Cüdomuzun
gücü və yeniləşən ruhu
Bakı İdman Sarayı üç gün yenidən
tatami üzərində ağ və göy cüdokilərin
heyrətamiz rəqsinə şahidlik etdi. Dekabrın 5-dən
7-dək burada cüdo üzrə növbəti Azərbaycan
çempionatı keçirildi. Kişilər və
qadınlar arasında bu idman növü üzrə ən
güclülər müəyyənləşdirildi.
Cüdoçular həm fərdi qaydada döyüşdülər,
həm də komanda halında...
Çempionatın nəticələri ölkə
mediasında ətraflı
işıqlandırıldığı üçün, necə
deyərlər, təfərrüata varmaq istəmirəm. Bir məqamı
xüsusi vurğulayardım: qaliblər, medalçılar
arasında köhnə qvardiyanın nümyəndələri
də var, yeni nəsil idmançılar da... Onların hər
biri öz döyüş ruhunu, əzmkarlığını
nümayiş etdirdi, istedad və ustalıq səviyyəsini
göstərdi.
Çempionatın təşkilatçılığı
yüksək səviyyədə idi: ən müasir
avadanlıqların və texnologiyaların tətbiq edildiyi
zaldakı parlaq işıqlandırılmış tatami,
çoxsaylı məlumat lövhələri, yarışa
xidmət edən hakimlərin və texniki heyətin səmərəli
və operativ işləmələri üçün
yaradılmış rahatlıq, funksionallıq, üstəgəl,
tamaşaçılarla dolu olan tribunalarda azarkeşlərin həyəcanı
və intizarı böyük maraq və məmnunluq
doğururdu.
Əslində, ölkə çempionatı daxili
seçim məqsədi daşıyır, burada qalib gəlmək,
yalnız medal qazanmaq deyil, həm də milli komandanın əsas
heyətinə düşmək, gələcək beynəlxalq
turnirlərdə iştirak etmək imkanı verir. Tatamiyə
çıxan hər bir idmançı dərk edir ki, bu meydan
Avropa və dünya arenalarına, həmçinin Olimpiya xəyallarına
gedən yolun təməlidir. Buna görə də
qarşılaşmalarda böyük gərginlik və məsuliyyət
hissinin hökm sürməsi təbii idi.
Yarışlar zamanı nümayiş etdirilən
çeşidli texnika və taktika, Azərbaycan cüdosu
üçün ənənəvi olan gücə və
sürətə əsaslanan döyüş tərzi ilə
yanaşı, bəzi idmançıların rəqiblərini
tamamilə çaşdıran yeni, qeyri-standart fəndlər
tətbiq etməsi xüsusi diqqət çəkirdi. Bu, məşqçilər
heyətinin müasir cüdo tələblərinə uyğun
olaraq fərdi yanaşmaları inkişaf etdirdiyini göstərir.
Xüsusilə, final görüşlərindəki psixoloji
mübarizə yaddaqalan oldu. Bəzən fənd deyil, məhz
son saniyədəki soyuqqanlılıq və rəqibin taktikasını
oxumaq bacarığı qalibi müəyyən edirdi. Komanda
yarışlarında Şuşa Uşaq-Gənclər
İdman Məktəbinin qadın cüdoçularını
birinci pilləyə yüksəlməsi sürpriz hadisə
kimi yadda qaldı.
Əminliklə deyə bilərik ki, hazırda Azərbaycan
cüdosu dünyanın idman ictimaiyyətinin diqqət mərkəzindədir
və bu, tamamilə qanunauyğun bir haldır. Beynəlxalq
arenalarda ölkəmizi təmsil edən
idmançılarımızın əksəriyyəti nəinki
dünya cüdosunun ən nüfuzlu nümayəndələri
ilə bərabər səviyyədə mübarizə
aparmağı bacarır, hətta ən mötəbər
yarışlarda, çox böyük arenalarda onlara
üstün gələ, bayrağımızı yüksəklərə
qaldıra, hamını Dövlət Himnimizi dinləməyə
təşviq edə bilirlər.
Yeri gəlmişkən, bu il Azərbaycan cüdosunun
nailiyyətlərinin kulminasiya nöqtəsi Səudiyyə
Ərəbistanının Ər-Riyad şəhərində
keçirilən VI İslam Həmrəyliyi Oyunları oldu.
Olimpiya çempionlarımız Hidayət Heydərovun və
Zelim Kotsoyevun öz çəki dərəcələrində
rəqibsiz liderliklərini təsdiqləməsi, eləcə
də cüdoçularımızın qarışıq
komanda yarışlarında bütün rəqiblərinə
qalib gələrək tarixi birincilik qazanması hər birimizi
qürurlandırdı. Azərbaycanın tatami
ustalarının sıralarına Hüseyn Allahyarov, Kənan Nəsibov,
Elcan Hacıyev və digər gənc istedadların
qoşulması cüdomuzun gələcəyinin təminatıdır.
Tamaşaçısı olduğum cüdo üzrə
ölkə çempionatındakı təşkilatçılığın
yüksək səviyyəsini bir daaha qeyd edərkən, Azərbaycan
Cüdo Federasiyasının son illərdəki yüksək nəticələrə
hədəflənmiş səmərəli fəaliyyətini,
bu sahəyə dövlət qayğısını
vurğulamaqla yanaşı, ölkə
çempionatının sponsorlarının “Azercell”in və
“AZMAN holding”in xeyriyyəçilik dəstəyinə də dəyər
verməyi vacib sayıram. Xüsusən də, “AZMAN holding”
öz həmtəsisçisi, Azərbaycan Cüdo
Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan
Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü,
ustalar və veteranlar arasında dünya və Avropa
çempionatlarının qalibi Azər Əsgərovun
timsalında ölkəmizin cüdo ənənlərinin
inkişafına daim sanballı töhfə verir. Son iki ildə
milli çempionata sponsorluq etməkdən başqa, şirkət
2017-2023-cü illərdə əfsanəvi kəşfiyyatçı,
polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin
xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq
cüdo turnirinin təşkilatçısı olub. Azər
müəllimin təşəbbüsü ilə Əməkdar
Bədən Tərbiyəsi və İdman xadimi, “Şöhrət” ordenli, Əməkdar
məşqçi Tərlan Həsənov haqqında
yazılmış “Bir cüdo əfsanəsi” kitabı isə
gənc nəsil arasında bu idman növünün
populyarlaşmasına xidmət edir. Kitabın müəllifi
kimi bunu qeyd etməyə bilmərəm...
Çempionatın əsas təəssüratı isə
belədir: Azərbaycan cüdosu öz ənənələrinə
sadiq qalmaqla yanaşı, daim yenilənir və inkişaf edir.
Tatamidə nümayiş etdirilən hər bir fənd və
qazanılan hər bir medal idmançılarımızın
beynəlxalq arenada yeni uğurlar qazanmaq əzmində
olduqlarını bir daha sübuta yetirdi. Cüdo üzrə Azərbaycan
çempionatı gələcəyin Olimpiya və dünya
çempionlarının yetişdiyi məkan kimi öz əhəmiyyətini
yenidən təsdiqlədi...
Elşən Əliyev
Əməkdar jurnalist
525-ci qəzet .- 2025.- 10 dekabr (¹ 225).- S.16.