Distant təhsilə məhdudlaşdırıcı
yanaşma: çıxış yolu varmı?
Azərbaycanda distant (onlayn) formalı təhsillə
alınan xarici diplomlar hazırda rəsmi şəkildə
tanınmır. Bu, Təhsilin Keyfiyyətinin Təminatı
Agentliyinin (TKTA) və Nazirlər Kabinetinin qəbul etdiyi
qaydalara əsasən belədir.
"Təhsil haqqında" Qanunun 13-cü maddəsində
distant və eksternat təhsil forması nəzərdə
tutulsa da, Nazirlər Kabineti tərəfindən distant təhsilin
aparılması ilə bağlı əsasnamələr bu
günə qədər təsdiq edilməyib. Nəticədə
təhsilini tamamlayan məzunlar öz diplomlarını
tanıtmaqda əziyyət çəkirlər.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə
görə, xarici universitetlərdə distant formada təhsil
alanların diplomlarının Təhsildə Keyfiyyətin Təminatı
Agentliyi tərəfindən tanınmaması ciddi problemlər
yaradır. Bu vəziyyət yalnız fərdi səviyyədə
tələbələrin təhsil hüquqlarını məhdudlaşdırmır,
eyni zamanda ölkənin əmək bazarına təsir
göstərir, eləcə də Azərbaycan təhsil
sisteminin qlobal təhsil məkanına inteqrasiyasını
çətinləşdirir: "Hazırda TKTA yalnız əyani
və qiyabi formada xaricdə təhsil alanların
diplomlarını tanıyır, bu isə Azərbaycanda təhsil
alanlarla xaricdə distant təhsil alanlar arasında hüquqi bərabərsizliyə
gətirib çıxarır. Qlobal miqyasda distant təhsil
21-ci əsrin əsas təhsil modellərindən birinə
çevrilib. Pandemiya dövrü ilə birlikdə onlayn təhsil
sistemləri kütləvi şəkildə inkişaf etdi və
dünyanın ən nüfuzlu universitetləri - Harvard, MIT,
Oksford, Kembric kimi ali məktəblər belə distant təhsil
proqramlarını genişləndirdilər. UNESCO-nun
hesabatına görə, dünyada ali təhsil alan tələbələrin
təxminən 20 faizi tamamilə distant formada oxuyur. ABŞ-da
isə bu göstərici 30 faizə qədər yüksəlib
və 2030-cu ilə qədər distant təhsil alanların ənənəvi
təhsil alan tələbələrlə eyni səviyyəyə
çatacağı proqnozlaşdırılır.
Böyük Britaniyada Açıq Universitet və London
Universitetinin onlayn təhsil proqramları vasitəsilə hər
il on minlərlə tələbə ali təhsil alır və
onların diplomları heç bir məhdudiyyət olmadan
tanınır. Türkiyədə Anadolu Universiteti, İstanbul
Universiteti və digər dövlət universitetləri distant təhsili
tam rəsmiləşdirib və məzunlarının
diplomlarını dövlət və özəl sektor bərabər
əsaslarla tanıyır. Almaniya, Kanada və Avstraliya kimi
ölkələrdə də distant təhsil ali təhsilin qəbul
edilmiş və qanuni formalarından biri sayılır. Avropa
Ali Təhsil Məkanına (EHEA) üzv olan ölkələrin
əksəriyyəti distant təhsili akkreditasiya
standartlarına uyğun olaraq tanıyır".
Ekspert qeyd edir ki, digər ölkələrlə
müqayisədə Azərbaycanda distant təhsilə
qarşı yanaşma daha məhdudlaşdırıcıdır:
"TKTA tərəfindən xaricdə distant formada alınan
diplomların tanınmamasının əsas arqumenti distant
proqramların keyfiyyətinə nəzarətin çətin
olması ilə bağlıdır. Lakin bu yanaşma tamamilə
problemli görünür, çünki distant formada təhsil
verən bir çox universitetlər artıq beynəlxalq
akkreditasiyadan keçib və ali təhsildə keyfiyyət təminatı
sahəsində ciddi nəzarət mexanizmlərinə malikdirlər.
Məsələn, ABŞ və Avropada fəaliyyət göstərən
ABET (Accreditation Board for Engineering and Technology), AACSB (Association
to Advance Collegiate Schools of Business), AMBA (Association of MBAs) və
digər qurumlar ali təhsil müəssisələrinin həm
əyani, həm də distant proqramlarını qiymətləndirir
və keyfiyyət standartlarına uyğun olduğunu təsdiqləyir.
Azərbaycanda isə TKTA heç bir fərdi qiymətləndirmə
aparmadan ümumi bir yanaşma tətbiq edir və distant
diplomları avtomatik olaraq tanımır. Bu isə bir çox
tələbələrin xarici universitetlərdə təhsil
almaq imkanlarını məhdudlaşdırır və əmək
bazarında onların hüquqlarını məhdudlaşdıran
süni baryerlər yaradır".
Kamran Əsədov hesab edir ki, məsələnin həlli
üçün bir neçə istiqamət üzrə dəyişikliklər
aparıla bilər. Birincisi, distant təhsil diplomlarının
tanınması üçün TKTA tərəfindən beynəlxalq
akkreditasiya standartlarına əsaslanan fərdi qiymətləndirmə
mexanizmi hazırlanmalıdır. Yəni distant təhsil
proqramları avtomatik olaraq rədd edilməməli, əksinə,
onların keyfiyyəti və akkreditasiyası nəzərə
alınmalıdır. Məsələn, dünya reytinqlərində
yer alan və akkreditasiyadan keçmiş universitetlərin
distant proqramları tanına bilər. Bu yanaşma artıq
Avropa ölkələrində tətbiq olunur. Almaniya, Fransa və
Niderland kimi ölkələrdə distant diplomların
tanınması üçün keyfiyyət təminatı
agentlikləri universitetlərin akkreditasiyasını və məzmun
uyğunluğunu yoxlayır. Azərbaycan da bu praktikadan istifadə
edə bilər və distant təhsil alanların
diplomlarını fərdi qaydada qiymətləndirərək
tanınmasını təmin edə bilər.
Dünyanın bir çox universitetləri artıq
distant təhsili tamamilə onlayn deyil, müəyyən əyani
komponentlərlə birlikdə təqdim edir. Yəni tələbələr
bəzi dərsləri onlayn alır, lakin praktiki dərsləri
və ya seminarlarda iştirak etmək üçün
universitetə gedirlər. Bu model Böyük Britaniyada London
Universitetinin beynəlxalq proqramlarında, ABŞ-ın
"Harvard Extension School"da, Avstraliya və Kanada universitetlərində
geniş yayılıb. Azərbaycan da bu yanaşmanı tətbiq
edərək, tamamilə onlayn olmayan, müəyyən dərəcədə
əyani iştirak tələb edən distant təhsil
diplomlarını tanıya bilər. Distant təhsil
diplomlarının tanınmaması problemini həll etmək
üçün qanunvericilik səviyyəsində dəyişikliklər
edilməlidir. Hazırda "Təhsil haqqında" qanunda
distant təhsil nəzərdə tutulsa da, onun xarici universitetlər
üçün tətbiq olunması ilə bağlı
aydın mexanizmlər yoxdur. Bu boşluq aradan
qaldırılmalıdır. Əgər distant təhsil rəsmi
olaraq qanunla tanınırsa, o zaman xarici universitetlərdə
distant təhsil alan şəxslərin diplomları da müəyyən
şərtlər daxilində tanınmalıdır. Bunun
üçün TKTA universitetlərə və proqramlara fərdi
yanaşmalı, yalnız akkreditasiyadan keçmiş və
dünya miqyasında tanınan distant proqramları qəbul etməlidir.
Distant təhsilin tanınmaması yalnız fərdi tələbələrə
deyil, bütövlükdə Azərbaycanın rəqəmsal
transformasiyasına da mənfi təsir göstərir.
İnformasiya texnologiyaları, mühəndislik, biznes və
bir çox digər sahələrdə distant təhsil
effektivdir və bu sahələrdə çalışan
mütəxəssislər üçün onlayn təhsil daha
rahat və əlçatandır. Məsələn,
proqramlaşdırma sahəsində dünyanın ən
nüfuzlu onlayn kursları olan Stanford, MIT və Harvard
universitetlərinin təqdim etdiyi distant proqramlar beynəlxalq
şirkətlər tərəfindən qəbul edilir. Əgər
Azərbaycan bu diplomları tanımırsa, bu, ölkədə
rəqəmsal iqtisadiyyatın inkişafına mənfi təsir
göstərəcək və IT sahəsində kadrların
yetişməsində ciddi maneələr yaradacaq.
Azərbaycanın təhsil siyasəti beynəlxalq təhsil
trendlərinə uyğunlaşdırılmalıdır.
Əks halda, distant təhsil alan tələbələr ölkəni
tərk edərək başqa ölkələrdə iş
tapmağa üstünlük verəcəklər. Türkiyə,
Rusiya, Qazaxıstan kimi qonşu ölkələr artıq
distant təhsil diplomlarını tanıyır və bu sahədə
çevik hüquqi mexanizmlər hazırlayırlar. Əgər
Azərbaycan bu dəyişiklikləri etməzsə, rəqabətə
davam gətirə bilməyəcək və beynəlxalq əmək
bazarında yerini itirəcək.
"Multimedia" İnformasiya Sistemləri
Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, məsələnin
həlli üçün tədrici və balanslı
yanaşma tələb olunur. TKTA distant diplomları avtomatik rədd
etmək əvəzinə, onların keyfiyyətini dəyərləndirməli
və akkreditasiya meyarlarını müəyyən etməlidir.
Bu, həm tələbələrin hüquqlarını
qoruyacaq, həm də Azərbaycanın ali təhsil sisteminin
qlobal standartlara uyğunlaşmasını təmin edəcək:
"Nazirlər Kabinetinin qəbul etdiyi "Xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının tanınması
Qaydaları"na görə, distant formada alınan
diplomların tanınması nəzərdə tutulmayıb. Sənədin
4-cü maddəsində tələbənin "hər bir tədris
ili ərzində təhsilin normativ müddətinin ən
azı yarısı qədər təhsil aldığı
ölkənin ərazisində olması" və "tədris
müddətinin ən azı üçdə ikisində ənənəvi
təlim metodlarına əsaslanan formal təhsilin əldə
olunması" nəzərdə tutulub. Müxtəlif
vaxtlarda təhsil rəsmiləri müxtəlif səbəblərdən,
həmçinin distant formada təhsilə nəzarət
imkanlarının yetərli olmadığını əsas gətirərək
bu təhsil forması ilə alınan diplomları
tanımağa ehtiyatla yanaşıblar. Proses xeyli vaxtdır
ki, bu qaydada davam edir. Baxmayaraq
ki, Azərbaycanda iki il tədris distant formada aparılıb və
hökumət bu qaydada verilən diplomlarımızı
tanıyıb. Amma nüfuzlu xarici universitetləri distant
formada bitirənlərin diplomları ölkədə hələ
də tanınmır".
Məsələ ilə bağlı münasibət
öyrəndiyimiz Təhsildə Keyfiyyət Təminatı
Agentliyindən bildirilib ki, bəzi
kütləvi informasiya vasitələrində, eləcə də
bəzi xaricdə təhsil şirkətlərinin müvafiq
elanlarında vətəndaşlarımız qiyabi və əyani
təhsilalma formaları üzrə "onlayn" şəkildə
müxtəlif xarici ölkələrin universitetlərində
təhsil almağa təşviq olunur və sonda diplomların
tanınacağı vədi verilir. Agentlik tərəfindən
diplomların tanınması
yalnız ənənəvi təlim metodlarına əsaslanan
formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə
olunmuş kvalifikasiyalara münasibətdə həyata
keçirilir. Yaxın gələcəkdə bu qaydaların dəyişdirilməsi
nəzərdə tutulmur.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 12 dekabr (№227).- S.15.