Mehdiyev-Kərimli
cütlüyünün dövlətçiliyimiz və milli
maraqlarımız əleyhinə fəaliyyəti
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz
Mehdiyevin cinayət işi Azərbaycanın regionda güclənməsinə
qarşı mübarizə aparan qüvvələrə ciddi zərbə
oldu. Ramiz Mehdiyev bu ilin oktyabrında Cinayət Məcəlləsinin
dövlətə xəyanət, dövlət hakimiyyətini ələ
keçirməyə yönələn əməllər və
cinayət yolu ilə əldə edilmiş əmlakı
leqallaşdırma maddələri ilə ittiham olunmuşdur.
Mehdiyev Azərbaycan siyasətində dərin “köklərə”
malik bir sistem qurub. Mehdiyev işi ilə bağlı geniş
detalların üzə çıxması gözlənilirdi.
Bu baxımdan Azərbaycan Xalq Cəbhəsi Partiyasının
(AXCP) sədri Əli Kərimli və partiyanın rəyasət
heyətinin üzvü Məmməd İbrahimin evində
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən
axtarış aparılması da məhz bu prizmadan nəzərdən
keçirilməlidir.
Əli Kərimlinin evində axtarış zamanı
evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə
dair materiallar, Ramiz Mehdiyev tərəfindən
yazılmış məktubun mediada olmayan ilkin redaktə
variantı, sair sənədlər tapılıb. Dəlillər
AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu
şübhələrini ciddiləşdirir. İlkin
araşdırmalar zamanı müxtəlif ünvanlarda
axtarışlar aparıldığı, çoxsaylı
şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə
edildiyi barədə məlumatlar yayılıb. DTX-də
keçirilən dindirilmələr Ramiz Mehdiyev işi ətrafında
aparılan araşdırmanın yeni mərhələyə
keçdiyini göstərir.
Bu günlərdə Mehdiyevin üzə çıxan
və Rusiyaya ünvanlandığı məktub əslində
2013-cü ildəki məktubun təkrarı hesab oluna bilər,
çünki burada bir-birini təkrarlayan tezislər var.
2013-cü ildə yaradılan və vətənə xəyanət
layihəsinə çevrilmiş “Milli Şura”nın hədəfi
ölkəni daxildən qarışdırmaq, milli ruhu, milli
şüuru dağıtmaq və parçalamaq olub. Milli
Şuranın sərt anti-hakimiyyət ritorikasının
Rusiyanın maraqları ilə üst-üstə düşməsi
də təsadüfi deyildi. O dövrdə əsas məqsəd
Rusiya vasitəsi ilə Azərbaycanda hakimiyyəti devirmək,
Ramiz Mehdiyev və Abbas Abbasov “koalisiyası” ilə birləşərək
iki illik keçid hökuməti yaratmaq olub. Təəssüf
ki, bu prosesin ifşa olunması, cəzalandırılmaması
12 il uzandı. Artıq bu təhdid aradan qalxıb, hər
şey dövlətin, istintaqın əlindədir.
Bu dəfə isə Ramiz Mehdiyev Rusiyanın dəstəyi
ilə dövlət çevrilişi etməklə
bağlı plan hazırlayıb və bunu öz kanalları
vasitəsilə Rusiyaya təklif edib. Ramiz Mehdiyev planında
dövlət hakimiyyətini zorla ələ keçirdikdən
sonra keçid dövrü üçün müvəqqəti
Dövlət Şurası formatında qurum
yaradılmasını təklif edib. Bu plan 87 yaşlı
köhnə bürokratın özünün rəhbər
olmasını nəzərdə tutub. Mehdiyev rəhbərlik
edəcəyi “50 nəfərlik” Dövlət Şurasında
təmsil olunacaq şəxslərlə bağlı məlumatı
da Rusiya ilə bölüşüb. Ramiz Mehdiyevin Rusiyaya
yaxınlığı həmişə bəlli olub. O, hələ
sovet dövründən Moskvanın agentura şəbəkəsinin
üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz
imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində
də Rusiyanın “dostları” olan məmurların vəzifə
pillələrində, parlamentdə və mediada irəliləmələrinə
şərait yaradıb.
Mehdiyevin bəlli olan “50 nəfərlik” keçid
qurumunda heç şübhəsiz ki, Əli Kərimlinin,
müxalifətin bir sıra təmsilçilərinin
adları var. Çünki bu işbirliyi uzun illərdir ki,
mövcuddur. Bu ittifaqın nəticəsidir ki, bu gün də
Əli Kərimli və onun “trol ordusu”, o cümlədən
onlara bağlı xaricdəki media quruluşları,
“terrorçu media” Mehdiyev mövzusuna həssas
yanaşırlar. Bu baxımdan, Ramiz Mehdiyevin çevriliş
planları və bu yolda öz dövlətinin
maraqlarını Rusiyaya satmasının
qarşısını almaq nə qədər önəmli
idisə, prosesdə AXCP-nin vaxtında zərərsizləşdirilməsi
də dövlət təhlükəsizliyimiz üçün
bir o qədər vacib məqam sayılmalıdır.
Digər mühüm məqam bundan ibarətdir ki, sovet
siyasi məktəbinin ən köhnə simalarından olan
Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırılandan bu
günə qədər ölkədə müxalifətin
heç bir böyük mitinqi baş tutmayıb. Hətta bu
istiqamətdə strateji təşəbbüslər olmayıb.
Bu fakt təsadüfi deyil. Uzun illər boyunca müxalifət
mitinqlərinin keçirilməsi və koordinasiyası məhz
Ramiz Mehdiyevin nəzarətində olub. O, müxalifətin
potensial təhlükə mənbəyi kimi görünməsini
təmin etməklə, dövlətə özünün
“sistemin dayağı” olduğunu göstərməyə
çalışırdı. Başqa sözlə, idarə
olunan bu siyasi gərginlik onun hakimiyyətdəki mövqeyini
qorumağın əsas mexanizmlərindən birinə
çevrilmişdi.
Ona görə də bu gün müstəntiqlər tərəfindən
Ramiz Mehdiyev və Əli Kərimlinin adının yan-yana
qoyulması təsadüf deyil. Onlar otuz illik siyasi parazitizmin -
biri dövlətə, digəri isə cəmiyyətə
qarşı - kulminasiya nöqtəsini təmsil edir.
Biri şəxsiyyətə pərəstiş kultunu
formalaşdırır, digəri isə əslində bir dəstə
troll və siyasi axmaqın isterik qaragüruhu,
çığırtı-bağırtısı ilə saxta
etirazlar edirdi. Uzun illər ərzində Mehdiyev yazır, Kərimli
isə icra edirdi. Hər ikisi ali ideyalar üçün deyil,
özünü təsdiqləmək üçün
yaşayırdı. Hər ikisi sonda siyasi cəhətdən
çürüdülər, iflas etdilər, fiaskoya
uğradılar. Bu fiqurların məqsədi hakimiyyəti
zorla ələ keçirmək olsa da Azərbaycan dövlətinin
sərt və çevik təhlükəsizlik sistemi bu cəhdlərin
qarşısını vaxtında aldı.
Əli Kərimli deyirdi ki, Azərbaycan ordusu hərbi əməliyyat
aparmağa qadir deyil. Bu, milli birliyi sarsıtmağa yönəlmiş
psixoloji sabotaj idi. Azərbaycanın siyasi partiyaları ordumuza
tam dəstək verdikləri bir vaxtda səslənən bu
fikirləri heç şübhəsiz ki, Əli Kərimlinin
sədri olduğu AXCP-nin siyasi tarixinin ən
rüsvayçı səhifələrindən biri kimi
yaddaşlarda qalacaq. Kərimlinin bu cür fikirləri həmin
dövrdə guya ki, sülhü dəstəkləyən,
müharibəyə qarşı çıxan, bununla da
Qarabağ və Şərqi Zəngəzur torpaqlarının
işğalda qalmasını dəstəkləyən “No
war”-çıların pasifist çıxışları ilə
həmahəng səslənmirmi?
Digər önəmli fakt budur ki, bəzi müxalifət
liderlərinin övladları London və Torontoda
yaşayır, Qərb təqaüdləri ilə təhsil
alır və uydurma “erməni soyqırımı”nı etiraf
edən yazılar dərc edirlər. Bu, sadəcə siyasi
fikir deyil, nümayişkaranə ideoloji kapitulyasiyadır.
“Tarixi zəfərimizi necə qiymətləndirirsiz”
sualına nədənsə mən bu haqda danışmaq istəmirəm
cavabını verən, qələbəmizə zərrə qədər
sevinməyən Ramiz Mehdiyevin görəsən dövlətin
qüdrətini, Ali Baş Komandan İlham Əliyevin hərbi
və siyasi bacarığını dünyaya nümayiş
etdirən zaman bu Zəfər, bu tarixi Qələbə haqda
danışmağa doğrudanmı “akademik”in sözü
olmayıb.
Hazırda ev dustaqlığında olan 87 yaşlı
Ramiz Mehdiyev bir akademikdən təxribat sxemlərinin
memarına necə çevrilə biləcəyinin simvoludur.
Onun rolu ideyalarında deyil, metodundadır: o, illərdir radikal
anti-dövlət şəbəkələrin inkişaf etdiyi
intellektual zəmin yaratmışdır. Onun tələbələri,
“layihə adamları”, tənqid adı altında ictimai məkanı
pozmağa və silkələməyə davam edirlər. Onlar
ölkə daxilində başqalarının
strategiyalarının məntiqi ilə düşünən
insanlardan ibarət bütöv bir şəbəkə
qurublar.
XX əsrin əvvəlində Həmid Sultanov və
Əliheydər Qarayev “11-ci Qırmızı Ordu”-nun Azərbaycanın
işğal etməsi üçün canfəşanlıq
edirdilərsə, uzun illər sonra eyni
satqınçılıq, təslimçilik və nökərlik
zehiyyətində Ramiz Mehdiyev və Əli Kərimli
çıxış edib.
Bütün bunlar onu göstərir ki, hazırki qlobal
çağırışlar, real təhdidlər fonunda Azərbaycanın
daxilini sarmaşıq kimi sarımış bu cür
yabancı otlara, gizli cəbhələrə, ideoloji kardinallara
qarşı sərt və davamlı addımların
atılmasının əsl vaxtıdır. Tarixi əhəmiyyətli
zamanlarda, xalqın dar günündə həmişə cəmiyyətdə
təslimçilik ab-havasını təbliğ edən, milli
maraqlara arxadan zərbə endirən bu cür marginal qruplar
müasir siyasi partiya anlayışları ilə qətiyyən
uyğun gəlmir. Çünki 90-cı illərdə meydan hərəkatından
qalan və hələ də şüarları,
baxışları dəyişməyən AXCP-Müsavat
düşərgəsinə hazırki süni intellekt
dövründə məgər ehtiyac, sosial tələbat
varmı? Xəyanətkar beşinci kolonun ünsürləri
kökündən qazılıb birdəfəlik
atılmalıdır!
Mehdiyev hakimiyyətə öyrəşmişdi,
hakimiyyətinin əbədi olacağını
düşünürdü, bütün qurduğu sistem
çökəndə “boz kardinalı” da altında
basdırdı. O, bunu bir dövrün təbii sonu kimi deyil,
şəxsi təhqir kimi qəbul etdi. Əli Kərimli də
bu kompleksin proyeksiyasıdır. O da qisas üçün
yaşayır. Onilliklər boyu davam edən uğursuzluqlar, məğlubiyyətlər,
istehza və acizlik onu liderə deyil, xroniki ittihamçıya,
boşboğaza və profana çevirib. O, öz qəzəbinin
girovuna çevrilib. Onun ritorikası uzun müddətdir ki,
demokratiya deyil, nifrət haqqındadır. O, heç bir həll
yolu təklif etmir; o, qisas tələb edir. Onların
psixologiyası burada birləşdi: tarixin kənara
atdığı iki şəxs eyni fikirdə təsəlli
tapdı: QİSAS. Biri dövlətdən, digəri isə
xalqdan qisas almağı xəyal edirdi. Hər ikisi bunu eyni
şüarlar altında etdi: “ədalət”, “həqiqət”, “əxlaq”
uğrunda.
Bu, ideoloji ittifaq deyil, təsirin qalıqlarının
mübadiləsidir. Mehdiyev Kərimliyə köhnə əlaqələrini,
analitik infrastrukturunun qalıqlarını, yazı yazmaqda, məlumat
toplamaqda və yalan uydurmaqda bacarıqlı insanlar şəbəkəsini
verdi. Kərimli Mehdiyev dairəsinə trollar, sosial media
axmaqları, səs-küy salmağı özünə
peşə seçmiş adamlar və bütün insani
keyfiyyətlərdən məhrum edilmiş şəxslərdən
ibarət bir dəstə verdi. Biri kölgədə
pıçıldadı, digəri meydanda
qışqırdı.
Məhz buna görə də onların
qarşılıqlı əlaqəsi bu qədər təhlükəlidir.
Söhbət gücdən yox, dağıdıcılıqdan
gedir. Onların heç biri yaratmaq qabiliyyətinə malik
deyil, yalnız sabitliyi pozur. Onlar nə qurur, nə
danışıqlar aparır, nə də modernləşdirirlər,
onlar yoluxdururlar. Azadlıq dilindən bölücülük
vasitəsi kimi istifadə edərək ictimai inamsızlıq
səpirlər.
Mehdiyev tərəfindən Kremlə yazılan məktubda
Dövlət Şurasının funksiyaları yer
alırdı. Hansı motivlərlə hazırlanmasından
asılı olmayaraq Azərbaycanın mövcud siyasi
müxalifəti heç vaxt bu cür planlardan qıraqda
qalmayıb. Hakimiyyəti zorla ələ keçirmək
planında AXCP, Müsavat və 2013-cü ildə Rusiyanın
layihəsi kimi formalaşdırılan Milli Şura yer
alıbsa, onlara qarşı hüququn aliliyi öz
sözünü deməlidir. Dövlətə xəyanət
layihəsində yer alan heç bir fiziki və hüquqi şəxs
cəzasız qala bilməz. Dövlətə xəyanət
partiyası ləğv olunmalıdır!
Azərbaycan Respublikasının Konstitusiyasının
58-ci maddəsinin 4-cü bəndində qeyd olunur ki, Azərbaycan
Respublikasının bütün ərazisində və ya hər
hansı hissəsində qanuni dövlət hakimiyyətini
zorla devirmək məqsədi, cinayət hesab edilən digər
məqsədlər güdən və ya cinayətkar
üsullardan istifadə edən birliklər qadağandır.
Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə
yalnız məhkəmə qaydasında xitam verilə bilər.
“Siyasi partiyalar haqqında” 4-cü maddəsinin 3.1-ci
maddəsində vurğulanır ki, Azərbaycan
Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi,
ərazi bütövlüyünün parçalanması,
hakimiyyətin zorla ələ keçirilməsi və ya
saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa
açıq çağırışlar edilməsi məqsədilə
siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə
yol verilmir. Suverenliyə, sekulyarlığa, ərazi
bütövlüyünə və konstitusion quruluşa
qarşı fəaliyyət göstərən siyasi partiyalar
dünyanın müxtəlif ölkələrində ləğv
olunur. Bu baxımdan, ölkəmizdə fəaliyyət
göstərən destruktiv partiyaların və siyasi birliklərin
məhkəmə qərarı ilə bağlanılması həyata
keçirilə bilər.
Dəyişən dünya nizamında Azərbaycan
dövlətinin güclü, ədalətli və ən əsası
müstəqil siyasətinə qarşı mübarizə
aparan ölkə daxilində bütün radikal qrupların və
təsir dairələrinin vaxtında zərərsizləşdirilməsi
milli təhlükəsizlik baxımından tamamilə
legitimdir və həyati əhəmiyyət daşıyır.
İdeoloji təhlükəsizlik azadlığın məhdudlaşdırılması
deyil, xarici təzyiq və daxili aşınmadan qorunma vasitəsidir.
Bu gün isə dövlətlərin ideoloji sərhədlərinin
pozulması onların suverenliklərini də ciddi təhdid
altına almaqdadır. Qlobal informasiya açıqlığı
dövründə beyinlər uğrunda mübarizə sərhədlərin
qorunması qədər vacib amilə çevrilib. Orduların
alqoritmlərlə əvəz olunduğu və
işğalların tanklarla deyil, narrativlərlə həyata
keçirildiyi bir dünyada Azərbaycan öz müdafiə
sistemini sərhədlər ətrafında deyil, şüur
ətrafında qurur. Azərbaycan daha mürəkkəb
bir yolla gedir - ideoloji immunitet yolu ilə, burada müdafiə
qorxu üzərində deyil, dövlətlə xalq arasında
şüurlu, üzvi həmrəylik üzərində
qurulur. Son illərdə ölkə regionda heç bir süni
demokratiyanın tab gətirə bilməyəcəyi bir
sınaqdan keçib. 44 günlük Vətən Müharibəsində
qələbədən sonra, cəmiyyətin nəhayət ki,
heç olmasa qısa müddətə nəfəs dərmək
üçün möhlət aldığı
göründüyü zaman, yeni, daha incə bir hücum - onun
şüuruna hücum başladı.
Ərazi bütövlüyünü və suverenliyini
bərpa etmiş Azərbaycan üçün indi əsas vəzifə
- daxili birliyin və milli özünüdərkin
qorunmasıdır. Azərbaycan ərazi
bütövlüyünün bərpasından milli
şüurun qorunması mərhələsinə keçib.
Azərbaycanın dövlət müstəqilliyi həm də
keçmişin lazımsız qalıqlarından, kənar
ideologiyaları, “dəyərləri” təbliğ edən
bütün qüvvələrdən azad olunmağı tələb
edir. Azərbaycan hökumətinin hazırki liberal və
tolerant davranışları milli dövlətçilik və
daxili sabitliyimizə çox baha başa gələ bilər.
Çünki zaman da göstərir ki, gələcəkdə
qarşıdurmalar daha çox dəyərlər, ideologiyalar,
beyinləri yuyan informasiyalar müstəvisində olacaq.
Qanlı savaşların yerini şüur, ictimai rəy,
psixoloji basqı savaşları tutacaq. Doğrudur, klassik
silahlardan hələ də atəş açılacaq, amma gələcəyin
ən təhlükəli silahı artıq ideologiyadır. Azərbaycan
dövləti öz müstəqilliyini və xalqını bu
qorxunc silahdan qorumağı bacarmalı və buna hazır
olmalıdır.
Ramiz Mehdiyevin işi ilə bağlı Əli Kərimlinin
həbsi ilə dövlət iki toksin mənbəyini - inzibati
və müxalif - kəsdi. Onilliklərdir bir-birindən
qidalanan iki virus kəsildi. Onların əlaqəsi hüquqi mənada
xəyanət deyil, mövcudluq baxımından xəyanətdir.
Beləliklə, onların süqutu sadəcə məntiqli
deyil, zəruridir. Bu, onların oyunlarından böyüyən
bir ölkə üçün təbii özünütəmizləmə
aktıdır. Onların ortaq hökmü artıq
çıxarılıb - məhkəmə tərəfindən
deyil, zaman tərəfindən. Kərimli və Mehdiyev siyasi həmfikirlərin
birliyi deyil, funksiyaların birliyidir. Xaosun köhnə
memarı və isterik siyasi təlxək qarşılıqlı
tənəzzül anında bir-birini tapdılar. Azərbaycan gələcəyə
daha möhkəm addımlamaq üçün tərcümeyi-halından
iki kölgəni birdəfəlik sildi!
Politoloq İlyas Hüseynov
525-ci qəzet .- 2025.- 10 dekabr (¹ 225).- S.6;7.