Avropa İttifaqı
Vaşinqton razılaşmasına qarşı
İRƏVANIN İKİLİ OYUNU
Ötən həftə Brüsseldə İrəvanla
imzalanan “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı
üçün Strateji Gündəlik” adlı sənəd
bir daha Aİ-nin Azərbaycana qarşı qərəzini,
ikiüzlü siyasətini nümayiş etdirdi. Sənədlə
tanış olanda ilkin gəlinən qənaət bundan ibarətdir
ki, Aİ Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləmir
və ona zərər verəcək addımlara əl atır.
Təbii ki, burda İrəvanın da məsuliyyəti var. Ermənistan
Aİ-nin kölgəsinə sığınaraq, onun vasitəsilə
nələrsə əldə edə biləcəyini
düşünür, amma yanılır. Bakı dəfələrlə
sübut edib ki, heç bir gücün qarşısında
geri addım atmır, kiminsə diktəsi ilə hərəkət
etmir, təzyiq və təhdidləri
neytrallaşdırmağı bacarır.
Söhbət ondan gedir ki, həmin sənəddə Azərbaycan-Ermənistan
sülh prosesi ilə ziddiyyət təşkil edən məsələlər
yer alıb. Belə ki, sənəddə post-münaqişə
dövrünün reallıqları təhrif edilib, həm
giriş hissəsində, həm də bəzi bölmələrində
Qarabağdan könüllü şəkildə Ermənistana
miqrasiya edən sakinlərə istinadən “Azərbaycanın
hərbi əməliyyatlarından sonra köçkün
düşmüş Qarabağ erməniləri” ifadəsi
işlədilib. Ermənilərin Azərbaycanı öz istəkləri
ilə tərk etmələrini sübuta yetirməyə ehtiyac
yoxdur. Onlar könüllü olaraq bu yolu seçdilər. Azərbaycan
dövləti isə onları məcburi şəkildə
saxlaya bilməzdi. Həmçinin Paşinyan dəfələrlə
bəyan edib ki, “qayıdış” məsələsinin
gündəmə gətirilməsinin əleyhinədir,
Qarabağdan gələnlər Ermənistanda
qalmalıdırlar, artıq onların mənzillərlə təmin
edilməsi proqramına başlanılıb. Paşinyan qeyd
edilən məsələni sülh prosesi üçün təhlükəli
hesab etdiyini də söyləyib.
Yaxşı, əgər Ermənistana rəhbərlik
edən şəxs həqiqətən belə
düşünürsə, onda Aİ niyə narahatdır,
real olmayan mövzuları gündəmə gətirmək istəyinin
arxasında nə dayanır? Yaxud rəsmi İrəvan
Aİ-nin əli ilə bu cür məsələlərdən
dividend qazanacağını düşünür? Hər
halda sənəddəki bu və indi qeyd edəcəyimiz digər
məqamlar paraflanmış sazişə qarşı təxribatdır.
Belə ki, sənəddə insanlıq əleyhinə
amansız cinayətlər və hərbi cinayətlər
törətməkdə ittiham olunan və məhkum edilmiş
erməniəsilli şəxslər “əsir” statusunda qeyd
edilib. Aİ-nin onların müdafiəsinə
qalxmasının sadəcə izahı yoxdur.
Sənədin regionda normallaşma proseslərinə
Aİ-nin mümkün töhfələri bölməsində
Beynəlxalq Ədalət Məhkəməsinin bütün
müvafiq qərarlarının tam, dərhal və effektiv həyata
keçirilməsi dəstəklənir. Bu, Ermənistan tərəfindən
Azərbaycana qarşı irəli sürülmüş məlum
iddiaları nəzərdə tutur.
Azərbaycan və Ermənistan
qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdən
iddiaların geri götürülməsi ilə bağlı
razılığa gəlib. Azərbaycan, ABŞ və Ermənistan
liderlərinin iştirakı ilə Vaşinqtonda
paraflanmış sülh sazişində bu iddiaların aradan
qaldırılmasına dair müddəa
razılaşdırılıb. Belə olan halda, Aİ-Ermənistan
sənədində həmin məsələyə
toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil
edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətlə
bağlı ciddi suallar yaradır. Digər tərəfdən,
bu, İrəvanın özünün də ziyanına
işləyir. Çünki işğal dövründə
Ermənistan Azərbaycana milyardlarla dollar həcmində zərər
vurub. Ərazilərimizi tamamilə dağıdıb, yerlə-yeksan
edib, urbisid, kultursid və ekosid törədib. Azərbaycana
qarşı beynəlxalq iddialarından geri çəkilməyəcəksə,
özü də buna hazır olmalıdır.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər
Nazirliyi “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı
üçün Strateji Gündəlik” adlı sənəddə
sərt reaksiya verib. XİN-in bəyanatında
vurğulanıb ki, növbəti 7 il müddətində
Aİ ilə Ermənistan arasında strateji prioritetləri
müəyyənləşdirən bu ikitərəfli sənəddə
Azərbaycanı hədəf alan məsələlərə
yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa
İttifaqı münasibətlərinin perspektivlərinə mənfi
təsir edir. Azərbaycan tərəfindən təqdim
edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən
könüllü şəkildə Ermənistana miqrasiya
etmiş erməni sakinlərə istinadən “Azərbaycanın
hərbi əməliyyatlarından sonra köçkün
düşmüş Qarabağ erməniləri” ifadəsinin
işlədilməsi və bu məsələnin Aİ və
Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi
müəyyən edilməsi, eləcə də bu kateqoriya
insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana
qarşı qərəzin açıq-aydın nümunəsidir.
XİN insanlıq əleyhinə cinayətlər və
hərbi cinayətlərdə ittiham olunan və məhkum
edilmiş erməni əsilli şəxslərin “əsir”
statusunda qeyd edilməsi və onların azadlığa
buraxılmasının ayrıca prioritet kimi müəyyən
edilməsini reallıqların ciddi şəkildə təhrif
edilməsi adlandırıb və bunun qəbuledilməz
olduğunu bəyan edib.
O da bildirilib ki, Aİ-Ermənistan sənədində
Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi”
təşəbbüsünü dəstəkləyən
çoxsaylı müddəaların əks olunmasına
baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma
prosesi çərçivəsində əldə edilmiş və
mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq
Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə
bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq
doğurur: “Bu hal, Ermənistanın Vaşinqtonda Baş nazirləri
tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində
öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və
Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə
suallar yaradır”.
Bakını narahat edən başqa bir məqam isə
Aİ-nin Ermənistandakı Müşahidə Missiyası
(EUMA) ilə bağlıdır. Azərbaycanla Ermənistan
arasında saziş layihəsinin paraflanmasından sonra bu
missiyanın fəaliyyətinə xitam veriləcəyi
gözlənilirdi. Çünki paraflanmış saziş
layihəsinin 7-ci maddəsində tərəflərin
qarşılıqlı sərhəddə hər hansı
üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə
bağlı öhdəlik götürüb. Amma nə Ermənistan,
nə Aİ bu istiqamətdə addım atdı. Bu missiya indiyədək
öz mandatından kənar fəaliyyətlə məşğul
olub, “binokl diplomatiyası” həyata keçirib.
Azərbaycan XİN-in bəyanatında da
vurğulandığı kimi, ölkəmizə qarşı
təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı
Müşahidə Missiyasının fəaliyyətinə
xitam vermək əvəzinə, sənəddə EUMA-nın
mövcudluğunun qorunmasının və missiyanın tam
operativliyinin təmin olunmasının prioritetləşdirilməsi
digər narahatlıq mənbəyidir. Həmçinin
prioritetlər sırasında qeyd edilənlərlə
yanaşı, hərbi və müdafiə məsələlərinin
vurğulanması Ermənistanın hərbiləşməsinə
xidmət edir. Bu arada 5 aprel 2024-cü il
görüşünü də xatırlatmaq yerinə
düşür. Həmin tarixdə Brüsseldə
keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan rəsmilərinin
görüşünün məqsədi məhz İrəvana
hərbi dəstək vermək idi.
Ermənistan tərəfinin qeyd edilən məsələlərdəki
davranışı aydın deyil, haqlı şübhələr
yaradır. Əgər İrəvan Vaşinqon sammitindəki
razılaşdırılmış bütün öhdəliklərini
yerinə yetirməyə həqiqətən hazırdırsa,
onda niyə Aİ ilə həmin razılaşdırmalara zidd
olan sənəd imzalayır. İstənilən halda,
bütün bu sadalananlar 8 avqust tarixindən etibarən
post-münaqişə dövründə əldə
edilmiş müsbət irəliləyişlər fonunda
keçmiş münaqişənin elementlərini yenidən
gündəmə gətirir və Ermənistanın niyyətləri
barədə ciddi şübhələr yaradır. İndi rəsmi
Bakının gözləntisi Ermənistan və Aİ-nin
mövcud reallıqları əks etdirməyən bu zərərli
müddəaların aradan qaldırılması istiqamətində
konkret addımlar atmasıdır.
Milli Məclisin deputatı Ceyhun Bayramov mövzu ilə
bağlı bildirib ki, qeyd edilən sənəd Azərbaycanla
Ermənistan arasında uzun müddətdir aparılan
danışıqlara əldə edilən nəticələrə
xələl gətirir. O xatırladıb ki, 8 avqust
Vaşinqton sammiti zamanı tərəflər bir sıra məsələlərlə
bağlı razılığa gəliblər:
“Ən azından imzalanan bu strateji gündəlikdə
üç məsələ həmin razılaşmaya tamamilə
ziddir. Onlardan biri budur ki, tərəflər bütün beynəlxalq
məhkəmədə qaldırılan iddialardan kənara
çəkilir, buna yenidən qayıtmırlar. Eyni zamanda,
üçüncü qüvvənin bölgədə
olması məsələsidir. Təəssüf ki, Aİ ilə
sənəddə bu, yenidən vurğulanır və daha da
inkişaf etdirilməsi məsələsi əksini tapır.
Ən çox diqqət çəkən məsələlərdən
biri isə Ermənistanın irəli sürdüyü
sülh kəsişməsi ilə bağlı sənəddə
xüsusi bəndlərin olmasıdır. Tərəflərin
Vaşinqtonda razılığa gəldikləri TRİP layihəsi
– Zəngəzur dəhlizindən isə sənəddə qəti
şəkildə bəhs olunmur. Narahatlıq doğuran məsələlərdən
biri də Qarabağdan öz istəkləri ilə gedən
ermənilərlə bağlıdır. Məlumdur ki, Azərbaycan
reinteqrasiya ilə bağlı ciddi səylər göstərdi,
çağırışlar edildi. Amma ermənilər məqsədli
şəkildə Qarabağdan getdilər. Açıq şəkildə
qeyd etdilər ki, burada yaşamaq istəmirik. İndi isə qəbul
edilən sənəddə onlar “köçkün” və
“qaçqın” statusunda qiymətlərdirilirlər, yenidən
bölgəyə qayıtmaları məsələsi əksini
tapıb. Bu sənəd sülhlə bağlı əldə
olunmuş razılıqları zədələyir, Azərbaycanla
Ermənistan arasında yaranmış etimadı da ciddi bir
formada zədələməkdədir. Eyni zamanda, Azərbaycanla
Avropa İttifaqı arasında münasibətlərə də
ciddi xələl gətirir. Aİ-nin vaxtilə Şarl
Mişelin rəhbərliyi ilə sülh səyləri
heç bir nəticə vermədi, indi baş verənlər
Vaşinqonda ABŞ lideri Trampın iştirakı ilə əldə
olunmuş razılaşmalara, paraflanmış sülh
sazişinə qarşı Aİ tərəfindən təxribatdır.
Azərbaycan Aİ ilə münasibətlərin
inkişafında maraqlıdır, bunu dəfələrlə
bəyan etmişik, bizim gözləntimiz bu idi ki, onlar köhnə
vərdişlərindən əl çəkməlidirlər.
Dəfələrlə əleyhimizə sənədlər qəbul
edilib, amma indi regionda yeni reallıqlar yaranıb və
bütün dünya da bunu qəbul edib”.
Deputat hesab edir ki, Ermənistan mövqeyi,
yanaşması da ciddi sual doğurur: “Ermənistan burda tərəfdir,
sənəd 7 il müddətinə nəzərdə tutulub,
bu müddət ərzində həmin bəndlər prioritetləşdirilir.
Digər bir məsələ isə Ermənistana hərbi dəstəkdir.
Hər bir halda, Azərbaycan prosesləri diqqətlə izləyir,
ona uyğun olaraq da öz qərarlarını qəbul edib,
addımlarını atacaq”.
Pərvanə
525-ci qəzet .- 2025.- 12 dekabr (¹227).- S.5.