UNEC-in beynəlxalq əlaqələri:
Malayziya ilə əməkdaşlıq genişlənir
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) son
illərdə beynəlxalq təhsil məkanında öz
mövqeyini xeyli gücləndirib və dünyanın
aparıcı universitetləri ilə genişmiqyaslı əməkdaşlıq
əlaqələri qurub. Bu əlaqələr UNEC-in qlobal təhsil
sisteminə inteqrasiyasını sürətləndirir, tələbə
və müəllim mobilliyini artırır, elmi tədqiqat
imkanlarını genişləndirir və universitetin beynəlxalq
reytinqlərdə mövqelərini yüksəltməsində
mühüm rol oynayır. Bu gün UNEC tərəfindən
dünyanın müxtəlif regionlarında yerləşən
nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq
sazişləri imzalanıb. Bu əməkdaşlıq şəbəkəsi
UNEC tələbələrinin dünya səviyyəli təcrübə
qazanmasına, müəllimlərin isə beynəlxalq akademik
mühitdə fəaliyyət göstərməsinə şərait
yaradır.
UNEC-in əməkdaşlıq etdiyi universitetlər
yalnız tədris sahəsində deyil, həm də elmi tədqiqat
və innovasiya yönümlü layihələrdə birgə
fəaliyyət göstərirlər. İqtisadiyyat, menecment, rəqəmsal
transformasiya, maliyyə və məlumat analitikasına dair ortaq
elmi layihələr həyata keçirilir. UNEC alimləri
dünyanın nüfuzlu elmi konfranslarında iştirak edir,
beynəlxalq jurnallarda ortaq məqalələr dərc olunur.
UNEC beynəlxalq mobilliyin genişlənməsinə
strateji əhəmiyyət verir. Hər il yüzlərlə
UNEC tələbəsi Avropa, Asiya və ABŞ universitetlərində
semestrlik təhsil alır, müəllimlər isə qısa
müddətli tədris və tədqiqat proqramlarında
iştirak edirlər. Bu proses həm akademik təcrübə
mübadiləsinə, həm də qlobal təhsil
standartlarının UNEC-də tətbiqinə böyük
töhfə verir.
UNEC-in dünyanın aparıcı universitetləri ilə
qurduğu əməkdaşlıq əlaqələri onun beynəlxalq
nüfuzunu artırır, tədris və tədqiqat keyfiyyətini
yüksəldir, tələbələrə qlobal təhsil
imkanları təqdim edir. Bu strateji istiqamət UNEC-i regionun ən
innovativ və beynəlxalqlaşmış iqtisad universitetlərindən
birinə çevirir.
Əməkdaşlıq əlaqələrini daha da
genişləndirmək üçün bu günlərdə
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
professor Ədalət Muradovun rəhbərliyi ilə UNEC
nümayəndə heyəti Malayziyaya səfər edib. Məqsəd
bu ölkənin universitetləri ilə əməkdaşlığı
dərinləşdirmək və əməkdaşlığa
dair əldə olunmuş əməkdaşlıqları rəsmiləşdirməkdir.
Səfərin ilk günü nümayəndə heyəti
Nilai şəhərində yerləşən İNTİ Beynəlxalq
Universitetində olub, ali təhsil müəssisəsinin kampusu
ilə tanış olub, əməkdaşlıq
imkanlarını müzakirə edilib və yekunda müvafiq
Memorandum imzalanıb. İNTİ universiteti ilə
françayzing, birgə tədqiqatlar üçün birgə
qrant layihələri, İNTİ-nin tətbiq etdiyi amerikan
degree transfer modelini UNEC-də tətbiq edəcək, İNTİ-də və UNEC-də
birgə konfranslar, UNEC tələbələri
üçün çox güzəştli şərtlərlə
mübadilə proqramı həyata keçirəcəklər.
UNEC-in Cənub-şərqi Asiya ölkələrinin
universitetlərilə əməkdaşlığı
genişləndirmək hədəflərinə uyğun olaraq
Malayziyanın Nilai şəhərində növbəti
müzakirə Nilai Universitetilə aparılıb. Nümayəndə
heyəti Nilai universitetinin kampusu ilə tanış olub, əməkdaşlıq
imkanlarını müzakirə edib və yekunda müvafiq
Memorandum imzalanıb.
Növbəti gün isə Tunku Abdul Rahman Universitetinin (universitet Malayziyanın ilk Baş
nazirinin adını daşıyır) prezidenti, professor Eve
Hong Tat ilə əməkdaşlıq məsələləri
müzakirə edilib. Bu universitet QS-də 791-800-cü, THE-də
1001-1200-cü yerdədir. Bir sıra sahələrdə
razılıq əldə olunub. Xüsusilə, Rəqəmsal
iqtisadiyyat, Oyun dizaynı kimi proqramların hər iki tərəf
üçün maraq kəsb
etdiyi vurğulanıb. Birgə tədqiqat mərkəzinin
yaradılması, birgə tədqiqatların aparılması,
tələbə və müəllim mübadiləsi, UNEC-də
ortaq institutun yaradılmasını da hədəflər kimi
müəyyən edilib. Müzakirələrin sonunda
müvafiq Memorandum imzalanıb. Növbəti müzakirələr
QS Qlobal Reytinqdə dünyada 269-cı olan Malayziyanın UCSI
Universitetində aparılıb. Universitetin kampusları və
laboratoriyalarına baxılıb. Müəyyən edilən məqsədlərə
uyğun olaraq müvafiq məsələlərdə
razılığa gəlinib. Biznes təhsili və tədqiqatlar
sahəsində, eləcə də ortaq institutun
yaradılması istiqamətində birgə fəaliyyəti
davam etdirmək qərarına gəlinib. Ən qısa vaxtda
UCSI Universiteti ilə Bakıda görüşmək və
müzakirələri tamamlamaq razılığı əldə
olunub.
Malaziyaya səfər çərçivəsində
rektor Ədalət Muradov AppliedHE (Applied Higher Education) tərəfindən
təşkil olunan Forumda UNEC haqqında təqdimatla
çıxış edib. Professor Cənub-Şərqi
Asiyanın 21 ölkəsindən 250-dən artıq nümayəndəsi
qarşısında UNEC-in uğurlarını
bölüşüb. Forumda Ədalət Muradov 10 ölkədən
olan həmkarları ilə görüşüb və
faydalı müzakirələr aparıb.
UNEC rektorunun sözlərinə görə, forumda iki
fərqli paneldə UNEC adına çıxış edib:
"Forumda bir-birindən maraqlı fikirlər səsləndirildi.
Məsələn, "Malayziyanın SUNWAY universiteti bir tədqiqatçıya
düşən istinad sayına görə dünyada
ikincidir", - "Universitetlər məzunlarla əlaqə
qurmur, məzunlar universitetlə əlaqə qururlar" -
"Reytinqlər zəhərlidir. Zəhərini diqqətlə
seç!", - "Universitet reytinqləri lənəti:
Onlarla yaşamaq çətindir, amma onlarsız da
mümkün deyil" və s.".
Səfər çərçivəsində nümayəndə
heyəti Malayziyada Asiya sakit Okean Texnologiya və İnnovasiya
Universitetində (Asia Pacific University of Technology and Innovation -
APU) olub və professor Ho Chin Kuan ilə əməkdaşlıq
məsələləri müzakirə edilib. Bu universitetin
16000 tələbəsi var və onun yarısı xarici tələbələrdir.
Kiber təhlükəsizlik üzrə Malayziyada və
bütün regionda ən yaxşı universitetdir. Görüş
zamanı APU-nun xarici tələbələrin cəlb edilməsi
təcrübəsi öyrənilib. Birgə qrant layihəsi əsasında
ortaq tədqiqatların aparılmasına, kiber təhlükəsizlik
və süni intellekt üzrə ortaq proqramın
açılmasına dair razılıq əldə olunub.
Yekunda APU ilə Əməkdaşlığa dair Memorandum
imzalanıb.
Ədalət Muradov bildirib ki, Malayziya universitetlərində
keçirdikləri görüşlərdə, təhsil
mütəxəssisləri ilə aparılan müzakirələrdə
ali təhsilin gələcəyi ilə bağlı bu ölkədə
ciddi müzakirələrin aparıldığının
şahidi olub: "Bu müzakirələdə ən çox
qabardılan bir sıra suallar diqqətimi çəkdi. Məsələn,
süni intellekt universal olanda təhsil daha inklüziv olacaq,
yoxsa bərabərsizliyi artıracaq? Süni İntellekt məzmunu
ötürə bilirsə, universitetlər tədris müəssisəsindən
problem həll edən instituta çevrilməlidirmi? Süni
intellekt məqalə yaza və hətta plagiatı aşkar edə
bilirsə, professorların gələcək rolu nə olacaq?
Süni İntellekt araşdırma aparmaq, akademik
dürüstlüyü qorumaq və bilik istehsalına etibar
yaratmaq məsələlərini necə dəyişir? Təhsil
süni intellektlə modernləşdirildi. Amma öyrənmə
həqiqətən transformasiya edildi, yoxsa sadəcə
köhnə metodlar rəqəmsallaşdırıldı?
Universitetlər Süni İntellekt əsaslı qlobal
dünyada mədəni kimliyi, müxtəlifliyi və yerli
xüsusiyyətləri necə qoruya bilər? Gələcəyin
universitetləri nə öyrətməsi ilə, yoxsa cəmiyyətin
hansı problemlərini həll etməsi ilə müəyyən
olunacaq? Ali məktəblər öz yeni kimliklərini necə
düşünür? Onlar texnologiya istifadəçiləridir,
iqtisadi mühərrikdir, yoxsa cəmiyyətə təsir
göstərən institutlardır? Qlobal reytinqlər və
akkreditasiyalar innovasiyanı, sosial dəyəri qiymətləndirməyə
hazırdırmı? Qlobal mobillik və beynəlmiləlləşmə
imkansız təbəqələr üçün necə əlçatan
edilə bilər? Universitetlər yalnız akademik nəticələrə
görə deyil, milli inkişafdakı töhfələrinə
görə də qiymətləndirilməlidirmi?
Təhsilin və o cümlədən, ali təhsilin gələcəyi
bütün dünyada təhsil mütəxəssisləri və
təhsil menecerlərini çox düşündürür.
Ciddi müzakirələr, yeni-yeni tədqiqatlar
aparılır, konfranslar və forumlar təşkil edilir. Bu
baxımdam Malayziya da istisna deyil. Ali təhsilin gələcəyi
ilə bağlı bu ölkə universitetlərində və
tanınmış mütəxəssislərlə
apardığımız müzakirələrdə
müşahidə etdiyimiz baxışlar və yanaşma maraqlı
göründü və onların ali təhsilə baxışını
ümumiləşdirməyə çalışdıq.
Universitetlərin rəqəmsal transformasiya sonrasındakı
gələcəyi onları çox maraqlandırır.
Onların fikrinə görə, müzakirə predmeti
universitetlərdə təkcə necə dərs demək
deyil, həm də süni intellekt, qlobal mobillik dövründə
universitetlərin niyə mövcud olmasıdır. Son 20 ildə
universitetlər modernləşir: sinif otaqlarından LMS-lərə,
taxta lövhələrdən ağıllı lövhələrə,
dərsliklərdən çatbotlara keçir. Lakin bu dəyişikliklər
səthi xarakter daşıyır. Öyrənmənin məqsədini
və təcrübəsini dəyişmədən sadəcə
köhnə təhsil modelinin rəqəmsallaşdırıldığını
və bunun təhlükəli olduğunu
vurğulayırlar".
Ədalət Muradov bildirib ki, indi Süni İntellekt
mühazirə oxuya, məzmun yarada, tapşırıqları
qiymətləndirə və fərdiləşdirilmiş tədris
təqdim edə bilirsə, universitetlərin hələ də
bilik ötürən qurumlar kimi qalması və yaxud daha fərqli
bir təsisat olması məsələsinə aydınlıq
gətirilməsi geniş müzakirə olunur: "Süni
intellekt və rəqəmsal alətlərin yalnız
formatı deyil, təhsilin kimliyini və məqsədini necə
dəyişdirdiyini yenidən dərk etmək lazımdır.
Süni intellekt ağıllıdır, amma insan deyil. O,
empatiyanı, dürüstlüyü, təvazökarlığı,
mədəniyyəti və mənəviyyatı öyrədə bilmir. Amma məsuliyyətli
liderlik və qlobal vətəndaşlıq üçün məhz
bu keyfiyyətlər vacibdir. Süni İntellekt təhsili həm
demokratikləşdirə və həm də yeni bərabərsizlik
yarada bilər - xüsusilə də imkansız, kənd yerlərində
yaşayan və ya dil dəstəyi olmayanlar üçün.
Süni intellekt dövründə təhsilin insani,
inklüziv, mədəni cəhətdən mənalı və
ədalətli qalması yolları geniş müzakirə
edilir. Fikir səsləndirilir ki, Süni İntellekt bilik
ötürülməsini səmərəli təmin edirsə,
universitetin dəyəri artıq nə öyrətdiyində
yox, tələbə və tədqiqatçıların
hansı problemləri həll edə bilməsində ola bilər.
Gələcəyin universiteti binaları, reytinqləri və
diplomları ilə deyil, cəmiyyətə göstərdiyi
real təsirlə müəyyən oluna bilər. 5-ci nəsil
universitet modeli geniş müzakirə predmetidir.
Çoxluğun fikri ondan ibarətdir ki, rəqəmsal
transformasiyadan və Süni İntellektin tətbiqindən
sonrakı universitetlər missiya
yönümlü olmalıdır və bu, 5-ci nəsil
universitet modelinin əsasıdır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 10 dekabr (№ 225).- S.15.