Poeziya ilə hüququn vəhdəti
Xalq şairi, dostumuz Sabir Rüstəmxanlının
2020-ci ilin noyabr ayında dərc olunmuş "Qarabağa
dönüş" poeması dillər əzbəri
olmuşdu. Həmin dövrdə bizi çulğalamış
qələbə eyforiyasının coşub-daşan
duyğuları altında poemanı oxuduqda bunu həmin
duyğuların ən gözəl poetik ifadəsi olan bədii
əsər kimi qiymətləndirmişdim. Amma...
Digər dostumuz - tanınmış
hüquqşünas, hüquq elmləri üzrə fəlsəfə
doktoru, gözəl qələm sahibi Vafəddin İbayevin bu
yaxınlarda nəşr olunmuş "Suverenliyin zəfər
yolu" kitabını oxuduqdan sonra yenidən dəyərləndirdim.
Hər iki əsərin qayəsini təşkil edən ideyaya
fərqli - dini, fəlsəfi, tarixi, siyasi və hüquqi
prizmalardan baxdıqda müəlliflərin peşə
yaradıcılığının - poeziya ilə hüququn vəhdəti
məni heyran etdi.
Şair Sabir Rüstəmxanlı poemada Qarabağ dərdini
bir zamanlar üçün "yaramızdan axan qan", "ətalət
yuxusu" kimi qiymətləndirir, bu dərddən ürəyimizin
"çilik-çilik" olmasını qeyd etməklə
xalqın hər bir nümayəndəsinin ətalət
yuxusundan oyanmasını, yurdumuzun torpaqlarını əsir
etmiş yağılara qarşı mübarizəyə
qalxmasını, çiliklənmiş ürəyimizin
bütövləşməsini arzulayırdı.
Poemada Ermənistan-Azərbaycan münaqişəsi ilə
bağlı beynəlxalq təşkilatların verdiyi vədlərin
səmərəsizliyi, Azərbaycan əsgərinin mübarizəyə
hazırlanması, onun Xocalı qisası, torpaqlarının
azadlığı uğrunda mübarizəyə
atılması, Şuşanın sıldırım
qayalarını aşaraq düşmənə gözlənilməyən
istiqamətdən qəfil zərbələr endirərək Zəfəri
əldə etməsi bədii çalarlarla təsvir edilib.
Hüquqşünas Vafəddin İbayev isə eyni məsələləri
fərqli - daha çox siyasi və hüquqi müstəvidə
təhlil edir. Hüquqşünas həmkarımızın qələmə
aldığı, Hüquq və İnsan Haqları
İnstitutunun nəşr etdirdiyi "Suverenliyin Zəfər
yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər"
kitabı yaxın günlərdə oxucuların müzakirəsinə
təqdim olunmaqla 44 günlük Vətən müharibəsi
günlərində Silahlı Qüvvələrimizin Ali
Baş Komandanı İlham Əliyevin xalqa müraciətləri,
çıxışları, müsahibələrinin təhlilinə
həsr edilib. Kitabı oxuduqca həmin
çıxışları səbirsizliklə gözlədiyimiz
günlərə qayıdır, onları dinlədiyimiz həyəcanlı
dəqiqələri bir də, lakin müəyyən
arxayınlıq və fərəhlə yaşayırıq.
Vəfaddin İbayev kitabda müxtəlif beynəlxalq
sənədlərə müraciət edir, beynəlxalq
hüquq normalarının təfsirini, müxtəlif siyasi
proseslərin təhlilini verir. Müəllifin Qurani-Kərimin
ayələrinə, onların şərhinə, "Kitabi-Dədə
Qorqud"a, yazıçı və şairlərimizin əsərlərinə,
Aristotel, Makiavelli kimi filosofların, görkəmli siyasətçilərin
fikirlərinə, fatehlərin sərkərdəlik məharətlərinə
müraciət etməsi kitabı daha da zənginləşdirib.
Qarabağ Zəfəri haqqında yazılmış
müxtəlif yazılarda, kitablarda
müəlliflərin eyni məsələlərə
münasibət bildirməsi təbiidir. Çünki
Qarabağ Zəfəri birdir, onun əldə olunması
üçün çəkilən zəhmət, fədakarlıqlar,
bu proses zamanı cərəyan edən hadisələr də
eyni mənbədən qaynaqlanıb, ümumən bir məsələ
- işğal altında olan torpaqların azadlığa
çıxarılması ilə bağlıdır. Bu
mübarizədə baş vermiş hadisələrə
münasibətlər, baxışlar, yanaşmalar müxtəlif
və fərqli ola bilər. Bəzi hallarda isə müxtəlif
yanaşmaların biri-birini tamamlaması, inkişaf etdirməsi
mümkündür. Şübhə yoxdur ki, eyni hadisə barədə
müxtəlif əsərlərin mövcudluğu əsasən
həmin hadisə və faktların daha dərindən və hərtərəfli
dərk olunmasına kömək edəcəkdir.
"Qarabağa dönüş" poeması bu sətirlərlə
başlayır:
"Yaramızdan axan qan
qan deyil, qorxumuzdur,
Ağrılarla qovulan ətalət yuxumuzdur.
Dünən ağladığıma bu gün qəlbən
gülürəm,
Ölüydüm yaşadıqca, dirilməyə qedirəm.
Nə bu ölüm yenidir, nə yarımcan dirilik,
Üzdə bütöv olsam da ürəyim
çilik-çilik".
Eyni ağrını, "nəğmənin
ağıya", "laylanın göz yaşına"
dönməsini V.İbayev 417-ci ildə Qal şairinin
"Carmen de Providentia Dei" ("Tanrının bəsirəti
haqqında nəğmə") şeirində Qalın son on
il ərzində məruz qaldığı fəlakətinin təsviri
ilə müqayisə edir: "Bu naməlum şair şeirində
həmvətənlərinin məruz qaldığı bəlaları
Əhdi-ətiqdə ifadəsini tapan müddəalarla əsaslandırır,
eyni zamanda onun çağırışları insanları
mübarizəyə səsləyir: "...Əgər bu
qalalar verilməyibsə... onda bu əllərlə
yaradılmış gözəlliklər Allahın
seçdiyi xalqın xeyirxaqlarına şahidlik etmək
üçün yaşamalıdır".
Bu parça Əhdi-ətiqi xatırladır:
Allahın seçdiyi xalq düz yoldan
yayındığına görə məhvə məruz
qalır. Lakin mətnin ikinci gizli mənası da var:
"Əgər sizdə bir azca da olsa daxili qüvvə
qalıbsa, gəlin günahlarımızın
boyunduruqlarını silkələyib, zəncirləri
qıraq və bizim vətənimizə azadlıq və
şöhrəti qaytaraq". Onun dodaqlarından az qala silaha
sarılmaq çağırışı səslənir.
Şair düşünürdü ki, onun ideyaları mənəvi
mənada başa düşülməlidir, lakin biz həmçinin
başa düşürük ki, onun mətni həm də
siyasi xarakter daşıyır. Mənəvi yeniləşmə
yerdə və göydə qələbə və
çiçəklənmə gətirməlidir..." (səh.
50-51).
Sabir Rüstəmxanlı:
"Unutduq ki, insanlıq çaylar kimi
daşmaqdır.
Haqq-ədalət yolunda sonadək savaşmaqdır,
Sağalmaz yara olar boyun əymək düşmənə.
Ömrüm sığışa bilməz
parçalanmış Vətənə".
V.İbayev düşmənə qarşı
mübarizə aparılmasının zəruriliyi ilə
bağlı Ümummilli lider
Heydər Əliyevin 1993-cü ildəki
çıxışına müraciət edir: "İndi gərək
hər kəs Vətən, torpaq, namus yolunda öz
payını, öz borcunu versin... Xalqın övladları bu
torpaqda doğulub dünyaya gəliblərsə,
atalarımızın, babalarımızın ruhu bizim
üçün müqəddəs və əzizdirsə,
öz borcumuzu verməliyik. Bu, hamının borcudur". Bəli,
artıq hər kəs bilirdi ki, Vətən
hamımızın vətənidir və onu hamımız
qorumalıyıq. Azərbaycan övladları dillərində
"Vətən yolunda öldü var, döndü yox!"
şüarı ilə ancaq irəliyə baxırdılar,
onlar üçün geriyə yol yox idi... Torpaqdan güc alan
Azərbaycan əsgəri hər kəndi, hər obanı, hər
yüksəkliyi azad etdikcə daha da fərəhlənir, qələbədən-qələbəyə
inam qazanır, düşmənin bir vaxtlar zəbt etdiyi
torpaqları xarabazarlığa çevirməsindən
doğan nifrət onu işğalçıları qovmağa,
Azərbaycan torpaqlarından çıxarmağa səsləyirdi"
(səh.104).
Sabir Rüstəmxanlı:
"İşğal ordusu durdu
işğalçının yanında
Boğdu öz şərəfini Xocalının
qanında".
V.İbayev erməni əsilli Fransa jurnalisti Berain
Siracyanın "Hücumdan əvvəl" məqaləsindən
sitat gətirir: "Xocalıda baş verənləri öz
gözlərimlə gördüm. Hər tərəfdən
qan qoxusu gəlirdi. Qarın üzərində
düşüb qalmış kimsəsiz, cansız meyitlərdən
vahimələndim... Ona görə vahimələndim ki, bu
qanı Azərbaycanın, onun gələcək nəsillərinin
heç zaman unutmayacağını və
susmayacağını anladım. Bu gün ruslar bizimlədir.
Bəs sabah? Biz tək qala bilərik" (səh.157).
Müəllif daha sonra yazır: "İlham Əliyev
müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin
fəaliyyətinə, onların mandatlarına müvafiq olaraq
qərəzsizlik nümayiş etdirməli olduqlarına
münasibət bildirərək qeyd edirdi ki, Fransanın son
günlərdəki mövqeyi onların vasitəçilik
missiyalarına müvafiq olmamış, onlar əsassız
olaraq Azərbaycan və Türkiyəni münaqişəyə
muzdlular cəlb etməkdə ittiham etmiş, "Azərbaycan
Dağlıq Qarabağı fəth etmək istəyir"
kimi şüarlarla çıxış etmişlər. Fransa
dövlət başçısının bu cür fəaliyyəti
həmin ölkədə yaşayan erməni diasporunun təsirinin
nəticəsi olsa da, Fransanı nüfuzdansalıcı bir hərəkət
kimi dəyərləndirilməlidir. Tarixi təcrübə
digər dövlətlər kimi, Fransanın da beynəlxalq aləmdə
bir qayda olaraq, ədaləti deyil, özünün
maraqlarına xidmət edən siyasət həyata keçirməsini
təsdiq edir".
Sabir Rüstəmxanlı:
"Hüquq donub, haqq batıb, dünya eşitmir,
kardı.
Qatilə dur deməyən özü də
günahkardı".
V.İbayev bu məsələni hüquq prizmasından
şərh edir: "Əslində, Azərbaycan Ermənistan tərəfindən
müharibənin başlanma təhlükəsini hiss etmiş
və təxminən bir həftə əvvəl BMT kimi
nüfuzlu beynəlxalq təşkilatın tribunasından Ermənistanın
bu niyyətinin qarşısının alınmasını,
onun dayandırılmasını beynəlxalq ictimaiyyətdən
tələb etmişdi. Lakin həmişəki kimi yenə də
beynəlxalq ictimaiyyət cavab reaksiyası verməmişdi"
(səh 92).
Sabir Rüstəmxanlı:
"Dünya özü də bilmir istəyi nədir
bizdən,
Otuz il qara duman əksilmir üstümüzdən.
Sanki görmür kor gözü - Vətənimdir
burası.
O millətlər birliyi, bu dövlətlər
şurası...
Hamısının ağzında eyni
çürük saqqızdı,
Hamı siyasət qurdu, quzu-yurdum yalqızdır".
V.İbayev Uinston Çörçillin Fulton nitqində
qeyd etdiklərini yada salır: "Çətinliklər və
təhlükələr biz onları sezməsək belə, aradan
qalxmayacaqdır. Biz hər şeyi öz axarına
buraxdığımız və nə baş verəcəyini
gözlədiyimiz zaman da onlar yoxa çıxmayacaqdır.
Əgər biz əmin-amanlıq siyasətini həyata
keçirsək, bu halda da onlar yoxa çıxmayacaqdır.
Nizamasalma lazımdır. Biz nə qədər uzun zamana bunu təxirə
salsaq, onu əldə etmək bir o qədər çətin
olacaq, bizi hədələyən təhlükə bir o qədər
artacaqdır".
İlham Əliyev U.Çörçillin 74 il əvvəl
söylədiklərini bilirdi, həm də bunları 17 illik
prezidentlik təcrübəsində yaşamışdı.
İlham Əliyev bir həftə əvvəl, BMT-nin
sessiyasında təcavüzkar dövlətin
cilovlanmasının zəruriliyini bildirəndə də
BMT-nin, beynəlxalq ictimaiyyətin bu xəbərdarlığa,
həmçinin biganəliklə yanaşacağını da
bilirdi" (səh 41).
...İlham Əliyev Azərbaycan ərazilərində
törədilən dağıntıları "Ermənistanın
hərbi-siyasi rəhbərlərinin cinayəti"
adlandırmaqda haqlı idi. Beynəlxalq ictimaiyyət, BMT və
digər dövlətlərin rəhbərləri əslində
Ermənistana qahmar çıxmağı deyil, eyni cinayətləri
törədənlərin cəzalandırılmasını tələb
etməlidirlər. Təəssüf ki, dünyada ikili
standartların mövcudluğu, əməlləri çəkmək
üçün iki tərəzidən istifadə olunması
hələ ki, haqqa tam nail olmağa imkan vermirdi. Lakin Azərbaycan ümidlərini
itirmirdi" (səh.143).
Sabir Rüstəmxanlı:
"Ancaq birdən göylərdən bir şimşək
çaxıb keçdi,
Həqiqət min yalanı yandırıb yaxıb
keçdi.
Savaş deyən sərkərdə milləti
oyandırdı,
Hər ürəkdə ümiddən
çilçıraqlar yandırdı..."
V.İbayev yazır: "Azərbaycan gəncləri də,
Azərbaycan xalqı da artıq xoşbəxtliyin necə əldə
ediləcəyini bilirdi. Bunun üçün mübarizə
aparmaq lazım idi. Ordu bu mübarizəyə
hazırlanmışdı. Onlar 2016-cı ilin aprel ayından
sonra düşmən üzərində bir neçə dəfə
qələbə qazanmışdılar və artıq Ermənistan
ordusu üzərində qələbə qazanmağa onlarda əminlik
vardı. Orduda çalışanlar bilirdilər ki, "kim
ki, qılıncının qara dəstəyindən möhkəm
yapışmaq istəmir, onun iti ucu özünə tərəf
dönəcəkdir" (səh.206).
İlham Əliyev inamla bildirirdi ki, Azərbaycanı
öz məqsədlərinə çatmaqdan heç bir
qüvvə yayındıra bilməz: "Biz haqq yolundayıq,
biz qalib gəlirik, biz zəfər çalırıq və
biz öz torpaqlarımızı geri alacağıq, ərazi
bütövlüyümüzü bərpa edəcəyik!"
(səh.162)"
V.İbayev 2006-cı ildə qələmə
aldığı "Xarıbülbül həsrətində"
yazısına istinadla yazır: "Reallıq isə belədir
ki, Qarabağda doğulmasam da, Qarabağı Vətənimin
bir parçası, Üzeyirin, Xan qızının,
Bülbülün vətəni, gözəllik təcəssümü
kimi sevirəm. İstəyim, arzum bir daha Cıdır
düzündə gəzib o əzəməti, o gözəlliyi
duymaqdır. Qışda lopa-lopa yağan qarda gəzib
Şuşanın təmiz, saf havasını udmaq istəyirəm.
Yayda istinin cırhacırında İsa bulağının
suyundan içmək, "Qarabağ şikəstəsi"ni
Qarabağda dinləmək istəyirəm. Cıdır
düzündə dizimi torpağa qoyub
Xarıbülbülün gözəlliyinə tamaşa etmək,
ətrini duymaq istəyirəm. Bir də inandıqlarım var.
O gün gələcək, arzularım çin olacaq. Buna
inanıram".
Sabir Rüstəmxanlı:"Tələs, igid əsgərim,
havalar soyuqlaşır.
Təpələr çallaşmada, bir azdan
qış gələcək".
V.İbayev sanki şairin narahatlıqlarının əsaslılığını
sübut etmək üçün N.Makiavelliyə müraciət
edir: "Hələ üç əsr əvvəl N.Makiavelli
yazırdı: "Qış müharibəsindən təhlükəli
və ehtiyatsız heç nə yoxdur. O, xüsusən
müdafiə olunandan daha çox, hücuma keçən
üçün təhlükəlidir..."
Yağıntılı hava və şaxta ordunu məcmu
halında səfərbər etməyə və düşmənə
qarşı vahid kütlə kimi durmağa imkan vermir. Ona
görə də möhkəm qurulmuş ordunun
yaradılmasına sərf olunmuş zəhmət əbəs
yerə yoxa çıxır". Müəllif
istinadlarında hərb tarixindən: 1503-cü ildə Qarilyano
yaxınlığında Fransa ordusuna ispanlara məğlub
olmasının səbəbləri,
Napoleonun 1812-ci ildə Moskvanı işğal etməsinə
baxmayaraq, qışın ağır şərtlərini nəzərə
almadığı üçün
Rusiyaya məğlub olmasını, Hitlerin bu dərslərdən
nəticə çıxarmadığı üçün
1942-ci ilin sərt qışında böyük itkilər verməklə
hərbi üstünlüyünü itirməsi və məğlub
olmasını misal olaraq geniş şərh edir (səh.22).
V.İbayev torpaqların müdafiəsi
üçün fədakarlığın zəruriliyini Heydər
Əliyevə müraciətlə əsaslandırır:
"Hər bir insanın özünə görə qiyməti
var, hər kəs atası-anası,
qardaşı-bacısı üçün, ailəsi
üçün ən qiymətlidir. Bizim heç birimiz həlak
olanlardan qiymətli deyilik, o cümlədən mən də.
Ona görə də Kəlbəcəri, başqa torpaqlarımızı
da müdafiə etmək lazım idi. Bəlkə də
beş dəfə, on dəfə artıq qurban vermək
lazım idi, ancaq müdafiə edib öz
torpağımızda alnıaçıq, üzüağ
oturmaq lazım idi. Ola bilər, yarımız
qırılaydıq, amma yarımız öz
torpağımızda qalardıq. İndi nə olsun ki, əksəriyyəti
çıxıb gəlib, qaçqın
düşübdür. Torpaqlarımız da, burada düz dedilər,
yağıların əlindədir. Güman edirəm ki, biz
bundan sonra bütün işlərimizə, həyatımıza,
hökumətimizə, dövlətimizə, respublikamıza,
torpaqlarımıza əsl vətənpərvər kimi
münasibət göstərməliyik" (səh.130).
V.İbayev işğalçılara nifrətini Azərbaycan
əsgərinin baxışları ilə bu cür təsvir
edir: "Torpaqla, onun üzərində insanların
yaratdıqları ilə vəhşi kimi davrananların həmin
torpaqlarda yaşamağa, onun suyundan içməyə, qana
bulaşmış əlləri ilə o torpağın
gülünü, çiçəyini üzməyə,
ayaqları ilə o torpağın üstündə gəzməyə
haqları yoxdur" (səh.104).
Sabir Rüstəmxanlı:
"Tikiləcək kəndlərim, sonsuz cah-cəlalıyla".
V.İbayev yazır: "İlham Əliyev uzunmüddətli
müharibə aparılmasını istəmirdi. Onu müharibə
deyil, azad ediləcək torpaqlarda yeni yaşayış məskənləri,
təhsil ocaqları, sağlamlıq mərkəzləri, idman
stadionları, yollar, hava limanları, aqrar və sənaye
parkları, "Qarabağ şikəstəsi"nin
Qarabağda hər tərəfə yayılacağı,
insanların qurub yaratmaq eşqi ilə həyat sürəcəyi
məkanlar qurmaq maraqlandırırdı. O, qurub yaratmaq, tikmək,
inkişaf etdirmək üçün yaranmışdı.
Onun çağırışı dağıtmaqda deyil,
yaratmaqda, inkişafda idi".
İlham Əliyev də münaqişənin sülh
yolu ilə nizama salınmasına çox
çalışdı. On yeddi il münaqişənin
danışıqlar yolu ilə nizama salınması
üçün saysız-hesabsız görüşlər
keçirdi, müzakirələr apardı,
çıxışlar etdi, Ermənistanın iqtisadi
inkişafı ilə bağlı güzəştlər təklif
etdi. Lakin Ermənistan tərəfi sağlam düşüncə
nümayiş etdirə bilmədi. 27 sentyabrdan sonra da hər dəfə
atəşkəs təklifi veriləndə, ordusunun
üstün hücum mövqeyində olmasına baxmayaraq,
danışıqlarda atəşkəsə razılıq
verildi, Ermənistan tərəfi atəşkəsi pozana kimi
ona riayət olundu, lakin təəssüf ki, Ermənistan tərəfi
dəmir yumruğun altında əzilənə kimi, ona verilən
şansı dəyərləndirə bilmədi" (səh.371).
V.İbayev yazır: "Hz.Peyğəmbər tərəfindən
"şəhid" sözünün Allah yolunda canından
keçən mənası da işlədilmişdir: "Mən
onların (şəhidlərin) Allah yolunda canlarından
keçdiklərinə şahid və şəfaətçiyəm".
Vətən, xalq, dövlət, millət, haqq, ədalət
yolunda canından keçmək, özünü haqq işə
fəda etmək şəhidliyin əsas əlamətidir. Bu
zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar vətən,
millət, dövlət yolunda ölümün üzərinə
yürüyə, ölümün gözlərinin içinə
dik baxa bilirlər. Şəhidlər xalqın, millətin
milli qürur mənbəyi, milli iftixar hissi, and, namus yeri,
baş tacı hesab olunur. O torpaqlar Vətən hesab olunur ki,
onların uğrunda canından keçən, canını fəda
edən vətən övladları, şəhidləri var. O
dövlətlər müstəqil yaşaya, o xalqlar məğrur
gəzə bilirlər ki, onların uğrunda şəhid gedə
bilən övladları var. Vətən övladının
dünyadan arzuları, diləkləri gözlərində,
ürəklərində qalmış, nakam getməsi nə qədər
ağrılı olsa da, xalqın müstəqil, azad, hürr
yaşaması üçün onun yolu həm də şəhidlikdən
keçməlidir" (səh.70).
Sabir Rüstəmxanlı:
"Daşlar soyuq, sürüşkən, altda dibsiz
uçurum,
Qayaların başında düşmən əsgəri
min-min.
Yağış ol, dumana dön, düşmən duyuq
düşməsin
Gözündəki şimşəyi görənə
kimi sənin".
V.İbayev: "İlham Əliyev digərlərinə
mümkünsüz görünən işi Azərbaycan əsgərinin
görə biləcəyinə inanırdı. O,
mümkün olmayanı həyata keçirmək üsulunu
tapmış, təlimlərdə Azərbaycan əsgərini
buna hazırlamışdı. Azərbaycan əsgərinin
sıldırım qayalara dırmanıb gözlənilmədən
Şuşa şəhərində meydana çıxması
düşmən arasında vahimə toxumu səpdi, onu lərzəyə
saldı. Sadə yolu keçmək asandır, lakin bu yolun
sonunda əsl qiymətli nəsə nadir hallarda olur.
Mümkün hesab olunmayan yoldan zəhmət, əziyyət, qətiyyət
hesabına məqsədə doğru irəliləmək
mütləq bəhrəsini verməlidir. Allah-Təala zəhməti
qiymətləndirir. İnsan əlindən gələni etməli,
sonra Allaha təvəkkül aparmalıdır" (səh.
385).
Sabir Rüstəmxanlı:
"Əsgərin silahı yox, əmrin özü
silahdır,
Bu əmr özü qanaddır, qaldırır
uçurumdan".
V.İbayev yazır: "İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun apardığı müharibə
yeni dövrün müharibəsi idi. Yeni texnologiyalardan istifadə
olunmaqla düşmənin texnikası və canlı qüvvələrinə
endirilən dəqiq zərbələr döyüşlərin
taleyinin həllində mühüm rol oynayırdı. Azərbaycan
əsgər və zabiti yeni texnologiyalardan məharətlə
istifadə etməklə yanaşı, döyüşlərin
bütün növlərində, hətta əlbəyaxa
döyüşlərdə də qəhrəmanlıq
nümunələri nümayiş etdirirdi" (səh.135).
Müəllif çətin döyüş epizodlarından
misallar gətirməklə Azərbaycan əsgərinin
şücaətini Qədim Roma əsgərlərinin qəhrəmanlıqları
ilə müqayisə edir.
Frenk Edkok qədim hərb sənətindən söhbət
açarkən yazır: "Roma əsgəri olduqca
dözümlü idi və uzun yürüşlərə tab
gətirə bilirdi". Burada Moris Saksonskinin sözlərini
xatırlamaq yerinə düşür: "Döyüş və
manevrlərin ən başlıca sirri ayaqlarla
bağlıdır, bizim diqqətimiz məhz ayaqlara yönəlməlidir".
Belə bir ifadə isə Napoleona məxsusdur: "Qələbənin
sirri ondadır ki, əvvəl 12 mil piyada qət etmək
lazımdır, sonra döyüşmək, sonra yenə də
düşməni 12 mil təqib etmək" (səh. 390-391).
Sabir Rüstəmxanlı:
"Ona gülməli gəlir bizim son niyyətimiz,
Min-min gözdən yayınıb Şuşaya qalxa
bilmək.
Ölkələrə əl açan erməni
ümidiylə
Erməni ordusunu bir əllə boğa bilmək!
Gecənin havasını doldurub cigərinə
Bilir ki, vuruşacaq yüz dostunun yerinə.
Bu qoyun sürüsünə qurd kimi saldırmalı,
Qoynundakı bayrağı Şuşada
qaldırmalı!"
V.İbayev "Kitabi Dədə Qorqud"a müraciət
edir: "Azərbaycan əsgəri düşmən tərəfindən
müəyyən edilmədən Şusa şəhərini
çiyinlərində saxlayan qayalara çatmaq
üçün günlərlə meşə
cığırlarını, dərələri keçib,
dağları aşıb, uzun məsafə qət etmişdi.
Onların çətin keçidli uzun məsafəni qət
etdikdən sonra qayalara dırmaşıb şəhərə
daxil olması son dərəcə yüksək fiziki
hazırlıq, dözüm, cəsarət, Dədə-Qorqudun
dili ilə desək "ciyərli olmaq" ("Ol gün cigərində
olan ər yigitlər bəlürdi" - "O gün ciyərli,
cəsur igidlər bəlli oldu") tələb edirdi" (səh.
390).
Sabir Rüstəmxanlı:
"Şuşam uca olsa da, bayraq ondan da uca,
Altında keşik çəkib mən də baxım
doyunca.
Sonra düşmən gülləsi sinəmdə
yanır, yansın,
Təki Vətən göyündə bayrağım
dalğalansın!"
V.İbayev şairin " Təki Vətən
göyündə bayrağım dalğalansın!" fikrini
öz sözləri ilə bu cür ifadə edir: "Bu yol
çətin, lakin şərəfli bir yol idi. Bu yol əsgər
üçün qan-tər, əzab-əziyyət,
partlayış, güllə, yanğın, bəzən şəhidlik
və şikəstliklə müşayiət olunan, lakin
dövlət bayrağı ellərimiz, obalarımız üzərində
dalğalananda hər cür əzabı ona unutduran bir yol idi.
Bu yol yuxusuz gecələr, səksəkəli günlər
yaşayan, uzun gecələri Allah-Təalaya dualarla keçirən,
balasına qovuşmaq həsrəti ilə
saçlarını ağardan, Vətən torpaqlarında
üçrəngli bayrağımızın
dalğalandığını görüb şəhid
balasının bu an üçün qurban getməsinə
dözümlə: "Təki Vətən sağ olsun"
deyən anaların, gözləri yol çəkən, Vətənin
müdafiəsi ilə bağlı toy-busatı təxirə
salınmış nişanlı qızların,
qardaşına görə narahat bacıların həsrət
yolu idi" (səh. 127).
V.İbayev fransız jurnalistinin yazdıqlarına
istinad edir: "Fransanın "Le Monde" qəzeti
Şuşanın azad olunması uğrunda aparılan
döyüşlər haqqında yazırdı: "Azərbaycan
gücləri 27 sentyabr hücumunun əsas məqsədi olan
tarixi şəhərə çatdılar. Orada
döyüşlər onların xeyrinə davam edir.
Şuşanın müdafiəçiləri
paramparçadır. Onlar hərbi təcili tibb
maşınlarının arxasında üst-üstə
yığılıblar. Stepanakertə onlarca qan içində,
son nəfəslərində olan yaralı əsgərlər gəlirlər...
Bu, darmadağın olunma gününə çox bənzəyir.
Stepanakertdə hakimiyyətin inkar etməsinə baxmayaraq, 6
noyabr cümə günündən etibarən
döyüş azərbaycanlı güclərin xeyrinə
dönməyə başlayıb. Bir həftədir azərbaycanlı
güclər Şuşanın bir top atışı məsafəsində
olan qapılarına dirəniblər. Əsas cəbhə
Daşaltı kəndinin yuxarı meşələrində
donub qalıb, orada döyüşlər çox sərt
şəkildə baş verib. Üç gün ərzində
azərbaycanlı xüsusi təyinatlı qüvvələr
Şuşaya aparan yola şəhər müdafiəçilərinin
gücünü yoxlamaq üçün gecə basqınları
ediblər. Məhz bu hücumlara görə Xankəndini
İrəvana bağlayan əsas yol 4 noyabrdan etibarən
bağlanıb. Bu şəhər hər iki icma tərəfindən
Qarabağın Qüdsü (Yerusəlim) hesab edilir və
dini-siyasi rəmzi çox böyükdür, digər tərəfdən
bu şəhər Xankəndinə baxan və nəzarət edən
strateji əhəmiyyətini qoruyur. "Azərbaycanlılar
Şuşaya çatıblar, küçələrdə
kalaşnikovlarla döyüşlər gedir", bunu Xankəndində
əlillər üçün arabada oturmaqdan imtina edən və
ayağından yaralanan, bağırmamaq üçün
çənəsini tutmuş əsgər deyir. Bu yaralı əsgərin
ətrafında xaos hökm sürür. Bu ərəfədə
sırf güllə ilə yaralanmış 7 nəfəri gətirən
yük maşını gəlir. Düzdür, bomba zərbələri
çox şiddətlidir, lakin yaralıların halı
göstərir ki, əsasən qısa məsafəli üzbəüz
döyüşlər gedir. Təcili yardım maşınları
saysız-hesabsız gediş-gəliş edirlər. Yaralı əsgərlər
bir-birinin üzərinə qalaq-qalaq
yığılıb" (səh. 395-396).
Sabir Rüstəmxanlı:
"Bu, bizim haqq işimiz, ədalət
savaşımız,
İntiqam ala-ala dikələcək başımız.
Vur, əsgərim, vur! - deyə əmr eləyir
Komandan
Qoy bir də yurdumuzda tokülməsin nahaq qan.
Qayıtsın Qarabağa yenə xoşbəxt
çağımız,
Başımızın üstündə üçrəngli
bayrağımız!.."
Geriyə baxmadan qaçan erməni əsgərlərinin
vəziyyətini V.İbayev L.N.Tolstoyun təbirincə ifadə
edir. Azərbaycan ordusu qaçan heyvanın üzərindəki
qamçı rolunu oynamalı idi. Təcrübəli təlimçi
isə bilirdi ki: "Qaçan heyvanın başına vurmaq
yox, bəlkə qamçını onun başı üzərində
saxlamaq, heyvanı qorxutmaq daha faydalıdır".
...Şuşa məğlubiyyətindən sonra qalib
Ali Baş Komandan İlham Əliyevin gözləntilərini və
Ermənistanın qələcək durumunu təsvir etmək üçün
qədim hərb sənətindən bir fikri səsləndirmək
kifayətdir. Frenk Edkok məğlub ordunun durumu ilə əlaqədar
yazırdı: "O, Sezarın Pompeyin Farsaldakı vəziyyətini
xarakterizə etdiyi kimi idi: "Summae rei diffidens et tamen eventum
exspectans" - "Onun öz işinin müvəffəqiyyətinə
başqa heç bir ümidi yox idi və o, yalnız
döyüşün sonunu gözləyirdi"
Sabir Rüstəmxanlı:
"Azərbaycan içindən doğulur, diqqətlə
bax,
Xalqın ruhu bütövsə, bütövdür gələcəyi!"
V.İbayev yazır: "İlham Əliyevin qələbələrin
əldə olunmasında mühüm amil kimi dəyərləndirdiyi
məsələlərdən biri də xalqın birliyi ilə
bağlı idi: "Daxildəki həmrəylik, milli birlik,
vahid amal uğrunda birləşməyimiz bizə əlavə
güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr
öz çirkin planlarını Azərbaycanda həyata
keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər
var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək
bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz
qürurumuzu müdafiə etdik, öz müstəqil
seçimimizi müdafiə etdik və sübut etdik ki,
heç kim bizim işimizə qarışmasın və
qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik
olmasaydı, biz heç vaxt torpaqlarımızı
işğalçılardan azad edə bilməzdik" (səh.
377).
Müasir dövrümüzün böyük şairi
Sabir Rüstəmxanlının "Qarabağa
dönüş" poemasını oxuyanda böyük mənəvi zövq
almışdım və yeni baxış bucağından
birdaha dönüb oxumaq daha xoş təəssürat
yaratdı.
V.İbayevin böyük zəhmət, elmi
araşdırma, müqayisəli təhlil əsasında
yazdığı "Suverenliyin Zəfər yolu: reallaşan
ideyalar, hüquqi əsaslar, siyasi paralellər" kitabı
Qrabağ Zəfərinə növbəti töhfədir.
Əziz oxucular, bu kitabı oxuyun və zövq
alın. Bu əsər həm də Azərbaycanın
yaradıcı insanlarının Qarabağ Zəfəri ilə
bağlı fikir eyniliyinə malik olmalarına, onların həmrəyliyinə
dəlalət edir. Hər iki müəlliflə yeni
yaradıcılıq uğurları arzulayır, əsərləri
ilə bağlı hələ çoxlu xoş sədalar
eşidəcəklərinə inanıram.
Adil MİNBAŞI
Hüquqşünas, Baş ədliyyə
müşaviri
525-ci qəzet .- 2025.- 9 dekabr (¹ 224).- S.12-13.