Ağdaşda Fikrət
Qocanın 90 illiyi qeyd olundu
525.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində
təşkil edilən "Şair nəğmə kimi gəlir
cahana" adlı tədbirə ədəbi ictimaiyyətin
tanınmış simaları, dövlət rəsmiləri və
şairin ailə üzvləri qatılıb.
Yubiley mərasimində Ağdaş Rayon İcra
Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və
rayon rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir
Rüstəmxanlı, Mətbuat Şurasının sədri Rəşad
Məcid, eləcə də bölgənin ziyalıları
iştirak ediblər.
“Fikrət Qoca Ağdaşın adını həmişə
uca tutub”
Ağdaş Rayon İcra Hakimiyyəti
başçısının müavini Aynur Novruzova çıxışında
Prezident İlham Əliyevin Fikrət Qocanın 90 illiyinin qeyd
olunması ilə bağlı sərəncamının
xüsusi əhəmiyyətini vurğulayıb:
“Fikrət Qoca doğulduğu Ağdaşın
adını həmişə uca tutub. Onun
yaradıcılığı rayonun ədəbi mühitinə,
gənclərin ədəbiyyata marağının
artmasına və təhsilə diqqətin yüksəlməsinə
böyük təsir göstərib.”
Anar: “O mənim ən etibarlı dostum idi”
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar tədbirdə
çıxış edərək Fikrət Qocanı həm
dost, həm də böyük şair kimi yad edib:
“Qocalığın bir əlaməti odur ki, səni
kürsüyə qolundan yapışıb qaldırırlar,
cavanlığın əlaməti isə danışmaq istəyirsən.
Bu baxımdan mən həm qocayam, həm də cavanam. “Qoca”
deyəndə ilk ağlıma gələn Fikrət
Qocadır. O da həm qoca idi, həm də cavan”.
Anar şairin yaradıcılığının
populyarlığını belə ifadə edib:
“Onun sözləri o qədər sevilirdi ki, bəstəkarlar
şeirlərinə saysız-hesabsız mahnılar bəstələyirdilər.
Ağdaşlıları təbrik edirəm ki, bu torpaq
çox tanınmış şəxsiyyətlər
yetişdirib və onların içində ən parlaq
simalardan biri də Fikrət Qocadır. O, mənim ən
etibarlı dostum idi.”
Sabir Rüstəmxanlı: “Söz onun əlində mum
kimi idi”
Xalq şairi Sabir Rüstəmxanlı
çıxışında Fikrət Qocanın
poeziyasını yüksək dəyərləndirərək
onun insan kimi böyüklüyündən danışıb:
“Onun “Qağayı” adlı ilk kitabı çap
olunanda şeirləri yaddaşıma elə həkk olundu ki,
bu gün də yadımdadır. Fikrət son dərəcə
saf bir adam idi. Söz onun əlində mum kimi idi.
İçindəki poetikanı elə ifadə edirdi ki, oxucu o
duyğunu onunla birlikdə yaşayırdı. Fikrət həm
də gözəl nasir idi, dəyərli əsərləri
vardı. Amma şeirləri o qədər oxunurdu ki, nəsr əsərləri
bir qədər kölgədə qalırdı. Təəssüf
ki, insanlarımız bəzən öz ədiblərini
unudurlar. Uşaqlarımıza ədəbiyyatı sevdirmək
lazımdır. Ədəbiyyatı sevmək millətin
tarixini bilməkdir.”
Sabir Rüstəmxanlı sözünü
Ağdaş ictimaiyyətinə müraciətlə
tamamlayıb:
“Bu torpaq böyük şəxsiyyətlər
yetişdirib. Bu torpaq bundan sonra da belə insanlar yetirsin və
xalq da onların qədrini bilsin.”
Rəşad Məcid: “Onun şeirləri insana güc
verir”
Mətbuat Şurasının sədri Rəşad Məcid
çıxışında Fikrət Qocanın ədəbi
irsinin gücünü belə xarakterizə edib:
“Fikrət Qocanın şeirləri insana güc və
möhkəmlik verir. Onun sözündə bir təmizlik var.
Elə buna görə də şeirlərinə 3 minə
yaxın mahnı bəstələnib.”
Rəşad Məcid dövlət rəhbərlərinin
şairə göstərdiyi qayğını da
xatırladıb:
“80-ci illərdə o, Moskvada əməliyyat olunanda Ulu
Öndər Heydər Əliyev onun səhhəti ilə şəxsən
maraqlanmışdı. Cənab Prezident İlham Əliyev də
onun yaradıcılığına xüsusi diqqət göstərib.
Bu yubiley həmin qayğının davamıdır.
Çıxışı boyu F.Qocanın şeirlərindən
maraqlı nümunələr təqdim edən Rəşad Məcid
AYB-də Fikrət müəllimin otağında oturduğunu
bildirib: "Hər gün onun fotolarıyla üz-üzə
oluram və ruhunu hiss edirəm.”
Tədbirdə şairin bacısı Gülbəniz
Qocayeva, qardaşı Vaqif Qocayev, eləcə də AYB-nin
Ağdaş üzrə nümayəndəsi Fəxrəddin
Əsəd çıxış edərək
Fikrət Qocanın insanlıq keyfiyyətlərindən,
yaradıcılığa bağlılığından və
bölgənin ədəbi həyatına verdiyi töhfələrdən
danışıblar.
Yubiley mərasimi Fikrət Qocanın sevilən
şeirləri və bu şeirlərə bəstələnmiş
mahnıların səsləndirilməsi ilə davam edib.
525-ci qəzet .- 2025.- 10 dekabr (¹ 225).- S.10.