"Heydər Əliyev ziyalılar arasında ayrı-seçkilik etmirdi"

AZƏRBAYCANIN VƏ SSRİ-nin XALQ RƏSSAMI TAHİR SALAHOVLA SÖHBƏT

 

(Əvvəli ötən sayımızda)

 

Barvixada görüş

 

E.A. - Siyasi Büronun keçmiş üzvünün istefasından sonra onunla isti münasibətlər saxlayanlardan biri də siz idiniz. Barvixaya ona baş çəkməyə gəlmişdiniz. Xahiş edirəm, bu barədə də danışasınız.

T.S. - O vaxt Heydər Əliyev Sov.İKP MK-nın Moskva ətrafında yerləşən "Barvixa" sanatoriyasında dincəlirdi. Şaxtalı qış günü idi. Mühafizəçilər sənədlərimi uzun-uzadı yoxlayıb, nəhayət, buraxdılar. Üzü bu uzun binaya qarşı dayananda, sol tərəfdəki boksda Heydər Əliyev yaşayırdı. Bokslar ikimərtəbəlidir, hərəsinin girişi ayrıcadır. Birinci mərtəbə dəhliz, ikinci mərtəbə qonaq otağı və kabinetdir.

Binaya daxil olub qalxdım. Heydər Əliyeviç hələ zəif idi.

- Tahir, nə yaxşı ki gəldin, - dedi. - Gəl, gəzişək, sonra şam edərik. Etiraz etmirsən ki?

- Yox, Heydər Əliyeviç.

Biz geyindik. O, qalın geyindi: isti boğazlı çəkmə, idman kostyumu, qalın palto, xəz papaq.

Parka çıxdıq və yadımdadır, ayağımızın altında qar necə xırçıldayırdı. Addımlayırdıq, adama elə gəlirdi ki, uzaq Azərbaycandan ikimiz gəlib çıxmışıq bura. Qış, soyuq, toran, Heydər Əliyeviç, onun yanında mən. Həyat yoldaşı dünyadan köçmüşdü. Ağlasığmaz mənzərədir. Və bu kədərdən söhbət açmasaq da, yalnız xoş şeyləri yada salsaq da, söhbətimizə təsirini göstərirdi. Ürəyimdə bir ağırlıq vardı, lakin pis fikirləri qovmağa çalışırdım. Zarafat edir, gülür, ordan-burdan söhbətlər edirdik. Amma o, ciddi məsələlərdən danışmaq istəyirdi, məsələn:

- "Pravda"da Rüstəm İbrahimbəyovun məqaləsini oxudum. Bilirsən, məqalə xoşuma gəldi.

O dövr üçün bu məqalə çox aktual idi. O illər Rüstəm SSRİ Kinematoqrafiya İttifaqının sədri və SSRİ Ali Sovetinin deputatı idi.

- Çox xoşuma gəldi, - Heydər Əliyeviç təkrar etdi. - Məni Rüstəmlə calaşdırsaydın, bunu ona deyərdim.

Biz onun iqamətgahına qayıdanda qonşu boksda işıq yanırdı.

- Heydər Əliyeviç, orada kim yaşayır? - deyə soruşdum. O cavab verdi:

- Boris Yeltsin, o da mənim kimi istefadadır.

Binanın qalan yerləri qaranlıq idi. Yalnız iki boksun pəncərələrindən işıq gəlirdi. Burada yalnız bu iki nəfər yaşayırdı.

Onunla münasibətiniz necədir? - soruşdum.

- Normal.

Şam yeməyini gətirdilər. O, ikiadamlıq sifariş etmişdi. Qulluqçu da elə gətirdi. Şam etdik, bir az da oturduq. Üç-dörd saat onunla oldum. Bütün bu müddətdə Heydər Əliyev, bir dəfə də olsun, başına gətirilənlərdən incikliyini bildirmədi, bəlkə də ona görə ki, o cür söhbətə köklənməmişdik.

O görüşümüzü tez-tez xatırlayıram. Orada yaşayan iki adam, görünür, böyük iradə sahibləri idilər. Sonralar biri Rusiyanın, o biri isə Azərbaycanın prezidenti oldu. Bu gecə və sonralar yenə hakimiyyət zirvəsinə qalxan bu iki güclü insan... Həmin mənzərə indiyəcən gözlərimin önündədir.

Moskvaya qayıdandan sonra Rüstəmə zəng vurdum:

- Heydər Əliyeviç səninlə maraqlanırdı. Məqaləni oxuyub, fikrini söyləmək istəyir. İstəyirsən səni onunla calaşdırım, ya bəlkə onun yanına gedək?

Rüstəm getmək istədiyini dedi. Beş-on gündən sonra biz onun yanına getdik və artıq üçlükdə gəzişirdik. Hər şey birinci dəfə olduğu kimi idi - Heydər Əliyev həminki kimi geyindi, parka çıxdıq, ondakı kimi xiyabanlarla dolandıq. Lakin bu dəfə onunla daha çox Rüstəm danışırdı. Heydər Əliyeviç ona məqalə ilə bağlı suallar verdi, yazını çox bəyəndiyini söylədi. Sonra onun boksuna qayıtdıq, bir yerdə şam etdik. Hiss olunurdu ki, ürəyi açılıb.

E.A. - Siz onun yenidən hakimiyyət zirvəsinə qalxa biləcəyinə inanırdınız?

T.S. - Bunu heç kim gözləmirdi. Hələ Moskvada yaşayarkən o, mənə zəng vurub dedi:

- Tahir, məni Naxçıvandan partiya qurultayına nümayəndə seçiblər. Necə fikirləşirsən, getməyimə dəyərmi?

- Heydər Əliyeviç, sizi sizə inanan insanlar seçiblər. Mən hesab edirəm ki, ora getməyiniz vacibdir.

- Hə? Çox sağ ol, Tahir, çox sağ ol.

Elbəy Rzaquliyevin sərgisini ziyarət

1988-ci ildə Heydər Əliyeviç mənə zəng etdi:

- Tahir, dünən televizorda Elbəy Rzaquliyevin Mərkəzi Rəssamlar Evində sərgisinin açılışını gördüm. Sərgiyə baxmaq istəyərdim.

Mən cavab verdim:

- Heydər Əliyeviç, biz sizi gözləyirik.

Danışdıq ki, o, saat on ikidə gəlsin. Ailəlikcə gəlmişdilər: İlham Əliyev Mehriban xanımla və Sevil xanım. Heydər Əliyeviçi qarşıladım, Siyasi Büro üzvlərinin qarderobuna apardım.

Yuxarı qalxdıq. Sərgiyə gələnlər onu tanıdılar, salamlaşmaq üçün yaxınlaşdılar. Bu, ona xoş idi. Elbəy də həyat yoldaşı ilə gəldi. Mən isə fikirləşirəm: necə edim ki, görüşümüzü layiqincə bitirim. Nahar sifariş etmək qərarına gəldim. Amma tərs kimi, bütün restoranlarda təmizlik günü idi. Nəhayət, Beynəlxalq Hammer Ticarət Mərkəzinin Petrovski zalında uşaqlarla razılaşdıq, onlar dedilər ki, Tahir Teymuroviç, sizi gözləyəcəyik.

Mən bunların kimin üçün edildiyini dedim və səkkiz adamlıq masa sifariş etdim.

Sərgidə söhbətimiz saat yarıma qədər çəkdi, artıq çıxışa tərəf gedəndə mən dedim:

- Heydər Əliyeviç, bu gün elə gündür ki, Elbəy gəlib, sərgi açılıb, siz ailənizlə gəlmisiniz. Bu günü necəsə qeyd etmək lazımdır. İcazə versəydiniz, sizi restorana, nahara dəvət edərdim.

- Dəvət elə, mən razıyam, - deyə cavab verdi. - Bəs hara gedəcəyik?

- Beynəlxalq Ticarət Mərkəzinə.

Maşınımız ora çatdı, mühafizə işçiləri onu görüb sevindilər:

- Heydər Əliyeviç!.. Salam, Heydər Əliyeviç!

İstefaya çıxandan sonra ilk dəfə sadə insanların ona olan münasibətini hiss etdi. Holla daxil olanda mənə dedi:

- Tahir, mən iyirmi ildir ki, restoranda olmamışam.

Və budur, zala yaxınlaşdıqca insanlar onu tanıyır, salamlayırlar.

Rus zalına daxil oluruq, administrator onu təbəssümlə qarşılayır:

- Salam, Heydər Əliyeviç, sizi burada görməyimizə şadıq.

Masamızın arxasına keçdik. Həyat yoldaşım da gəldi, təxminən üç saat oturduq, məclisimizdə səmimiyyət, mehribanlıq hökm sürürdü: zarafatlar, gülüş.

Güman ki, bu görüşümüz barədə Bakıya xəbər çatdırmışdılar, çünki elə ertəsi gün Vəzirovdan xəbər gəldi ki, mən Əliyevlə hansısa blok yaratmışam.

Dedim:

- Rəhmana deyin ki, o vəzifədən gedəndə mən onunla da görüşəcəyəm.

Daha nə deyə bilərdim?

Heydər Əliyev artıq Bakıya qayıdıb respublikaya başçılıq etdiyi vaxt mən ona portretini bağışladım. Yadımdadır, o dedi:

- Tahir, mənim sizinlə həmişə rəvan münasibətlərim olub. Və bu münasibətlər heç vaxt qırılmayıbdır.

Aramızdakı etibarlı münasibətlər həmişə onun mənə hörməti və mənim ona və ailəsinə ehtiramım çərçivəsində olub. Biz bir-birimizlə zarafat edə bilərdik, lakin müvafiq çərçivəni qorumaq şərtilə.

Məkkə ziyarəti

E.A. - Siz onunla birgə Məkkədə də olmusunuz. Yadımdadır...

T.S. - Prezidentlə birlikdə Məkkəyə getməyim təsadüfən oldu. İyunun 5-də Moskvadan təyyarə ilə Bakıya gəlmişdim. Heydər Əliyeviçin köməkçisinə zəng vurub dedim ki, mən Bakıdayam. Məndə belə bir qayda vardı - Bakıda olanda bunu həmişə ona bildirirdim. Ola bilsin ki, mənimlə görüşmək istəyər, yaxud bir tapşırığı, xahişi olar. Ayın 8-də isə Polad Bülbüloğlu mənə zəng vurub soruşur:

- Tahir, Bakıdasan? Prezident mənə tapşırıb: "Tahiri tap". Deyirəm: "Tahir Bakıda yoxdur", o isə etiraz edir: "Sən necə mədəniyyət nazirisən ki, Tahirin Bakıda olmasını bilmirsən".

Heydər Əliyevə zəng vurdum. O soruşdu:

- Tahir, sən uzun müddətə gəlmisən?

- Bir həftəliyə, on günlüyə.

- Sabah Səudiyyə Ərəbistanına uçuram, bir neçə gündən sonra qayıdacağam. Yəqin ki, sən hələ burada olacaqsan.

- Səfəriniz uğurlu olsun. Yəqin ki, bu səfər maraqlı olacaq, çünki o, memarlıqla, dinlə, adətlərlə bağlıdır.

- Orada olmusan?

- Yox, olmamışam.

- Getmək istəyirsənmi?

- Məmnuniyyətlə gedərdim, amma mənim pasportum Rusiya pasportudur, orada məni necə qəbul edərlər?

- Bu saat hər şeyi qaydaya salaram.

Elə dərhal, dəstəyi asmadan o biri telefonu götürüb dedi:

- Tahir Salahova pasport hazırlayın, o, sabah bizimlə uçur. Tahir, Xarici İşlər Nazirliyinə gedərsən, orada pasport alarsan. Sabah saat doqquzda aeroportda görüşərik.

Heydər Əliyev mənim üçün belə bir gözlənilməz hədiyyə etdi.

Səhər saat doqquzda uçduq, axşam saat onda isə artıq Kəbədə idik. Bu, unudulmaz hadisə idi! Dincəlmək üçün qısa müddətdə dayandığımız otaqda bizə su verdilər. Heydər Əliyev mənə və Arif Məlikova diqqətlə baxıb birdən dedi:

- Arif, Tahiri və səni bura gəlməyə dəvət etmişəm ki, Allah günahlarınızdan keçsin.

- Heydər Əliyeviç, mənim nə günahım var? - Arif şikayətlə dilləndi.

Sonra Heydər Əliyev baxışlarını mənə yönəltdi.

- Sən nə fikirləşirsən, Tahir?

- Bilirsinizmi, Heydər Əliyeviç, fikirləşirəm ki, mən gərək dörd dəfə, beş dəfə buraya gəlim, bəlkə onda Allah məni bağışlaya.

O, xeyli güldü. Bütün bu ciddi işlər fonunda o, gərginliyi bir qədər azaltmaq istəyirdi və indi belə bir fürsət düşmüşdü.

Mən səmimi dedim, axı o, məni beş barmağı kimi tanıyırdı və bu açıq etirafım onu mütəəssir etdi.

Büst üçün yer seçimi

E.A. - 1983-cü ildə Heydər Əliyevə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verildi və yaranmış ənənəyə görə onun vətənində büstü qoyulmalı idi. Büst üçün yer seçimində Ömər Eldarov və siz iştirak etmisiniz. Bu barədə danışaydınız.

T.S. - Biz Ömər Eldarovun emalatxanasında görüşdük. Kamran Bağırov da orada idi. Söhbət Heydər Əliyevin büstünün Naxçıvanın harasında qoyulacağından gedirdi. Heydər Əliyev hətta təyyarə ilə Naxçıvana uçmağa hazırlaşırdı, ancaq bu, o qədər də ürəyincə deyildi. Doğrudur, məsələ onu narahat edirdi, lakin özünə aid olduğu üçün xüsusi canfəşanlıq göstərə bilmirdi. Büst üçün yeri mən seçməli idim. Sözləşdik ki, təyyarə ilə Ömər Eldarov və Rasim Əliyevlə birlikdə Naxçıvana uçaq.

Naxçıvanda birinci katib İnqilab bağında seçilmiş yeri göstərdi. Rasim Əliyev və Ömər Eldarov artıq layihəni hazırlamışdılar. Onlar bu yeri ona görə seçmişdilər ki, yaxınlıqda inqilab mübarizlərinin abidəsi ucalırdı, bağın mərkəzində isə büstün qoyulması planlaşdırılırdı. Mən başqa fikirlərin, ideyaların olub-olmaması ilə maraqlandım.

Maarif evinin yaxınlığına getdik. Orada mərkəzi hissədə büst üçün kifayət qədər müvafiq olan boş sahə vardı. Sonra Möminə xatun türbəsinə yollandıq, orada xeyli gəzişdik. İndi salınmış park o vaxt yox idi. Şüşə və alüminiumdan quraşdırılmış sərgi zalı və kiçik baxış meydançası vardı.

Mən məhz bu yeri seçdim. Hətta yadımdadır, konkret yeri nişanlayıb göstərdim. Həmin dəqiqə bir daş gətirib o yerə qoydular.

E.A. - Bəs niyə siz məhz o yeri seçdiniz?

T.S. - Əvvəla, bu, çox layiqli yerdir. İkincisi, açıqlıqdır. Bir tərəfdən köhnə Naxçıvan görünür, o biri tərəfdən yenisi. Hətta büstün baxacağı istiqaməti də müəyyənləşdirdik. Baxdığımız əvvəlki yerdə - bağda isə heykəl ağaclarla örtüləcəkdi. Heykəli görmək üçün yaxına getmək lazım gələcəkdi.

Sonra biz Bakıya qayıtdıq, Kamran Bağırovun yanına getdik. Heydər Əliyev də orada idi. Naxçıvanın xəritəsini götürüb Heydər Əliyevə əvvəl seçilmiş yeri göstərdik. Mən dedim:

- Əgər siz mənim fikrimi bilmək istəyirsinizsə, mən başqa yeri məsləhət görürəm.

Bu, adi tövsiyə deyildi, SSRİ Rəssamlar İttifaqının birinci katibinin zəmanəti idi. Bu, onun üçün çox vacib məqam idi. Bu yeri nə qohum, nə memar seçmişdi, mən gözaltı eləmişdim. Axı ölkədə yaradılan bir çox abidələr, bizim İttifaqdan keçib həyata vəsiqə alırdı. Bundan sonra o dedi:

- Görünür, mən Naxçıvana getməyəcəyəm.

Belə düşünürəm ki, o, daxilən bu işdə iştirak etmək istəmirdi. Fikirləşirdi ki, bu, onun tərəfindən qeyri-təvazökarlıq olar.

E.A. - Tahir müəllim, Heydər Əliyev mədəniyyət xadimlərindən ən çox kimi bəyənirdi?

T.S. - Qara Qarayevi. Qara Qarayev vəfat edəndə, əvvəlcə Moskvada Çaykovski zalında matəm tədbiri keçirildi. Sonra biz onun nəşini təyyarə ilə Bakıya gətirdik. Burada möhtəşəm dəfn mərasimi oldu. Niyazini yüksək qiymətləndirirdi, Fikrət Əmirovun musiqisini çox sevirdi.

Yadımdadır, 1971-ci ilin dekabrında Azərbaycan Dövlət Dram Teatrında Mirzə İbrahimovun 60 illik yubileyi qeyd edildi. Yubiley tədbirinə SSRİ Yazıçılar İttifaqının katibləri, SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü Rəsul Həmzətov, müttəfiq respublikalardan yazıçılar ittifaqlarının birinci katibləri gəlmişdilər. Yubiley tədbirinin rəsmi hissəsindən sonra Heydər Əliyeviç göz xəstəxanasının qarşısındakı qonaq evində bir ziyafət verdi verdi və məclisi özü apardı.

Heydər Əliyeviç məclisi çox yaxşı idarə etdi. Ziyafətdə bütün korifeylər iştirak edirdilər - Mirzə İbrahimov, Rəsul Həmzətov, Süleyman Rəhimov, Əli Vəliyev, Rəsul Rza, İmran Qasımov, Nəbi Xəzri. Heydər Əliyeviç onların hər birinin şərəfinə bir tost dedi. Rəsul Həmzətovdan, SSRİ Yazıçılar İttifaqının katiblərindən başladı, daha sonra aşağı rütbəli qonaqlara keçdi. Hər kəs haqqında deməyə çox sanballı sözlər tapırdı.

E.A. - Tahir müəllim, söhbətin sonunda mən həmişə həmsöhbətlərimdən xahiş edirəm ki, Heydər Əliyevi bir növ gözlənilməz tərəfdən xarakterizə edən və ya onun portretinə müəyyən cizgilər əlavə edən hər hansı maraqlı epizodları xatırlasınlar.

T.S. - Razıyam, sizə iki belə epizod danışacam.

Qəza

1964-cü ildə, dekabrın 18-dən 19-na keçən gecə mən dostumu qarşılamaq üçün maşınla aeroporta gedəndə qəzaya düşdüm. Yol buz bağlamışdı, qarşıdan gələn yük maşını ilə toqquşmamaq üçün, maşını sola qaçırtdım, o, səkinin üstünə çıxıb ağaca çırpıldı. Sükan sifətimin yanından keçib damı deşdi. Ayaqlarım isə əyləcin üstündə sındı.

Gecə saat ikidə Sabunçu xəstəxanasında mənim üzərimdə cərrahiyyə əməliyyatı apardılar, ayağımı kəsmək istəyirdilər. Mənə yerli narkoz etdiklərindən, bir neçə saniyəlik özümə gəldim. Hiss elədim ki, ayağımı kəsməyə hazırlaşırlar.

Həkimi çağırdım. Onlar təəccübləndilər, çünki artıq pərdə asılmışdı, amputasiyaya hazırlaşırdılar. Həkim yaxınlaşanda, sorusdum:

- Doktor, nə etmək istəyirsiniz?

- İndi mən yalnız həyatınızı xilas etmək barədə düşünürəm.

Mən Heydər Əliyevin telefon nömrəsini ona söyləyib dedim:

- Siz zəng edin. Mən huşumu itirirəm, siz zəng edin və öyrənin görək daha nə etmək olar.

Həkim zəng etməyə getdi. Məlum oldu ki, o, Heydər Əliyevlə tanışdır və bu nömrəni bilir.

Heydər Əliyeviç həmən saat xəstəxanaya gəldi. Mənimlə bərabər, respublikanın baş cərrahı, Qara Qarayevin qardaşı Mürsəl Qarayev və rəssam Kamil Əliyev də həmin maşında idilər. Onlar da xəsarət almışdılar, amma bir qədər yüngül.

Heydər Əliyeviç olmasaydı, birayaqlı qalacaqdım. Faktiki olaraq o, mənim həyatımı xilas etdi. Səhərə yaxın çoxlu qan itirdiyimdən halım kritik həddə çatdı. O, bütün gecəni xəstəxanada qaldı, konsilium keçirilməsinə nail oldu. Sonra məni müalicə edən həkim Heydər Əliyevin ona "elə et ki, Tahir sağ qalsın" söylədiyini danışdı. Sən demə, həkim naxçıvanlı imiş və Heydər Əliyevi yaxşı tanıyırmış.

Bu hadisədən sonra altı ay özümə gələ bilmədim. Ayağım isə indiyədək ağrıyır.

Heydər Əliyeviç sonradan bu hadisəni zarafatla yada salırdı:

- Girirəm içəri, görürəm, bunlar hamısı uzanıblar...

Bu, doğrudan da, həm ağlamalı idi, həm də gülməli. Üçümüz də bir palatada yatırdıq, o da bizə dəyməyə gəlirdi.

Nehrəmə səfər

Hüseyn Cavidin məqbərəsinin açılışında mən prezidentlə birlikdə idim. Ertəsi gün o, İran nümayəndə heyəti ilə görüşən zaman biz boş idik və mən kəndlərdən birinə getmək istədim.

Sirus Təbrizli, Zəlimxan Yaqub və mən Nehrəm kəndinə getdik. Cəlil Məmmədquluzadənin muzeyində olduq, fotoşəkillər çəkdik, sonra mənim xahişimlə kəndə döndük. Bir rəssam kimi oranı görmək mənim üçün maraqlı idi. Qabaqlar mən Naxçıvanı çox gəzib-dolaşmışam, ancaq çoxdandır ki, bu yerlərdə olmurdum.

Gördük ki, kəndin bazar meydanında camaat yığışıb. Adamlar şikayət edirdilər ki, işıq yoxdur, iş yerləri yoxdur, nasoslar işləmir, su vurmur. Camaat bizi görüb, başladı xahiş etməyə ki, problemlərin həllinə kömək edək. Biz də söz verdik.

Lakin Naxçıvanda biz Heydər Əliyevlə daha görüşmədik, təyyarədə də onunla danışmaq imkanımız olmadı. Odur ki, artıq Bakıda prezidentə zəng elədim.

- Hə, necədir, razı qaldın? - soruşdu.

- Bəli, Heydər Əliyeviç, çox yaxşı idi. Yalnız orada başa düşdüm ki, Hüseyn Cavidin cənazəsini vətənə gətirməklə siz necə böyük iş görmüsünüz, o vaxta qədər emosional səviyyədə bunu dərk etmirdim. Siz bu böyük şairə qarşı edilmiş bütün haqsızlıqları düzəltdiniz, tarixi ədaləti bərpa etdiniz... Ertəsi gün, siz İran nümayəndə heyəti ilə görüşən vaxt biz Nehrəmə getdik, sonra isə kənd camaatı ilə görüşdük.

- Hə, nə gördünüz?

- Görüşümüz qısa oldu, ancaq hiss etdik ki, nehrəmlilər ağır vəziyyətdədirlər. Onlar mənə öz problemlərindən danışdılar. Çox xahiş edirəm, kənddəki sosial şəraitə diqqət edəsiniz: işıq, su, iş yoxdur.

- Yaxşı ki, bunları mənə danışdın. Və nə yaxşı ki, sən ora getdin. Naxçıvanda mənim heykəlimi sökmək istəyəndə bütün nehrəmlilər gecə-gündüz onun yanında növbə çəkiblər. Onlar sadiq adamlardır! Mən bu saat Naxçıvana zəng vuraram, tədbir görərik. Çox sağ ol.

Guya xırda məsələdir, ancaq o, necə də hər şeyi düz qəbul etdi. O, insanlarda sadiqliyi qiymətləndirirdi.

Heydər Əliyev ideya adamı idi

E.A. - 1985-ci il aprelin 15-də Zərifə xanım Əliyeva dünyasını dəyişdi...

T.S. - Aprelin 22-si Leninin doğum günü idi. Heydər Əliyev necə də özünü ələ almağı bacarmışdı! Mən bu iclasa televiziya ilə baxırdım və onun xüsusən cəmiyyətin korrupsiyaya qurşanmasına qarşı güzəştsiz mübarizə haqqında tezislə bağlı yeni qiymətləndirmə, yeni intonasiya və perspektivlərin əks olunduğu məruzəsini nə dərəcədə təntənəli və ifadəli tərzdə söylədiyini gördüm.

E.A. - Deyirlər, bu məruzə "perestroyka"nın müjdəçisi kimi təsir bağışlayıb və Mixail Qorbaçovun ona münasibətinin dəyişməsinin, az qala, başlıca səbəbi olub, çünki o, Heydər Əliyevin bu cür güclü məruzə ilə çıxış edəcəyini gözləmirdi.

T.S. - Özü də bu, Zərifə xanım dünyasını dəyişəndən cəmi bir həftə sonra olmuşdu. O, heyrətamiz iradə qüvvəsi nümayiş etdirdi. Mən həmişə demişəm ki, o, ideya adamı idi, lakin bununla belə, heç vaxt özünü zamanın konyunkturuna uyğunlaşdırmırdı. O, Səməd Vurğunun "Azərbaycan" şeirini və Ənvər Əlibəylinin sözlərinə Rauf Hacıyevin bəstələdiyi "Azərbaycanım" mahnısını çox sevirdi. Özü bu mahnını oxuyur, Zərifə Əziz qızı da onu müşayiət edirdi. Bu, onun respublikaya məhəbbətinin ifadəsi idi. Bu, onun kredosu idi. O, bu duyğularla yaşayırdı. O, əqidəli adam idi, həmişə hər hansı maddi nemətlərin fövqündə idi. O, dahi şəxsiyyət idi.

E.A. - Təşəkkür edirəm, əziz Tahir Teymuroviç, belə ətraflı və maraqlı müsahibəyə görə çox sağ olun.

Bakı

 

2008-ci il

Elmira AXUNDOVA

Xalq yazıçısı

525-ci qəzet .- 2025.- 12 dekabr (№227).- S.8-9.