Ümummilli Lider Heydər Əliyevin
vəfatından 22 il ötür
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin vəfatının
ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il
mayın 10-da Naxçıvan şəhərində anadan
olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən
sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft Akademiyası) memarlıq fakültəsində
təhsil alıb. Başlanan müharibə ona təhsilini
başa çatdırmağa imkan verməyib. 1941-ci ildən
Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq
Komissarları Sovetində şöbə müdiri vəzifəsində
işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi
orqanlarında işə göndərilib. Təhlükəsizlik
orqanları sistemində çalışan Heydər Əliyev
1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında
Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin
müavini, 1967-ci ildən isə sədri vəzifəsində
işləyib, general-mayor rütbəsinə qədər
yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində
(indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə
isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini
bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçilərək respublikanın rəhbəri olub.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun
üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər
Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı,
beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun və şəxsən Baş katib Mixail
Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti
olaraq, tutduğu vəzifələrdən istefa verib.
O, 1990-cı ilin 20 yanvarında sovet
qoşunlarının Bakıda törətdiyi qanlı faciə
ilə əlaqədar ertəsi gün Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla
çıxış edərək, xalqımıza
qarşı törədilmiş cinayətin təşkilatçıları
və icraçılarının cəzalandırılmasını
tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin
münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin
ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci
ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının
sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər
Əliyev ilk əvvəl Bakıda, sonra isə
Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan
Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis qurultayında partiyanın sədri
seçilib.
1993-cü ilin may-iyununda hökumət
böhranının son dərəcə kəskinləşməsi
ilə ölkədə vətəndaş müharibəsinin
baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə
gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın
o zaman rəhbərliyində təmsil olunan şəxslər
Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə
məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə
Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan Prezidenti
seçilib.
1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı
şəraitində keçirilən seçkilərdə səslərin
76,1 faizini toplayaraq, yenidən Azərbaycan Prezidenti
seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən
prezident seçkilərində namizədliyinin irəli
sürülməsinə razılıq vermiş Heydər
Əliyev səhhətində yaranmış problemlərlə
əlaqədar seçkilərdə iştirak etməkdən
imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə
geri götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın
Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş
Ştatlarının Klivlend Klinikasında vəfat edib.
Heydər Əliyev dörd dəfə Lenin ordeni,
Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif
edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı
adını alıb, bir çox xarici dövlətlərin
orden və medalları ilə təltif olunub. O, Rusiya
Federasiyasının Təhlükəsizlik, Müdafiə və
Hüquq Qaydası Problemləri Akademiyasının professoru və
həqiqi üzvü seçilib, Y.V.Andropov adına
mükafata layiq görülüb. Rusiyanın yüksək
mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı
ordeni ilə təltif olunması barədə Fərman
imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Prezidenti Heydər
Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri
professoru" adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər
Əliyev Türkiyənin ən nüfuzlu - "Atatürk
Sülh Mükafatına" layiq görülüb. 27 mart
1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali
mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.
Ulu Öndər Azərbaycanda sosial rifahın bərbad
vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə
uğradığı, vətəndaş
qarşıdurmasının, eləcə də ermənilərlə
müharibə şəraitinin hökm sürdüyü bir
dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı
dünyada Azərbaycana qarşı yürüdülən
ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə
səbəb olmuşdu. Bütün bunların fonunda Heydər
Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə
ölkədə sabitlik və əmin-amanlıq bərpa
edildi.
Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə
gələn zaman başlıca amalı Azərbaycanın
işğal olunmuş torpaqlarını düşmən
tapdağından azad etmək olub. O, ölkə rəhbəri
olduğu müddətdə müasir Azərbaycanın
qurucusuna çevrildi və gördüyü işlərlə,
yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini
qazandı. Qarabağın, Şərqi Zəngəzurun azad
olunması üçün səylərini əsirgəməyən
mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını
qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə
də, onun adı, siyasəti və dəsti xətti əbədiyaşar
ideologiyaya çevrildi. Məhz Ulu Öndərin əsasını
qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da,
Şərqi Zəngəzur da azaddır.
Ümummilli Llderin siyasi kursunun davamçısı
olan Prezident İlham Əliyev uzun illər işğal
altında olan torpaqları azad etməklə Heydər
Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi.
Bununla da Ali Baş Komandanımız 30 illik erməni
işğalına, məcburi köçkünlərin
intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini
layiqincə yerinə yetirdi.
525-ci qəzet .- 2025.- 12 dekabr (№227).- S.4.