Səməd Vurğunun ev-muzeyinin 50
illiyi qeyd edilib
Səməd Vurğunun ev-muzeyinin fəaliyyətə
başlamasının 50 illiyi qeyd edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, yarım əsr ərzində
muzey mədəni irsinin qorunması və gələcək nəsillərə
çatdırılması istiqamətində mühüm
missiya yerinə yetirərək, maarifləndirici sahədə əhəmiyyətli
nailiyyətlər qazanıb.
Tədbirdə Mədəniyyət Nazirliyinin, Azərbaycan
Yazıçılar Birliyinin nümayəndələr, muzey əməkdaşları,
ədəbiyyatsevərlər, ziyalılar iştirak etmişlər.
Əvvəlcə muzeyin yarım əsirlik dövr ərzində
keçdiyi yola nəzər salınıb. Sora Ümummilli
Liderin muzeyə etdiyi ziyarətləri əks etdirən
videoçarx təqdim olunub.
Tədbirdə filologiya üzrə fəlsəfə
doktoru, vurğunşünas Aslan Salmansoy, Əməkdar incəsənət
xadimi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam
Qasımzadə, muzey fondunun baş mühafizi, Əməkdar mədəniyyət
işçisi Xanım Şadlinskaya, fəlsəfə doktoru,
Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri
Nüşabə Babayeva-Vəkilova, Bakı Dövlət
Universitetinin Filologiya fakültəsinin müəllimi Məti
Osmanoğlu, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə,
Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər
Seyfəddinqızı, filologiya üzrə fəlsəfə
doktoru Nəzakət Qafqazlı xatirələrini
bölüşüb, muzeydə keçirilən bir sıra tədbirlərdən
söz açıb, bu ocağın tanınmış şəxsiyyətlərini
yad edib, Səməd Vurğunun ev-muzeyinin daim zəngin ədəbi-mədəni
mühitə malik olduğunu vurğulayıblar.
Tədbir boyunca şairin əsərlərindən
parçalar, sözlərinə yazılmış musiqi əsərləri
səsləndirilib.
Sonda fotoşəkillərindən ibarət sərgi
nümayiş olunub.
525-ci qəzet .- 2025.- 13 dekabr (¹228).- S.14.14.