Motivasiya və
özünəinam - təhsildə müstəsna əhəmiyyətli
amillər
Müasir təhsil sistemində şagirdlərin
akademik nailiyyətlərinə təsir edən ən
mühüm amillərdən biri motivasiyadır. Motivasiyalı
şagird dərs prosesində yalnız bilik əldə etməyi
deyil, həm də özünü inkişaf etdirməyi əsas
məqsəd kimi qəbul edir. Belə şagirdlər öyrənməyə
maraq göstərir, suallar verir, araşdırma aparır və
biliklərini genişləndirməyə
çalışırlar. Bu fəallıq onların tədris
prosesində daha uğurlu nəticələr qazanmasına
şərait yaradır.
Motivasiya həm də şagirdlərin məsuliyyət
hissini artırır. Eyni maraqla işə yanaşan şagird
ev tapşırıqlarını vaxtında yerinə yetirir, dərsə
hazır gəlir və öz öhdəliklərinə ciddi
yanaşır. Onlar anlayırlar ki, müvəffəqiyyət
yalnız müəllimin deyil, öz şəxsi səy və
inadlarının nəticəsidir. Bu səbəbdən
motivasiyalı şagirdlər tədris prosesində daha sabit,
sistemli və nizamlı davranış nümayiş etdirirlər.
Bundan başqa, motivasiya şagirdlərin uğura
meyilliliyini gücləndirən əsas psixoloji
faktorlardandır. Daxili maraq və məqsədyönlülük
onların qarşıya qoyduğu hədəflərə
çatmaq üçün daha çox səy göstərməsinə
səbəb olur. Belə şagirdlər çətinliklərdən
çəkinmir, problemləri həll etməyə
çalışır və uğursuzluqlardan dərs
çıxarırlar. Bu xüsusiyyətlər onların gələcəkdə
daha özünə güvənən, qərarlı və
peşəkar fərd kimi formalaşmasına təkan verir.
Nəticə etibarilə, motivasiya həm tədris
prosesinin keyfiyyətini yüksəldir, həm də şagirdlərin
şəxsi inkişafına əhəmiyyətli təsir
göstərir. Motivasiyalı şagirdlər daha fəal olur,
məsuliyyət hissini dərk edir və uğur əldə
etmək üçün davamlı şəkildə
çalışırlar. Təhsil müəssisələri
və müəllimlər tərəfindən motivasiyanın
düzgün şəkildə formalaşdırılması
şagirdlərin həm oxuda, həm də həyatda daha
böyük nailiyyətlər qazanmasına imkan yaradır.
Motivasiyalı şagirdlər dərs prosesində hər
zaman seçilirlər. Belə şagirdlərin dərsə
marağı təkcə müəllimin izahı ilə məhdudlaşmır,
onlar əlavə mənbələr araşdırır, suallar
verir və mövzunu daha dərindən qavramağa
çalışırlar.
Motivasiyalı şagirdlər özlərinə
qarşı daha tələbkar olur və
tapşırıqları məsuliyyətlə yerinə
yetirirlər. Bu isə onların nəticələrinə
birbaşa təsir edir. Həmçinin belə şagirdlər
uğura daha meyilli olur: qarşılarına məqsəd
qoyur, çətinliklərlə üzləşəndə
geri çəkilmir və davamlı şəkildə öz
üzərində işləyirlər.
Müşahidələr göstərir ki,
motivasiyası yüksək olan şagirdlər sinifdə daha fəal,
sosial baxımdan daha təşəbbüskar və öz potensiallarını
reallaşdırmağa daha açıq olurlar. Onların
uğuru həm şəxsi keyfiyyətlərinin, həm də
düzgün yönləndirilmənin nəticəsidir. Buna
görə də motivasiyanın gücləndirilməsi təlim
prosesinin ayrılmaz hissəsi kimi qəbul edilməlidir.
Motivasiyasızlıq öyrənməyə
marağın azalmasına, passivlik və dərslərdə
iştirakın zəifləməsinə, özünə
inamsızlığa səbəb olur. Bu məqamlarda
şagirdlərə müəllimlərin dəstək
göstərməsi çox vacibdir. Hər şagirdin
potensialı, maraq dairəsi, öyrənmə üslubu və
psixoloji ehtiyacları fərqlidir. Müəllimlər bunu nəzərə
alaraq fərqli tədris metodları tətbiq etməlidir.
Müəllim ilk növbədə şagirdi yaxından
tanımalı, onun güclü və zəif tərəflərini
müəyyən etməlidir. Qrup qarşısında deyil,
şəxsi ünsiyyətdə verilən müsbət rəy
daha təsirlidir. Maraqlarına uyğun tapşırıqlar
motivasiya üçün əla vasitədir. Yalnız səhvlərə
deyil, nailiyyətlərə də diqqət yönəltmək
motivasiyanı artırır. Şagirdə məqsəd
qoymağı öyrətmək və bu məqsədə
çatmaq üçün plan qurmaq bacarığını
aşılamaq lazımdır. Qrup işi, debatlar, layihə əsaslı
öyrənmə motivasiyanı gücləndirir. Şagirdin səhvlərini
qınamaq yox, onları öyrənmə fürsəti kimi təqdim
etmək lazımdır. Seçici münasibət
motivasiyanı azaldır, ədalətli davranış isə
şagirdin inamını artırır. Buna görə də
müəllim şagirdlərinə ədalətli münasibət
göstərməlidir. "Sən bacararsan",
"Yaxşı cəhd idi", "Bu sahədə
inkişaf edirsən" kimi ifadələr
ruhlandırıcı təsir göstərir.
Uşağın təhsil uğuru yalnız akademik
biliklərlə deyil, həm də onun özünə
inamı, yəni öz gücünə və
bacarığına olan psixoloji əminliyi ilə sıx
bağlıdır. Özünə inanan şagird təşəbbüskar
olur, çətinliklərdən qorxmur və uğura
doğru davamlı irəliləyir. Bu inamın əsası isə,
ilk növbədə, ailədə - valideynlərin münasibət
və davranışlarında formalaşır. Valideynin
münasibəti, dəstəyi və davranışları
şagirdin psixoloji inkişafına birbaşa təsir edir.
Həkim-psixoloq Arifə Məmmədovanın sözlərinə
əsasən, özünəinam - insanın öz qabiliyyətlərinə,
qərarlarına və dəyərlərinə güvənməsidir.
Bu xüsusiyyət uşağa yeni bilikləri asan
qavramağa, səhvlərdən dərs almağa, cəmiyyət
içində fikrini sərbəst ifadə etməyə
kömək edir. Özünəinamı olmayan uşaq susqun,
passiv və təşəbbüsdən uzaq olur. Ən
kiçik tənqidə qarşı həssas olur, öz
bacarıqlarına şübhə ilə yanaşır:
"Valideyn uşağın ilk müəllimi və ən
güclü təsir mənbəyidir. Onun
davranışları, sözləri və münasibəti
uşağın daxili dünyasında dərin iz buraxır.
Özünəinamın inkişafı üçün
valideyn aşağıdakı sahələrdə mühüm
rol oynayır. Uşağın fikrini dinləmək və ona
dəyər vermək, onun özünü "dəyərli"
hiss etməsinə şərait yaradır. Hər bir
sualına səbir və maraqla yanaşmaq, uşağın
öz fikrini ifadə etməyə təşviq edir. Uşaq hər
zaman nəzarət altında olduqda qərar vermə
bacarığı zəifləyir.
Valideyn uşağa kiçik məsuliyyətlər
verməli, nəticələri ilə üzləşməyə
şərait yaratmalıdır. Bu da onun "bacarıram"
hissini gücləndirir. Daim tənqid edilən uşaqlar
qorxur, səhv etməməyə çalışırlar və
riskdən qaçırlar. "Sən bu işi yaxşı
bacarırsan", "Sənin fikrin maraqlıdır",
"Səhv etdin, amma yenidən cəhd edə bilərsən"
kimi cümlələr özünəinamın təməlidir.
Uşağı başqa uşaqlarla müqayisə etmək
(qardaş-bacı, sinif yoldaşı və s.) onun özünəməxsusluğunu
dəyərsizləşdirir. Müqayisə yerinə, onun
öz şəxsi inkişafını izləmək və
kiçik uğurlarını belə qeyd etmək daha
faydalıdır. Uşağınıza etibar edin -
bacarması üçün ona inandığınızı
göstərin. Uşağın səylərini qiymətləndirin
- nəticə yox, çalışmaq və cəhd etmək
önəmlidir. Hər zaman mükəmməllik gözləməyin
- səhv öyrənmə prosesinin bir hissəsidir.
Özünəinam problemi olan uşaqlar üçün məktəb
psixoloqundan və ya məsləhətçidən dəstək
almaqdan çəkinməyin. Ailə içində sevgi və
anlayış mühiti yaradın - özünü sevilən
və qəbul olunmuş hiss edən uşaq özünə də
inanmağa başlayır. Özünəinam - hər bir
şagirdin təhsil və həyat yolunda lazım olan ən
vacib psixoloji dayaqdır. Valideynin düzgün yanaşması,
dəstəkləyici münasibəti və motivasiyaedici
davranışı bu inamın formalaşmasında həlledici
rol oynayır. Unutmaq olmaz ki, özünə inanan uşaq gələcəkdə
öz yolunu cəsarətlə gedən, məsuliyyətli və
uğurlu bir şəxsiyyətə çevrilir. Bu yolun
başlanğıcı isə ailənin ona verdiyi inamla
başlayır".
Psixoloq qeyd edib ki, uğurlu şagird yalnız yüksək
qiymət alan və testlərdə yaxşı nəticə
göstərən deyil. Uğurlu şagird öz gücünə
inanan, səhvlərdən qorxmayan, tənqidi və
yaradıcı düşünə bilən, öz
inkişafına cavabdeh olan bir fərddir. Belə bir şagird
yetişdirmək üçün sadəcə tədris
planı deyil, psixoloji dəstək və sosial mühit də
düzgün qurulmalıdır: "Uşaqların
özünə inamı ilk növbədə ailədə və
məktəbdə yaşadığı təcrübələrdən
formalaşır. Onlara erkən yaşlardan etibarən qərar
vermək imkanı yaradın, məsuliyyət verin,
uğurlarını qeyd edin. Uşağa deyin: "Sən necə
düşünürsən?" - bu sadə sual onun
düşüncəsinin dəyərli olduğunu göstərir.
Uğur, çox zaman bir neçə uğursuzluqdan sonra gəlir.
Uşağa səhv etməkdən qorxmamağı öyrətmək
onun risk etmə bacarığını artırır və bu
da həm özünəinamı, həm də gələcək
uğurları artırır. Səhvlərə görə
utanmaq deyil, öyrənmək vərdişi qazanan şagird həyat
boyu inkişafa açıq olur. Qiymət əsaslı
yanaşma şagirdin özünü yalnız nəticəyə
görə dəyərləndirməsinə səbəb olur.
Halbuki çalışqanlıq, səy, irəliləyiş
kimi proses göstəriciləri də motivasiya və
özünəinam üçün əsasdır. "Sən
bu dəfə daha çox çalışdın" - bu
cümlə "5 aldın" sözündən daha
güclü motivasiya yaradır. Təhsil mühitində
şagirdlər bir-birini lağa qoyursa, səhvlərə
görə gülünürsə və ya müqayisələr
aparılırsa, özünəinam zədələnir.
Müəllim və valideynlər müqayisədən uzaq, bərabərlik
əsaslı yanaşma tətbiq etməlidir. Uşaq yalnız
"mükafat alacam" və ya "tənqid
olunmayım" deyə oxuyursa, bu motivasiya dayanıqlı
deyil. Onun öyrəndiklərinin həyatla əlaqəsini
göstərin, maraq oyadın, hədəf qoymasına kömək
edin. Valideyn və müəllim uşağa açıq
şəkildə inandığını bildirəndə,
uşaq da özünə inanmağa başlayır. Bu
psixoloji güvən uğur üçün təməl
faktordur. Uşağa inanmaq, ona gələcəkdə
hansı adam olacağını xatırlatmaqdır. Özünəinam və uğur
bir-birini tamamlayan iki gücdür. Bu gücü şagirdin
içində oyatmaq üçün müəllimlər və
valideynlər ilk növbədə ona dəyər verdiklərini,
səhvlərinə dözümlü olduqlarını və
onun potensialına inandıqlarını göstərməlidirlər.
Şagird özünü güclü hiss etdikcə uğurlar qazanır, nailiyyətlər
əldə edir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 11 dekabr (№226).- S.15.