Energetik içkilər: əlavə
enerji, yoxsa təhlükə?
Azərbaycana idxal olunan "Nitro Max" energetik
içkilərində qanunvericiliklə qida məhsullarında
istifadəsinə icazə verilməyən təhlükəli
maddə aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi məlumat yayıb. Laborator sınaqların nəticələrinə
əsasən, məhsullarda dərman vasitələrinin tərkibində
istifadə olunan və qida məhsullarında istifadəsinə
icazə verilməyən sildenafil maddəsi aşkar edilib.
Görmə qabiliyyətinin qəfil itirilməsi, nəfəs
darlığı, sinədə ağrı...
Qeyd edək ki, sildenafil maddəsi bəzi orqan və
sistem xəstəliklərinin müalicəsində istifadə
olunur. Həkim nəzarəti olmadığı halda insan həyat
və sağlamlığına mənfi təsir göstərərək
ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu
başağrıları, qızdırma və ürəkbulanmaya
səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil
itirilməsi və ya bulanıq görmə, nəfəs
darlığı, sinədə ağrı kimi simptomlarla
müşayiət edilə bilər. İnsult və ya infarkt
keçirmiş, ciddi ürək və ya qaraciyər problemi
olan şəxslər üçün xüsusilə təhlükəli
hesab edilir.
Energetik içkilərinin tərkibində kafein,
taurin, ginsenq, quarana kimi zərərli əlavələr
qatılır. Kafein əsas tərkib maddəsidir və onun
miqdarı çay, ya da kofedəkindən 3-5 dəfə
artıqdır. Enerji içkilərinin hazırlanmasında
istifadə olunan quaranada yüksək miqdarda kafein, teofilin,
teobromin var. Bu maddələr ürək vurğularının
sayını artırır, təzyiqi qaldırır, ürəyin
yığılmasını qüvvətləndirir,
aritmiyalara səbəb olur. Normadan artıq enerji içkisi qəbul
edənlərdə "kafein zəhərlənməsi"
yaranır.
Energetik içkilərin tərkibində
tonuslandırıcı maddələr var
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə
görə, energetik içkiləri qan təzyiqini yüksəldir,
ürək damarlarının büzülməsinə, ürəyin
qidalanmasının azalmasına, infarkta, qan laxtalanma qabiliyyətinin
artmasına, əllərdə titrəməyə,
yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və
qusmaya, ciddi aritmiyalara və hətta ani ölümə səbəb
olur. Energetik içkilərin tərkibində
tonuslandırıcı maddələr var ki, bunlar, xüsusilə
də kofein və taurin həddən artıq qəbulu ürək
fəaliyyəti üçün ciddi problemlər yaradır.
Belə ki, ürəyi həddən artıq gücə
salır və ürək döyünmələrini
artırır:
Həddən çox döyünmə ürəyi
yorur
"Ürəyin ritmi artığı
üçün ürək əzələsi yorulur. Ürək
əzələsinə əlavə bir güc vermək, onu
stimullaşdırmaq ürək əzələsinin
resurslarını tükəndirə bilir. Ürəyin həddən
çox döyünməsi ürəyi yorur. Bu isə ürək
əzələsinin probleminə gətirib
çıxarır. Bu gün ürəkdə olan müxtəlif
qüsurların və bəzi ürək pozuntularının
səbəblərindən biri də bu cür içkilərin
həddən ziyadə istifadə olunmasıdır.
Yorğunluğu aradan qaldırmaq, itirilmiş enerjini bərpa
etmək üçün belə içkilərə
üstünlük verilir. Energetik içkisini qəbul etdikdən
sonra bədən müvəqqəti keyiyir, insanlar özlərini
rahat hiss edirlər. Lakin içkinin təsiri keçdikdən
sonra sonra yorğunluq, halsızlıq yaranır. Bir qutu enerji
içkisinin tərkibində olan kofein 12-13 stəkan kofenin tərkibində
olan kofeinlə bərabərdir. Bu da insan
sağlamlığı üçün çox zərərlidir".
Sinir sistemi zəif, ürəyi xəstə, qan təzyiqi
olanlara energetik içki qəbulu yolverilməzdir
Adil Qeybulla deyir ki, energetik içkilərin tərkibindəki
maddələr orqanizm üçün əlavə
yükdür və bu, təbii ki, öz neqativ təsirini
göstərir. Xüsusilə də orta məktəb
uşaqlarının bundan istifadəsi məqsədəuyğun deyil. Sinir
sistemi zəif, ürəyi xəstə olan, qan təzyiqi olan
şəxslərin energetik içki qəbul etməsi yolverilməzdir:
"18 yaşdan aşağı olan uşaqlara energetik
içkilərdən istifadə qadağan olunmalıdır.
Valideynlər bu məsələdə diqqətli
olmalıdırlar. Çünki hansısa qərar qəbul
olunsa belə, içki evə daxil olursa, bundan istifadə edənlər
olacaq. Necə ki spirtli içkilərlə bağlı
hansısa ailədaxili qadağalar, müəyyən nəzarət
sistemi var, bu şəkildə də energetik içkilərə
olmalıdır. Valideynlər uşaqları bu içkilərdən
çəkindirməlidirlər. Bir butulka energetik içki
içənlər özlərini gümrah hiss edirdilərsə,
zaman keçdikcə qəbul edilən içkinin miqdarı
artmağa başlayır. Artdıqca isə sinir sistemində
problemlər yaranır. Həmin içkilərin əksəriyyəti
tonuslandırıcıdır. Bu cür içkilərin
uzunmüddətli qəbul edilməsi məqsədə
uyğun deyil. Energetik içkilərin tərkibindəki şəkər
tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində
iştirak edir, əzələləri, beyni və digər həyati
əhəmiyyət daşıyan orqanları enerji ilə təmin
edir. Energetik içkilər artıq dozada qəbul edildikdə
qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin
səviyyəsinin artmasına səbəb olur. Yüksək
qan təzyiqi və qanda şəkərin artması, əsəbilik,
yuxusuzluq kimi hallara gətirib çıxarır".
Enerji içkilərindəki "enerji" sadəcə
onun adındadır
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri,
sağlam qidalanma mütəxəssisi Məhsəti
Hüseynovanın dediyinə görə, enerji içkilərindəki
"enerji" sadəcə onun adındadır: "Tərkibi
insan orqanizminə enerji vermir. Enerji içkilərinin
hazırlanmasında vitaminlərdən, minerallardan, bitkilərdən
istifadə olunduğu deyilsə də, ya çox az tərkibdə,
ya da onların kimyəvi dadlandıcılarından istifadə
edərək hazırlanır. Bundan əlavə, tərkibində
insan orqanizminə zərər verən bir çox zərərli
kimyəvi maddələr var. Enerji içkiləri insan
orqanizminin 24 saatda istifadə edəcəyi enerjini 10-15 dəqiqə
oyadır, aktivləşdirir. İnsan həmin an sanki enerji
aldığını düşünür. Dərhal birdən
enerji bitdikdən sonra insanlarda artıq yorğunluq, diqqət əskikliyi
yaranır. Bu da göstərir ki, enerji içkisi suni şəkildə
asılılıq yaratmaqdan və orqanizmin funksiyasını
pozmaqdan ibarətdir. Asılılıq yarandığı
üçün insanlar həmin içkinin davamlı istifadəsinə
başlayır. Bu içkilər biznes marağı çərçivəsində
hazırlanıb".
Yüksək şəkər, kofein və kimyəvi
maddələr orqanizmin funksiyalarını pozur
Mütəxəssis bildirib ki, enerji içkilərinin
tərkibindəki yüksək şəkər, kofein və
kimyəvi maddələr orqanizmin funksiyalarını pozur:
"Enerji içkilərinin digər rəngli, qazlı
içkilər kimi zərərləri var. Eyni zamanda təbii
olmayan jenşen, yaxud quarana kimi bitkilərdən istifadə
edirlər. Onlar kimyəvi, sintetik maddələrdən
hazırlandığı üçün içdikdə
heç də orqanizmə enerji vermir. Əksinə, orqanizmin
günlük enerjisini 10-15 dəqiqə ərzində süni
şəkildə oyadır, aktivləşdirir və o müddətdən
sonra enerji birdən-birə aşağı düşür.
Belə olduqda da insanlarda həmin içkilərdən
asılılıq yaranır".
Bu içkilər 18 yaşa qədər insanlarda əqli
inkişafın qarşısını alır
Məhsəti Hüseynovanın sözlərinə əsasən,
sözügedən içkilər xüsusilə 18 yaşa qədər
insanlarda əqli inkişafın qarşısını
alır, yaddaşsızlıq, azheimer kimi xəstəliklərə
səbəb olur: "Bəzi ölkələrdə enerji
içkiləri 18 yaşına qədər insanlara qadağan
olunub. Bu da onunla əlaqədardır ki, 18 yaşına qədər
insan orqanizmi hələ inkişaf prosesindədir. Onun tərkibində
kimyəvi qatqılar və digər maddələr cinsi
yetişkənliyin və eyni zamanda əqli inkişafın
qarşısını alır. Gələcəkdə
alzheimer və yaddaşsızlıq kimi xəstəliklərə
səbəb olur. Eyni zamanda, da orqanizmin funksiyasını və
qan-damar sistemini pozduğu üçün ani ürəktutmalarına
səbəb olur. Tərkibindəki jenşen cinsi yetişkənlik
zamanı düzgün inkifaşın qarşısını
alır, orta yaşlarda cinsi fəaliyyəti zəiflədir.
Bu da gələcəkdə sonsuzluğa, uşaqların xəstə
doğulmasına səbəb olur. Bununla yanaşı, daha bir
aldadıcı məqam həmin içkilərin tərkibində
B qrup vitaminlərin çox olması ilə
bağlıdır. Bu, yanlışdır. İnsanlar normal
şəkildə qidalansa, bu vitaminləri təbii şəkildə
alacaq. İçkinin üzərində yazılanlar heç
də onun tərkibini əks etdirmir, bunlar sadəcə biznes
marağı və hiylədir. Uzunmüddətli istifadə
asanlıqla psixoloji asılılıq yaradır. Enerji
"partlayışı"ndan sonra meydana çıxan qəfil
yorğunluq hissi istifadəçinin daha çox içki qəbul
etməsinə səbəb olur".
Zəhərlənmə, dişlərin
çürüməsi, kalsium əskikliyi...
Mütəxəssis qeyd edib ki, energetik içkilərin
tərkibindəki süni dadlandıcılar və kofeinin
yüksək olması zəhərlənməyə və
dişlərin çürüməsinə, kalsium əskikliyinə
gətirib çıxarır. Ümumiyyətlə, yaşdan
asılı olmayaraq enerji içkilərindən istifadə
etmək tövsiyə olunmur: "Bəzi orta yaşlı
insanlar ürək-damar xəstəlikləri, qaraciyər piylənməsi və
müəyyən xroniki xəstəliklərdən əziyyət
çəkirlər, enerji içkilərindən istifadə
onlarda həmin xəstəlikləri daha da tez inkişaf
etdirir. Cinsi yetişkənlik dövründə çox enerji
içkisi içən şəxslərin gələcəkdə
sonsuzluqla qarşılaşma problemləri ola bilər ki,
bunlara da xüsusi şəkildə diqqət yetirmək
lazımdır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 12 dekabr (№227).- S.10.