Bir ömrün əbədi
işığı
Səhərin ilk şəfəqi
Qızıldaşın sərt qayalarını yarıb
keçəndə, sanki torpaq oyanır, küləyin nəfəsi
dəyişir, qayalar minillərin yaddaşını
pıçıldayırdı. Bu əzəmətli torpaq hər
gün öz sükutundan bir hekayə doğurur, igidlərin
ruhunu yeni günün üzərinə kölgə kimi
salırdı. Elə həmin günlərin birində bir
körpə dünyaya göz açdı və adını
Nurəddin qoydular. Bu ad sanki tale tərəfindən öncədən
seçilmiş bir işarə idi: nur saçan, mərdlik
daşıyan, bir gün Vətənin taleyinə adını
yazacaq bir ömür. Elə bil həyatın özü onun
yolunu işıqlandırır, gələcək
missiyasının pıçıltılarını
beşikdən qulağına söyləyirdi.
Bu torpaqda igidlik təsadüf deyil, irsdir, nəfəsdir.
Bir gün gələcək və bu torpaq öz igidlərini
Qarabağ səmasının altından yüksəldəcəkdi.
O igidlər ki, 30 illik nisgili 44 günün qələbəsinə
çevirəcək, Şuşanın qalasına millətin
qürur səsi kimi sancılacaqdı. O igidlərin
sırasında Nurəddin də olacaqdı... Çünki bu
torpağın hər övladı tarixə düşmək
üçün deyil, tarixi dəyişmək
üçün doğulurdu.
İkinci Qarabağ savaşında iştirak etmək
üçün onlarla igid döyüşə yollandı.
Onlardan Seymur Sırxoşov, Zəka Abışov, Elşən
Aslanov və Nurəddin Məstəliyev canları ilə Vətən
oldular.
Bu yazıda Nurəddin Hasil oğlu Məstəliyevdən
söz açacağıq. 2000-ci il fevralın 13-də
Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş
qəsəbəsində doğulan Nurəddin əslən
Yardımlının Ökü kəndindən idi. 2007-ci ildə
Azər Namazov adına 180 nömrəli məktəbdə təhsil
almağa başladı və artıq o illərdən zəhmət,
intizam və idman onun həyatının ayrılmaz hissəsinə
çevrildi. Onun sakit, təvazökar duruşunun altında
böyük bir iradə, görünməz bir dayanma
gücü gizlənirdi.
Və Nurəddinin uşaqlığı ipək
yumşaqlığında deyildi. Qızıldaşın
daş kimi sərt mühiti onu uşaq yaşından
yoğurur, möhkəmləndirir, ruhuna polad qatırdı. Həyat
onu erkən yaşlarından zəhmətə
alışdırdı. Hər gününə məsuliyyət,
əlinə iş, qəlbinə ciddilik hopurdu.
Baxışlarında həmişə yaşı ilə
uyğunlaşmayan bir yetkinlik vardı və sanki gələcəyin
ağır yükünü indidən sezirdi. O, sükutun
içində böyüyən, amma içində
fırtına daşıyan bir uşaq idi.
İdman onun üçün sadəcə məşq
deyil, ruhun tərbiyəsi idi. Daha çox dözüm, daha
çox iradə, daha çox qətiyyət... Hər tər
damlası zəhmətin davamı, hər qələbə
çəkilən əziyyətin bəhrəsi idi. "Goju
Ryu" karate növü üzrə 80 kq çəki dərəcəsində
Respublika birincisi olanda da o, medalı boynunda deyil, yolunda
görürdü. Qələbə onun üçün zirvə
deyil, yolun özü idi. Məhz buna görədir ki, onun
qazandığı hər uğur daha böyük məsuliyyətə
çevrilirdi.
2016-cı ildə orta məktəbi bitirib 8 saylı
texniki peşə liseyinə daxil oldu və
"qaynaqçı" ixtisasına yiyələndi. Bu
seçim də təsadüfi deyildi, dəmirin qızmar nəfəsinə
sinə gərmək, zəhmətlə çörək
qazanmaq ona həyat fəlsəfəsi kimi doğma idi. O, əməyi
uca tuturdu və bu sədaqət onu daha da möhkəmləndirirdi.
2019-cu ilin iyulunda hərbi xidmətə yollananda həyatının
ən önəmli səhifəsi açıldı. Dövlət
Sərhəd Xidmətində xidmət edən Nurəddinin
peşəkar hazırlığı və
dözümlüyü onu kəşfiyyat bölüyünə
gətirdi. Kəşfiyyat yolu asan deyil, burada təkcə
güc yox, iradə, səbr, dəqiqlik və gərəkəndə
canını vermək qətiyyəti lazım idi. Nurəddin
bu məktəbdən alnıaçıq çıxdı.
Silahdaşları onu "susaraq danışan igid" kimi
xatırlayırdı - çox danışmazdı, amma hər
addımı söz kimi çəkirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən
müharibəsi bir millətin taleyini dəyişdi. Azərbaycan
igidlərinin şücaəti ilə yazılan bu tarixdə hər
qəhrəman öz layiqli yerini tutdu. Bu müharibədə
torpaq, xalq və ədalət birləşdi, igidlərin
yumruğu bir millətin qələbəsinə çevrildi.
Qarabağın dağlarında, Cəbrayılın düzlərində,
Xocavəndin meşələrində, Şuşanın
sıldırım qayalarında bir millətin iradəsi bərq
vurdu.
Nurəddin də məhz bu qəhrəman oğullardan
idi. Cəbrayıl uğrunda döyüşlərdə onun cəsarəti,
Xocavənddə çevikliyi, Şuşaya aparan qayalı
yollarda iradəsi parladı. Silahdaşları onun yorulmaq bilməyən
irəliləyişini heyranlıqla izləyirdi. O,
döyüşdə necə idisə, həyatda da elə idi
və dayanmaq bilmirdi. O, sanki hər addımında "bu
torpağın oğluyam" deyə-deyə irəliləyirdi.
Şuşaya uzanan yolda açılan bir snayper
gülləsi onun bədənini dayandırdı, amma ruhunu
yox... Nurəddin ölümlə həyat arasındakı sərhədi
keçib ən uca məqama - şəhidlik zirvəsinə
yüksəldi. Bu, son deyildi; bu, ömrün əbədiyyətə
çevrilməsi idi. Onun son nəfəsi belə Vətən
sevgisinin pıçıltısı kimi ətrafa
yayılmışdı.
Onun göstərdiyi şücaət dövlət tərəfindən
də yüksək qiymətləndirildi: "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" medalları
Nurəddinin qəhrəman adını tarixə həkk etdi.
Nurəddinin ömrü qısa oldu, amma
daşıdığı yük min ömrə bərabər
idi. Zəhmətlə böyüyən, qeyrətlə
addımlayan, Vətənin yükünə çiyin verən
bir oğul kimi o, bu xalqın yaddaşında əbədi
yaşayacaq.
Samir ƏSƏDLİ
525-ci qəzet .- 2025.- 10 dekabr (№225).- S.14.