Azərbaycanlı rejissorun yeni layihəsi
Kann Film Festivalında iştirak edəcək
Ssenarist və rejissor Nurlan Həsənlinin hazırda
inkişaf mərhələsində olan “Yaşıl çəmən”
adlı qısametrajlı film layihəsi Avstriyada keçirilən
“Linz Film Talent Academy”nin pitçinq müsabiqəsində qalib
gələrək Kann Film Festivalının marketində təqdimat
haqqı qazanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan
Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat
verilib.
Bildirilib ki, gənc kino mütəxəssislərini dəstəkləyən
“Linz Film Talent Academy” güclü bədii baxışa malik
qısa və debüt tammetrajlı film layihələrinin
inkişafına töhfə vermək, onları beynəlxalq
kino bazarına təqdim etmək məqsədilə
yaradılıb. Proqrama seçilən iştirakçılar
üçün xüsusi ustad dərsləri, mentorluq, beynəlxalq
peşəkarlarla görüşlər təşkil olunur.
Proqramın ən mühüm mərhələlərindən
biri də Kann Film Festivalında 4 günlük rezidensiyada
iştirak etmək imkanıdır. Nurlan Həsənlinin
“Yaşıl çəmən” layihəsi də Linz Film
Festivalı çərçivəsində pitçinq
müsabiqəsində qalib gələrək Kann Film
Festivalında rezidensiya imkanı əldə edib.
Rezidensiya müddətində layihə üzərində
mentorlarla fərdi və qrup sessiyaları keçiriləcək.
Sonda film “Cannes Short Film Corner / Marché du Film” çərçivəsində
prodüserlərə, distribütorlara və festival nümayəndələrinə
təqdim olunacaq, həmçinin xüsusi pitçinq
sessiyasında iştirak edəcək.
“Yaşıl çəmən” filmi Amerikaya miqrasiya
etməyə çalışan bakılı turist bələdçisinin
həyat yoldaşı ilə qurduğu tragikomik plandan bəhs
edir. Layihənin ssenari müəllifi və rejissoru Nurlan Həsənli,
prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn və
Əli İsa Cabbarovdur.
Layihənin istehsalçıları arasında Azərbaycan
Kinematoqrafçılar İttifaqı da yer alır. Rejissorun
proqramda iştirak xərclərini AKİ qarşılayıb.
525-ci qəzet .- 2025.- 12 dekabr (¹227).- S.12.