Qoşa budaq
Dünyanı dərk edəndən əlahəzrət
sözün qapısını döydülər, hikmət
aradılar, çox məna, məntiq, mətləblər və
ən əsası bir-birini tapdıar, Allahın
seçilmuş bəndələri kimi təzim və ehtiram
göstərdikləri sözün zirvəsini fəth etdilər,
- milli mətbuatımızın və ədəbiyyatımızın
QOŞA BUDAĞı kimi!..
...Barmaqlarımı kompüterin düymələrinə
basmazdan əvvəl hər hansı bir arxivə və ya
arxivimdəki istər mənə şəxsi imzaları ilə
bağışladıqları kitablarından, istərsə də
haqlarında yazılan saysız-hesabsız mənbələrdən
bu və ya digər fakta, dəlilə, sitata istinad etmədən
qəhrəmanlarım barədə fikir yürütmək
iddiasındayam. Çünki bəhs edəcəyim
insanları oxucuları qarışıq ictimaiyyət,
az-çox mətbuatdan, ədəbiyyatdan xəbəri olan
ziyalılarımız bəlkə məndən də
yaxşı tanıyırlar. Hətta vaxtlarını
çox almayım deyə, telefon zənglərində də
qısa danışdığım həmkarlarımın ilk
növbədə bir-birinə ən xoş, ülvi
duyğularla bağlanaraq necə sevildiklərini görəndə,
nə gizlədim, sevincimlə bərabər, qibtə hissi də
keçirmişəm. Söhbət sadəcə
hamımızın dərin rəğbətini qazanmış
Qulu Məhərrəmli və ömür-gün
yoldaşı Zemfira xanım Məhərrəmlidən gedir.
İlk tanışlığım çox-çox
illər əvvəl jurnalistikada ad-san qazanmış, daha
çox həmyerlim kimi qürurlandığım Qulu Məhərrəmli
ilə onun televiziyada çalışdığı vaxtlara
gedib çıxır. Bakıda neft sahəsində işləyib
yaxşı maaşla ailə, məişət, mənzil
problemlərimi həll edə-edə BDU-nun jurnalistika fakültəsində
qiyabi oxuduğum qırx beş il əvvələ təsadüf
edir bu tanışlıq. Hələ yazıları
işıq üzü görsün deyə bir redaksiya
qapısını (onda respublikada bir neçə qəzet-jurnal
çıxırdı) beş-altı dəfə döyən
kiçik yazılar müəllifi ilə ekranlardan odlu-alovlu,
məntiqli-mənalı
çıxışları, şərhləri ilə
evimizin əziz qonağı sayılan tanınmış
telejurnalistin görüşünü, bu
görüşün xüsusilə adi tələbəyə
necə təsir edə biləcəyini bugünkü
jurnalistikanın prizmasından baxaraq təsəvvür etmək
mümkünsüzdür. Qəzet səhifələrində
nəyi necə gəldi yazanlar, ekran-efirlərdə işlətdiyi
sözün məğzinə varmayanlar üçün bir az
da gülməli çıxar o vaxt cəmi dörd yaş
böyük həmkarımla görüşümün məndə
yaratdığı təəssürat! Ancaq fakt
faktlığında qalır.
Növbəti görüşümüzdə radio
nitqi ilə bağlı kitabını
bağışlaması, üstəlik, səmimi ünsiyyəti
bir az da ürəkləndirdi məni. Yəni bu gün
yalnız həqiqətə və reallığa söykənən
tanınmış ictimai-siyasi xadim, düz sözün və
səlis nitq mədəniyyətinin
daşıyıcısı olaraq nümunəvi qələm
sahibi, əməkdar jurnalist, alim kimi dilçiliyimizin cəfakeş
mühafizəçisi, professor Qulu Məhərrəmli ilə
bütün ünsiyyətlərimizdə etik çərçivəni
qorumağa çalışan mənlə aramızda ən
xoş münasibətə, bəzən isə incə yumorla
bitən polemikalara görə ona minnətdaram ki, bu da insan
xarakterindəki sadəlikdən, səmimilikdən,
düzlük və doğruluqdan doğur. Yumordan söz
düşmüşkən, Qulu müəllimin səmimi təbəssüm
dolu yumoru da onun ciddiliyinə xələl gətirmir, sanki
qarşısındakına sözü, xüsusən incə
məqamlarda hansı formada və ya formatda çatdırmaq
lazım olduğunun nümunəsinə çevrilir. Məsələn,
kitab sərgisində moderatoru olduğu ciddi bir tədbirin
sonluğunu gülümsəyərək "indi də
İradə xanımın xahişi ilə sözü verirəm
Zemfira Məhərrəmliyə" deməsi
iştirakçılarda xoş əhval-ruhiyyə yaratmaqla
yanaşı, həm də həyat yoldaşı və ən
yaxın sirdaşı olan növbəti dəvətlinin
söz haqqı olduğuna işarədir.
Yaxud jurnalistikada və siyasətdə yerində olmayan
birisinin yersiz öztərifinə xəfif bir təbəssümlə
"biz sizlərdən öyrənirik" deməsi Qulu Məhərrəmlinin
təkcə söz (məqamında deyilmiş) ustadı
olduğuna dəlalət etmir, həm də bu xalqın mənəvi
varlığına işıq salan satira və yumora
bağlılığını göstərir.
Xalq arasında belə bir deyim var ki, xanım
kişinin önündə gedəndə 01, onun arxasında
olanda isə 10 rəqəmi ifadə olunur. Məşhur deyimin
özünü doğrultmadığı məqamlar da olur və
o təsəvvür yaranmasın ki, bu, hansısa
qanunauyğunluğa və ya milli adət-ənənəyə
ziddir. Məhərrəmlilər ailəsi bu nizamı yarım
əsrə yaxındır ki, qarşılıqlı hörmət
və ehtiram, bir-birini anlamaq və dəyər vermək, ailə-məişət,
övlad-nəvə böyütmək məsələlərində
həmrəylik nümayiş etdirmək əsasında tənzimləyirlər.
Həm də sübut edirlər ki, həyatın keşməkeşli
yollarında gender amilinə fərq qoymadan yanaşı
addımlamaq fərdi müsbət keyfiyyətləri daha
çox stimullaşdırır, xüsusilə yaradıcı
insanların qarşısında geniş üfüqlər
açır, tərəflərə bölmədən və
bölünmədən bir-birini tamamlayan cütlüyə
yeni-yeni uğurlar gətirir. Qəhrəmanlarım olan bu ailənin
timsalı həm də Azərbaycan ailəsinin nümunəvi
təcəssümüdür ki, həyatda və ümumən
tarixdə az hallarda baş verir.
...Əməkdar jurnalist Zemfira Məhərrəmli
soyadı mətbu yazıları ilə ilk diqqətimi cəlb
etsə də, bu xanımın mühüm dövlət
qurumunda zərif çiyinlərini böyük bir məsuliyyətin
altına verdiyi vaxtlardan tanışlığımız
baş tutub. Əlbəttə, Zemfira Məhərrəmli
imzası bu gün təkcə Azərbaycan dilli oxucunun deyil,
bir neçə yaxın və uzaq dillərdə
danışan nəsr həvəskarlarının maraq dairəsinə
düşə bilibsə, bunu yanız milli ədəbiyyatımız
naminə alqışlamaq lazımdır. Az-çox ədəbiyyatdan
xəbəri olan oxucu kimi zəruri bədii nümunələrin
tərcüməsini bütün dövrlər
üçün, xüsusilə də müasir zaman
üçün təqdirəlayiq hesab edirəm. Çünki
30 il informasiya blokadası, dünyanın bizə tərəf
qulağının kar olduğu müddətdə ən
yaxşı təbliğat forması məhz bədii əsərlər
ola bilərdi ki, bunu istedadı və qələminin
gücü ilə edən nasirlərimizdən biri də məhz
Zemfira Məhərrəmli oldu.
Müstəqilliyimizin xaoslu ilk illərini yəqin ki, hələ
də xatırlayanlar az deyil. Ümummilli lider Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən
sonra da bu xaosda marağı olanların
tör-töküntüləri qalmışdı və onlar
xaricdən züy tutanların dəstəyi ilə ölkədə
hərc-mərclik yaratmaq meylindən əl çəkmək
istəmirdilər. Belə bir zamanda əksər strukturlarda
saxta mətbuat işçilərinin (bilərəkdən
jurnalist yazmıram - M.C.) sorğularını cavablandırmaq,
sanki müstəqilliyi təkbaşına qazanmış kimi
iddialı vətəndaşın özü də
anlamadığı mətləb barədə izahedici söhbət
aparmaq, dövləti, milləti özünə borclu
sayanın "borcunu qaytarmaq" və s... bu kimi qeyri-standart
vəzifələr dururdu. O gərgin zamanlarda yeni
addımlarını atan müstəqil respublikamızın
çoxluğun hələ nələr baş verdiyini
anlamadığı ictimaiyyətlə əlaqəsini ən
yaxşı quran mühüm dövlət qurumlarından biri
də məhz Ombudsman aparatı idi ki, bu iş də Zemfira Məhərrəmlinin
zəif və zərif çiyinlərinə
düşürdü. İlk növbədə, savadı və
bacarığı, səmimiliyi, insanlarla gözəl
ünsiyyət yaratmaq məharəti və sözsüz ki, məlahətli,
rəvan səsi bu çətin işində Zemfira xanıma
yardımçı olurdu. Asan gəlməsin, bütün
dünyanın diqqətinin Azərbaycanda cəmləşdiyi
bir zamanda bunca ciddi dövlət strukturunun adi bir press-relizi, bu
və ya digər hadisə barədə açıqlaması
və ya kiçik bir tədbirin keçirilməsi xeyli məsuliyyət,
güc və enerji tələb edirdi. Bütün hallarda
qazanılan uğurlarda qələm dostumuzun yetərincə
payı da var idi, bunu danmaq mümkün deyil.
Z.Məhərrəmli elə o ağır vəzifələri
yerinə yetirə-yetirə istedadının
işığında parlayan bədii nümunələr
yaratmaq şansını da bada vermədi. Oxuduğum
bütün əsərləri, publisistik yazıları,
tamaşaçı alqışı qazanmış dram əsəri
barədə fikir yürüdüb oxucuları yormaq meylindən
uzaq duraraq Zemfira Məhərrəmlini Qarabağ müharibəsində
şücaətlər göstərmiş qadın qəhrəmanlarımızın
salnaməçisi adlandırardım. Onun qələmindən
çıxan əsərlər ilk növbədə Azərbaycan
xanımının, həm də qeyrətli
oğullarımızın, belə övladları yetirən
xalqın tipik obrazını özündə əks etdirir; -
sadəliyi, danışıq və davranış tərzi,
milli adət-ənənələrə sadiqliyi, ailə
qayğıkeşliyi, yeri gələndə ictimai fəallığı,
hətta döyüşkənliyi və mübarizliyi ilə!
Çünki Zemfira xanım o qəhrəmanlarının
timsalında özünü də yazır, milli ləyaqətli
xanım, qayğıkeş ana kimi hiss və duyğularını
sözə düzür, qələmi, istedadı ilə
döyüşür və qalib gəlir: qalibləri isə
mühakimə etmirlər!
...Tanrıdan ucalan səsləri ilə
işıqlı həyata göz açdılar, səslərinin həlim, rəvan
çalarlarında var-gəl edərək sözün
yolçusuna çevrildilər, istedadlarının
işığında xalqın minilliklər tarixindən,
milli-mənəvi dəyərlərindən, ana dilimizin incəliklərindən
süzülüb gələn şəkər, bal, duz
qatdılar düz sözə! Yaradıcılıq təravəti
heç vaxt solmayacaq, çağdaş ictimai fikrimizə,
elmimizə, ədəbiyyatımıza verdikləri töhfələr
getdikcə daha dərindən dərk ediləcək QOŞA
BUDAĞa döndülər, pöhrələndilər,
şaxələndilər!
Yetmişə yetdiyiniz günlər, aylar, illər
mübarək, bütün qələm sahiblərimizin dəyərli
söz ustadları; - Qulu və Zemfira Məhərrəmli!
Mahir CAVADLI
525-ci qəzet .- 2025.- 11 dekabr (№226).- S.13.