QƏZƏL
Bağa baxsan, yetişib bağ dolu barın olacaq,
Əkdiyin hər bir ağac sevgili yarın olacaq.
Dik tutub başını hər işdə güvənsən
özünə,
Fəth edib zirvəni, dağ boyda vüqarın olacaq.
Ehtirasdan yaranan odlu məhəbbət diləsən,
Elə zənn etmə bu eşq daimi varın olacaq.
Bülbülə qibtə edib girmə gülün
bağçasına,
Dolaşıb gül koluna, sinədə xarın
olacaq.
Arzulardır aparan insanı daim irəli,
Kamına yetmək üçün güclü
axarın olacaq.
Gər həyat eşqinə sadiq yaşayıb,
ömr eləsən,
Bütün ömrün uzunu güllü baharın
olacaq.
Zakir, aldansan əgər şöhrətə,
dünya malına,
Fani bu dünya sənin naleyi-zarın olacaq.
RÜBAİLƏR
Sən elə gözəlsən mənim gözümdə,
Görmək istəyirəm səni özümdə.
Durub vəsf eləsəm bu gözəlliyi,
Gözün məndə olsun, fikrin sözümdə.
lll
Tənha bir bulağam, bir dayan, əylə,
Tək qoymaq olarmı heç məni böylə?
Dinlə zümzüməmi, otur yanımda,
Mənə ürəyindən keçəni söylə.
lll
Sözümə can dedin, canım odlandı,
Şəkərim söylədin, ağzım
dadlandı.
O qədər sehrinə düşdüm sözlərin,
Məsti-xumar oldum, ağlım aldandı.
lll
Becərib könlümdə güllər bitirdim,
Yarı gül bağıma qonaq gətirdim.
İstədim doyunca alım ətrini,
Qarışdı güllərə, onu itirdim.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet .- 2025.- 11 dekabr (№226).- S.14.