Anadolu kəndinin balet ruhu
"BALET RƏQQASLARI KƏNDİ" HAQQINDA
QEYDLƏR
Dünyanın mədəniyyət xəritəsində
bəzən elə nöqtələr olur ki, onları
tanıdıqca mədəniyyətin yalnız böyük
şəhərlərdən doğmadığını, əksinə,
bəzən ən sakit, ən kənarda qalan bir kəndin
dünya miqyaslı bir səhnəyə çevrilə
bildiyini anlayırsan.
XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində,
Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi
proqramına daxil olan "Balet rəqqasları kəndi"
adlı sənədli film məhz belə bir möcüzənin
izindən gedir. Film sadəcə bir kənddən
çıxan kişi baletçilərin uğur hekayəsini
göstərməklə kifayətlənmir, eləcə də
Türkiyənin Anadolu ruhu ilə dünya sənətinin incəliklərini
birləşdirən körpünün yaranma hekayəsini
danışır. Bəzən bir kəndin taleyi bir insanın
hekayəsi qədər sakit, bir hekayənin yüksəlişi
isə bir kəndin tarixi qədər böyük olur. Bu sənədli
film həmin böyük hekayənin kameralara
köçürülmüş formasıdır.
Anadolu kəndlərinin təsərrüfat səsi,
torpaq qoxusu, səhər günəşlə birgə günə
başlayan adamların həyət-bacada eşidilən
gündəlik işi adətən sənət fenomenlərinin
mövzusuna çevrilmir. Lakin bu film göstərir ki, bəzən
məhz belə ənənəvi fonlar insanı başqa bir
istiqamətə aparan başlanğıc nöqtələri
olur. "Balet rəqqasları kəndi"ndə hekayə
Çorumun kiçik, təvazökar bir kəndindən
başlayır. Bu kənddə baletin nə
göründüyü, nə bilindiyi, nə də təsəvvür
edildiyi bir dövrdə - 1973-cü ildə sadə təsadüf
nəticəsində Əlaəddin Acar adlı bir gənc
balet sənətinə qədəm qoyur. Bu addım təkcə
onun həyatını deyil, bir kəndin taleyini dəyişdirir.
Onun valideynlərinin və böyüklərinin balet sənətini
tanımadan, bilmədən, sadəcə
"övladımız yatılı məktəbə gedib həyatını
qurtarsın" düşüncəsi neçə nəslin
taleyini müəyyənləşdirir. Bəli, o dövrdə
bir ucqar kənddə uşağın hər hansı bir məktəbdə
"yatılı" qalması "özünü xilas etməsi"
demək imiş. Xüsusən də, məktəbi bitirəndən
sonra dövlət işi ilə təmin şansı varsa,
övladının gələcəyini hər şeydən
üstün tutan ana-ata üçün tapılmaz nemət
olarmış. Məhz bu düşüncə ilə
başlayır kəndin kişilərinin balet macərası.
Sənədli filmdə Çorumun Başpınar kəndindən
olan gənclərin böyük şəhərlərdə təhsil
almalarına baxmayaraq, heç vaxt öz doğma
yurdlarını tərk etmədikləri, yay aylarında kəndlərinə
qayıdaraq kənd təsərrüfatı və
heyvandarlıqda ailələrinə dəstək olmaları,
eləcə də kənddəki gənclərə ilham vermələri
təsvir olunur.
Filmdə rejissor Fatih Direnin qurduğu incə xətt
elə ilk dəqiqələrdən tamaşaçını
düşündürür: necə olur ki, baletin intizamlı
bədən dili, sərt məşq ritmi, musiqi ilə hərəkətin
poetik harmoniyası Anadolu kəndinin həyətində
yoğrulan sadə bir həyatla kəsişir? Bu sual filmin əsas
dramaturji özəyidir. Film boyunca bu qarşılaşma həm
vizual, həm sosial, həm də emosional təbəqələrdə
işlənir.
Filmin ən güclü tərəfi kəndin həyat
ritmini baletin ritmi ilə paralel göstərməkdir. Bir tərəfdə
səhər tezdən qoyunların səsi, torpaq işləri,
bostan sulayan qadınlar... Digər tərəfdə isə
klassik musiqinin fonunda balet hərəkətləri... Bu iki
dünyanın bir kəndin daxilində qovuşması həm
tamaşaçıda təəccüb, həm də
heyranlıq yaradır. Çünki bu film bir daha sübut edir
ki, sənət üçün coğrafi sərhəd
anlayışı yoxdur, münbit şərait yarananda ən
gözlənilməz yerlərdən belə sənətkar
çıxa bilər.
Rejissorun burada məqsədi kəndin içindəki
potensialı, gözə görünməyən enerjini ortaya
çıxarmaqdır. Quruluşçu operator Evrim İncinin
kamerası kənd həyatını romantikləşdirmədən,
amma sevgi ilə göstərir. Bu obyektiv yanaşma ekran əsərinin
həm səmimiyyətini artırır, həm də sosial dərinliyini
təmin edir.
"Balet rəqqasları kəndi" sadəcə
bir neçə baletçinin həyatını ard-arda
göstərən sənədli film deyil. O, fərdi hekayələri
yığaraq bir kollektiv portret yaradır. Kənddə
artıq dörd nəslə yayılan balet ənənəsi
formalaşıb. Filmdə hər bir gəncin hekayəsi bir tərəfdən
şəxsi istək, zəhmət, məşq ritmi, digər
tərəfdən isə kəndin qarşılıqlı dəstəyi,
ailə inancları və bu yolun açdığı yeni
imkanlar fonunda təqdim olunur.
Sənədli filmdə danışan qəhrəmanlar,
onların valideynləri, müəllimləri öz səsləri
ilə bu kollektivi tamamlayırlar. Rejissorun yanaşması
monoloqa əsaslanmır, o, qarşılıqlı dialoq
yaradır. İnsanların danışdığı hər
hekayə kəndin mədəni
dönüşümünün bir parçası kimi səslənir.
Bir valideynin "Biz əvvəllər baletin nə
olduğunu bilmirdik, amma övladımız bir addım atdı
və biz ona baxıb öyrəndik" deməsi filmin əsas
mesajlarından birini gücləndirir. Belə ki, bəzən
mədəniyyət cəmiyyətə yuxarıdan deyil,
aşağıdan gəlir, bir uşağın cəsarəti
bütün bir kəndin dünyagörüşünü dəyişir.
Balet Türkiyədə çox da yayılmayan bir sənətdir.
Xüsusən, kişilərin balet sənəti ilə məşğul
olması elə də görünməmiş hadisədir. Hətta
bu 4 nəslin son nümayəndəsi, ən gənc balet
ifaçısı olan Alpərən Dağ belə
konservatoriyanın balet ixtisasına qəbul olarkən qrupda tək
oğlan olmağın qəribəliyini
yaşadığını deyir. Yəni 50 ildən sonra -
2020-ci illərdə böyük şəhərdə hələ
də oğlanlar balet sənətinə qəribəlik kimi
baxarkən, 1970-ci illərdə Başpınar kəndi gənclərinin
hansı çətinliklərə sinə gərdiyini təsəvvür
etmək heç də çətin deyil.
Çünki hələ də balet bizim kimi şərq
insanı üçün "elit" sənət olaraq
görülür. Filmdə isə bu anlayış tamamilə
dağıdılır. Kənddən çıxan
baletçilər böyük şəhərlərdə təhsil
alır, Dövlət Opera və Balet səhnəsində
oynayır, xarici ölkələrdə səhnəyə
çıxır, amma hər yay yenə kəndlərinə,
öz doğma torpaqlarına, ailələrinə geri
dönürlər. Bu qayıdış həm mənəvi
bağlılıqdır, həm də mədəniyyətin
"yalnız şəhərdə doğulur" mifinə
qarşı bir cavab.
Bir kəndin içində illər əvvəl
açılmış kiçik bir pəncərə zamanla
qapıya çevrilir və dörd nəsil gənclər bu
qapıdan çıxaraq öz yollarını tapırlar.
Rejissorun vizual dili filmi sadəcə informativ deyil, həm
də poetik edir. Məşqlərin gərgin kadrları ilə
kəndin səhər şəfəqi arasında qurulan
keçidlər filmə ritm verir. Balet səhnəsinin
aydın işıqları ilə kəndin çöl
işıqları kontrast yaradır. Bu kontrast isə simvolik
bir məna daşıyır: sənət zülmətin
içində yanan işıq kimidir.
Kamera həm kəndin ucsuz-bucaqsız çöllərinə,
həm də səhnəyə eyni məsafədən
yanaşır. Bu da rejissorun əsas ideyasını gücləndirir.
Yəni rejissor bu kadrlarla sözsüz sübut edir ki, iki
dünyanın biri digərindən üstün deyil, hər
ikisi eyni dərəcədə dəyərlidir və hər
ikisi insanın formalaşmasına xidmət edir.
Sənədli film göstərir ki, bu kənddə
balet artıq təkcə bir sənət növü deyil, bir
kimlik elementinə çevrilib. İnsanlar öz kəndlərini
"baletçilər kəndi" kimi tanıdırlar. Bu
özünütəsdiq mədəniyyətin insanlara verdiyi ən
böyük ənamlardan biridir. Kəndin gəncləri
artıq öz gələcəklərini təsərrüfat
və ya başqa ənənəvi peşələrlə məhdudlaşdırmır,
əksinə, daha geniş, daha dinamik bir perspektivlə
düşünürlər.
Bu dəyişiklik təkcə gənclərə
deyil, bütöv icmaya təsir edir. Valideynlər
övladlarının önündə açılan
imkanları gördükcə öz baxış
bucaqlarını genişləndirirlər. Cəmiyyətin mədəniyyətlə
tanışlığı birdən-birə artmır, amma bir
balet dərsi, bir uşaq uğuru bu tanışlığın
toxumunu səpir.
Filmin emosional xəritəsi çox
güclüdür. Tamaşaçı təkcə baletin
estetikasına yox, həm də kəndin səmimiyyətinə
heyran olur. Baletçi gəncin kənd yolunda ayaqlarını
isitməsi üçün məşq etməsi, dizlərini
ovuşdurması, yaxud qızlarla birgə əzmlə
çalışması, kəndin uşaqlarına baletin ilk hərəkətlərini
göstərməsi kimi səhnələr filmin emosional tonunu
artırır, tamaşaçının gözlərini
yaşardır. Həmçinin, Alpərən Dağın
anası öz müsahibəsində oğlu ilə qürur
duyduğunu, onun bir də doğulsa, yenə də balet artisti
olmasını istədiyini elə ürəklə dilə gətirir
ki, insan sadə kənd qadınının içindəki sənət
eşqinə heyran olur.
Filmin sonunda tamaşaçı düşünür
ki, əgər bir ucqar kənddə gənclər heç
tanımadıqları, bilmədikləri bir sənətlə
- baletlə məşğul olub belə yüksək
uğurlar əldə edə bilirlərsə, demək ki, məkanından,
zamanından asılı olmayaraq, hər kəsin içində
kəşf olunacağını gözləyən bir potensial
var.
Filmin bir başqa vacib tərəfi onun mədəniyyət
siyasətinə dair dolayı mesajıdır. Dünyanın hər
yerində mədəniyyətə çıxış
imkanı bərabər deyil. Bölgələrarası fərqlər,
təhsil çatışmazlığı, mərkəzləşmiş
mədəni struktur kənd gənclərinin
potensialını çox zaman "gizli xəzinə"
olaraq saxlayır. Bu sənədli film göstərir ki, əgər
imkan yaradılsa, istedad hər yerdə cücərib boy atacaq.
Yəni balet burada təkcə bir sənət deyil, həm
də gizli potensialın üzə
çıxarılmasının metaforudur. Balet bədənini
zəhmətlə yoğuran iradənin forması, çətinlik
içindən yüksəlişin rəmzidir. Kənddən
çıxan gənclər sanki öz həyatlarını da
həmin intizamla formalaşdırırlar. Balet onların
yalnız hərəkət estetikasını deyil, həm də
həyat ritmini dəyişdirir.
"Balet rəqqasları kəndi" təkcə sənədli
film deyil. O, mədəniyyətin coğrafiyalardan asılı
olmadığını göstərən ilhamverici manifestdir.
Filmdə kəndin tozlu yolları balet meydanına, tarlada
işləyən əllər isə səhnənin incə
jestlərinə çevrilir. Bu dəyişimin şahidi olmaq
tamaşaçıya ümid, inam və yaradıcı güc
aşılayır.
Bu sənədli film göstərir ki, bir kəndin
taleyini bir insan dəyişdirə, bir insanın yolunu bir sənət
aça bilər. Anadolunun sakit bir nöqtəsində
başlayan bu hekayə indi dünyanın fərqli
festivallarına gedir, fərqli ölkələrin
tamaşaçılarını düşündürür,
ilhamlandırır. "Balet rəqqasları kəndi" bizi
həm sənətin, həm insan iradəsinin, həm də cəmiyyət
dəstəyinin gücünə inandırır. Kənddən
başlayan bu yolun bu qədər uzağa getməsi isə bir
daha sübut edir ki, sənət yol tapanda heç bir sərhəd
tanımır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 11 dekabr (№226).- S.11.