"Qızıl səhifələr"də
əks olunan tarix
Cənubi Azərbaycanda Milli Hökumətin
yaradılmasının 80 illiyi ərəfəsində
işıq üzü görən "Qızıl səhifələr"
adlı sanballı kitab Azərbaycan xalqının
milli-azadlıq yolunda mübarizə tarixindən bəhs edir.
Milli hökumətin (1945-1946) yaranması və fəaliyyəti
ilə bağlı məqalələr, həmin dövrün
siyasi xadimlərinin - başda hökumət rəhbəri Seyid
Cəfər Pişəvəri olmaqla-tarixi hadisələrin
gedişini əks etdirən sənədlər topluya daxil
edilib. Kitabın əsası 1946-cı ildə Təbrizin
"Elmiyyə" mətbəəsində çap olunan ilk
nəşrə söykənir. Oxuculara təqdim olunan bu nəşr
"Qızıl səhifələr"in orijinalındakı
186 yazının hamısını əhatə edir. Kitabda
hökumətin və Azərbaycan Demokrat Firqəsinin
bütün əsas tarixi, müxtəlif sənədləri,
parlament deputatlarının tərcümeyi-halı və şəkillərinə
qədər yer tapıb. Bu gün Milli hökumətin tarixi ilə
maraqlananlar bu ensiklopedik kitabda axtardıqları hər şeyi
tapa bilərlər.
Tamamilə doğru fikirdir ki: "Hərəkatın
və hökumətin faciəli taleyini bilən və qabaqcadan
görən Seyid Cəfər Pişəvəri xalqın
tarixində parlaq səhifə olan hadisələrin həqiqi və
dəqiq ensiklopediyasını yaradıb gələcək nəsillərə
yadigar qoymaq qərarına gəlib".
Milli hökumətin ilk dekretlərindən biri dil
haqqında olmuşdu. Məhz bu dövrdə Milli hökumətin
sənəd və təlimatlarından ibarət
"Qızıl səhifələr" toplusu çap edildi.
"Qızıl səhifələr" toplusunun nəşrində
Mirzə İbrahimovun mühüm rolu olub. 1946-cı ildə Təbrizdə
nəşr olunmuş bu kitabın hazırlanmasında əsas
işləri Qulam Məmmədli və Qılman İlkin
görmüşdü. Kitabda Azərbaycan Demokratik Firqəsinin
fəaliyyətinə, hərəkatdakı roluna mühüm
önəm verilirdi. Təsadüfi deyil ki. ADF-nin proqram sənədləri,
partiya protokolları, müxtəlif çıxış və
məruzələr toplunun mühüm qismini təşkil
edirdi. Xüsusilə, Cənubi Azərbaycanda milli hökumətin
yaranıb fəaliyyət göstərdiyi dövrdə,
1945-1946-cı illərdə baş verən ictimai-siyasi hadisələrlə
bağlı məqalələr və o dövrün tarixi
reallıqlarını əks etdirən sənəd və məktubların
toplandığı "Qızıl səhifələr"
kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan
Ədəbiyyatı şöbəsinin layihəsi əsasında
"Elm" nəşriyyatında işıq üzü
görüb. Layihənin rəhbəri və kitabın elmi
redaktoru filologiya elmlər doktoru Rəhim Əliyev, redaktorlar
filologiya üzrə fəlsəfə doktoru Fikrət
Süleymanoğlu və Elmira Bağırova, transliterasiya və
tərtib edənlər Elmira Bağırova və Afaq Mehdibəyova,
farsca mətnləri tərcümə edənlər isə
İbrahim Quliyev və Hökumə Allahverdiyevadır.
Əsasən bədii, sənədli, publisistik toplu
olan "Qızıl səhifələr" haqqında Mirzə
İbrahimov eyniadlı məqaləsində sonralar belə
yazacaqdı: "Mən o zaman qocaman jurnalist və
yazıçı Qulam Məmmədliyə dedim ki, ən
yaxşı ədəbi və publisistik yazıları
toplasın və gələcək nəslə ərməğan
olaraq onu "Qızıl səhifələr" adı
altında kitab kimi çap edək. Qulam Məmmədli bu
işi həvəslə yerinə yetirdi: kitab çapa
hazır olanda mən Pişəvəridən xahiş etdim ki,
ona müqəddiməni özü yazsın. Seyid Cəfər
Pişəvəri baş verəcək hadisələri
1946-cı ilin baharında öz vəsiyyət kitabı
"Qızıl səhifə"lərin layihəsini
hazırladı və müqəddiməsini yazdı".
Bu müqəddimə "Azərbaycan" qəzetinin
3 fevral sayında Seyid Cəfər Pişəvəri imzası
ilə işıq üzü görüb.
Pişəvəri 1945-1946-cı illərin milli hərəkatını
azərbaycanlıların qəhrəmanlıq dastanı
adlandırır, "Şahnamə" ilə müqayisə
edir. "Firdovsi ölüb ortadan getdi, Sultan Mahmud isə
dünyanın keşməkeşində torpaq olub fəna oldu,
lakin "Şahnamə" bu günə qədər
yaşayıb, yenə də yaşayacaqdır.
"Qızıl səhifələr" də "Şahnamə"
və ona bənzər əsərlər kimi dünya durduqca
yaşayıb hərəkatımız haqqında gələnlərə
danışacaqdır".
Azərbaycan Milli Hökuməti təkcə dil, təhsil,
kitab nəşri sahəsində deyil, o cümlədən, mədəniyyət,
teatr, musiqi, təsviri incəsənət və sair sahələrdə
islahatlar aparmış, yeni qurumların yaradılması sahəsində
mühüm işlər görmüşdü.
Ümumən Cənubi Azərbaycanın elm, mədəniyyət,
incəsənət həyatını canlandırmaq
üçün Şimali Azərbaycandan minə yaxın
mütəxəssis cəlb edilmiş, bir qrup ziyalı Cənubi
Azərbaycana göndərilmişdi. Qrupun rəhbəri Həsən
Həsənov özünün xatirələrində
yazır: "1945, 6 dekabr. Axşam Bakıdan Mirzə
İbrahimo gəldi və xəbər verdi ki, Bakıda
"üçlüyün" işindən
razıdırlar. Elə həmin istiqamətdə işi davam
etdirmək "üçlük"dən xahiş olunurdu.
Lakin bəzi məsələlərdə Moskvanın
razılığı lazım idi. Pişəvəri də
bizim yanımıza gəldi və biz ona dedik ki, Bayatla (Cənubi
Azərbaycanın general-qubernatoru idi - M.M.) söhbətində
Azərbaycan Demokrat Firqəsinin tələblərinin
üstündə möhkəm dursun".
Yeri gəlmişkən qeyd edək ki, 1945-46-cı il Cənubi
Azərbaycan milli-demokratik hərəkatının
yaranmasında, güclənməsində böyük
mübarizə yolu keçmiş Seyid Cəfər Pişəvərinin
mühüm xidmətləri var idi. O bu hərəkatın
ilhamçısı və əsas təşkilatçısı
idi. Həmin illərdə Azərbaycan Demokrat Firqəsinin
orqanı olan "Azərbaycan" qəzetində öz
mübariz yazıları ilə çıxış edən
Pişəvəri doğma xalqının güclü bir
lideri idi. O, məqalələrinin birində yazırdı:
"Ruznaməmiz ("Azərbaycan" qəzeti nəzərdə
tutulurdu - M.M.) Azərbaycan dilinə artıq əhəmiyyət
verəcəkdir. Onun rişəsi xalqımızın
qanında və ürəyindədir".
Seyid Cəfər Pişəvərinin məqalə və
çıxışlarında Azərbaycan milli demokratik hərəkatına,
Azərbaycan Demokratik Firqəsinə, doğma xalqın azadlıq
mübarizəsinə böyük inam ifadə olunurdu. Bu hərəkat
nəinki azərbaycanlılara, həm də azadlıq istəyən
digər xalqlara da güclü təsir göstərmişdi.
Hərəkatla bağlı Mirzə İbrahimovun Cənubi
Azərbaycana müntəzm gedib-gəldiyini xüsusi qeyd etmək
lazımdır. O, Cənubda gedən hadisələri diqqətlə
izləməklə bərabər, maarif və mədəniyyətin
çiçəklənməsinə
çalışmış, Cənubla bağlı mətbuatda
məqalələr çap etdirmişdi.
"Qızıl səhifələr" kitabı millətimizin
başına gətirilən vəhşiliklər, faciə və
qətliamlar barədə acı həqiqətlərin tarixə
çevrilmiş, qanlı mürəkkəblə
yazılmış əzab salnaməsidir. Bu nəşr Azərbaycan
xalqının azadlıq və istiqlal, mübarizə və
mücadilə yolunda ömrünü fəda etmiş millət
qəhrəmanlarının ensiklopedik və tarixi həqiqətlər
toplusudur.
Mahmizər MEHDİBƏYOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet .- 2025.- 9 dekabr (№ 224).- S.14.