"Heydər Əliyev ziyalılar
arasında ayrı-seçkilik etmirdi"
AZƏRBAYCANIN VƏ SSRİ-nin XALQ RƏSSAMI TAHİR
SALAHOVLA SÖHBƏT
Heydər Əliyevlə tanışlıq
Elmira Axundova (E.A.): - Tahir Teymuroviç, bilirəm ki,
böyük Heydər Əliyevlə sizin dostluq münasibətlərinizin
uzun illərə dayanan tarixi var. Şəxsi
tanışlığınız hansı şəraitdə
baş tutub?
Tahir Salahov (T.S.) - Şəxsi
tanışlığımız 1962-ci ildən
başlanıb. 1958-ci ildə mən
Azərbaycan Rəssamlar İttifaqının sədrinin
yaradıcılıq məsələləri üzrə
müavini seçildim. O vaxt otuz yaşım vardı.
1962-ci ildə Bakıda "Kuba Sovet rəssamlarının
gözü ilə" mövzusuna həsr edilmiş sərgi
keçirilirdi. Keçmiş Lenin muzeyinin sonuncu mərtəbəsindəki
sərgi otaqlarında təşkil edilən tədbirdə
Viktor İvanovun və Pyotr Osovskinin işləri
nümayiş etdirilirdi. Azərbaycan KP MK-nın ikinci katibi
Yelistratov, - o, rəngkarlığın fanatı idi - sərgilənən
işlərə baxmaq, rəssamlarla tanış olmaq
üçün sərgini ziyarət etdi.
Bu rəssamlar altmışıncılar nəslindən
olan gənclər idi. O vaxt mən də daxil olmaqla bir qrup rəssam
sovet incəsənətində "Sərt üslub"
adlı bir istiqamət yaratmışdı. İvanov və
Osovski mənim dostlarım idi. Onlar uzun müddət Kubada
yaşayıb, orada işləyib, gözəl rəsm əsərləri
çəkiblər. Çox da böyük olmayan işlərdən
ibarət bu əsərlərdə o illərdəki Kuba təsvir
edilirdi.
Yelistratov bizi "İnturist"ə dəvət etdi
və orada, ayrıca bir zalda bu rəssamların şərəfinə
kiçik bir ziyafət təşkil olundu. Ziyafətə Heydər
Əliyev də gəldi və mən onunla orada tanış
oldum. Bundan əvvəl onun haqqında heç nə eşitməmişdim.
Onu DTK-nın 2-ci şöbəsinin rəisi kimi təqdim
etdilər.
E.A. - Yəni o, qapalı şəxs deyildi?
T.S. - Xeyr.
E.A. - Bəs rəssamların şərəfinə təşkil
olunmuş banketə nə üçün məhz Heydər
Əliyev - xüsusi xidmət orqanlarının əməkdaşı
gəlmişdi?
T.S. - Deyə bilmərəm. Orada cəmi bir neçə
nəfər vardı: Yelistratov, Əliyev, bu rəssamlar və
mən. Görünür, Heydər Əliyev incəsənətlə,
yaradıcılıq məsələləri ilə
maraqlanırdı.
E.A. - Onunla bağlı ilk təəssüratlarınızı
xatırlayırsınızmı?
T.S. - O, mənə çox xoş, rəğbət
doğuran bir insan kimi təsir bağışladı, rus
dilində yaxşı danışırdı, gözəl
sağlıqlar deyirdi. Səmimi deyim ki, Heydər Əliyev
xoşuma gəldi - həm zahirən, həm də daxilən.
Çox diqqətli, ciddi adam idi.
Ziyalılarla münasibət
E.A. - Sonrakı ünsiyyətiniz necə oldu?
T.S. - Bizim aramızda açıq-saçıq dostluq
olmayıb. Dostluğumuz sırf qarşılıqlı
hörmət münasibətlərinə əsaslanırdı.
Yaradıcı insanlar onu cəlb edirdi. Yadımdadır, biz -
Arif Məlikov, mən və Toğrul Nərimanbəyov
Zuğulbada, Səhiyyə Nazirliyinin 4-cü idarəsinin
sanatoriyasında istirahət edirdik. Heydər Əliyev oraya gəlir,
bizimlə söhbət edirdi. Musiqiyə, təsviri incəsənətə
özünəməxsus yanaşma tərzi vardı.
Memarlıqla maraqlanırdı.
E.A. - Sizin fikrinizcə, onun yaradıcı insanlara
marağını müəyyənləşdirən amil nədən
ibarət idi?
T.S. - Məncə, bu istək onun daxilindən gəlirdi.
Bundan əlavə, mənə belə gəlir ki, bizim
soyadlarımızın mötəbər yerlərdə səslənməsi,
Azərbaycan incəsənətinə yeni bir dalğa gəlməsi
və bu dalğanı dəstəkləmək məsələsi
onu daima düşündürürdü...
Heydər Əliyeviçin yaradıcı
ziyalılarla tanışlıq dairəsi geniş idi, o,
hamı ilə yaxşı münasibətdə idi. Ona ən
incə məsələlər barədə müraciət etmək
olardı, köməyini əsirgəməzdi.
Məsələn, Səttarın başına gələn
iş. Bir dəfə o, restoranda olanda üstündə qədim
Azərbaycan ornamenti olan çaydan xoşuna gəlir. O, pulunu
ödəyib çaydanı almaq istəyəndə,
başlayırlar sual verməyə ki, bəs bu qədər
pul onda haradandır, çünki xarici görkəmi o qədər
də gözoxşayan deyilmiş. Səttar, axı,
üst-başına o qədər fikir verməzdi. Onlar da
anlamayıblar qabaqlarındakı kimdir, milis
çağırıblar. Mənə onunla bir yerdə olan
adam zəng vurub dedi ki, Səttarı ayıltma məntəqəsinə
apardılar, halbuki sərxoş deyildi.
Mən Heydər Əliyeviçə müraciət
etdim, o, doğrudan da, kömək etdi: hara lazımdırsa zəng
vurdu, Səttarı buraxmağı və bu işdə
günahkar olanları cəzalandırmağı əmr etdi.
Elə o vaxt da rəssamın özü ilə tanış
oldu. Səttar ondan çox razı idi. Səttarın sözləri
yadımdadır: "Niyə Azərbaycanın Xalq rəssamının
başına belə oyun açırlar? Nə pis iş
görmüşəm axı?"
Heydər Əliyeviç Səttar Bəhlulzadənin
90 illik yubileyində çıxış edəndə mən
bu hadisəni onun yadına saldım. O dedi: "Bilirsən, bu
hadisəni mən tamam unutmuşdum".
Heydər Əliyev Mərkəzi Komitənin birinci
katibi olanda Siyasi Maarif Evində Azərbaycan Rəssamlar
İttifaqının qurultayı keçirildi.
Yadımdadır ki, mən məxsusi olaraq həmin qurultayda
iştirak etmək üçün Moskvadan gəlmişdim.
Heydər Əliyev də orada idi, biz yanaşı
oturmuşduq. O vaxt Azərbaycan Rəssamlar
İttifaqının sədri olan Yusif Hüseynov məruzə
edir, biz isə - Heydər Əliyevlə mən - söhbət
edirdik. Deyirdi ki, memarlıq fakültəsində oxuduğu
zaman çəkdiyi bütün rəsmləri
Naxçıvana aparıb. Tahir, - deyirdi, - o rəsmlər
itdiyinə görə çox təəssüflənirəm.
Bu barədə mənə məhrəmanə şəkildə
danışıb ürəyini boşaltdı.
Heydər Əliyevə general-mayor rütbəsinin
verilməsi
Biz onunla 1967-ci ildə Naxçıvanın 40 illiyinə
getmişdik. Mən Naxçıvandan SSRİ Ali Sovetinin
deputatı idim. İliç rayonunda (indiki Şərur) hətta
SSRİ Rəssamlar İttifaqının filialını da
ya-ratmışdıq. Yubiley gününə həsr
olunmuş təntənəli iclas Mədəniyyət
sarayında keçirilirdi. Məruzə ilə
Naxçıvanın birinci katibi çıxış etdi,
sonra Vəli Axundov, daha sonra təbriklər başladı.
Biz Rəyasət Heyətində əyləşmişdik.
Mən çıxdım foyeyə siqaret çəkməyə.
Birdən küncdə qoyulmuş telefon zəng çaldı.
Növbətçilərdən heç kim yox idi. Telefona
yaxınlaşdım.
- Heydər Əliyeviçi olarmı? Yuri
Vladimiroviç Andropovun qəbul otağındandır.
Mən Heydər Əliyevə baxıb, ona işarə
etdim. O, telefona yaxınlaşdı. Birdən eşidirəm:
- Yuri Vladimiroviç, Sovet İttifaqına xidmət
edirəm! Çox sağ olun!
O, general rütbəsi alması xəbərini öz
doğma torpağında eşitdi.
Fasilə zamanı Vəli Axundov, Nazirlər Sovetinin sədri
Ənvər Əlixanov və Ali Sovetin Rəyasət Heyətinin
sədri Məmməd İsgəndərov Rəyasət Heyətinin
foyesinə çıxdılar. Vəli Yusifoviç dedi:
- Tahir, xoş gəlmisən. Yaxşı ki bayrama gəldin.
Nə var, nə yox?
- Mənim işlərim qaydasındadır. Sevinməli
odur ki, Heydər Əliyeviçə general rütbəsi
veriblər.
- Bəli, - Heydər Əliyev dedi, - indicə Yuri
Vladimiroviç zəng vurmuşdu, təbrik edirdi.
Axşam ziyafətdə bu barədə elan etdilər,
zalda olan bütün naxçıvanlılar onu ayaq üstə
alqışladılar.
...Bakıya hamımız birlikdə qatarla gəlirdik.
Biz onunla bir kupedə idik. Qonşu vaqonlardan Firəngiz Əhmədova,
Çingiz Sadıqov, Lütfiyar İmanov gəldilər. Bizdə
artıq süfrə açılmışdı. Kupe-mizdə
bayram başladı. Yadımdadır, hamı oxuyurdu, sevinirdi,
onu təbrik edirdi. Bakıya çatanda, vağzalda Heydər
Əliyeviç məni evlərinə dəvət etdi. Evdə
onu artıq qonaqlar gözləyirdilər. Zərifə
xanım süfrə açmışdı. General Matrosov,
başqa hərbçilər də orada idilər,
sağlıqlar deyilirdi.
Bax beləcə, demək olar ki, iki gün biz onun hərbi
rütbəsini "yuduq".
Bu rütbədə o, ilk dəfə 1967-ci ildə
Çekist Günündə televiziyada çıxış
etdi. Rus dilində, "konspektsiz" çıxış
edirdi. O gün ilk dəfə respublika ictimaiyyəti
qarşısına çıxdı. Düşünürəm
ki, onun yüksəlişi həmin gündən
başladı, çünki o, hər kəsə yaxşı
təsir bağışladı.
E.A. - Heydər Əliyevin birinci katib seçilməsində
əsas rol oynayan kim olub - Sviqun, Andropov, yoxsa Brejnev?
T.S. - Hesab edirəm ki, Heydər Əliyevin irəli
çəkilməsində əsas rolu Sviqun yox, məhz Yuri
Andropov oynayıb. General Rəsulbəyovu MK-nın birinci katibi
təyin etmək istəyirdilər. Sviqunun namizədi o idi.
Moskvaya çağırıb onunla söhbət etdilər,
ancaq o, vəzifədən imtina etdi. Rəsulbəyov Heydər
Əliyevdən yaşca böyük idi, bu cür məsuliyyəti
boynuna götürmək istəmədi. Başqa namizəd
axtarmağa başladılar. Bax, onda Yuri Andropov Heydər
Əliyevin namizədliyini irəli sürdü. Məndə
belə bir təsəvvür yarandı ki, əvvəllər
tabeliyində olan bir adamın bu cür yüksəlməsinə
Sviqun daxilən müqavimət göstərirdi.
Bir dəfə Sviqun məndən xahiş etdi ki, onun
xeyirxahlıq etdiyi, Moskvada yaşayan, əslən azərbaycanlı
olan bir rəssama fəxri ad verilsin. Mən buna heç cür
nail ola bilmədim. Onda Heydər Əliyeviçə məktub
yazıb xahiş etdim ki, Yusif Hüseynova Əməkdar rəssam,
Sviqun deyən adama isə Xalq rəssamı adı verilməsi
məsələsinə baxılsın. Heydər
Əliyeviç Hüseynova fəxri ad verdi, amma o biri adama vermədi.
Həmin rəssama ona görə fəxri ad vermədi ki, nəyisə
etmək məcburiyyətində qalmağı
xoşlamırdı. Hər hansı bir qərarı yalnız
müstəqil şəkildə qəbul edirdi.
E.A. - Niyə onlar respublikanın rəhbərini hərbçilər
arasında, DTK-da axtarırdılar?
T.S. - Ona görə ki, Axundov, Əlixanov və İsgəndərov
arasında gedən daxili çəkişmələr
respublikanı çox ağır vəziyyətə gətirib
çıxarmışdı. Bu insanların hər biri
müstəqil şəxsiyyət idi və başqasına
tabe olmaq istəmirdilər.
E.A. - Əliyevin təyin edilməsi ölkədə və
xaricdə baş verənlərlə - 1968-ci il Çexoslovakiya
hadisələri, Baltikyanı respublikalarda, Gürcüstanda
millətçilik hərəkatı ilə, Azərbaycanda
Sumqayıt hadisələri ilə bağlı deyildimi? Bəlkə
Moskva düşünürdü ki, respublikanın rəhbəri
vəzifəsinə belə möhkəm iradəli,
güclü bir şəxs gətirilsə, vəziyyətə
nəzarət etmək mümkün olacaq?
T.S. - Qismən sizinlə razıyam. Amma əsası o
idi ki, respublika rəhbərləri bir-biri ilə yola getmirdilər.
Vəli Axundovun 1969-cu ilin 6 iyulunda Dzerjinski adına klubda
keçirilən partiya fəalları
yığıncağındakı son
çıxışı yadımda qalıb. Əlbəttə,
Axundov mədəni, ziyalı adam idi. Lakin həmin tədbirdə
dediyi bir cümlə siyasi baxımdan korrekt deyildi: "Mən
Çerkasovun baş rolda çəkildiyi bir filmə
baxmışam. Onun bir sözü mənim çox xoşuma gəldi:
"Xeyirxahlıq eləməyə tələsin".
Birinci katibin ağzından çıxan, rayon rəhbərlərinin,
nazirlərin əyləşdiyi zala ünvanlanan bu sözlər
Şərqdə birmənalı şəkildə başa
düşülməyə, yanlış yozula bilərdi.
Görünür, bu ziyalı zəifliyi müqabilində
"dəmir əl" zəruri idi.
E.A. - Heydər Əliyev Mərkəzi Komitənin
birinci katibi seçiləndən sonra təkcə Azərbaycan
ziyalıları ilə deyil, həm də bütün
İttifaqın ziyalıları ilə ünsiyyət
qurmağa başladı. Rəssamların bəzi
ümumittifaq tədbirləri Bakıda keçirilirdimi?
T.S. - Mən o vaxt artıq Moskvada işləyirdim.
1981-ci ilin yazında biz Bakıda SSRİ Rəssamlıq
Akademiyasının genişləndirilmiş iclasını
keçirirdik. İki yüz nəfər gəlmişdi -
hamısı da Rəyasət Heyətinin üzvləri.
İttifaqın Moskva, Leninqrad, Kiyev, Tbilisidəki ən
böyük institutlarının professorları idilər. Bu, təsviri
sənətin əsl bayramı idi. Tədbir çərçivəsində
ölkə rəssamlıq institutlarının 1980-ci il
buraxılışını təmsil edən tələbələrin
diplom işləri sərgilənmişdi. Yadım-dadır,
Heydər Əliyev Elmlər Akademiyasında bir saat
yarımlıq nitq söylədi, sərgiyə də gəldi.
Moskvada ziyalılarla münasibət
E.A. - Həmkarlarınız Heydər Əliyevlə
ünsiyyətdən sonra onun haqqında nə cür fikir
söyləyirdilər?
T.S. - Məşhur rus heykəltaraşları -
Kibalnikov, Kerber - Azərbaycan mədəniyyət
ustalarının Dövlət mükafatına təqdim
olunmuş əsərlərinə baxmaq üçün
Bakıya gələnlərin hamısı onu çox yüksək
qiymətləndirirdilər.
Təkcə Bakıda yox, Heydər Əliyeviç
Moskvaya köçəndən sonra da belə idi. Onun partiya
qurultayının memarlıq sahəsində irəli
sürdüyü vəzifələr barədə Memarlar Evindəki
çıxışı uzun müddət yadda qaldı,
memarlar indi də ondan danışırlar.
Kinematoqrafiya, memarlıq, təsviri sənət, teatr
sahəsində onun iştirakı ilə Moskvada qəbul
edilmiş qərarlarda müəyyən istiqamətlər
verilir, vəzifələr irəli sürülürdü. Bu,
çox ciddi sənədlər idi. Yaradıcılıq
birliklərində onların yolunu bəlkə də otuz illərlə
gözləyirdilər. Həmin qərarların bəzi bəndləri
bu gün də aktuallığını itirməyib.
Heydər Əliyeviç incəsənətin
bütün sahələri üzrə belə sənədləri
hazırlamışdı. O sənədlərdə söhbət
maliyyə yardımlarından, təsərrüfat fəaliyyətindən,
binaların, mənzillərin verilməsindən, mədəniyyət
xadimlərinin maddi-texniki təminatının
yaxşılaşdırılmasından, əmək
haqlarının, qono-rarların artırılmasından
gedirdi. Bunlar qlobal qərarlar idi. İttifaqlar dirçəlir,
incəsənətə maliyyə vəsaiti
ayrılırdı. Heydər Əliyeviçin təşəbbüsü
ilə səhiyyə, mədəniyyət, nəqliyyat, elm sahələrində
xeyli işlər görülmüşdü.
Bir sözlə, Heydər Əliyeviçin gəlişi
ilə bu sahədə işlər yeni vüsət aldı.
Bax, elə buna görə də onu bugünədək sevirlər,
qiymətləndirirlər. Ona qədər heç kim belə
fəallıq göstərməmişdi. Odur ki, o, istefaya gedəndə
hamı narahat olmuşdu.
Heydər Əliyev ziyalılarla səmimi idi. O,
yaradıcılıq məsələlərinə
yanaşmanı daha yüksək səviyyəyə
qaldırmaq istəyirdi. İstəyirdi ki, yaradıcı
işçilər daha uzun müddətə təmin
olunsunlar. Bununla incəsənət aləmində böyük
əsərlər yaradılması, elmdə kəşflər
edilməsi üçün imkanlar meydana
çıxırdı.
Bütün elmi, yaradıcı təşkilatların
rəhbərləri onun yanına problemlərini həll etməyə
gəlirdilər. Burdenko adına İnstitutun baş həkimi
Konovalov, İqor Moiseyev və başqaları... Mədəniyyət
xadimləri onun simasında xeyirxah bir insan görürdülər.
Bilirdilər ki, əgər məsələ Heydər
Əliyevə çatsa, mütləq həll olunacaq.
Başqa sözlə, Heydər Əliyevin
yaradıcı ziyalılara Azərbaycanda göstərdiyi
hörmət, ehtiram Moskvada İttifaq miqyasında böyük
aksiyalara çevrildi.
Heydər Əliyev incəsənət xadimlərinə
münasibətdə ayrı-seçkilik etmirdi. O, ümumiyyətlə,
hamıya kömək edirdi. Ayrı-ayrılıqda kiminləsə
qürur duya bilərdi, ancaq hamıya eyni gözlə
baxırdı.
Yadımdadır ki, Heydər Əliyeviç bərpa
işləri ilə əlaqədar Tretyakov qalereyasına gəlmişdi.
O dövr üçün dünyaca məşhur bu qalereya
öz texniki imkanlarına görə çox geridə
qalmışdı. Halbuki orada nəhəng sənət xəzinəsi
mühafizə olunur. Mənə danışdılar ki, o,
zalları gəzir, rus miniatür sənəti ilə dərindən
maraqlanır, suallar verirmiş. O, Tretyakov qalereyasının bərpası
üzrə bütün sənədləri
imzalamışdı, bir neçə dəfə oraya baş
çəkmişdi. Orada ehtiyat saxlancları, xüsusi iqlim
şəraiti yaradılmışdı. Bunun səbəbinə
əlli-altmış min eksponatı işıq üzünə
çıxara bildilər. Onun köməyi ilə Puşkin
muzeyində şəxsi kolleksiyalar muzeyi yaradıldı.
E.A. - Bunlar son dərəcə maraqlı və
çoxları üçün məlum olmayan faktlardır.
Çox sağ olun ki, bunları yada saldınız.
Tahir Salahovun atasının sənədləri
- Heydər Əliyeviç DTK sədrinin müavini
olanda - 1965-ci və ya 1966-cı ildə - mən ondan xahiş
etdim ki, 1937-ci ildə Laçın Rayon Partiya Komitəsinin
birinci katibi vəzifəsində ikən həbs edilmiş
atamın şəxsi işini mənə göstərsin. Atam
həmin il sentyabrın 29-da həbs olunub və 1938-ci il iyulun
4-də güllələnib. Sonradan atam bəraət
qazanıb.
Heydər Əliyeviçdən atamın şəxsi
işini mənə göstərməsini xahiş edəndə
dedi:
- Tahir, sənədləri arxivdən tələb etməliyəm.
Bir həftə sonra mənə zəng vurdu, dedi ki,
onun yanına gedim. O vaxt DTK hələ Naberejnayadakı
köhnə binada yerləşirdi. Birinci dəfə idi ki, bu
binaya gəlirdim. Axşam saat səkkiz idi. Geniş,
qaranlıq dəhliz boyunca gedə-gedə fikirləşirdim
ki, atamı da bu dəhlizlərlə istintaqa aparıblar.
Heydər Əliyeviçin kabineti ikinci mərtəbədə,
küncdə yerləşirdi, pəncərədən baxanda dəniz
görünürdü. O, atamın şəxsi işini
götürdü və dedi:
- Tahir, sən oxu, mən isə öz işlərimlə
məşğul olacağam.
Bu ittihamları, protokolları, ittihamnaməni, yekun
hissəni oxumağa başladım. Hər vərəq
üçün bir təkzib var idi, artıq reabilitasiya
prosesində yazılmış bu təkziblərdə qeyd
edilirdi ki, bu - uydurmadır, bu - səhvdir. Orada bir
arayış da vardı. Atam təqsirini etiraf etməyəndə
onu "troyka" mühakimə edirdi. Atamı dörd maddə
üzrə ittiham edirdilər: Trotski-Zinovyev blokunda iştirak, əksinqilabi
təşkilatda iştirak, sovet dövlətinin təməlini
pozmaq, Azərbaycanın SSRİ-dən ayrılmasına
çağırış, ziyanxorluq və terror.
Görünür, Heydər Əliyeviç də
işlə tanış olmuşdu. Mənə dedi:
- Tahir, oxşar işlərin sayı on minə
yaxın olub. Görürsən ki, atanın təqsiri yoxdur,
ona bəraət verilib. Bu işi arxivdən ona görə
götürdüm ki, mənə də maraqlı idi, digər
tərəfdən - ona görə ki, bunları sən də
biləsən.
2001-ci ildə o mənə "İstiqlal" ordenini
təqdim edəndə mən öz
çıxışımda atam barədə
danışdım və Heydər Əliyeviçə
müraciətlə bu sözləri əlavə etdim:
- Kimin ağlına gələrdi ki, 64 ildən sonra mənə,
- repressiyaya məruz qalmış şəxsin oğluna, -
müstəqil Azərbaycanın ən yüksək
mükafatını siz təqdim edəcəksiniz?
Heydər Əliyevin xəstələnməsi
E.A. - Siz demisiniz ki, Heydər Əliyev istefaya göndəriləndə
bir çox mədəniyyət xadimləri ona öz rəğbətlərini
bildirirdilər.
T.S. - Heydər Əliyeviç xəstələnəndə
mən ona zəng vurdum və xəstəxanaya, onun yanına
getdim. Artıq yataq xəstəsi deyildi, amma yaxşı
görünmürdü - solğun, zəif idi. Biz əyləşdik
və Heydər Əliyeviç mayın 11-də başına
gələnləri ətraflı danışmağa
başladı:
- İşə gəldim, hər şey yaxşı
idi, oturub işləməyə başladım, birdən
özümü narahat hiss etməyə başladım.
Düşündüm ki, bəlkə pis yatmışam,
divanda uzandım, baxıram, narahatlığım keçmir.
Qridnevə zəng vurub, onu çağırdım (Valeri
Qridnev H.Əliyevin katibliyinin rəisi idi - E.A.). O gəldi və
dedi: "Heydər Əliyeviç, təcili yardım
çağırmalıyam".
Heydər Əliyeviç imtina etməyə
başlayır, amma görünür, oranın öz
qaydaları var. Təcili yardım briqadası gələndə
həkimlər deyiblər ki: "Heydər Əliyeviç, xəstəxanaya
getmək lazımdır. Xərəyə uzanın". O,
razılaşmır, həmin vəziyyətdə liftə qədər
piyada gedir, sonra liftlə aşağı düşüb
maşına minir.
Bunları mənə ətraflı danışdı.
Mən ona ürək-dirək verirdim:
- Heydər Əliyeviç, bütün bunlar keçəcək.
İnfarktdan sağalan adamlar çoxdur.
Onun əhvalını yaxşılaşdırmaq
üçün zarafat edirdim. Görünür, mənim gəlməyim,
onunla qeyri-rəsmi şəkildə söhbət etməyim
onun üçün xoş idi. Gərək ki, onun yaxın
adamlarından biri də orada idi. O zaman Heydər
Əliyeviç artıq gəzirdi.
Bilirəm ki, Heydər Əliyeviç orada
müşavirələr də keçirirdi, insanların
başqa bir otaqda onu gözlədiklərini görmüşəm.
Moskvada Brejnev dövründən qalmış ənənəyə
görə, nazirlər səhər saatlarında gimnastika məşğələsinə,
sonra hovuza gedir, saat on birə yaxın işə gəlirdilər.
Gündüz saat birdə nahar, nahardan sonra - məlum deyil. Amma
Heydər Əliyeviç gələndən sonra bu qayda dəyişdi,
yeni bir iş üslubu yarandı. Bu, bəlkə də
çoxlarını qıcıqlandırırdı. Köhnə
iş üslubunu kökündən dəyişmək çətin
idi, amma Heydər Əliyevin tabeliyində olanların çoxu
bu insanın fədakarlığına, iş qabiliyyətinə
görə ona hörmət etməyə başladı.
Kurasiyasında olan nazirliklər də ona işinə görə
hörmət edirdilər. O, çox ciddi işləyirdi.
(Ardı var)
Elmira AXUNDOVA
Xalq yazıçısı
525-ci qəzet .- 2025.- 11 dekabr (№226).- S.8-9