Evdən işləmək
qanuniləşir
Məlum olduğu kimi, Azərbaycanda evdən və məsafədən
iş rəsmiləşir. Bu məsələ Əmək Məcəlləsinə
nəzərdə tutulan dəyişikliklərdə öz əksini
tapıb. İşçilərin əmək
funksiyalarının distant iş formasında yerinə yetirilməsi
sahəsi üzrə qanunvericiliyin
formalaşdırılmasını müəyyən etmək,
bu xüsusda işçilərin distant iş formasında əmək
funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının
yaradılmasını təmin etmək məqsədilə Məcəllənin
3-cü maddəsinə "Məsafədən (distant)
iş" anlayışı gətirilib. Yeni dəyişikliyə
əsasən, məsafədən (distant) iş dedikdə əmək
funksiyasının məsafədən icrasına imkan verən
vasitələrlə (elektron,
proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən
və ya fiziki şəxs olan işəgötürənin
yaratdığı iş yerlərindən kənarda (işlərin
görülməsi (xidmətlərin göstərilməsi)
üçün münasib olan digər yerdə) yerinə
yetirilməsini nəzərdə tutur.
Ekspertlərin fikrincə, məsafədən işin
hüquqi çərçivəyə salınması əmək
münasibətlərinin şəffaflığını
artırır və tərəflərin hüquqlarını
qoruyan əsas mexanizmlərdən biridir.
Məsafədən iş zamanı bunu etmək
mümkün deyil
"Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqası"nın
İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir
ki, bu gün ölkədə məsafədən işləyənlərin
əməyinin mühafizəsi ilə bağlı müəyyən
boşluqlar var: "Müvafiq qanunvericiliyə əsasən,
iş prosesi zamanı işəgötürən işçinin
sağlamlığına dəyən zərərə görə
məsuliyyət daşıyır. Məsafədən işləyən
işçini işəgötürən istehsalatda bədbəxt
hadisə və peşə xəstəlikləri halıdan
icbari sığorta etməlidir. Etmədiyi halda o, böyük
məbləğdə cərimə ödəməlidir.
İşəgötürən işçinin sağlamlığına
dəyən zərərə görə məsuliyyət
daşıyır, o cümlədən maddi məsuliyyət.
Amma o bu məsuliyyətinə görə həm də əməyin
mühafizəsini təmin etməlidir. İş yerində əlverişli
və ədalətli əmək şəraiti
yatmalıdır. Texniki təhlükəsizlik
qaydalarını təmin etməlidir. Məsafədən
iş zamanı bunu etmək mümkün deyil. Məsafədən
işləyən işçini işəgötürən
istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri
halıdan icbari sığorta etməlidir. Etməsə,
böyük cərimə ödəməlidir. Tutaq ki, edib.
Şəxs məsafədən əmək funksiyasını
yerinə yetirərkən xəsarət alıb
sağlamlığını itirsə və ya bu səbəbdən
həlak olsa, bu, sığorta hadisəsi sayılacaqmı?
Sığorta şirkəti bunu heç bir halda qəbul etməyəcək.
Çünki biri öz şəxsi avtomobilində gedə-gedə
əmək funksiyasını yerinə yetirirsə, bu zaman
avtoqəza baş verisə və işçi xəsarət
alırsa və ya aldığı xəsarətdən vəfat
edirsə, bunu heç bir sığorta şirkəti
sığorta hadisəsi saymayacaq. Evində işləyəndə
də həmçinin".
Praktikada bu, mümkün olmur
Onun sözlərinə görə, dəyişikliyə
əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinə
yeni bir bənd əlavə olunur: "Təhsilalanların
istehsalat təlimi və təcrübəsi keçdiyi
hallarda" onlarla müddətli əmək müqaviləsi
bağlanır. Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili
müəssisələri tələbələrinin ixtisas
üzrə təcrübə keçmə" Qaydasında
da göstərilir ki, "Təcrübə müddətində
işəgötürənlə tələbə arasında
müddətli əmək müqaviləsi bağlanıla bilər.
Bu halda işəgötürən tərəfindən
qanunvericiliyə uyğun olaraq, təcrübə keçən
tələbəyə əməkhaqqı ödənilir və
icbari ödənişlər edilir". Praktikada isə bu,
mümkün olmur. Əmək Müqavilələri Alt
Sistemində hər bir müəssisənin ştat cədvəli
yerləşdirilir. Ondan kənara çıxıb yeni
müqavilələri necə bağlayacaqlar? Tutaq ki, özəl
sektor bunu edə bildi, bəs dövlət sektoru? Tələbələri
təcrübəyə qəbul edən əsas dövlət
sektorudur. Büdcədən maliyyələşən təşkilatlar
bunu edə bilməyəcək, hətta onlara təhsil müəssisəsi
vəsait ödəsə belə. Hər iki məsələni
tənzimləmək üçün əlavə qanunvericilik
aktları qəbul olunmalı, yaxud mövcud qanunvericiliyə dəyişiklik
və əlavələr edilməlidir".
Bu, enerji itkisini, resurslardan istifadəni azaldır Sahib
Məmmədov bildirib ki, "distant" iş məsələsi,
xüsusən pandemiya dövründə aktuallaşdı və
indi də dünyada geniş tətbiq olunur: "Amma bunun
qanunvericilik təminatı bizdə mövcud deyil. Baxmayaraq ki,
biznes strukturu üçün heç bir problem yoxdur. Məsələn,
işçiləri işə hansı formada cəlb etsin. Yəni
istənilən biznes qurumu günü bu gün də
işçiləri məsafədən işlədə bilər.
Tutaq ki, o, Amerikada yaşayır, işləyir və məhsullarını
göndərir. Əməkhaqqısı isə birbaşa əməkhaqqı
kartına köçürülür. Bunun həm biznes
üçün, həm işçi üçün əlverişli
tərəfləri var. Biznes üçün əlverişli
tərəf ondan ibarətdir ki, məsələn, dəyərli
bir kadr hər hansı ölkədə yaşayır və
onu bura gətirmək mümkün deyil. Lakin həmin şəxs
Azərbaycan vətəndaşıdır, xaricdə
yaşayır və onunla məsafədən əmək
müqaviləsi bağlamaq olar. Eyni qayda rayonda yaşayan,
iş yerinə gələ bilməyən işçilərə
də aiddir. Bu, birinci üstünlükdür. İkinci
üstünlük isə bundan ibarətdir ki, şirkətin
ofisində, tutalım, 50 işçi varsa və onların bir
qismini məsafədən işləməyə yönləndirirsə,
bu, artıq ofisin ümumi sahəsinin və otaqların
sayının azalması deməkdir. Bu isə enerji itkisini,
resurslardan istifadəni azaldır. Beləliklə, biznes həm
əlavə iş yerinin, stolun, kompüterin,
avadanlığın alınmasına, həm də iş
otağı və digər resursların təmin olunmasına
ehtiyac duymur. Nəticə etibarilə, biznes bu prosesdən
qazanmış olur".
Bu, işçilərin hüquqlarını qorumaq və
öhdəliklərini rəsmiləşdirmək
üçündür
İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, məsafədən
işdə ən vacib məqam "proses yox, nəticə əsasında
idarəetmə" modelinə keçiddir. Müqavilədə
işçinin gündəlik və ya həftəlik iş
saatları, performans meyarları, əlaqə vaxtları və
istifadə ediləcək kommunikasiya kanalları aydın göstərilməlidir.
Bu cür qeyd-şərtlər istehsalın səmərəliliyini
artırır və məsafədən işin idarəedilməsini
xeyli asanlaşdırır: "Məsafədən
çalışan işçilərin də əmək
qanunvericiliyində nəzərdə tutulan bütün
hüquqlara malik olmalıdırlar. Rəsmi qeydiyyat, sosial
sığorta ödənişlərinin
aparılmasını, məzuniyyət hüququnun
qorunmasını, əmək haqqının gecikmədən rəsmi
şəkildə ödənilməsini, işçinin təqaüd
stajının formalaşmasını təmin edir. Ancaq Azərbaycan
qanunvericiliyində məsafədən iş məsələsi
yox idi. Əgər bu gün həmin məsələ
müzakirə olunursa, sığorta hadisəsi, əməyinin
mühafizəsi, əməyin ödənilməsi, iş
saatının hesablanması kimi məsələlər də
həmin qanunvericilikdə edilən dəyişikliklərdə
öz əksini tapmalıdır. Əks təqdirdə həmin
məsələlər nəzərə alınmasa, qanunvericilikdə
ciddi boşluq yaranacaq. Bu, gələcəkdə əmək
mübahisələri ilə bağlı problem yarada bilər".
Yeni texnologiyaların inkişafı ilə məsafədən
iş bəzi sahələrdə geniş yayılıb
Onun sözlərinə əsasən, evdən və ya
ofisdən işləmək işçinin məşğulluq
statusunu dəyişdirmir, sadəcə işin necə yerinə
yetirildiyi rəsmiləşdirilir: "Bu yenilik sadəcə məsafədən
işləyən şəxslərin hüquqları və
öhdəlikləri qanunvericilikdə rəsmiləşdirilir.
Pandemiyadan sonra və yeni texnologiyaların inkişafı ilə
məsafədən iş bəzi sahələrdə geniş
yayılıb. Buna görə də məsafədən
işin tənzimlənməsi artıq qanunvericilikdə öz
əksini tapır. Bu, işçilərin
hüquqlarını qorumaq və öhdəliklərini rəsmiləşdirmək
üçündür".
Ekspert qeyd edib ki, məsafədən işləmək
məşğulluq səviyyəsinə birbaşa təsir
etmir: "İşi gizlətmək istəyən şəxslər
hələ də qeyri-rəsmi fəaliyyət göstərə
bilər, bu isə işsizlik və məşğulluq
statistikasına təsir etməyəcək. Faktiki olaraq, məsafədən
işin qanunvericiliyə daxil edilməsi yalnız işin rəsmiləşdirilməsini
təmin edir və vətəndaşların hüquq və
öhdəliklərini qoruyur".
Özəl sektorda sərbəstlik daha çox olacaq
Hüquqşünas Əkrəm Həsənov hesab
edir ki, dövlət müəssisələrində distant
çalışacaq işçilərlə bağlı
mexanizm yaradılmalıdır: "Müvafiq dəyişikliyə
əsasən həm dövlət, həm də özəl
müəssisədə çalışanlar distant formaya
keçə bilərlər. Özəl sektorda sərbəstlik
daha çox olacaq. Elə iş var ki, distant formada həyata
keçirilmir. Həmçinin dövlət sektorunda
çalışanlar büdcədən maaş alırlar.
Burada bir təhlükə ortaya çıxır. Vətəndaşlar
da maraqlı olmalıdırlar ki, sui-istifadə halları
olmasın. Yəni büdcədən maaş alan şəxs
adını işçi kimi yazdırıb, işdən
yayınmamalıdır. Nəzarət mexanizmi olmalıdır.
Hesab edirəm ki yenə Əmək Məcəlləsində
boşluqlar yaranacaq. Belə ki, qanunvericiliyə görə,
şəxs bir gün ərzində işə üzrsüz səbəbdən
gəlmirsə, onunla müqaviləyə xitam verilir. Bu
anlayış məsafədən fəaliyyət göstərəcək
işçiyə aid ediləcək, ya yox - bu, sualdır.
Bunun kimi başqa problemlər də ortaya çıxa bilər.
Əmək Məcəlləsinin bəzi maddələri
distant anlayışına zidd olacaq. Sənədin
bütün maddələrinə diqqətlə
baxılmalıdır".
Distant fəaliyyət görülən işin keyfiyyətinə
mənfi təsir göstərməməlidir
Millət vəkili Azər Badamov qeyd edib ki, pandemiya
dönəmindən sonra bəzi müəssisələr indi
də öz əməkdaşlarının bir hissəsinə
distant işləmək imkanı yaratmaqda davam edir. Yeni dəyişikliyə
əsasən, bu, rəsmi olacaq: "Hesab edirəm ki, rəsmiləşdirmə
prosesindən sonra distant fəaliyyət əmək məsuliyyətini
azaltmamalı və görülən işin keyfiyyətinə
mənfi təsir göstərməməlidir. Təbii ki, əyani
işin səmərəliliyi distant işdən daha
çoxdur. Bəzi sahələrdə isə işçilərin
gün ərzində görməli olduğu dəqiq planlar
olduğundan işçi müəyyən olunmuş müddətdə
həmin planı icra edirsə, deməli, iş keyfiyyətli
icra olunmuş hesab olunur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 10 dekabr (№ 225).- S.9.