Bakı-Bratislava - Daha dərin əməkdaşlığa
doğru
Azərbaycanla bir sıra Avropa ölkələri
arasında xüsusi münasibətlər mövcuddur ki,
onlardan biri də Slovakiyadır. İki ölkənin
münasibətləri diplomatik əlaqələrin
qurulmasından bu yana qarşılıqlı hörmət və
tərəfdaşlıq ruhunda inkişaf edir. Slovakiya Azərbaycanın
müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb,
1993-cü ildə isə iki ölkə arasında rəsmi
olaraq diplomatik münasibətlər qurulub.
Qarşılıqlı olaraq səfirliklərin
açılması, yüksək səviyyəli səfərlərin
həyata keçirilməsi ilə əlaqələr daha da
intensivləşib.
Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri
Azərbaycan-Slovakiya münasibətlərinin daha da
inkişafında, strateji tərəfdaşlığın
güclənməsində tarixi əhəmiyyət
daşıyır. Bu səfər iki ölkə arasında
siyasi dialoqun dərinləşdirilməsi, ticari-iqtisadi əlaqələrinin
genişləndirilməsi baxımından olduqca önəmlidir.
Səfər çərçivəsində dövlət
başçılarının mətbuata birgə bəyanatları
Azərbaycan və Slovakiya əməkdaşlıq gündəminin
nə qədər geniş və çoxşaxəli
olduğunu bir daha nümayiş etdirdi. Enerji təhlükəsizliyi,
nəqliyyat-kommunikasiya, müdafiə sənayesi, texnologiya,
investisiya və bir sıra digər istiqamətlərdəki
müzakirələr, mövcud əməkdaşlıq
imkanları münasibətlərdə yeni səhifə
açır.
Hələ ötən ilin may ayında Slovakiyanın
Baş naziri Robert Fitso Bakıda səfərdə olarkən bəyan
etdi ki, iki ölkə əməkdaşlığını
genişləndirməlidir. O, xüsusilə hərbi sahədə
əməkdaşlığın önəmini
vurğulayıb. Baş nazir deyib ki, Azərbaycanda birgə
istehsal sahələrinin yaradılması fikri hər kəs
üçün cəlbedici olmalıdır. Bunun müəyyən
detalları müzakirə olunub və Bratislava bu layihələrin
uğurlu olması üçün əlindən gələni
edəcək. Söhbət Slovakiyanın xaricindəki istehsal
sahələrindən gedir. Eyni zamanda, Baş nazir Slovakiyanın
Azərbaycandan qaz almaq istəyini də ifadə etmişdi.
Ötən il iki ölkə arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə də imzalanıb ki, bu, əlaqələrin
yüksək səviyyəyə qaldırılmasını, dərinləşdirilməsini
ehtiva edən mühüm bir sənəddir.
Dövlət başçısının dekabrın
8-də Slovakiyaya rəsmi səfəri zamanı səsləndirilən
bəyanatlar, imzalanan sənədlər bir daha tərəflərin
əlaqələrin inkişafında marağını ifadə
edir.
Səfər çərçivəsində “Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə
Slovakiya Respublikasının Xarici və Avropa İşləri
Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”, “Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə
Slovakiya Respublikasının Dövlət Baytarlıq və
Qida Administrasiyası arasında heyvan sağlamlığı
və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”, “Azərbaycan
Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə
Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlıq
haqqında Niyyət Protokolu”, “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi ilə
Slovakiya Respublikasının Mədəniyyət Nazirliyi
arasında Anlaşma Memorandumu”, “Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi ilə Slovakiya Respublikasının
Ticarət və Sənaye Palatası arasında Anlaşma
Memorandumu” imzalanıb.
Slovakiya Prezidenti Peter Pelleqrini bəyan edib ki, ölkəsi
Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə
malik tərəfdaş hesab edir: “Azərbaycan Cənubi
Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və
Avropa ilə kəsişmədə yerləşir və zəngin
enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim
ticarət dövriyyəmiz artmaqdadır”.
Prezident Pelleqrini gələcəkdə Slovakiya ilə
Azərbaycan arasında daha sıx əməkdaşlığın
qurulacağı sahələri də açıqlayıb.
Bunlar müdafiə sənayesi, müasir texnologiyalar, tələbə
mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdir.
Bu bir daha onu göstərir ki, Slovakiya tərəfi uzunmüddətli
perspektivdə Azərbaycanı özünün strateji tərəfdaşı
olaraq görür.
Səfər zamanı diqqətdə olan mövzulardan
biri də müdafiə sənayesi idi. Prezident Pelleqrini bu sahəyə
toxunaraq deyib: “Müdafiə sənayesi çox vacib sahədir.
Biz bu sahəni artıq inkişaf etdiririk. Biz, sadəcə
olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz
kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz
özüyeriyən artilleriya qurğuları, sursat və digər
məhsullar sahəsində də böyük təcrübəyə
malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın
maliyyəsindən istifadə edilməsi və birgə
istehsalın üzərində işləyə və birlikdə
istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə
sata bilərik”.
Bu bəyanat onu göstərir ki, Slovakiya Azərbaycanı
təkcə alıcı olaraq görmür müdafiə sahəsində
daha sıx çalışmaqda maraqlıdır.
Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində
əməkdaşlığa toxunaraq deyib: “Biz bu sahədə əməkdaşlığı
sənayenin inkişafı nöqteyi-nəzərindən
görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni,
bizim üçün müharibələr artıq
keçmişdə qalır və sadəcə olaraq, burada
bir sinergiyanın yaradılması üçün Slovakiya
texnologiyaları ilə Azərbaycan maliyyə
imkanlarını birləşdirərək yeni məhsulların
istehsalı dünya bazarları üçün də
maraqlı ola bilər. Həm də ki, bu, texnoloji
inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir.
Biz bu istiqamətdə konkret layihələr üzərində
çalışırıq”.
Dövlət başçısı enerji əməkdaşlığına
da toxunaraq deyib ki, zəngin qaz yataqlarımız bu gün imkan
verir ki, dünyanın bir çox ölkələrinə təbii
qazı ixrac edək. Azərbaycan qazını almış
ölkələrin sayı 14-ə çatıb: “Biz boru kəmərləri
ilə ixrac edilən qazın təchizatçı ölkəsi
olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi
nəticəsində əlavə resurslar əldə ediləcək
və təbii ki, həm Slovakiyaya, həm də onun
qonşularına Azərbaycan qazının təchizatı
daha da böyük həcmdə mümkün olacaqdır.
Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir,
bunun da yarısı Avropa ölkələrinə nəql
edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan
qazını alaraq öz enerji təhlükəsizliyini təmin
etmiş olur”.
Qeyd edək ki, 2023-cü ildə Sofiyada “Bulgartransgaz” (Bolqarıstan),
“Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream”
(Slovakiya) və Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın
təşviqi ilə bağlı Anlaşma Memorandumu”
imzalanıb. Bu, “Həmrəylik Halqası” təşəbbüsünün
reallaşmasında mühüm addım olmaqla Azərbaycan
qazının alternativ marşrut vasitəsilə əlavə
bazarlara çıxışını təmin edir. “Həmrəylik
Halqası” Azərbaycan qazını Slovakiya bazarına da nəql
etmək üçün imkanlar yaratdı. Həmçinin Azərbaycanın
Avropanın enerji təhlükəsizliyindəki rolunu
artırdı.
Nəqliyyat, bağlantılar, o cümlədən
informasiya texnologiyaları sahəsi də
danışıqlarda mərkəzi mövzulardan olub. Azərbaycanın
nəqliyyat-logistika, kommunikasiya sahəsində rolu getdikcə
artır. Şərqlə Qərb arasında körpü
rolunu oynayan Azərbaycan, həm də Orta Asiyanı Avropa ilə
birləşdirən ən etibarlı və ən təhlükəsiz
marşrutu təmin edir.
İT sahəsinə gəldikdə isə, Azərbaycan
burada da önəmli rol oynaya bilər. Bakı beynəlxalq
data mərkəzləri habı kimi öz rolunu görür və
bu sahədə Slovakiya şirkətləri ilə
çalışmaq niyyətini bəyan edib.
Əməkdaşlığın bir əhəmiyyətli
istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin
fəaliyyətidir. Belə ki, Ağdamın Baş Qərvənd
kəndinin “ağıllı kənd” konsepsiyası əsasında
yenidən qurulması Slovakiya şirkəti tərəfindən
icra edilir. Bu həm də əlaqələrin səviyyəsini
göstərir.
Slovakiya həm Avropa İttifaqının, həm də
NATO-nun üzvüdür, Azərbaycan isə Cənubi
Qafqazın əsas ölkəsi olmaqla mühüm geostrateji
mövqeyə, tranzit imkanlarına malikdir. Üstəgəl,
dostluq münasibətləri, ortaq perspektiv baxışlar iki
ölkənin strateji tərəfdaşlığıda yeni mərhələ
açır.
Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib
ki, Prezidentin Slovakiyaya səfəri iki ölkə arasında
münasibətlərin strateji tərəfdaşlıqdan daha
geniş – qlobal əməkdaşlıq mərhələsinə
keçdiyini göstərdi. Onun sözlərinə görə,
səfərin əsas istiqamətlərindən biri enerji əməkdaşlığı
oldu: "2024-cü ildə Azərbaycan qazının ilk dəfə
Slovakiyaya çatdırılması mühüm hadisə kimi
qiymətləndirildi və qaz təchizatının həcminin
artırılması, uzunmüddətli müqavilələrin
bağlanması barədə razılıq əldə edildi.
Azərbaycanın artan enerji potensialı gələcəkdə
Slovakiyaya və onun qonşularına daha böyük həcmdə
qaz ixracını mümkün edəcək.
İqtisadi münasibətlər də diqqət mərkəzində
olub. Birgə iqtisadi işçi qrupunun fəaliyyətinin
genişləndirilməsi, Slovakiya şirkətlərinin Azərbaycanda
infrastruktur, sənaye, kənd təsərrüfatı və
digər sahələrdə layihələrə cəlb edilməsi
müzakirə edilib. Qarşılıqlı investisiyaların
artırılması hər iki ölkə üçün
yeni iqtisadi imkanlar açır. Müdafiə sənayesi sahəsində
tərəflər texnologiya transferi, birgə istehsal və yeni
layihələr üzərində əməkdaşlıq
imkanlarını araşdırır. Slovakiyanın yüksək
səviyyəli nümayəndələrinin Azərbaycanda
keçirilən qələbə günü tədbirlərində
iştirakı iki ölkə arasındakı dostluğun dərinliyini
göstərib. Nəqliyyat və Orta Dəhliz çərçivəsində
əməkdaşlıq da mühüm istiqamətlərdən
biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin
əsas qovşağına çevrilərək Slovakiya
üçün yeni tranzit və logistika imkanları
yaradır. Orta Dəhliz üzərində işin gücləndirilməsi
ticarətin və əlaqələrin daha da inkişafına
xidmət edəcək.
Rəqəmsal texnologiyalar, data mərkəzləri,
süni intellekt və kibertəhlükəsizlik sahələrində
əməkdaşlıq geniş perspektiv vəd edir. Azərbaycanın
enerji imkanları və infrastruktur potensialı Slovakiya
texnologiyaları ilə birləşərək innovativ layihələr
üçün əlverişli şərait yaradır. Azərbaycan-Slovakiya
əməkdaşlığı həm ikitərəfli
münasibətlərin inkişafına, həm də
Avropa-Qafqaz əlaqələrinin genişlənməsinə
töhfə verir. Slovakiya Azərbaycanın Avropa
İttifaqı ilə tərəfdaşlığında
mühüm körpü rolunu oynayır. Enerjidən sənayeyə,
rəqəmsal texnologiyalardan mədəniyyətə qədər
geniş sahələri əhatə edən bu əməkdaşlıq
gələcək illərdə daha da dərinləşəcək
və hər iki ölkə üçün böyük
faydalar verəcək".
Pərvanə
525-ci qəzet .- 2025.- 11 dekabr (¹226).- S.5.