“Poeziya Xəzrisi” bədii qiraət
müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində “Poeziya Xəzrisi” Respublika bədii qiraət
müsabiqəsinin qaliblərinin adı açıqlanıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat
verilib.
Bildirilib ki, müsabiqə Prezident İlham Əliyevin
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında
Sərəncamı əsasında Mədəniyyət üzrə
Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
(MEMİM) təşkilatçılığı, Azərbaycan
Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati
dəstəyi, “Qanun” nəşriyyatı və “MİMTA”
yayınlarının tərəfdaşlığı ilə
gerçəkləşib.
Tədbirdə Mədəniyyət Nazirliyi kitab sənayesi
şöbəsinin müdiri Vasif Qurbanzadə, Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq
üzrə elmlər doktoru, Əməkdar mədəniyyət
işçisi Alla Bayramova, ATXİ-nin sədri Xalq artisti
Hacı İsmayılov və MEMİM-in direktor vəzifəsini
icra edən sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Vüqar Hümbətov çıxış ediblər.
Bildirilib ki, müsabiqə Nəbi Xəzri irsinin təbliği,
bədii qiraətçilərin yaradıcılıq qabiliyyətinin
inkişaf etdirilməsi, bu sahəyə marağın
artırılması, gənclərin bədii-estetik
zövqünün zənginləşdirilməsi məqsədilə
təşkil olunub.
Nəbi Xəzrinin oğlu Arzu Babayev atasının
yaradıcılığına göstərilən diqqətə
görə müsabiqənin təşkilatçılarına
təşəkkürünü bildirib.
Müsabiqənin münsiflər heyətinin üzvləri
Əməkdar artist, professor Azad Şükürov, şair,
dramaturq Əməkdar mədəniyyət işçisi
İlqar Fəhmi müsabiqə barədə məlumat veriblər.
Müsabiqədə 50-yə yaxın namizəd
arasından seçilən 14 iştirakçı finala vəsiqə
qazanıb. Onlardan Anar Əhmədov I yerə, Ramil Hüseynzadə
və Hüseynağa Aslanov II yerə, Səma Ağazadə
isə III yerə layiq görülüblər.
Tədbirin bədii hissəsində Bakı şəhəri
M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin
müəllim və şagirdləri tərəfindən Nəbi
Xəzrinin “Dəniz, göy, məhəbbət”, “Şəklinə
baxıram”, “Söylə, bəs hardaydın”, “Külək”,
“Dərdsiz adam axtarmayın”, “Kimi nə gözləyir?”, “Mənim
ürəyimdir” şeirləri səsləndiriliblər. Həmçinin
Xalq şairinin sözlərinə bəstələnmiş
“Durnalar”, “Dərələr”, “Qəlbimdə qaldın” və
“Azərbaycan” mahnıları ifa olunub.
525-ci qəzet .- 2025.- 12 dekabr (¹227).- S.12.