Pandemiyadan bizə qalan "miras"
Esse
Zaman etibarilə pandemiya dövründən nə qədər
uzaqlaşsaq da, əslində, bu məsafə
böyüdükcə pandemiyanın bizdə, cəmiyyətimizdə,
ümumilikdə dünyamızdakı təsirlərinin
şahidi oluruq.
COVID-19-u təkcə tibbi hadisə adlandırmaq
düzgün olmazdı. O, cəmiyyətin psixoloji
kodlarını yenidən yazdı, insanların bir-birinə
baxışını, yaxınlığın məntiqini, təkliyin
anlamını tamamilə dəyişdirdi. Dünyanın ritmi
ləngidi, sanki bəşəriyyət bir müddətlik nəfəs
dərdi, hər kəs öz daxili boşluğuna çəkildi.
Həmin boşluqdan çıxan insanlar isə artıq əvvəlki
insanlar olmadılar. Post-pandemiya dövrünün
psixologiyası məhz bu dəyişimin izahıdır.
lll
Pandemiya dövründə evimiz həm
sığınacağımıza, həm də məhbus
olduğumuz bir zindana çevrildi. İnsanlar özlərini o
doğma divarların arasında həm təhlükəsiz, həm
də sıxılmış hiss edirdilər. Psixoloqlar iddia
edirlər ki, bu ikili duyğunun nəticəsi kimi psixoloji mənzərə
yeniləndi: introversiya sosial norma halına gəldi. İndi bəziləri
üçün evdə olmaq artıq qorunmaq deyil,
rahatlıqdır. Hətta pandemiyadan sonra çoxları
üçün sosial həyat əvvəlki kimi cazibəli
görünmür, görüşlər yorucu,
sıxlığa məruz qoyan, hətta bəzən təhlükəli
təcrübə təsiri bağışlayır.
İçə qapanma, əslində, bir seçim
kimi görünür, amma pandemiyadan sonra bu seçim çox
vaxt özünü müdafiə mexanizminin nəticəsi
oldu. İnsanlar yorulub. Hətta sosiallaşmaq belə,
böyük enerji tələb edir. Əvvəllər təbii
olan ünsiyyət indi planlaşdırılan,
düşünülən, ölçülən bir prosesə
çevrilib. Bu isə təkcə fərdi təkliyin
artması deyil, cəmiyyətin emosional ritmində də səngimə
yaradır.
Artıq çoxları üçün tək qalmaq əzab
deyil, hətta müəyyən mənada təhlükəsizlik
hissidir. Çünki pandemiya bizə öyrətdi ki,
dünya bir anda dəyişir, sabitlik illüziyadır və
insan ən çox özünə güvənə bilər.
Məhz buna görə post-pandemiya insanı öz daxilində
daha böyük, bəzən dar, bəzən boğucu, amma
tanış və idarəolunan bir dünya qurur.
Pandemiyadan əvvəl sosial uzaqlaşma daha çox
şəxsi seçim kimi dəyərləndirilirdi: kimisi tək
qalmağı sevirdi, kimisi qrup şəklində
yaşamağa üstünlük verirdi. İndi isə bu,
ümumi davranış normasına çevrilib. İnsanlar
artıq əvvəlki tempdə ünsiyyət qurmaq istəmir,
böyük toplum içində özünü narahat hiss
edir, yaxın fiziki məsafə belə bəzilərinə gərginlik
yaşadır.
Bu sosial uzaqlaşmanın bir neçə səviyyəsi
var:
Emosional uzaqlaşma
Pandemiyanın yaratdığı psixoloji yorğunluq
insanlarda empati "tükənməsi"nə səbəb
olub. Hər kəs öz dərdi ilə o qədər
baş-başa qaldı ki, başqasının
ağrısını eşitmək çətinləşdi.
İnsanlar daha az dinləyir, daha az anlayır, daha az
yaxınlaşır, daha az ünsiyyətə can atır.
Emosional sərhədlər qalınlaşıb.
Fiziki uzaqlaşma
Kütləvi tədbirlər, sosial görüşlər,
hətta adi salamlaşmalar belə yeni format aldı. Əllə
görüşməkdən çəkinənlər,
öpüşüb-sarılmaq istəməyənlər
çoxaldı. Bu fiziki sərhəd, əslində, təhlükənin
hələ də haradasa olduğu duyğusunu yaşadır.
Rəqəmsal yaxınlıq, real uzaqlıq
Pandemiya dövründə bütün münasibətlər
onlayn formatda yaşandı. Bu, bir tərəfdən asanlıq
gətirdi, işləri yüngülləşdirdi, amma digər
tərəfdən real münasibətlərin emosional dərinliyini
azaltdı. İnsanlar ekrana elə alışdı ki,
göründüyü qədəri ilə bu
alışqanlıq uzun müddət dəyişməyəcək.
Post-pandemiya nəsli üçün mesaj yazmaq
danışmaqdan daha rahat, daha təhlükəsizdir.
lll
Pandemiya insan beynində yeni bir "qorxu
yaddaşı" formalaşdırdı. Bu, travma
yaddaşı ilə eyni mexanizmlə işləyir: təhlükə
keçmiş ola bilər, amma beynin siqnalları hələ də
aktivdir. Buna görə insan izdihamdan çəkinir, xəstəlik
xəbərləri daha çox stress yaradır, qəfil dəyişikliklərə
qarşı dözümsüzlük artır, plan qurmaq
çətinləşir, gələcək duyğusu
qeyri-müəyyən qalır.
Bu qorxu yaddaşı cəmiyyətin davranışına
da sirayət edir. İnsanlar daha az riskə girir, daha az yenilik
istəyir, daha az sosial təşəbbüsdə iştirak
edir. Pandemiya zamanı azalan psixoloji ehtiyatlar hələ də
bərpa olunmayıb.
Şübhəsiz, pandemiyadan bütün insanlar,
bütün yaş qrupları təsirləndi, amma bu bəşəri
hadisə ən çox uşaqların və gənclərin
sosiallaşma prosesinə təsir etdi. Uşaqlar uzun müddət
ünsiyyətsiz qaldı, oyun zamanlarının, məktəb
ritminin pozulması onların psixososial inkişafında
boşluqlar yaratdı. Gənclər isə
özünütanıma və identifikasiya dövrünü
ev divarları arasında keçirməyə məcbur oldular.
Nəticədə, sosial bacarıqlar zəiflədi,
özünə inam daha aşağı düşdü,
kollektiv fəaliyyətlər narahatlıq doğurmağa
başladı. İndi gənclər daha tez tükənir,
onların emosional reaksiyası həssaslaşıb.
Bu o nəsildir ki, indi cəmiyyətin aktiv hissəsinə
çevrilib. Deməli, pandemiyanın onlarda
yaratdığı psixoloji çöküntülər hələ
uzun müddət sosial strukturlara təsir edəcək.
Post-pandemiya dövründə insanlar daha seçici
olmağa başladılar. Artıq hər kəs hər kəslə
görüşmək istəmir. Sosial dairələr
kiçilib, dostluq meyarları dəyişib, münasibətlər
daha dərin və daha az saydadır. İnsanlar başa
düşdü ki, enerji məhduddur və onu hər kəsə
sərf etmək həm mümkün deyil, həm də məsləhət
deyil.
Bu seçicilik bəzən sağlam sərhəddir,
bəzən isə bizdən asılı olmadan, sosial çəkinmə
formasıdır. Çünki pandemiya öyrətdi ki,
yaxınlıq riskdir. Bu risk hissi isə
yaxınlığı yenidən düşünməyə məcbur
edir.
Pandemiyadan sonra dünya daha çox rəqəmsallaşdı,
daha çox bir-birinə bağlandı. Lakin paradoks ondadır
ki, bu bağlılıq fiziki və emosional tənhalığı
daha da artırdı. İnsanlar ekrandan bir-birinə
yaxınlaşdıqca, real həyatda bir-birindən kilometrlərcə
uzaqlaşdılar.
Bu paradoks cəmiyyət psixologiyasında ciddi bir
çat yaratdı. Bəli, insan birlik istəyir, amma qorxur;
danışmaq istəyir, amma yorulur; görüşmək istəyir,
amma çəkinir; sevilmək istəyir, amma sərhədlərini
də əldən vermir.
Hər birimizin daxilində bu və ya digər dərəcədə
yaranan bu ziddiyyət post-pandemiya dövrünün əsas psixoloji
mənzərəsini təşkil edir.
Sosial qapanma dövründə hamı tək idi, amma həmin
təkliyin içində kollektiv bir duyğu vardı ki, bu
duyğunun adı sükut idi. Sanki min illər boyunca öz
axarı ilə axıb gedən həyat bütün
dünyada eyni anda dayanmışdı. Bu kollektiv tənhalıq
nəticəsinə insanlar təkliyin adiliyinə
alışdılar. Gördülər ki, təklik heç də
dramatikləşdirəcək qədər böyük faciə,
insanın başına gələcək ən böyük fəlakət
deyil. Təklik də digər duyğular kimi həyatın bir
hissəsidir. Buna görə də hazırkı dövrümüzdə
post-pandemiya insanı, daha çox düşünür, daha
az danışır, daha çox müşahidə edir, daha
az paylaşır.
lll
Pandemiyadan sonrakı dövrdə tükənmə
sindromu kütləvi hal aldı. İnsanlar əvvəlki
enerji ilə işə qayıda bilmədilər. Hər
şey eyni görünsə də, insanın psixologiyası əvvəlki
deyildi. İş yerlərində adaptasiya problemləri,
motivasiya çatışmazlığı, diqqət
dağınıqlığı, emosional stabillikdə dəyişikliklər
hiss olunmağa başladı.
"Hamı yorulub" cümləsi artıq ümumi
sosioloji reallıqdır. Bu yorğunluğun kökü
pandemiyanın yaratdığı psixoloji yükdür və
etiraf etmək lazımdır ki, onun təsiri illərlə
davam edəcək.
İnsanların kütləvi təlaşından,
qorxusundan, itki hissindən, qeyri-müəyyənlik
duyğusundan qalan izlər hələ də silinməyib. Hələ
də dünyanın böyük bir hissəsi emosional
reabilitasiya dövründədir və bu proses təbii şəkildə,
öz axarı ilə gedir.
Bu reabilitasiya dövrünü şərti olaraq
aşağıdakı mərhələlərlə şərh
edə bilərik:
Qəbullanma - hamı başa düşür ki, əvvəlki
psixoloji hal geri qayıtmayacaq.
Adaptasiya - insanlar yeni sosial ritmə
uyğunlaşmağa çalışır.
Dəyərləndirmə - münasibətlər,
prioritetlər, məqsədlər yenidən gözdən
keçirilir.
Bərpa - emosional enerji yavaş-yavaş toplanır.
Əlbəttə, bu, çox uzun və bəzən
ağrılı prosesdir. Amma bu dövrdən keçmək də
mütləqdir, qaçılmazdır.
lll
Post-pandemiya cəmiyyəti artıq fərqlidir və
bu fərqlilik tədricən yeni normalara çevrilir. Bu yeni
dövrdə tək qalmaq ayıb deyil, ehtiyacdır. Sosial uzaqlıq
qəribəlik deyil, sərhədin formasıdır. Psixoloji həssaslıq
"zəiflik" deyil, reallığın nəticəsidir.
İnsanların bir-birinə ehtiyatla yaxınlaşması
yaşanmışların izləridir. Həyat tempinin
yavaşlaması zərurətdir.
Bütün bunlar təkcə pandemiyanın yox, insanlığın
inkişaf mərhələsinin bir hissəsidir. Biz indi yeni nəsil
insan psixologiyasının formalaşmasına şahidlik edirik.
Post-pandemiya dövrü təkcə
sağlamlığın yox, psixologiyanın da imtahanı oldu.
İnsanlar içə qapanma, sosial uzaqlaşma, emosional
yorğunluq, tükənmə sindromu kimi yeni hallarla üzləşdilər.
Bütün bunların bir gündə yox olmasını
gözləmək sadəlövhlük olardı, əlbəttə.
Çünki pandemiya insanın özünə
baxışını dəyişdirdi. İnsan anladı ki,
dünya böyükdür, təhlükələr
çoxdur, o isə öz daxili dünyasını genişləndirərək
yaşamaq məcburiyyətindədir.
İki illik sosial qapanma nəticəsində min illik cəmiyyət
dəyişdi, davranışlar yeniləndi, münasibətlər
fərqli biçim aldı. Bütün bunlar
insanlığın yeni mərhələsidir. Bu mərhələdə
daha ehtiyatlı, daha düşüncəli olmaq ən vacib
şərt, hətta həyat kredosudur.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 12 dekabr (№227).- S.13.