“Susaraq danışan şair”in yeni
kitabı
“İmza: Xəyalə Sevil” - “Elm və təhsil” nəşriyyatında
çıxan kitabın adı müəllifini, müəllifi
adını nişan verir. - Belə, adlandırma heç də
tez-tez rast gəlinən hal deyil və şair Xəyalə
Sevilin uğurlu tapıntısı kimi diqqəti cəlb edir.
252 səhifəlik kitab, şairin ovqatından
yoğrulan səmimi duyğuları, sevgi fəlsəfəsini
və şeirin əzəli-əbədi digər
mövzularına zərif toxunuşları, ifadələri və
ifadəlilikləri özündə birləşdirən
“poetik gündəlik” təsiri bağışlayır.
Kitabın redaktoru tanınmış şair-publisist Əkbər
Qoşalıdır.
Kitabdakı şeirlər insanın iç
dünyasını - sevincini, kədərini, təlatümünü,
Tanrıya pənahını, müharibədən qalan izləri
və qadın qəlbinin mürəkkəb
psixologiyasını yığcam, aydın və səmimi ifadə
tərzi ilə təqdim edir. Müəllifin duyğulara
köklənən poetik dili oxucunu bir anda həm özünə
çəkir, həm də düşündürür.
Əsərin ön sözündə qeyd edildiyi kimi, Xəyalə
Sevilin yaradıcılığı ən yeni gənc nəsil
Azərbaycan poeziyasında “qadın sözünün
yığcam, ancaq güclü təcəssümü” kimi fərqlənir.
Onun misralarında həm yaşanmış sevginin izləri, həm
də həsrətin səssiz fəryadı, müharibədən
dönməyən oğulların nisgili, Tanrı ilə
dialoqun səmimiyyəti duyulur.
Kitabda yer alan şeirlərdən bəziləri
insanın içdən qırılma nöqtələrini, bəziləri
isə ümidin körpə işığını önə
çıxarır. Oxucu hər misrada öz həyatından,
öz keçidlərindən pay tapır. Bu da kitabın əsas
məziyyətlərindən biridir - ümumi duyğunu şəxsi
ovqata çevirməyi bacaran poetik güc…
Nəşr, həm poeziya həvəskarları, həm
də çağdaş Azərbaycan ədəbiyyatının
yeni imzalarını araşdıranlar üçün diqqətəlayiq
bir ədəbi örnək sayıla bilər.
***
Əkbər Qoşalının
“İmza: Xəyalə Sevil”ə yazdığı
önsözü oxucularla bölüşürük:
“Hissim sönəndən bəri,
Bildinmi heç nə çəkdim
Mən səndən, Səndən bəri”?..
Şeir - sözün könüllərə çəkdiyi
yoldur, ədəbiyyat o sözü, o yolu “xəritəşdirir”...
O yolu açan, o yolu zənginləşdirən, o yolla
yürüyən və xəritələşdirən ən əsas
ulusların ön cərgəsində bizim ulusun şərəfli,
məsuliyyətli yeri, rolu vardır, əlbəttə. Əlbəttə,
kişi-qadın ayrımı yapmadan, yalnız üsul və
üslub gərəyi, onu da vurğulayım: Azərbaycan
poeziyasında bu plan “bərabər yürüdük biz bu
yollarda” örnəyindədir… Günümüzdə bu yolun
(necə deyərlər) gənclik qolunun səssiz, amma inadkar
yolçularından biri də Xəyalə Sevildir. Əlinizdəki
kitab - sanki, bir adı da “Canımın sözü…
Sözümün canı” olan “İmza: Xəyalə
Sevil“ onun içsəsini oxucuyla bölüşdüyü
poetik zaman dilimidir. Bu səs nə qışqırır, nə
də pıçıldayır - bu səs, yaşanmış
bir ömrün “özünüz başa düşərsiz”
umudlu, səssiz danışığıdır. Sanki, içəri
dərinliyi, dərindəki işığı, işıqda
titrəyən kədəri və sevinci oxucuya “eşitmək
istəyirsənsə - oxu” deyir... Onsuz da, “Lampada titrəyən
alov üşüyür” (Əbdürrahim Qaraqoç)… Xəyalə
Sevilin şeiri yeni nəsil Azərbaycan şeirində
qadın sözünün yığcam, ancaq güclü təcəssümüdür.
O, klassik gələnəkdən öz payını alıb,
amma bu payı çağdaş qadın duyğusunun,
zamanın qabarıq xətlərinə bələyib bizə
təqdim edir. Örnəyi, bax bu misralarında həm
yaşanmış sevginin izləri var, həm də yaşamaq
istənilən xoşbəxtliyin ümidi:
“Gözlərimdən axıb getdi,
Ürək bir ovuc su
idi”…
O, qadının yalnız duyğular içində
boğulmadığını, həm də o duyğulardan
keçərək formalaşdığını göstərir.
Şeirlərinin birində isə belə deyir:
“Bir az süslənim, nazlanım,
Payızdan
çıxım, yazlanım”…
Bu misralarda qadınlığın çiçəklənməsi,
kəpənəklərin (bəlkə) gecikmiş
uçuşu, həyatla ahəng axtarışı var. Amma bu
axtarış heç zaman səthi deyil, iç gücün
ifadəsidir. Xəyalə Sevil oxucunu dil oyunu ilə deyil, səmimiyyətin
dürüst səsi ilə inandırır. Onun poetik qələmi
zamanın zəif anlarını tutmağı bacarır.
Çox zaman bir kədərin qısa təsviri ilə
böyük həqiqətləri söyləyir:
“Özün çıxıb getmisən,
Bu seçimdi, əzizim”…
Bu kitabda müharibədən qayıtmayan oğullar da
var, yaşanmamış sevginin qəlbi də, Tanrıyla
dialoq da. Bütün bunlar - bir qadının içində
yaşadığı topluma həm ünvan, həm də
cavab deyilmi?.. Şairin bəzən
pıçıldadığı, bəzən isə haray
çəkdiyi mövzular - ayrılıq, sevgi, Tanrı,
ölüm, həsrət… - bəlkə sadə görünə
bilər; lakin bu sadəlikdə bir sözün ağuşuna
sığınmış poetik düşüncə var. Və
bu düşüncə şeirə çevrilərkən
öz “can”ını da içində daşıyır:
“Ürəyim çarpayındı”… “Tanrı, mən səni
sevirəm”! Belə şeirlərdə təkcə bir
şairin qələmi deyil, bir ananın baxışı, bir
tənha qadın obrazı, bir ruhun ümid axtarışı,
bir ulusun yaddaşı danışır. Ona görə də
bu kitab, təkcə şeir kitabı deyil - bu, bir ovqat gündəliyi,
ömür tərcümanlığıdır. Oxuduqca
tanıyırsan, düşündükcə
yaxınlaşırsan, dinlədikcə… öz səsini
eşidirsən. …Və bir də:
“Bu eşqin
ağrıyan yeriyəm, nəyəm?
Mən sənsiz dəlinin
biriyəm, nəyəm”?
Bu cümlə, şairin özü haqqında dediyi qədər
bir çox qələmdaşının haqqında da deyilmi?
Xanım şairin bəzi şeirlərindən misralara
vurğu etdik, indi isə bir şeirini bütöv incələyək:
İndən belə sən də lazım deyilsən,
Qırılmışam, tökülmüşəm,
qəmliyəm.
Sən ki mənim alın yazım deyilsən,
Vaxt lazımdı ki, özümü cəmliyəm.
Nəyin var ki? - Sözünü tutmağın yox,
Məni yaxşı unutmağın var sənin.
Ürəyimin heç xeyrini görmədim,
Ürəyimdən topladığım bar sənin…
Bu gecə də özün yoxsan, sözün var,
Sən bilməzsən, susub danışmaq olur.
Salamımız-sağolumuz yerində,
Görürsənmi? Küsüb danışmaq olur.
- “İnnən belə sən də lazım deyilsən,
Qırılmışam, tökülmüşəm,
qəmliyəm”…
- İçsəl dağınıqlıq, emosional
yüklənmə, özünün də daşıya bilmədiyi
bir qırılma nöqtəsidir, sanki?.. “Qəmliyəm”
sözüysə bu halın üzərindəki
örtükdür, yəqin - sadə, amma dərin…
“Sən ki mənim alın yazım deyilsən,
Vaxt lazımdı ki,
özümü cəmliyəm”…
- Necə deyərlər, misravi gərilmə, gərginlik
var burada. Burada müəllif bir qismətdən imtina edib-etməmə
durumunu götür-qoy edir, sanki. “Vaxt lazımdı” deməklə,
həm zamanla xoşqılıq ağrıdan
qurtulacağına umud edir, həm də indi zərifliyin təntənəsində
olduğu, lakin toparlanacağı fikrinin təlqini öz
gücünü qoruyur. Bu, qadın şeirinə xas bir sərzənişdir.
“Nəyin var ki? Sözünü tutmağın yox,
Məni yaxşı
unutmağın var sənin”.
- Burda da misravi gərginlik var - öz yerində.
Yarımaçıq və ortasərtlikli tənqiddir bu.
Qarşı tərəfə güvənin sözdə itib,
özdə itməməsi portretini canlandırır bu
misralar... Burada şair qarşı tərəfə ərk
edir, amma sətiraltı olaraq dəyər verdiyini də gizlədə
bilmir, el diliylə desək, bir azca da ərkələnir...
“Ürəyimin heç xeyrini görmədim,
Ürəyimdən
topladığım bar sənin”…
- Sevgi ilə verilmiş hər şeyin
qarşılıqsız qalması, şairin öz dəruni
hisslərinin, könül zəhmətinin bəhrəsini
gözləməkdən yorulmuşluq vurğusu var. “Bar sənin”
- yəni sevgisinin, hisslərinin bəhrəsi qarşı tərəfə
qalır - ən güvənli adresə...
“Bu gecə də özün yoxsan, sözün var,
Sən bilməzsən,
susub danışmaq olur”.
- Burada “sözlərin var, özün yoxsan” ifadəsi,
necə deyərlər, emosional məsafəni vurğulayır.
Hissiyatın vulkan olduğu bir vaxtda, sevdiyi adamın fiziki və
ya ruhən yoxluğu ifadə olunub. “Susub danışmaq olur”
isə dərin bir poetik paradoksdur - içində
fırtına qopsa da, dilə gətirməmək,
ağrını səssiz daşımaq incəsənəti yəni...
Şair bu sənətə bələddir...
“Salamımız-sağolumuz yerində,
Görürsənmi?
Küsüb danışmaq olur”.
- İronik bir sükutun içində ikitərəfli
qanadlımı? - qanadlı, umudlumu?-umudlu münasibət hələ
yaşanır... Bununla belə, içində böyük bir
sükutla “danışmaq” var - yəni sükutun özü
danışır, küsülülük artıq bir ilətişim
formasıdır. Burada münasibətin bitmədiyi, bitəməyəcəyi,
amma olmalıların bir an öncə olması istəyi
açıq şəkildə görünür. Ümumən
şeirə hakim olan sətiraltı duyğular: - Şairin
özünəxas zərif ərki: sanki, öz-özünə
yaralanmış bir sevgi və o sevgiyə bələnmiş
çox şey... - Qəbul və dirənişin
qarışımı: “Artıq sən lazım deyilsən”
deyir, amma dediyinin arxasında bir böyük
“kaşşş!” var!.. - Sükutun dili: Sözlərdən
daha çox, danışılmayanlar şeir boyunca
çağırır, çağırır... - Müəllifanə
tənha qadınlıq: Təkliyin içində bir qut
güc və gözəl gözlənən bir xoş məğlubiyyət
hissi var… Belə şeir yazana nə deyərlər? - Deyərlər:
günün ağ olsun! “İmza: Xəyalə Sevil” - həm
sözə can verən, həm də canla yazılan
kitabdır.
Şeirə, yazıya, kitaba umud ilə…
525-ci qəzet .- 2025.- 10 dekabr (¹225).- S.11.