Azərbaycan-İran münasibətləri: Yeni dinamika, çoxşaxəli gündəlik

 

 

Azərbaycanla İran arasında münasibətlərdə son aylarda müsbət inkişaf özünü göstərir. Hər iki ölkədən rəsmi səviyyədə verilən bəyanatlar tərəflərin ən müxtəlif sahələrdə əlaqələri irəli aparmaqda maraqlı olduqlarını nümayiş etdirir. Xüsusilə iqtisadi, o cümlədən nəqliyyat-logistika sahəsində əməkdaşlıq böyük potensiala malikdir, bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirilir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-İran siyasi münasibətlərində zaman-zaman müəyyən problemlər, böhran özünü göstərib ki, bu, iqtisadi əlaqələrin inkişafında sözsüz ki, təsirsiz ötüşməyib. Bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Bakıda səfərdə oldu, Prezident İlham Əliyev tərəfindən qəbul edildi, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdü. Bu səfər zamanı verilən qarşılıqlı bəyanatlar iki qonşu ölkənin münasibətlərinin intensivləşdiyini, artıq yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

Yada salaq ki, İran Prezidenti Məsud Pezeşkian bu il ərzində iki dəfə Azərbaycana səfər edib. O, aprel ayında rəsmi səfərinin nəticələri ilə bağlı “X” sosial şəbəkədəki paylaşımda yazıb: “Bakıda hörmətli qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə anlaşmamız olub və sənədlər imzalamışıq. Bu səfər etimadın artırılmasına, elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına müqəddimədir. Qonaqpərvərliyə görə cənab İlham Əliyevə təşəkkür edirəm”.

İyul ayında isə İran lideri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlib. 12 günlük İsrail-İran müharibəsindən az sonra baş tutan bu səfər Tehranın yeni hakimiyyətinin Azərbaycanla münasibətlərə verdiyi önəmin təzahürü idi.

ECO Zirvəsi çərçivəsində Xankəndidə Prezident İlham Əliyevlə görüş zamanı Pezeşkian apreldəki rəsmi səfərinin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd edib.

Yeri gəlmişkən, yaxın zamanda Kəlalə-Ağbənd sərhəd körpüsünün tikintisi tamamlanacaq, bununla da iki ölkə arasında beşinci sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayacaq. Bu yeni sərhəd-keçid məntəqəsi iqtisadi əməkdaşlıq yeni imkanlar yaradacaq, regional kommunikasiya əlaqələrini genişləndirəcək.

Prezident İlham Əliyev Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zamanı Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu, xalqlarımızın əsrlər boyu bir yerdə yaşamasının münasibətlərimizə xüsusi önəm verdiyini deyib. Dövlət başçısı son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirib, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb. Prezident ikitərəfli gündəliyin geniş olduğunu və bir çox sahələri əhatə etdiyini deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirib.

A.Əraqçinin səfəri ərəfəsində İranın XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi keçirdiyi brifinqdə İranın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkəsinin qonşuluğunda - Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlı olduğunu söyləyib. O qeyd edib ki, İran və Azərbaycan arasında qonşuluq, tarixi və mədəniyyət əlaqələri mövcuddur. Bu amillər qarşılıqlı münasibətlərin inkişafını təmin edir.

Abbas Əraqçi Bakıya səfəri ərəfəsində Azərbaycanla münasibətlər haqqında yazdığı məqalədə qeyd edib ki, bu gün Tehran və Bakının iradəsi ortaq, parlaq və davamlı bir gələcəyin qurulmasına yönəlib. Elə bir gələcək ki, orada sərhədlər dostluq qapılarına çevrilir, çaylar isə əməkdaşlıq nəğmələri oxuyurlar.

Nazir qeyd edib ki, hazırda tarixi zəmin və dərin köklər üzərində qurulmuş əlaqələrimiz iqtisadi, tranzit, siyasi, təhlükəsizlik, mədəni və sosial sahələr kimi müxtəlif sahələrdə genişlənib. Bu əhatəli tarixi bağlılıqlar və çoxtərəfli əməkdaşlıqlar, iki ölkə xalqlarının qarşılıqlı maraqları naminə dayanıqlı və uzunmüddətli əməkdaşlıq üçün parlaq üfüqlər cızıb.

Əraqçi bildirib ki, Qarabağ münaqişəsinin həllindən sonra Cənubi Qafqazda yeni şərait yaranıb, regionda sülh, əməkdaşlıq, təhlükəsizlik və inteqrasiya üçün geniş imkanlar və fürsətlər meydana çıxıb. Bu imkanlar region ölkələrinin həyati maraqları əsasında kənar qüvvələrin müdaxiləsi olmadan istifadə edilməlidir. O, İran və Azərbaycan arasında əlaqələrin çoxşaxəli olduğunu söyləyərək, ən vacib istiqamətlərindən biri enerji və su resursları sahəsində əməkdaşlığı qeyd edib. Araz çayının bu gün birlik və əməkdaşlıq simvoluna çevrildiyini, sərhəd bölgələrində çoxsaylı birgə layihələr, o cümlədən su bəndlərinin və elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirildiyini vurğulayıb.

Azərbaycanla İran bir sıra üçtərəfli və çoxtərəfli formatlarda da əməkdaşlıq edirlər. Hazırda Azərbaycan-İran-Rusiya və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatları mövcuddur. Eyni zamanda, ECO, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda əməkdaşlıq edilir. Çoxşaxəli əməkdaşlıq təbii ki, əlaqələrin dərinləşməsinə öz töhfəsini verir. Bundan əlavə, yeni “3+3” regional formatı da var ki, bu, region dövlətləri arasında sıx əlaqələri və inteq¬rasiyanı nəzərdə tutur. “3+3” formatının yaradılması təşəbbüsü Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb və bu çərçivədə artıq 3 görüş keçirilib.

Azərbaycan XİN-in yaydığı məlumatda da vurğulanııb ki, görüşlər zamanı əsasən iqtisadi-ticarət, enerji-energetika və nəqliyyat-logistika istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin iqtisadi potensialının və coğrafi yaxınlığın qarşılıqlı ticarət və investisiya həcmlərinin artırılması üçün əlverişli şərait yaratdığı vurğulanıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində birgə fəaliyyətlərin, eləcə də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni bağlantı layihələrinin regionda tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyinə inam ifadə olunub. Ağbənd-Kəlalə arasında yolun və körpünün tikintisinin yekunlaşdırılması istiqamətində səylər məmnunluqla qeyd edilib.

Görünən odur ki, Azərbaycan-İran münasibətləri çoxşaxəlidir, əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi üçün böyük potensial var. Siyasi münasibətlərin müsbət templə davam etməsi tərəflərə bu potensialdan, imkanlardan tam olaraq istifadə etməyə, bəhrələnməyə şərait yaradacaq, nəticədə isə əlaqələr güclənəcək.

Azərbaycan yaxın qonşu, tarixi bağlara malik ölkə olaraq İranla münasibətlərə hər zaman üstünlük verib, bu ölkəyə qarşı hansısa planlarda, platformalarda yer almayıb. Eyni zamanda, dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz. İsrail-İran qarşıdurması zamanı Bakı öz prinsipial və qəti mövqeyini bir daha ortaya qoydu. Baxmayaraq ki, İranda bəzi qüvvələr bu məsələyə dair yersiz iddialar irəli sürürdülər. Azərbaycan İranla mövcud olan ən mürəkkəb problemləri belə ikitərəfli qaydada dialoq yolu ilə müzakirə edib aradan qaldıra bilib. İran tərəfi yəqin ki, bütün reallıqları nəzərə alaraq, bundan sonra Azərbaycanla stabil münasibətləri qorumağa çalışacaq, böhran yaradacaq məqamlara yol verməyəcək.

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 10 dekabr (¹ 225).- S.5.