“Azərxalça” ASC Bəhreyndəki
beynəlxalq sərgidə
Bəhreyn Beynəlxalq Dözümlülük Kəndində
8-ci “Mara'ee 2025” sərgisi açılıb. Sərgi Bəhreyn
Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin
himayəsi altında dekabrın 8-dən 13-dək Saxir şəhərində
keçirilir. Bu tədbir regionun ən böyük xüsusi sərgisidir
və Krallığın davamlı kənd təsərrüfatı
və qida təhlükəsizliyinə sadiqliyini inkişaf
etdirmək üçün vacib platforma rolunu oynayır.
Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-dən
məlumat verilib.
Bildirilib ki, sərgidə kənd təsərrüfatı,
incəsənət sərgisi, fermerlər və heyvandarlıq
bazarları, eləcə də əlavə fəaliyyətlər
daxil olmaqla geniş yerli və beynəlxalq iştirak təqdim
olunub. Tədbirin iştirakçıları sırasına
Körfəz Əməkdaşlıq Şurası və ərəb
ölkələri ilə yanaşı, digər dəvət
olunmuş xarici ölkələr, o cümlədən Azərbaycan
da daxildir. Həmçinin proqramda yer alana beynəlxalq at sərgisində
Azərbaycanın Qarabağ atları da geniş təqdimatla
iştirak edib.
“Mara'ee 2025” sərgisinin rəhbərliyinin rəsmi dəvəti
ilə bu mərasimdə iştirak edən “Azərxalça”
ASC-nin yaradıcı heyəti Azərbaycan mədəni irsinin
zənginliyini və xalqımızın qədim ənənələrini
bütün dünyaya nümayiş etdirib. Sərgidə Cəmiyyətin
müxtəlif xalça kolleksiyalarından nümunələrlə
yanaşı, əsl əl işi olan milli xalçaların
nümayişi baş tutub.
Sərgi çərçivəsində
iştirakçılar Azərbaycanın adət-ənənələri
və mədəniyyəti ilə də tanış olublar.
Eyni zamanda, iştirakçılar Azərbaycan
xalçaları barədə ətraflı məlumat
alıb, onlarla xatirə şəkli çəkdirib və azərbaycanlı
toxucu xanımla əsl əl işi Qarabağ xalçasının
toxunmasında iştirak etmək fürsəti qazanıblar.
525-ci qəzet .- 2025.- 11 dekabr (¹226).-S.10.