"Müəllimlərin əməkdaşlığı
təhsildə davamlı inkişaf üçün
vacibdir"
Müasir təhsil sistemində müəllimlər
arasında effektiv əməkdaşlıq, keyfiyyətli tədrisin
və davamlı peşəkar inkişafın əsas dayaq
nöqtələrindən biridir. Buna baxmayaraq, bir çox məktəbdə
müəllimlər hələ də təcrid olunmuş
şəkildə fəaliyyət göstərir ki, bu da həm
onların şəxsi inkişafına, həm də
şagirdlərin təlim nailiyyətlərinə mənfi təsir
göstərir. Araşdırmalar göstərir ki,
strukturlaşdırılmış əməkdaşlıq
mühitləri müəllimlərin tədris təcrübəsini
zənginləşdirir və şagird nəticələrini əhəmiyyətli
dərəcədə yaxşılaşdırır. Bu məqalədə
məqsəd müəllimlər arasında əməkdaşlığın
əsas formalarını - birgə dərs
planlaşdırılması, təcrübə mübadiləsi,
kooperativ tədris, mentorluq və kouçinq, qiymətləndirmədə
əməkdaşlıq və texnologiya vasitəsilə
qarşılıqlı fəaliyyət - sistemli şəkildə
təhlil etməkdir.
Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi
şöbəsinin əməkdaşı Samirə
Zeynalovanın sözlərinə görə, XXI əsrdə
müəllimlərin əməkdaşlığı təhsil
sistemlərinin davamlı inkişafı üçün vacib
amilə çevrilib. Qlobal təcrübə sübut edir ki,
qarşılıqlı öyrənmə və təcrübə
paylaşımı müəllimlərin peşəkar
inkişafını dəstəkləyir, dərs prosesində
isə çevik və yaradıcı yanaşmalar
formalaşdırır. Bu səbəbdən əməkdaşlıq
əlavə fəaliyyət deyil, peşəkar fəaliyyətin
ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan təhsil sistemində də son illərdə
keyfiyyətə əsaslanan idarəetmə və müəllimlərin
səriştəyönümlü inkişafı istiqamətində
mühüm addımlar atılsa da, müəllimlər
arasında davamlı, strukturlaşdırılmış əməkdaşlıq
modelləri hələ geniş şəkildə tətbiq
olunmamışdır. Bu kontekstdə mövcud məqalənin
aktuallığı ondadır ki, o, həm beynəlxalq təcrübəyə,
həm də yerli reallıqlara əsaslanaraq müəllim əməkdaşlığını
təşviq edən effektiv strategiyaları təhlil edir və
onların tətbiq imkanlarını qiymətləndirir. Bu
kontekstdə müəllim əməkdaşlığının
tədris keyfiyyəti və peşəkar inkişaf
üçün necə təşviq oluna biləcəyini
daha dərindən anlamaq məqsədilə, mövcud elmi ədəbiyyat
və təcrübəyə əsaslanaraq ən geniş
yayılmış və effektiv hesab edilən əməkdaşlıq
strategiyalarının üstün və zəif cəhətləri,
tətbiq imkanları araşdırılmalıdır:
"Əməkdaşlıq strategiyasının bir qolu olan
birgə dərs planlaşdırılması müəllimlər
arasında əməkdaşlığın təşviqinə
və pedaqoji təcrübənin keyfiyyətinin
artırılmasına xidmət edir.
Bu yanaşma tədris prosesinin daha sistemli və məqsədyönlü
şəkildə təşkili ilə yanaşı, müəllimlərin
peşəkar inkişafını da dəstəkləyir. Birgə
planlaşdırmanın əsas üstünlüklərindən
biri müəllimlərin fərqli tədris metod və
strategiyalarını qarşılıqlı paylaşmaq
imkanıdır. Müxtəlif fənlər və siniflərdə
fəaliyyət göstərən müəllimlərin bir
araya gələrək təlim məqsədlərini
müzakirə etməsi tədrisdə müxtəlif
baxış bucaqlarının inteqrasiyasına səbəb
olur və bu da ümumi tədris keyfiyyətini artırır.
Eyni zamanda, bu proses kurikulum tələbləri ilə dərs məqsədlərinin
uyğunlaşdırılmasına imkan verir ki, bu da şagirdlərin
öyrənmə ehtiyaclarının daha effektiv
qarşılanmasına şərait yaradır. Birgə
planlaşdırma həmçinin müəllimlər
arasında kollektiv məsuliyyət hissini gücləndirir.
Komanda ilə planlaşdırılan dərslər zamanı
müəllimlər təkcə öz fəaliyyətlərinə
deyil, həm də ümumi nəticəyə görə məsuliyyət
daşıyırlar ki, bu da məktəbdaxili peşəkar
öyrənmənin inkişafına töhfə verir. Bununla
yanaşı, birgə dərs planlaşdırılması
müəyyən məhdudiyyətlərlə də
müşayiət oluna bilər. Ən çox rast gəlinən
problemlərdən biri zaman məhdudiyyəti ilə
bağlıdır. Müəllimlərin artıq mövcud
olan dərs və inzibati yükü birgə
planlaşdırmaya əlavə vaxt ayırmalarını
çətinləşdirə bilər. Bu, prosesin davamlı həyata
keçirilməsinə maneə yarada bilər. Bundan başqa,
müəllimlər arasında fərqli pedaqoji yanaşmalar və
şəxsi tədris üslubları müəyyən fikir
ayrılığına səbəb ola bilər. Bu cür
hallarda bəzi müəllimlər öz yaradıcılıq
sərbəstliklərinin məhdudlaşdırıldığını
hiss edə və əməkdaşlığa qarşı
passiv münasibət göstərə bilərlər. Nəticədə
əməkdaşlıq formal xarakter ala və sadəcə tələbləri
yerinə yetirmək üçün həyata keçirilən
prosedura çevrilə bilər. Nəhayət, birgə
planlaşdırmanın səmərəli şəkildə tətbiqi
üçün təşkilati dəstək və resurs təminatı
olduqca vacibdir. Bəzi təhsil müəssisələrində
uyğun məkanların, texnologiyaların və
materialların olmaması bu prosesin keyfiyyətinə mənfi
təsir göstərə bilər. Ona görə də birgə
dərs planlaşdırmasının effektivliyi yalnız
müəllimlərin təşəbbüsü ilə deyil,
həm də məktəb rəhbərliyinin və təhsil
ekspertlərinin dəstəyi ilə sıx
bağlıdır".
Samirə Zeynalova bildirib ki, təcrübə
mübadiləsi müəllimlər arasında pedaqoji bilik və
bacarıqların qarşılıqlı ötürülməsinə,
müxtəlif tədris yanaşmalarının
paylaşılmasına və peşəkar dialoqun təşviqinə
yönəlmiş mühüm əməkdaşlıq
strategiyasıdır. Bu yanaşma həm fərdi müəllimlərin
tədris keyfiyyətini artırmaq, həm də məktəb
daxilində və ya məktəblərarası səviyyədə
ümumi pedaqoji öyrənmənin inkişafına xidmət
edir. Təcrübə mübadiləsinin əsas
üstünlüyü müəllimlərin öz praktik fəaliyyətlərini
bir-biri ilə bölüşmək imkanıdır. Bu proses
zamanı müəllimlər uğurlu təlim nümunələrini,
sinifdaxili idarəetmə üsullarını, qiymətləndirmə
yanaşmalarını və şagird fəallığını
artıran metodları təqdim edərək həmkarlarını
ilhamlandıra bilirlər. Beləliklə, tədris prosesində
tətbiq olunan fərqli yanaşmalar birgə refleksiya
mühiti yaradaraq, müəllimlərin
düşünülmüş şəkildə təcrübələrini
qiymətləndirməsinə və təkmilləşdirməsinə
şərait yaradır: "Təcrübə mübadiləsi
həmçinin fənlərarası inteqrasiyanı və
multidissiplinar yanaşmaları təşviq edir. Müxtəlif
fənlər üzrə çalışan müəllimlərin
öz dərs modellərini bölüşməsi tədrisdə
yeni perspektivlərin yaranmasına, şagirdlərə təqdim
olunan biliklərin daha əlaqəli şəkildə
formalaşmasına səbəb olur. Bu isə XXI əsr
bacarıqları - tənqidi düşünmə, əməkdaşlıq
və yaradıcı düşünmə kimi
kompetensiyaların inkişafı üçün əlverişli
zəmin yaradır. Bununla yanaşı, təcrübə
mübadiləsinin effektivliyi bir sıra şərtlərlə
bağlıdır. Əgər bu proses sistemsiz, məqsədsiz
və tələblə həyata keçirilərsə,
müəllimlər arasında etimadsızlıq və formal
iştirak yarana bilər. Bəzi hallarda müəllimlər
öz təcrübələrini bölüşməkdən
çəkinə və ya digər həmkarlarının
metodlarını passiv şəkildə dinləməklə
kifayətlənə bilərlər. Bu isə əslində
prosesin məğzinə - aktiv öyrənmə və
refleksiyaya ziddir. Bundan əlavə, məktəb rəhbərliyi
tərəfindən strukturlaşdırılmış
sessiyalar, interaktiv seminarlar və ya açıq dərslər
vasitəsilə bu fəaliyyətin planlı şəkildə
təşkili, müəllimlərin iştirakı
üçün motivasiya yaradır. Eyni zamanda, müxtəlif
məktəblər arasında təcrübə
paylaşımı platformalarının yaradılması və
regional metodik birliklərin təşkili də təcrübə
mübadiləsinin coğrafi miqyasda genişlənməsinə
imkan verir. Nəticə etibarilə, təcrübə
mübadiləsi müəllimlərin peşəkar öyrənmə
icmalarına qoşulmasına, öyrənən təşkilatın
formalaşmasına və ümumi təhsil keyfiyyətinin
yüksəldilməsinə xidmət edən mühüm alətdir.
Onun effektiv tətbiqi üçün isə strateji
planlaşdırma, əməkdaşlıq və rəhbərlik
dəstəyi zəruridir".
Onun dediyinə görə, qarşılıqlı
öyrənmənin təşkili - kooperativ tədris müəllimlərin
iki və ya daha çox nəfərlik komandalar şəklində
bir sinifdə birgə dərs keçməsi - pedaqoji əməkdaşlığın
və
şagirdyönümlü təlimin inkişaf etdirilməsi
baxımından əhəmiyyətli yanaşmalardan biri hesab
olunur. Bu model təkcə müəllimlər arasında
peşəkar dialoqu və qarşılıqlı öyrənməni
gücləndirmir, həm də şagirdlər
üçün daha zəngin və fərdiləşdirilmiş
tədris mühiti yaradır. Kooperativ tədrisin ən
mühüm üstünlüklərindən biri müxtəlif
ixtisaslaşmalara və tədris üslublarına malik müəllimlərin
resurslarını birləşdirərək dərs prosesinə
tətbiq etmələridir. Bu zaman sinifdə eyni mövzu
müxtəlif izah üsulları, fərqli təqdimat
formaları və alternativ metodik yanaşmalarla şagirdlərə
çatdırıla bilər. Bununla yanaşı, müəllimlərdən
biri izahı təqdim edərkən, digəri fərdi və
ya kiçik qrup dəstəyi göstərə bilər ki, bu
da fərqli öyrənmə tərzinə malik şagirdlərin
ehtiyaclarının daha dolğun şəkildə ödənməsinə
şərait yaradır. Tədqiqatlar göstərir ki,
kooperativ tədris müəllimlər arasında
qarşılıqlı öyrənməni artırmaqla
yanaşı, peşəkar refleksiyanı da təşviq edir.
Müəllimlər birgə tədris təcrübəsindən
sonra dərsə dair müzakirələr aparır, təlimin
güclü və zəif tərəflərini analiz edir və
gələcək planlamalarda bu nəticələrə əsaslanaraq
qərarlar verirlər. Bu isə tədris prosesinin dinamik
inkişafını və davamlı təkmilləşməni
təmin edir. Bununla belə, kooperativ tədris müəyyən
praktiki çətinliklərlə də müşayiət
oluna bilər. Birgə dərs keçən müəllimlər
arasında rol bölgüsünün qeyri-müəyyən
olması və ya əmək bölgüsündə bərabərsizlik
əməkdaşlıq mühitini poza bilər. Əgər
müəllimlərdən biri əsas təqdimatı həyata
keçirir, digəri isə yalnız müşahidəçi
funksiyası daşıyırsa, bu, kooperativliyin mahiyyətini
sual altına alır. Belə hallar əməkdaşlığın
formal xarakter daşımasına və müəllimlərdən
birinin prosesdən kənarda qalmasına səbəb ola bilər.
Bundan əlavə, kooperativ tədrisin uğurla həyata
keçirilməsi üçün müəllimlər
arasında açıq və qarşılıqlı hörmətə
əsaslanan ünsiyyət, ortaq pedaqoji dəyərlər və
planlaşdırmaya dair razılaşdırılmış
prinsiplər vacibdir. Əgər bu şərtlər əvvəlcədən
müəyyən edilməzsə, əməkdaşlıq
yerinə qarşıdurma və fikir ayrılığı
baş verə bilər. Digər tərəfdən, məktəb
rəhbərliyi tərəfindən bu modelə inzibati və
təşkilati dəstəyin olmaması kooperativ tədrisin
davamlılığını zəiflədə bilər:
"Kooperativ tədrisin Azərbaycan təhsil kontekstində
uğurla tətbiqi üçün pedaqoji kadrların bu
istiqamətdə təlimləndirilməsi, məktəblərdə
bu modeli sınaqdan keçirmək üçün pilot
proqramların həyata keçirilməsi və əməkdaşlıq
mədəniyyətinin təşviqinə yönəlmiş
təşəbbüslərin inkişaf etdirilməsi zəruridir.
Bu modelin sistemli şəkildə tətbiqi müəllimlərin
bir-birindən öyrənməsini, dərs keyfiyyətinin
artmasını və şagirdlərin daha effektiv öyrənməsini
dəstəkləyə bilər".
O qeyd edib ki, mentorluq və kouçinq müəllimlər
arasında fərdi və məqsədyönlü əməkdaşlığın
qurulması, eləcə də peşəkar inkişafın
davamlı şəkildə dəstəklənməsi
baxımından effektiv strategiyalardır. Hər iki yanaşma
müəllimlərin təlim prosesinə dair
düşüncələrini strukturlaşdırmalarına, təcrübələrini
dəyərləndirmələrinə və praktik fəaliyyətlərini
təkmilləşdirmələrinə kömək olur. Lakin
bu anlayışlar mahiyyət və tətbiq formalarına
görə fərqlənir: mentorluq adətən daha təcrübəli
müəllimin az təcrübəli həmkarına dəstək
göstərməsi şəklində baş verir,
kouçinq isə məqsəd qoyma, refleksiya və inkişaf
üçün tərəfdaşlıq çərçivəsində
bərabər əsaslı dialoq şəklində qurulur.
Mentorluğun üstünlükləri sırasında yeni
müəllimlərin peşəyə adaptasiyasının
asanlaşdırılması, tədrisə dair ilkin
bacarıqların mənimsənilməsi və məktəb
mühitinə inteqrasiya prosesinin dəstəklənməsi
xüsusi yer tutur. Mentor müəllimlər yalnız dərs
planlaşdırmasında və metodik seçimlərdə
deyil, həmçinin məktəbdaxili münasibətlərdə
və şagirdlərlə effektiv ünsiyyətdə də gənc
müəllimlərə yol göstərirlər. Mentorluq
münasibətləri şagirdlərin dərsə
marağının artmasına, müəllimin özünəinamının
güclənməsinə və ümumi təhsil mühitinin
daha pozitiv olmasına töhfə verir. Bununla yanaşı,
mentorluq prosesi bəzi hallarda qeyri-formal xarakter daşıya və
sistemli yanaşma olmadan aparıla bilər. Əgər mentor
seçimi məqsədli şəkildə deyil, təsadüfi
əsaslarla həyata keçirilərsə, bu, həm peşəkar
münasibətin zəifləməsinə, həm də dəstək
prosesinin formalizmə çevrilməsinə gətirib
çıxara bilər. Digər tərəfdən, mentor
müəllimin əlavə məsuliyyətlərə malik
olması bu rolu effektiv şəkildə yerinə yetirməsinə
mane ola bilər. Lakin bu strategiyaların səmərəli tətbiqi
üçün bir sıra struktur və institusional dəstəyə
ehtiyac var. Təhlil göstərir ki, bu istiqamətdə irəliləyiş
əldə etmək üçün çoxsəviyyəli
yanaşma tələb olunur.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.23.