Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı
yeni mərhələdə
Azərbaycan ilə Slovakiya arasında əlaqələr
son illər qarşılıqlı etimad, mehriban dostluq və
strateji xarakterli əməkdaşlıq prinsipləri əsasında
keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dekabrın
8-də Bratislavada verdiyi bəyanatlar iki ölkə münasibətlərinin
real mənzərəsini, gələcək inkişaf
vektorlarını və əməkdaşlığın
prioritet istiqamətlərini aydın şəkildə
nümayiş etdirir. Bu bəyanat həm siyasi xarakter, həm
iqtisadi məzmun, həm də geostrateji mahiyyət
baxımından Azərbaycan-Slovakiya münasibətlərinə
kompleks qiymət verən bir sənəd kimi dəyərləndirilə
bilər.
Azərbaycanla Slovakiya uzun illər ərzində
qarşılıqlı hörmət və dostluq prinsiplərinə
əsaslanan əməkdaşlıq qurub, 2024-cü ildə
imzalanmış Strateji Tərəfdaşlıq haqqında
Birgə Bəyannamə isə bu münasibətləri ən
yüksək siyasi səviyyəyə yüksəldib. Prezident
cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd
yalnız siyasi bəyanat deyil, iki ölkənin praktiki sahələr
üzrə fəaliyyətini daha intensiv və koordinasiyalı
edən yol xəritəsidir. Bəyannamədən sonra
iqtisadi, siyasi, müdafiə, enerji və innovasiya sahələri
üzrə birgə işçi qrupların aktiv fəaliyyəti
Azərbaycan-Slovakiya əməkdaşlığının
institusional bazasının möhkəmləndiyini sübut
edir.
Bu gün Slovakiya Azərbaycan üçün Avropada
etibarlı tərəfdaş, etimadlı müttəfiq və
mühüm iqtisadi aktordur. Bratislavanın Bakı ilə
münasibətlərdə müstəqil siyasi xətt
yürütməsi Azərbaycan cəmiyyətində yüksək
qiymətləndirilir və ölkəmiz tərəfindən
xüsusi rəğbətlə qarşılanır.
Prezident cənab İlham Əliyevin bəyanatında ən
geniş yer tutan məsələlərdən biri enerji təhlükəsizliyi
sahəsində əməkdaşlığa həsr olunub. Bu,
təsadüfi deyil. Azərbaycan bu gün Avropanın enerji xəritəsində
strateji əhəmiyyətli ölkə kimi
çıxış edir və 14 ölkəyə təbii
qaz ixrac edir. Ümumi qaz ixracı 25 milyard kubmetrə
çatıb ki, bunun da yarısı Avropa İttifaqı
ölkələrinə yönəldilib. 2024-cü ildə Azərbaycan
qazının ilk dəfə Slovakiyaya tədarükü
regionda yeni enerji əməkdaşlığı səhifəsinin
açılması deməkdir. Bu, Slovakiyanın enerji şaxələndirməsi,
Azərbaycanın isə tədarük istiqamətlərini
genişləndirməsi baxımından strateji əhəmiyyət
daşıyır. Yeni yataqların istismara verilməsi ilə
Azərbaycanın qaz resurslarının daha da artacağı,
bunun isə həm Slovakiyaya, həm də Mərkəzi
Avropanın digər ölkələrinə geniş həcmdə
enerji tədarükünü təmin edəcəyi xüsusi
vurğulanıb. Bu faktlar Azərbaycanın təkcə enerji
istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin
təminatçılarından biri kimi mühüm rol
oynadığını göstərir.
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi
sahəsində əməkdaşlıq da geniş imkanlar
yaradır. Prezident cənab İlham Əliyevin bəyanatında
qeyd edilən mühüm məqam ondan ibarətdir ki, əməkdaşlığın
əsas məqsədi müharibə deyil, sənaye
kooperasiyası, texnoloji sinergiya və birgə istehsal layihələrinin
həyata keçirilməsidir. Slovakiyanın qabaqcıl
texnologiyaları ilə Azərbaycanın maliyyə və
istehsal imkanlarının birləşdirilməsi müdafiə
sənayesində yeni məhsulların yaradılması,
dünya bazarlarına çıxış imkanı, innovativ
yanaşmaların tətbiqi üçün əlverişli
şərait yaradır.
Azərbaycanın 44 günlük Vətən
müharibəsində qazandığı Qələbənin
beşinci ildönümündə Slovakiyanın yüksək
səviyyəli nümayəndə heyətinin Bakıda
iştirakı isə iki ölkə arasında dostluq
münasibətlərinin real təzahürü kimi qiymətləndirilməlidir.
Azərbaycan bu gün Şərqlə Qərb arasında
etibarlı körpü missiyasını uğurla həyata
keçirir. Prezident cənab İlham Əliyevin bəyanatında
vurğulandığı kimi, ölkəmizin nəqliyyat
infrastrukturu – limanlar, dəmir yolları, avtomobil yolları,
enerji şəbəkələri - Orta Dəhliz layihəsinin əsas
dayaqlarından biridir. Orta Asiyanı Avropa ilə birləşdirən
ən təhlükəsiz və etibarlı marşrut məhz
Azərbaycanın üzərindən keçir. Bu marşrutun
inkişafı Slovakiya üçün də xüsusi əhəmiyyət
kəsb edir. Gələcək illərdə Azərbaycan nəqliyyat-logistika
infrastrukturuna daha çox sərmayə qoymaqla öz tranzit
potensialını genişləndirməyi
planlaşdırır və Slovakiya ilə çərçivədə
bu sahənin əməkdaşlıq prioritetləri
sırasına daxil edilməsi təklif olunur. Bu əməkdaşlıq
həm də Avropanın ticarət təhlükəsizliyinə,
enerji-daşıyıcılarının və yüklərin
daha sürətli və davamlı şəkildə
çatdırılmasına xidmət edir.
Azərbaycanın enerji potensialı yalnız ənənəvi
sahələr üçün deyil, həm də yüksək
texnoloji sektorlar üçün strateji üstünlük
yaradır. Məhz buna görə də Prezident cənab
İlham Əliyev məlumat texnologiyaları və beynəlxalq
data mərkəzləri habı yaradılması məsələsinə
xüsusi diqqət yönəldib. Hazırda Azərbaycanda
istifadə olunmayan enerji potensialı təxminən 2
giqavatdır və növbəti beş ildə bu rəqəm
8 giqavata çatdırılacaq. Ölkənin iqlim müxtəlifliyi
data mərkəzlərinin səmərəli fəaliyyətini
təmin edən əlverişli şərait yaradır.
Slovakiya ilə bu sahədə əməkdaşlıq Azərbaycanın
rəqəmsal ekosisteminin inkişafı, regionda data və
süni intellekt texnologiyalarının inteqrasiya olunması
üçün yeni imkanlar açır.
Prezident cənab İlham Əliyevin bəyanatında
Slovakiyanın sabit inkişafı, sənaye potensialı və
müstəqil xarici siyasət xətti xüsusi qeyd olunub. Azərbaycan
üçün dövlət suverenliyinə və müstəqil
qərarvermə mədəniyyətinə malik tərəfdaşlarla
əməkdaşlıq həmişə prioritet təşkil
edib. Slovakiyanın geostrateji məsələlərdə
prinsipial mövqeyi və xarici siyasətdə müstəqilliyi
ona regionumuzda yüksək hörmət qazandırıb.
Ümumiyyətlə, Prezident cənab İlham
Əliyevin 8 dekabr bəyanatı Azərbaycan-Slovakiya
münasibətlərinin strateji mahiyyətini,
qarşılıqlı etimad və dəstək əsasında
inkişaf edən çoxşaxəli əməkdaşlıq
perspektivlərini tam şəkildə ortaya qoyur. Bu münasibətlər
siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat və
logistika, müdafiə sənayesi, yüksək texnologiyalar və
rəqəmsal iqtisadiyyat kimi sahələrdə davamlı və
yüksələn xətt üzrə inkişaf edir.
Azərbaycan və Slovakiya yalnız tərəfdaş
deyil, eyni dəyərləri bölüşən,
qarşılıqlı hörmətə əsaslanan
münasibətlər quran iki dost dövlətdir. Siyasi iradə,
iqtisadi potensial və praqmatik əməkdaşlıq çərçivələri
bu münasibətlərin gələcək illərdə daha
da möhkəmlənəcəyinə əminlik yaradır.
Şəfa Qurbanova
525-ci qəzet .- 2025.- 11 dekabr (№226).- S.7.