"Pan-Amerika Birliyi"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Zinarə Qəmbərovadır.
Müsahibimizlə dünyaca məşhur rəssam Dieqo
Riveranın "Pan-Amerika Birliyi" əsərindən
danışmışıq.
Dieqo Rivera (1886-1957) Meksika monumental divar rəsmi məktəbinin
ən tanınmış nümayəndələrindəndir.
O, Avropada - İspaniya, Fransa və İtaliyada sənət təhsili
alıb və kubizm, realizm kimi cərəyanlardan ilhamlanıb.
Meksikaya qayıtdıqdan sonra monumental mural sənətini yenidən
dirçəltmiş və sosial mövzulu əsərlərlə
böyük şöhrət qazanmışdı. Onun
yaradıcılığının mərkəzində
xalqın tarixi, əmək adamı, sənayeləşmə
və sosial bərabərlik ideyaları dayanır. Rivera sənəti
geniş kütləyə çatdırmaq üçün
monumental divar rəsmlərini ən təsirli vasitə hesab
edirdi. O, həm Meksikada, həm də ABŞ-da böyük
miqyaslı murallar yaratmışdı. Rivera məşhur rəssam
Frida Kahlonun həyat yoldaşı idi və hər iki rəssam
XX əsr sənətinə böyük təsir göstərib.
- Əsərin yaranma
tarixçəsi haqqında hansı məqamlar məlumdur?
- "Pan-American Unity" 1940-cı ildə San-Fransiskoda
keçirilən Qızıl Qapı Beynəlxalq Sərgisinin
sifarişi ilə yaradılıb. Rivera əsəri
açıq studiyada, tamaşaçıların gözü
qarşısında çəkib və bu proses böyük
marağa səbəb olub. Əsər Şimali və Cənubi
Amerikanın mədəni birliyini, əməkdaşlığını
və ortaq inkişaf ideyasını simvolizə edir. Muralda həm
Meksikanın qədim mədəniyyəti, həm də
müasir sənaye motivləri birlikdə təqdim olunur. Sənətkar
bu əsərdə həm texnoloji tərəqqinin
gücünü, həm də siyasi münaqişələrin
yaratdığı fəlakətləri göstərmək
istəyirdi. Sözügedən iş həm ideoloji, həm
tarixi, həm də humanist mesajlarla zəngindir.
"Pan-American Unity" muralı hazırda
ABŞ-ın San-Fransisko Şəhər Kollecində - City
College of San Francisco, Diego Rivera Theatre binasında
saxlanılır.
- Əsərin rəng həlli necədir?
- Murala parlaq, kontrastlı rənglərin sərbəst
istifadəsi xasdır. Üst hissədə açıq
yaşıl, mavi, torpaq çalarları sakit və
işıqlı atmosfer yaradır. Aşağı hissədə
isə tünd, qırmızı, boz və qara tonlarda dramatik
və təhlükəli səhnələr təsvir edilir.
Rivera rəngləri həm emosional, həm də simvolik məqsədlə
seçir. Rənglərin bu qarşıdurması əsərin
əsas mesajını - tərəqqi və dağıntı
arasındakı fərqi vizual şəkildə
vurğulayır.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsər iki əsas kompozisiya zonası üzərində
qurulub: yuxarı hissə sülh, əmək və sənaye
inkişafını, aşağı hissə isə
müharibə, zorakılıq və totalitar rejimlərin
simvolik təsvirlərini əks etdirir. Kompozisiya
çoxfiqurludur, səhnələr mozaikvari şəkildə
birləşir. Yuxarı hissədə işçilər,
mühəndislər, texniki proseslər və şəhər
mənzərələri ardıcıl şəkildə təqdim
olunur. Aşağı hissədə isə
qarışıqlıq, müharibə və insan faciəsi
dinamik quruluşla təsvir edilib. Rivera səhnələr
arasında güclü vizual axın yaradaraq
tamaşaçını bütün kompozisiya boyunca hərəkət
etdirir. "Pan-American Unity" muralı hazırda
ABŞ-ın San-Fransisko Şəhər Kollecində - City
College of San Francisco, Diego Rivera Theatre binasında
saxlanılır.
- Bu iş rəssamın digər əsərləri ilə
hansı oxşar və fərqli cəhətlərə
sahibdir?
- Sosial mövzular, əmək adamının
obrazı, tarixi və siyasi motivlər Riveranın bütün
monumental əsərlərinə xasdır. Çoxlaylı,
çoxfiqurlu kompozisiya onun əsas üslub xüsusiyyətlərindəndir.
Rənglərin açıq, ifadəli və simvolik istifadəsi
Riveranın bütün murallarında müşahidə olunur.
Bu mural Riveranın ən geniş məzmunlu beynəlxalq
mövzulu işlərindən biridir. Əsərdə Meksika
ilə yanaşı, ABŞ sənayesi və texnologiyası
paralel şəkildə verilir. Aşağı hissədəki
siyasi satira və totalitar rejimlərin tənqidi digər əsərlərə
nisbətən daha kəskindir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsər insan əməyinin gücünü,
ölkələr arasında əməkdaşlığın
və mədəni birliyin əhəmiyyətini
vurğulayır. Rivera göstərir ki, tərəqqi
yalnız sülh, əmək və həmrəyliklə
mümkündür. Mural müharibə və
zorakılığın yaratdığı fəlakətləri
sərt şəkildə tənqid edir. O, insanlığı
sülhə, humanizmə və düzgün idarə olunan
texnoloji inkişaf yoluna dəvət edir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 10 dekabr (№225).- S.11.