noyabrın
11-də iki ölkə prezidentlərinin
görüşündə Azərbaycan ilə Slovakiya
arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi
bildirilib, birgə sənaye müəssisələrinin
yaradılması məsələsi, İT sahəsində əməkdaşlıq,
Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin
iştirakı diqqət mərkəzində olub. Həmçinin
Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin intensivliyi
vurğulanıb. Ümumiyyətlə bu səfər, iki
ölkənin beynəlxalq gündəm və ekoloji məsələlərdə
də əməkdaşlığını nümayiş
etdirdi və Azərbaycan üçün Slovakiyanın
regiondakı strateji əhəmiyyətini bir daha ortaya qoydu.
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün
Slovakiyaya rəsmi səfərini də iki ölkə
arasında strateji əməkdaşlığın gücləndirilməsinə
və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli
münasibətlərin daha da genişləndirilməsinə
yönəlmiş addım kimi qiymətləndirilir. Səfər,
eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının
inkişafına və qarşılıqlı faydalı layihələrin
təşviqinə hədəflənib.
Parlament diplomatiyası sahəsində də
qarşılıqlı səfərlər və
görüşlər əməkdaşlığın
möhkəmliyini göstərir. 2021-ci ilin oktyabrında Milli
Məclisin sədri Sahibə Qafarovanın
başçılığı ilə Azərbaycan parlament
nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri
həyata keçirilib, Slovakiya Milli Şurasının
keçmiş sədri Boris Kollar isə Azərbaycana
üç dəfə rəsmi səfər edib. Bu səfərlər
yalnız diplomatik əlaqələri gücləndirməklə
kifayətlənməyib, həm də qanunvericilik, strateji əməkdaşlıq
və iki ölkə arasında qarşılıqlı
anlaşmanın dərinləşdirilməsi
üçün platforma yaradıb.
Slovakiya-Azərbaycan əməkdaşlığının
regionun inkişafına töhfələri
İqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan
münasibətlərində əsas sütunlardan biridir.
İqtisadi Əməkdaşlıq üzrə Birgə
İşçi Qrupunun ilk iclası 2024-cü ilin
sentyabrında Bakıda keçirilib. Bu isə iqtisadi dialoqun rəsmi
mexanizmlər çərçivəsində davam etməsinin
göstəricisidir. Konkret layihələr də əməkdaşlığın
real nəticələrini göstərir: 2025-ci ilin
sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində
Slovakiya şirkəti "Concago j.s.a" və onun yerli tərəfdaşı
"IMA ENERGY MMC" tərəfindən fərdi evlərin
tikintisi üzrə müqavilə imzalanıb və işlər
artıq başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə
deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə
verəcək.
Slovakiyanın Avropa İttifaqındakı rolu və sənaye
potensialı da Azərbaycan üçün strateji əhəmiyyət
daşıyır. "Volkswagen", KIA və
"Stellantis" kimi transmilli şirkətlərin sərmayələri
Slovakiyanı Avropa və dünya avtomobil istehsalında lider
ölkələrdən birinə çevirib. Adambaşına
düşən avtomobil istehsalı Slovakiyanın sənaye
qovşağı kimi vacib rolunu göstərir və ölkənin
Avropa İttifaqında iqtisadi siyasətinin
dayanıqlığını sübut edir. Bu isə Azərbaycana
iqtisadi əməkdaşlıq baxımından geniş və
perspektivli imkanlar təqdim edir. Avropa şirkətlərinin
investisiyaları yalnız regionda yeni iş yerlərinin
yaradılmasına şərait yaratmır, həm də yerli
sahibkarlığın inkişafına dəstək verir,
texnoloji transfer imkanlarını artırır, müasir idarəetmə
və istehsal standartlarının tətbiqinə yol
açır. Eyni zamanda, bu investisiyalar regionun dayanıqlı
iqtisadi infrastrukturunun formalaşmasına töhfə verərək,
Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasına xidmət
edir və ölkənin beynəlxalq rəqabət qabiliyyətini
gücləndirir.
Dost ölkələrimiz arasındakı hərbi və
müdafiə əməkdaşlığı da diqqətəlayiqdir.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında
Slovakiya baş nazirinin müavini və müdafiə naziri
Robert Kalinakın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib. Kalinak Vətən müharibəsində
Qələbənin beşinci ildönümü münasibətilə
keçirilmiş hərbi paradda iştirak edərək iki
ölkə arasında hərbi və strateji əməkdaşlığın
əhəmiyyətini vurğulayıb. Bu, həm də regional
təhlükəsizlik sahəsində əməkdaşlıq
perspektivlərinin açılmasına işarədir.
Avropa İttifaqı kontekstində Slovakiya-Azərbaycan
əməkdaşlığı
Azərbaycan üçün Avropa İttifaqı
(Aİ) artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır
və son illərdə bu əlaqələr əhəmiyyətli
dərəcədə dərinləşib. Yeni
administrasiyanın (Antoniu Koşta, Kaya Kallas) ilin əvvəlindən
Azərbaycan Prezidenti ilə telefon söhbətləri, Tirana və
Kopenhagen görüşləri, Brüssel səfərləri
və digər rəsmi səfərlər münasibətləri
dinamik inkişaf etdirib. Enerji, ticarət və investisiya sahələrində
Azərbaycan-Aİ əməkdaşlığı isə
yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət
kəsb edir. Yalnız ötən il Azərbaycan Aİ ölkələrinə
12.9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində
Azərbaycanın rolunu gücləndirir. Ölkəmizin
xüsusilə Cənub Qaz Dəhlizi (TANAP/TAP) vasitəsilə
qaz tədarükü Avropanın enerji şaxələndirilməsi
baxımından vacib alternativ mənbə mənbə hesab
olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də
Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş
kimi mövqeyini möhkəmləndirir.
Azərbaycan-Aİ münasibətləri hüquqi və
institusional bazaya da malikdir. 1999-cu ildən qüvvədə
olan Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi və enerji sahəsində imzalanmış digər
sənədlər Avropa ölkələri ilə münasibətləri
həm enerji, həm də siyasi-iqtisadi sahədə dərinləşdirir.
Bu sənədlər Aİ üçün Azərbaycanı,
sadəcə, enerji tədarükçüsü kimi deyil, etibarlı
və uzunmüddətli strateji tərəfdaş kimi təqdim
edir.
Regionda yaranmış yeni geosiyasi reallıqlar da Azərbaycan-Aİ
əməkdaşlığının əhəmiyyətini
daha da artırır. Vaşinqton razılaşması çərçivəsində
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin
paraflanması regionda investisiya və iqtisadi inkişaf
üçün əlverişli şərait yaradıb. Bu, Azərbaycanın
Aİ ilə əməkdaşlığını yalnız
enerji ixracı ilə məhdudlaşdırmır, eyni zamanda,
regionun bərpası və sabitliyi, eləcə də
geniş infrastruktur və nəqliyyat layihələri
üçün strateji imkanlar açır.
Naxçıvanın keçəcək nəqliyyat layihələri
və digər iqtisadi təşəbbüslər də
Aİ-dən dəstək gözləntisini əks etdirir və
uzunmüddətli əməkdaşlığın perspektivlərini
göstərir.
Slovakiya ilə əlaqələr isə Avropa
İttifaqı kontekstində müstəqil və milli maraqlara
əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər,
parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan
münasibətlərinin strateji tərəfdaşlığa
doğru sistemli və davamlı inkişaf etdiyini göstərir.
Slovakiya nümunəsi həm də onu göstərir ki,
İttifaqın üzvü olan ölkələr milli
maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi
siyasətinə uyğun əməkdaşlıq apara bilirlər.
Bu əməkdaşlıq həm iki ölkənin
maraqlarına xidmət edir, həm də regionda iqtisadi və
siyasi sabitlik üçün önəmli model
formalaşdırır, yeni investisiya imkanları açır
və sülhün iqtisadi dividentlərinin reallaşmasına
şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye
əməkdaşlığı və parlament dialoqları
strateji tərəfdaşlığın mühüm komponentləri
olaraq bu əlaqələrin gələcəkdə daha da
möhkəmlənəcəyinə əminlik ifadə edir.
525-ci qəzet .- 2025.- 9 dekabr (№224).- S.6.