İnsanın paradoksu
Kimdir İnsan?
Mücərrəd zamanı salisələrə
bölüb hesablayan,
amma keçmişin kini,
gələcəyin xəyallarıyla yaşayıb
bu günün qədrini bilməyən.
Kimdir İnsan?
Çay daşları arasında özünü almaz
sanan,
qışda bir gülə həsrət qalıb,
yayda min bir çiçəyin dəyərini
bilmədən
dəyərdən dərs keçən.
Kimdir İnsan?
Əli ilə yaratdığı kağız
parçasının qulu olan,
amma həyatını marafon sanıb
ölüm astanasından peşmanlıqlarla keçən.
Kimdir İnsan?
Heyvanlardan fərqli olaraq əqli olan,
amma düşünməyə beynini yormayıb
sürü psixologiyasıyla yaşayan.
Kimdir İnsan?
Övladına sevgini cinsinə görə paylayan,
amma "Ağ gəmi"nin həsrətində
ona baxan gözləri görməyən.
Kimdir İnsan?
İlk Aşiqi ən böyük Məşuqa
çevirən,
amma Məşuqunun yaratdıqlarını
məhv etməkdən çəkinməyən.
Kimdir İnsan?
Sevgidən dastanlar yazan,
amma bir pişiyin aclığını doyuracaq qədər
sevgisi olmayan.
Kimdir İnsan?
Kəmalə ALIZADƏ
525-ci qəzet .- 2025.- 11 dekabr (№226).- S.14.