Ukrayna tarixində Türk amili
Dörd ilə yaxındır ki, dünya ictimaiyyəti
Ukrayna xalqının azadlıq və suverenlik uğrunda
ağır, lakin mətanətli mübarizəsini həyəcanla
izləməkdədir. Rusiyanın hələ də
"Xüsusi hərbi əməliyyat"
adlandırdığı bu qanlı müharibədə, yəqin
ki, hər iki tərəfdən ən azı bir milyon nəfər
həyatını itirib və ya ağır yara alıb. Beynəlxalq
güclərin birmənalı münasibət sərgiləmədiyi
bu uzun sürən müharibədə milyonlarla ukraynalı
qaçqına və məcburi köçkünə
çevrilib, ölkə ərazisinin təqribən iyirmi faizi
Rusiyanın nəzarəti altına düşüb. Hər
gün, hər saat müharibə qurbanlarının sayı
artmaqdadır. Əslində, indiki müharibə vasitələri
və üsulları şəraitində Ukrayna kimi geniş ərazili
və imkanlı ölkədə güvənli
sığınma bölgəsi qalmayıb. Rusiyanın da həmsərhəd
bölgələri daim Ukrayna silahlı qüvvələrinin
hədəfindədir.
Aydındır ki, Qərb ölkələrinin və
ABŞ-ın hərbi yardımları olmadan Ukrayna Rusiyanın
nəhəng hərb maşını ilə bu qədər
uzunsürən müharibədə davam gətirə bilməzdi.
Lakin bu yardımlar elə səviyyədə deyil ki, bu,
Ukraynanın müharibənin gedişində dönüş
yaratmasına və Rusiyanın danışıqlar masasına
oturmasına şərait yaratsın. Eyni zamanda, Avropa ölkələrinin
böyük əksəriyyəti bu müharibədə
Ukraynanın məğlubiyyətini də əsla istəmir,
çünki onlar Rusiyanın qələbəsini Avropa
üçün ciddi təhlükə mənbəyi hesab
edirlər. Azərbaycan Respublikası vuruşan hər iki tərəflə
dostluq və qarşılıqlı əməkdaşlıq
münasibətlərinə, eyni zamanda Ukraynanın ərazi
bütövlüyünü dəstəklədiyinə
görə bu müharibəyə cəlb edilən,
ağır itki və məhrumiyyətlələ üzləşən
dost Ukrayna xalqına davamlı humanitar yardımlar edir, bu
müharibənin tezliklə ədalətli sülhlə bitməsini
arzulayır. Bu məqalədə ölkəmizin və
xalqımızın Ukrayna xalqına hüsn-rəğbətinin
tarixi köklərinə qısa nəzər salmağı
uyğun bildik.
"Ukrayna" sözünün ümumslavyan
sözü olan "oukraina"dan gəldiyini, sərhəd
vilayəti anlamı daşıdığı hesab edilir. Bu
ada ilk dəfə 1187-ci ildə rast gəlinir və bu, əvvəllər
Pereyaslav knyazlığına, sonralar isə digər ucqar vilayətlərə
də şamil edilib. Böyük Litva knyazlığında və
Moskva dövlətində də bu ad işlədilib.
Qədim zamanlarda Ukrayna ərazisində zaman-zaman
türklərin ulu əcdadları olan skiflər, sarmatlar,
hunlar geniş yayılmış və dərin izlər
qoymuşlar. Professor Q.D.Kazmirçukun yazdığı kimi,
Ukrayna ərazisinə gələn, burada kök salan xalqlar,
tayfalar bu ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmiş,
Ukrayna xalqının inkişaf prosesinə öz töhfələrini
vermişlər. Görkəmli alim və dövlət xadimi,
1917-1918-ci illərdə Ukrayna Xalq Respublikasına rəhbərlik
etmiş Mixail Qruşevskiy (1866-1934) özünün
çoxcildli "Ukrayna-Rus Tarixi" adlı fundamental əsərində
Ukrayna xalqının özünəməxsus xüsusiyyətlərə,
müstəqil inkişafa malik olduğunu elmi dəlillərlə
əsaslandırıb. O, ilk olaraq elmi cəhətdən əsaslandırdı
ki, "ümumrus tarixi" yoxdur, ona görə ki,
"ümumrus xalqı" mövcud olmayıb. Kiyev-Rus
dövrü Ukrayna tarixidir.
Əlbəttə, Ukraynanın Avropa dövləti
olduğu həm coğrafi, həm də siyasi cəhətdən
hər zaman qəbul edilib. Lakin nəzərə
alınmalıdır ki, bu ölkənin və bu böyük ərazidə
yaşayan xalqın taleyində polyaklar, litvalılar, macarlar,
rumınlar və ruslarla yanaşı, onlardan da əvvəl
kimmerlər, skiflər, hunlar, avarlar, bulqarlar, xəzərlər,
peçeneklər, qıpçaqlar, monqol və krım
tatarları, Osmanlı türkləri, bir sözlə, türk
xalqları əhəmiyyətli rol oynamışlar.
Ukrayna tarixçilərinin fikrincə, Ukrayna ərazisində
eramızdan əvvəl X-VII əsrlərdə kimmerlər
sakin olmuş, e.ə. VII əsrdə skiflər cənubi və
cənub-şərqi Ukrayna ərazilərində kimmerləri
sıxışdırıb çıxarmışlar və
burada ilk dövlətçilik rüşeymləri skiflərin
zamanında meydana çıxmışdır. Dünyada
tarixçiliyin atası sayılan Herodot məşhur
"Tarix" əsərinin 4-cü kitabını
(bölümünü) sırf skiflərə həsr
etmiş və onların yerləşib hakim olduqları ərazini
təfərrüatları ilə təsvir etmişdi. Bu təsvirə
görə indiki Ukrayna ərazisinin də demək olar ki, əksəriyyəti
skiflərin nəzarətində
olub.
Eramızdan əvvəl VII əsrin sonlarında skiflərə
sıx ticarət-iqtisadi əlaqələri olan yunanlar, əsasən
skiflərin məskunlaşdığı Qara dənizin
şimal sahillərinin fəthinə başlamışlar. E.ə.
480-ci ildə Bosfor dövləti təşəkkül
tapmış, yunanların Tavrida adlandırdığı
Krımda bir sıra şəhər-qalalar
salınmışdı. E.ə. IV əsrdə skif
çarı Atey Azov dənizindən Dunay çayınadək
geniş ərazidə Skif çarlığını qurmuşdu.
Qeyd edilməlidir ki, Ukraynanın indiki Dnepropetrovşina əyaləti
və geniş Qara dəniz sahilləri qədim skiflərin
yaratdığı zəngin mədəniyyətin daha
çox aşkarlandığı ərazilərdir. E.ə.
üçüncü əsrdən köçəri sarmat
tayfalarının bu yerlərə yürüşləri
başlamış, eramızın birinci əsrində sarmatlar
burada yerləşmişlər. II əsrdə Baltik sahillərindən
gələn alman tayfaları -qotlar burada öz dövlətlərini
qurmuşlar. 370-ci ildə hunlar bu dövlətə son
qoymuşlar. Qara dənizin bütün şimal sahillərindəki
ərazilərə hakim olan hunların dövründə,
xüsusilə Volqadan Reynə qədər geniş əraziyə
hakim olan, avropalıların haqsız olaraq "Allahın cəzası"
adlandırdıqları böyük hun hökmdarı
Atillanın hakimiyyəti zamanı - V əsrin ortalarında bu
bölgədə qurulmuş antik şəhər dövlətlərin
fəaliyyətinə son qoyulub.
558-582-ci illərdə avar və türk tayfaları ilə
Xan Bayan Qara dənizin şimal sahillərində Avar
xaqanlığını yaradıb. Bizansla müharibələr
aparan Avar xaqanlığı VII əsrin sonlarında süqut
edib.
VII əsrin sonlarında Qara dənizin şimal-şərqi
və indiki Kuban ərazilərində bulqarlar güclənməyə
başlayıblar və Xan Orhan böyük əraziyə malik
güclü Böyük Bulqar dövləti qurub. Bu dövlətin
sərhədləri indiki Kiyevədək uzanırdı. 619-cu
ildə Xan Orhan oğlu Qubratla bərabər, Konstantinopolda
xristianlığı qəbul etmiş, Vizantiya ilə müttəfiqlik
müqaviləsi imzalamışdı. Xan Qubratın
ölümündən sonra bu böyük dövlət onun
oğlanları arasında uluslara (ordalara) bölündü.
Oğlanlardan Asparux Dunayda Bolqar çarlığının əsasını
qoymuş, digər oğul Kotraqa Volqa
Bulqarlığını, üçüncü oğul
Macarıstanda Peşt şəhərini salmış,
böyük oğlu Bayan Kuban və Şimali Don ətrafında
qalmışdı.
VII əsrin ortalarında Xəzər dənizi ətrafında
güclənən Xəzər xaqanlığı Bulqar
xanı Bayanla federativ əlaqələr qurmuş, bölgədə
güclü bir qüvvəyə çevrilmişdi. VIII əsrin
axırlarında Xəzər xaqanı Obadiyin iudaizmi dövlət
dini kimi qəbul etməsi xaqanlığın tərkibindəki
alan bulqarların bir qisminin ciddi etirazını doğurmuş
və onlar Xəzər xaqanlığından ayrılıb Rus
xaqanlığını qurmuşlar. Ruslar tanınmış
alan tayfaları idilər, 830-cu ildə xəzərlərlə
döyüşdə məğlub olub şimala çəkilmiş
və indiki Kiyevin yerində xaqanlıq yaratmışlar.
839-cu ildə Bertin salnaməsi (Annales Bertiniani) hakimləri
"Xaqan" titulu daşıyan Ros xalqının nümayəndələrinin
I Lüdovikin yanına gəldikləri barədə məlumat
verib. Bu xaqanlıq sonralar Ukrayna dövlətçiliyinin ilk təməli
olan Kiyev Rus dövlətinin sələfi olub. Kiyevin ilk hakimləri
də özlərini məhz xaqan adlandırıblar.
Qəbul olunmuş rəvayətə görə, xəzərlərdən
ayrılıb bu bölgəyə gələn Kiy, Xoriv,
Şek qardaşları və onların bacısı Libid
indiki Kiyev ərazisində məskən salmışlar, Kiyin
adı ilə bu məntəqə Kiyev adlanıb (bu, "Kiyin
evi" kimi şərh edilə bilər). Bəzi tarixçilər
həmin qardaşların əsl-kökünün Bulqar
xanı Qubratla bağlı olduğunu güman edirlər. Kiyev
xaqanları bölgədəki qıpçaqlar, peçeneqlər
və digər türk etnosları ilə sıx təmaslarda və
qohumluq münasibətlərində olmuşlar, eyni zamanda
Avropa ilə də əlaqə saxlamışlar.
860-866-cı illərdə xaqan Askold Konstantinopola
yürüşlər etmiş, bac alaraq
dönmüşdü. Onun zamanında Kiyev Rus artıq bir
güclü dövlət olaraq formalaşmışdı.
882-ci ildə dövlət çevrilişi nəticəsində
şimaldan axınla gələn varyaq Rürikin nəslindən
olan Oleq Kiyev Rusa hakim olmuşdu. Oleqin varisi Iqorun hakimiyyəti
(912-945) zamanı onun qoşunları 914-cü ildə Azərbaycanın
Dərbənd, Şirvan, Bərdə şəhərlərinə
basqınlar etmiş, qarət və talanlar törətmiş,
lakin bu bölgədə qala bilməmişdilər.
Talanmış mallar və əsirlərlə geri qayıdan 50
minlik qoşunu Xəzər Xaqanlığının ordusu
darmadağın edib. Yalnız beş min nəfərlə
qaçıb canlarını qurtarmağa çalışan
rus qoşunları sonrakı onilliklər ərzində Azərbaycana
basqın etməkdən çəkinmişlər. Bu barədə
məşhur ərəb tarixçisi Məsudi məlumat
verib. Bundan sonrakı illərdə Kiyev tacirləri Azərbaycanla
ticarət əlaqələrinin genişləndirilməsinə
daha çox maraq göstəriblər, tacirlərin
qarşılıqlı əlaqələri əlverişli mal
mübadiləsinə, ardınca isə mədəni-iqtisadi əlaqələrin
artmasına səbəb olub.
964-966-cı illərdə İqorla Olqanın oğlu
knyaz Svyatoslav Kiyev knyazlığını daha da möhkəmləndirmiş,
bulqarları və xəzərləri məğlub etmiş,
bundan sonra Xəzər xaqanlığı süqut etmişdi.
X əsrdə artıq Kiyev Rus bir dövlət kimi
güclənmiş, 988-ci ildə isə xristianlığı
qəbul etmişdi. Rəvayətə görə, knyaz Vladimir
(980-1015) yəhudi, xristian və müsəlman ruhanilərini dəvət
edib onlardan öz dinlərini şərh etməyi istəmişdi.
Onları dinlədikdən sonra islamı daha məqbul hesab
etdiyini bildirmiş, lakin hər gün nizamlı ibadət,
içkinin və donuz ətinin qadağası onu çəkindirmiş,
xristianlığın da iudaizmə nisbətən daha az məhdudiyyətlər
qoyduğuna görə ona üstünlük vermişdi. Kiyevdə
İdarəetmə Kadrlarının Regionlararası
Akademiyasının (MAUP) ərazisində bu rəvayəti təsvir
edən maraqlı abidə də vardır.
Ukrayna tarixçilərinin fikrincə, belə bir
tarixi şəraitdə tarix səhnəsinə çıxan
Kiyev Rus dövlətinin ondan təqribən üç əsr
sonra formalaşan Moskva çarlığı ilə heç
bir əlaqəsi olmayıb. Professor Yaroslav Daşkeviçin
fikrincə, Moskvanın Yuri Dolqoruki tərəfindən 1147-ci
ildə salındığı iddiası heç bir sənədə
əsaslanmır. Moskal torpağının (sonralar Moskoviy
adlanmışdır) adı ilk dəfə 1277-ci ildə
Qızıl Ordanın ulusu kimi Ordanın
üçüncü siyahıyaalmasında çəkilib.
Maraqlıdır ki, bundan əvvəlki 1237-38-ci illərdəki
birinci, 1254-59-cu illərdəki ikinci siyahıyaalmada bu ad
çəkilmir.
Ukrayna tarixçilərinin fikrincə, Kiyev Rus tipik
Ukrayna dövləti olub. Professor Daşkeviçin qənaətinə
görə, Ukrayna xalqının bir millət kimi
formalaşması 11-12-ci əsrlərdə baş verib və
indiki ruslarla onun bağlılığı olmayıb. IX-XIII əsrlərdə
yüzdən çox şəhərin olduğu bu bölgədə
yarım milyondan çox əhali yaşayırdı. Kiyev rus
dövlətinin paytaxtı Kiyev monqol-tatarların
işğalınadək siyasi, iqtisadi və mədəni mərkəz
kimi aparıcı rol oynayırdı.
1218-ci ildə Cəbə və Sabutayın
başçılığı ilə 30 minlik monqol ordusu
Qafqazı işğal etdikdən sonra Don sahillərində
qıpçaqlarla döyüşə girdilər. Bu zaman
monqolların elçi heyəti Kiyevə gələrək
qıpçaqlara kömək etməmələri və tərəfsiz
qalmaqları müqabilində Kiyevə sülh təklif etdilər.
Lakin qıpçaqlarla sıx qohumluq əlaqələrinə
malik olan knyazların yığıncağı
qıpçaqlara kömək etmək qərarını qəbul
etdi və monqol elçiləri qətl edildi. Bu,
monqol-tatarlarda işğal niyyəti ilə yanaşı, kəskin
qisas hissini də qızışdırmış oldu və
1223-cü ildə knyazların və qıpçaqların
birləşmiş ordusu Cəbə və Sabutay tərəfindən
ağır məğlubiyyətə uğradıldı.
1240-cı ilin payızında Batının ordusunun
Kiyevə hücumu başladı və dekabrın 6-da şəhərin
son müdafiəçiləri də həlak olandan sonra Kiyev
işğal olundu. 50 minlik əhalinin yalnız 2 min nəfəri
sağ qaldı.
1239-cu ildə monqol-tatarlar Menqu xanın
başçılığında qıpçaqların
müqavimətini qırıb bütün Krımı ələ
keçirdilər. Ukrayna tarixçilərinin fikrincə,
burada qədim türklərin -karaimlərin, skiflərin,
sarmatların, alanların, qıpçaqların, həmçinin qotların törəmələrindən
türkdilli etnos olan krım tatar xalqı
formalaşmışdı. 1313-cü ildə Krımın
hakimi Özbək xan (Uzbekxan) islamı qəbul etmiş və
Solxatda möhtəşəm Cümə məscidi
tikdirmişdi. 1395-ci ildə Krıma Əmir Teymurun qoşunu
hücum etmiş, lakin burada möhkəmlənib
qalmamışdı.
1428-ci ildə Krım yurdunun hakimi, Çingiz xan nəslinin
11-ci törəməsi Hacı Girey özünü
Krımın xanı elan etmiş və Qızıl Ordadan
asılılığa son qoymuşdu. Bu zamanadək Qara dənizin
şimal qismi əraziləri Qızıl Orda adı ilə
Çingiz xanın oğlu Cucinin ulus-yurtuna daxil idi. 39 illik
hakimiyyəti dövründə Hacı Girey Krım
xanlığını müstəqil dövlətə
çevirə bilmişdi. Bir qədər sonra, 1475-ci ildə Krım
Osmanlı imperiyası tərəfindən tutulmuş, lakin
öz idarəçilik müstəqilliyini axıradək
qoruyub saxlamışdı. 1482-ci ildə Krım xanı Menqli
Girey Kiyevə hücum etmiş, şəhəri qarət və
talan etmişdi. Sonrakı illərdə də Krım
tatarlarının Ukraynaya yürüşləri olmuşdu.
Litva və Polşa Ukraynanın Osmanlı türkləri və
Krım tatarlarının hücumlarından qoruya bilməmiş,
nəticədə Osmanlı dövləti birgə fəaliyyət
göstərən bu iki dövləti Qara dəniz sahillərindən
sıxışdırıb çıxarmış, beləliklə,
Ukraynanın bütün cənub torpaqları, Qara dəniz və
Azov dənizinin şimal sahil əraziləri XVIII əsrin 70-ci
illərinədək türk-tatar hakimiyyətinə mənsub
olmuşdu.
1547-ci ildə İvan Qroznı ilk dəfə kilsə
mərasimində özünü Moskva çarı kimi təqdim
edəndən sonra Moskva çarlığı güclənməyə
başladı və öz nüfuz dairəsini genişləndirdi.
"Velikorus" torpaqlarını Moskva dövlətinə
birləşdirməyə nail olan III İvan o zaman Litvanın
tabeliyində olan Ukrayna və Belarus torpaqlarını da öz
hakimiyyətinə qatmağa cəhd etmişdi.
Bəzi tarixçilərin fikrincə, Kiyev Rusun Qədim
Rus kimi təqdim edilməsinin elmi əsası yoxdur, bu
adlandırma Moskva knyazlarının və
çarlarının siyasi niyyətlərinin və hədəflərinin
əsaslandırılması üçün XV əsrdən
işlədilib. Eyni zamanda, "Velikorus derjava"sının
Kiyev Rusun siyasi, mənəvi, mədəni-dini varisi olması
düşüncəsi də tamamilə əsassızdır.
Mixail Qruşevskiy "Rus tarixinin adi sxemi və şərqi
slavyanlar tarixinin rasional strukturu" məqaləsində bunu
elmi cəhətdən şərh edib.
Qeyd edilməlidir ki, XVI-XVII əsrlərdə Krım
xanlığı nəinki Ukraynanın, eləcə də
bütün regionun, həmçinin Avropanın siyasi həyatında
mühüm tarixi rol oynayıb. III İslam Girey (1644-1654) Boqdan
Xmelnitskinin polyaklara qarşı üsyanının müvəffəqiyyətində
həlledici rol oynamışdı. 1648-ci ildə hetman Boqdan
Xmelnitski oğlu Timofeylə birlikdə Baxçasaraya gəlib
İslam Gireydən kömək istəmişdi. Polşa ilə
müharibədə bütün böyük qələbələri
B.Xmelnitski Krım xanının göndərdiyi tatar
süvarilərinin hesabına qazanmışdı. 1649-cu ildə
Zborovski sülh traktatı imzalanmış, baş vəzir Səfər
Qazi Reç Pospolitanın böyük miqdarda təzminat və
illik vergi verməsinə nail olmuşdu. Məhz Krım
xanlığının etibarlı dəstəyi ilə Ukrayna
dövlətçiliyi kənar hücum və təzyiqlərə
davam gətirirdi.
1649-cu ilin əvvəlində B.Xmelnitski Ukraynanı
Reç Pospolitadan (Litva və Polşanın ittifaqı)
"qoparıb" müstəqil kazak dövlətini
qurmağı qərarlaşdırdı. Bunun
üçün ona etibarlı və güclü müttəfiqə
malik olmaq lazım idi. Bu məqsədlə də, Moskvaya -
çar Aleksey Mixayloviçin sarayına elçi göndərib Zaporojye Qoşununu çarın
himayə etməsini xahiş etdi. Elə şərait
yaranmışdı ki, polyaklara qarşı dura bilmək
üçün Xmelnitski həm Moskva çarı, həm də
Osmanlı sultanı ilə danışıqlar
aparırdı. Moskva cavab verməyə tələsmirdi,
Osmanlı dövləti isə az sonra Sultan IV Mehmedin
Osmanlı himayəsini nəzərdə tutan Fərmanını
göndərdi. Tələb olunan vassallıq şərtləri
hətta Krım xanlarına qoyulan şərtlərdən də
yüngül idi. Amma B.Xmelnitski son razılıq qərarını
verməyə tərəddüd edirdi, bu isə Moskvanı hərəkətə
gətirən amil oldu və 1653-cü ilin iyununda çar
Ukraynanı himayəyə götürmək barədə məlumat
göndərdi. 1654-cü ilin yanvarın 8-də Pereyaslavda
Boqdan Xmelnitski Ukraynanın Moskva tərəfindən himayəyə
alınmasını rəsmən qəbul etdi.
1721-ci il oktyabrın 22-də çar I Pyotr (1672-1725)
özünü Rusiya imperatoru elan etdi və bundan sonra isə
o, bütün Ukrayna torpaqlarının, Qara dəniz və Xəzər
hövzəsinin ələ keçirilməsi
üçün geniş hərbi hərəkatlara
başladı. Eyni zamanda, o zamandan Ukrayna tarixinin Rusiya tərəfindən
məqsədyönlü şəkildə
saxtalaşdırılaraq mənimsənilməsinə da rəvac verildi. XVIII əsrin
ikinci yarısında Rusiyada II Yekaterinanın (1729-1796) hakimiyyətə
gəlməsi ilə Ukraynada, eləcə də bütün
Qara dəniz və Xəzər dənizi hövzəsində
tamamilə yeni siyasi vəziyyət yarandı. 1768-ci ildə
Osmanlı dövləti ilə birlikdə Krım
xanlığı da Rusiya imperiyası ilə müharibəyə
qoşuldu. Osmanlı dövləti Krımdakı,
bütövlükdə Qara dənizin şimal sahillərindəki
mövqelərini bir-bir itirdi və nəhayət, 1783-cü
ildə Krım xanlığının Rusiya tərəfindən
ləğv edilib Rusiyaya birləşdirilməsi faktını
tanımağa məcbur oldu. Rusiya imperatorluğu Ukraynadakı
milli dövlət qurumları olan Hetmanlığı və
Zaporojye Secini ləğv etdi və Qara dəniz boyunca
Ukraynanın şimal torpaqlarında Novorossiysk əyaləti
qurdu. Ukrayna xalqının tarixi və taleyi artıq yeni tələblər
şəraitində müəyyənləşməyə
başladı.
Çar Rusiyasını tarixə qovuşduran 1917-ci
ilin fevral inqilabından sonra bu imperiyanın təsir dairəsində
olan böyük bir coğrafiyada baş verən siyasi dəyişikliklər
Ukraynada da baş verdi. Ümumiyyətlə, 1917-1920-ci illər
Ukraynada milli-demokratik hərəkat dövrüdür. UMR
qurultay keçirib Mərkəzi Radanın
başçılığında Ukraynanı Rusiyanın tərkibində
muxtariyyat statusunu qəbul etdi. Rusiyada oktyabrın 25-də
bolşeviklərin hakimiyyəti çevrilişlə ələ
keçirməsi vəziyyəti dəyişdi. Müvəqqəti
hökumətin devrildiyi bildirilən "Rusiya vətəndaşlarına"
Müraciətdən sonra Ukraynada Mərkəzi Radası Ukrayna Xalq Respublikasının
yaradıldığını elan etdi. UMR Kiyev bolşeviklərinin
çağırışlarına məhəl qoymadı və
bolşevik çevrilişini ittiham etdi. Kiyevdəki müxtəlif
forumlarda azlıqda qalan bolşeviklər Xarkova
toplaşdılar, burada 11-12 dekabrda Ukrayna Xalq
Respublikasının yarandığını və burada sovet
hakimiyyətinin qurulduğunu elan etdilər. Mərkəzi
İcraiyyə Komitəsi seçərək Mərkəzi
Radanın ləğv edildiyini bəyan etdilər.
Belə bir mürəkkəb şəraitdə Mərkəzi
Rada Ukraynanın Xüsusi Müdafiə Komitəsi yaradaraq 11
yanvar 1918-ci ildə UXR-nın müstəqilliyini bəyan etdi
və bolşevik hücumuna qarşı ordu yaratmağa
başladı. 1918-ci ilin fevralın 9-da Brestdə UXR, Almaniya,
Avstriya-Macarıstan və Sovet Rusiyası arasında Sülh
müqaviləsi imzalandı. Müqaviləyə görə,
8-14 fevral 1918-ci il tarixlərində alman, Avstriya-macar
qoşunları Ukrayna ərazilərinə daxil oldular və
bütün ərazidə nəzarəti ələ
keçirdilər. Aprelin sonunda MR son iclasını
keçirdi və fəaliyyətini dayandırdı. Hetman
P.Skoropadski bütün Ukrayna xalqına müraciət edərək
öz rəhbərliyində bundan sonra "Ukrayna Dövləti"
adlandırılacaq yeni qurumun təşkilini bildirdi. 1918-in
oktyabrında Kiyevdə Ukrayna Dövləti ilə Sovet
Rusiyası arasında danışıqlar başladı, 12
iyunda ilkin sülh müqaviləsi bağlandı. Almaniya və
Avstriya-Macarıstan da Ukrayna Dövlətini tanıdılar.
Hetman ukrainlaşdırma siyasəti yeridirdi, tezliklə
"Ukrayna dili və ədəbiyyatının icbari öyrənilməsi
haqqında" qanun qəbul etdi, Kiyevin, Odessanın, Xarkovun
universitetlərində Ukrayna dili, ədəbiyyatı,
hüququ, tarixi kafedraları yaradıldı, noyabrda Ukrayna Elmlər
Akademiyasının yaradılması haqqında qanun qəbul
etdi. Amma Birinci Dünya müharibəsində Almaniya və
müttəfiqlərinin məğlubiyyəti Skoropadskini xarici
dəstəkdən məhrum etdi, onların orduları ölkəni
tərk etdilər. Hetman "Bütün Ukrayna vətəndaşlarına
Müraciət" edərək hökumət kursunun
Ümumrusiya federasiyası yönünə dəyişdiyini bəyan
etdi və siyasətdən çəkildi.
1918-ci il noyabrın 18-də V.Vinniçenkonun sədrliyi
ilə Hetmanlığı əvəz edəcək beş nəfərlik
(S.Petlyura, P.Andriyevski, A.Makarenko, F.Şvets) Direktoriya təsis
edildi. Direktoriya paytaxta daxil oldu, Ukyayna Xalq Respublikasının
bərpa olunduğu bildirildi. Amma bu, uzun sürmədi,
çünki Rusiya hökuməti dekabrın 24-də Brest
sülhünü ləğv etdiyini elan edib bundan sonra
Ukraynanın müstəqilliyini tanımadığını
elan etdi. Qırmızı Ordunun təzyiqi ilə Antanta
qoşunları Xerson, Nikolayev və Odessanı tərk etdilər.
6 yanvar 1919-cu ildə Ukraynanın müvəqqəti fəhlə-kəndli
hökuməti ölkənin bundan sonra Ukrayna Sosialist Sovet
Respublikası (USSR) adlanacağını bəyan etdi. Rusiya
Kommunist bolşevik Partiyası X.Rakovskinin sədrliyində
Ukrayna hökumətini - Sovnarkomunu yaratdı.
Antantanın dəstəklədiyi Denikin antibolşevik
qüvvələri səfərbər edib 1919-cu ilin mayında
Luqansk və Donbası, iyunda isə Xarkovu və Poltavanı ələ
keçirdi. Moskvaya hücuma hazırlaşmağa
başladı. P.Vrangelin qoşunları Volqa-Don boyunca hərəkətə
keçdi. Denikininin könüllü ordusu Ekaterinoslavı,
Kiyevi, Nikolayevi, Odessanı tutdu. Bolşevik hökuməti
Kiyevi tərk etməli oldu. Denikininin hakimiyyəti 1919-cu ilin
payızınadək sürdü, ölkənin
"Ukrayna" adı dəyişdirilib "Cənub
Rusiya" adlandırıldı. 1919-cu ilin noyabrından Sovet
Rusiyasının yaratdığı cənub cəbhəsi
yerli partizan dəstələrinin də köməyi ilə
Çerniqovu, sonra Xarkov və Poltavanı, 16 dekabrda isə
Kiyevi geri aldı. Bundan əvvəl 4 dekabrda Leninin təşəbbüsü
ilə bolşeviklərin ümumrusiya konfransında
"Ukraynada sovet hakimiyyəti qurulduğu" barəsində
qətnamə qəbul edildi. 1920-ci ilin aprelində
Polşanın 150 minlik ordusu Ukrayna uğrunda müharibəyə
başladı, lakin Sovet qoşunları onları geri
oturtmağa nail oldu və 1920-ci il oktyabrın 12-də Rusiya ilə
Polşa arasında sülh razılığına gəlindi.
1921-ci il martın 18-də Riqada Sülh Müqaviləsi
imzalandı. Qərbi Ukrayna və Qərbi Belarusiya Polşaya
keçdi. Ukraynanın sonrakı siyasi taleyi isə digər
qonşu xalqlar kimi, SSRİ adı ilə canlandırılan
yeni Rusiya ilə bağlandı. Qonşu və qohum xalqlarla
tarixən formalaşmış ənənəvi əlaqələr
də məhdudlaşdırılıb dar bir çərçivəyə
salındı. Lakin 1991-ci ildə müstəqillik əldə
ediləndən sonra Ukrayna dövlətinin və
xalqının Azərbaycan Respublikası, Türkiyə
Cümhuriyyəti, eləcə də digər türk dövlətləri
və xalqları ilə münasibətləri tarixi ənənələr
üzərində, yeni məcrada inkişaf etməyə
başladı.
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet .- 2025.- 10 dekabr (№225).- S.12-13