Böyük vətənpərvər
və fədakar dövlət xadimi
"Əslən aristokrat, qəlbən demokrat,
dövlətşünas, qanunçu, dərin zəka sahibi
olan Fətəli xan səmimi milliyyətpərvər və
sınmaz iradəli bir dövlət adamı idi..."
Xəlil bəy Xasməmmədov
Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik
tariximizin ən mühüm mərhələlərindən
birini təşkil edir. 1918-ci il mayın 28-də elan edilən
bu respublika Şərqdə ilk parlamentli-demokratik dövlət
kimi tarixə düşüb. AXC-nin dövlət quruculuğu
prosesi yalnız milli kimlik və azadlıq ideyalarının təcəssümü
deyil, həm də müasir idarəçilik mədəniyyətinin
formalaşması baxımından xüsusi əhəmiyyətə
malik idi. Bu tarixi prosesin formalaşmasında mühüm rol
oynayan siyasi xadimlər arasında Fətəli xan Xoyski (1875, 7
dekabr, Nuxa - 1920, 19 iyun, Tiflis) xüsusi yer tutur.
Fətəli xan Xoyski hələ Moskva Dövlət
Universitetinin Hüquq fakültəsində (1891-1897) təhsil
aldığı dövrdə Avropa hüquqi-siyasi fikrini dərindən
mənimsəmiş, liberal-demokratik ideyalarla yaxından
tanış olmuşdu. Onun dövlətçilik
baxışlarının ideya bazası məhz bu intellektual
mühitdə formalaşmışdı.
Bir sıra mənbələrdə Fətəli xan
Xoyskinin siyasi mənsubiyyəti ilə bağlı
yanlış qənaətlər mövcuddur. Xüsusilə bəzi
qaynaqlarda onun Rusiya Kadet Partiyasının üzvü olduğu
göstərilir. Azərbaycan Sovet Ensiklopediyasının X
cildində qeyd olunur ki, Xan Xoyski 1907-1917-ci illərdə Kadet
Partiyasının üzvü olmuş, 1917-ci ildən sonra isə
bitərəf fəaliyyət göstərmişdi. Lakin bu məlumat
digər etibarlı sənədlərlə üst-üstə
düşmür.
II Dövlət Dumasının stenoqrafik
hesabatlarında Xoyski haqqında məlumat isə tamamilə fərqlidir
və belə təqdim olunur: "Xoyski Xan Fətəli
İskəndər oğlu - türk-müsəlman, 30
yaşlı, ali hüquq təhsilli, Dumanın fəaliyyətinə
qədər prokuror müavini, Müsəlman
Fraksiyasının üzvü". Beləliklə, o, Duma
dövründə də hər hansı rus siyasi
partiyasının üzvü kimi yox, məhz müsəlman
nümayəndəliyinin fəal təmsilçisi kimi
çıxış etmişdi.
Bu məsələyə Fətəli xan Xoyskinin
1919-cu ilin 2-11 dekabrında Bakıda keçirilən
"Türk Ədəmi-Mərkəziyyət Müsavat
Partiyası"nın II qurultayında
çıxışı da aydınlıq gətirir. O,
açıq şəkildə bildirirdi: "Bir sıra səbəblərə
görə, mən indiyədək heç bir partiyaya daxil
olmamışam. Buna görə də hər bir partiyanın fəaliyyətini
kənardan müşahidə edirəm; ona qərəzsiz qiymət
vermək mənim üçün asandır..."
Bu faktlar göstərir ki, Fətəli xan Xoyski siyasi
baxışlarına görə liberal-demokrat yönümlü
olmaqla yanaşı, II Rusiya Dövlət Dumasında Kadet
Partiyasının bir sıra siyasi-hüquqi
konsepsiyalarını dəstəkləsə də, nə
Rusiya imperiyası dövründə, nə də Azərbaycan
Xalq Cümhuriyyəti illərində hər hansı siyasi
partiyanın üzvü olmamışdı. Onun siyasi
mövqeyi müəyyən ideoloji prinsiplərlə səsləşsə
də, Xoyski fəaliyyətini partiya mənsubiyyətindən
deyil, şəxsi məsuliyyət, dövlətçilik
düşüncəsi və milli maraqların təmin edilməsi
kimi fundamental prinsiplərdən çıxış edərək
qurmuşdu.
1907-ci ildə Rusiya İmperiyasının II Dövlət
Dumasına deputat seçilən Fətəli xan Xoyski burada
Müsəlman Fraksiyasının ən fəal və
nüfuzlu üzvlərindən biri kimi çıxış
etmiş, milli hüquqların müdafiəsi istiqamətində
ardıcıl mövqe sərgiləmişdi.
Fətəli xan Xoyskinin siyasi
baxışlarını, xüsusilə də liberal-demokrat
yönümlü mövqeyini, Kadet Partiyasının 1907-ci il
mayın 18-də hazırlayaraq 173 deputatla birlikdə Dövlət
Dumasına təqdim etdiyi "Milli və ya dini mənsubiyyətlə
bağlı hüquqlardakı məhdudiyyətlərin ləğvi
haqqında qanun layihəsi"ndə əks olunan prinsiplərlə
müəyyənləşdirmək mümkündür. Məlumdur
ki, həmin qanun layihəsinin imzalayanlarından biri də Fətəli
xan Xoyski olub.
Layihədə Rusiyanın bütün vətəndaşları
üçün milli və dini mənsubiyyətdən irəli
gələn hüquqi məhdudiyyətlərin tam şəkildə
aradan qaldırılması zərurəti xüsusi
vurğulanırdı. Sənəddə vətəndaşların
peşə seçimi azadlığının təmin edilməsi,
dövlət və ictimai xidmətdə bərabər
hüquqlara malik olması, şəxsi toxunulmazlıq, söz
və mətbuat azadlığı, təhsil almaq hüququ
kimi fundamental təminatların tanınması tələb
edilirdi.
Fətəli xan Xoyskinin bu qanun layihəsini dəstəkləməsi
onun liberal-demokratik dəyərlərə sadiqliyinin və
insan hüquqlarının bərabərliyinə dair prinsipial
mövqeyinin bariz göstəricisidir. Xüsusilə qeyd
olunmalıdır ki, Xoyskinin dünyagörüşündə
milli dövlət ideyasının ilkin konturları da məhz
bu dövrdə formalaşmağa başlayıb.
Xoyskinin siyasi baxışlarına görə, dövlətin
dayağı xalqın suveren iradəsi, azad yaşamaq haqqı
və siyasi-hüquqi bərabərliyidir. Məhz Dövlət
Dumasına təqdim olunan layihədəki prinsiplər Xoyskinin
dövlətçilik baxışlarının ilkin
siyasi-hüquqi konturlarını ortaya qoyurdu.
O dövrdə Xoyski liberal və modernləşmiş
hüquqi düşüncəyə malik ziyalı kimi
çıxış edirdi və hüququn aliliyi prinsipini
ön planda tuturdu. Onun tənqid obyektləri əsasən
çar hakimiyyətinin qanunları və sərt mərkəzləşdirilmiş
idarəetmə sistemi idi ki, bunlar dövrün ictimai-siyasi tələblərinə
cavab vermirdi.
Vurğulamaq lazımdır ki, Fətəli xan Xoyskinin
II Dövlət Dumasındakı fəaliyyəti və siyasi
baxışları sonrakı mərhələdə onun
suveren milli dövlətçilik fəlsəfəsinin
formalaşmasının əsas bünövrələrindən
biri kimi qiymətləndirilə bilər.
Xoyskinin 2 aprel 1907-ci ildə Dövlət Dumasında
aqrar məsələlərə dair
çıxışı bir tərəfdən çar
hökumətinin siyasətinə qarşı açıq
etiraz xarakteri daşıyır, digər tərəfdən isə
onun siyasi baxışlarının sosial mahiyyətini aydın
şəkildə nümayiş etdirirdi. Xoyski
çıxışında bildirirdi:
"Cənablar, xalqın nümayəndələri!..
Müsəlman fraksiyası adından torpaq məsələsi
ilə bağlı rəhbər prinsiplərimizi bəyan etməyi
vacib hesab edirəm. Biz - Rusiya dövlətinin 20 milyondan
çox əhalisini təşkil edən müsəlmanlar...
aqrar məsələnin ədalətli həllini imperiyanın
digər xalqları qədər səbirsizliklə gözləyirik...
Torpaq məsələsi son dərəcə vacib və təxirəsalınmaz
olmaqla yanaşı, eyni zamanda çox mürəkkəbdir.
Bu mürəkkəb məsələ hökumətin təklif
etdiyi səthi tədbirlərlə həll oluna bilməz...
Hökumətin digər tədbiri - köçürmə
siyasəti də nəticəsizdir... Köçürmə
siyasətinin əsasında, mənim fikrimcə, bürokratik
dairələrdə yaranmış uğursuz bir fikir -
ruslaşdırma ideyası dayanır. Əsas məqsəd
müsəlman və digər yerli xalqları
ruslaşdırmaqdan ibarətdir..."
Bu çıxış Xoyskinin aqrar islahatların
mahiyyətinə dərindən bələd olduğunu,
çar hökumətinin köçürmə siyasətini
kəskin şəkildə tənqid etdiyini və yerli
xalqların hüquqlarının müdafiəsini öz siyasi
mövqeyinin əsas komponentlərindən biri kimi
gördüyünü təsdiqləyir.
Xoyskinin bu çıxışı, Rusiya Dövlət
Dumasında aqrar məsələlərlə bağlı
aparılan müzakirələrdə müsəlman
fraksiyasının mövqeyini əks etdirməklə, kəndlilərin
sosial vəziyyətini, torpaq islahatının hüquqi və
iqtisadi aspektlərini əhatə edir, həm də sosial ədalət,
milli hüquqlar baxımından proqressiv və strateji
baxış sərgiləyirdi.
Xoyskinin sonrakı mərhələlərdə siyasi
baxışları daha da konkretləşməyə doğru
inkişaf etdi. Xüsusilə də digər milli-demokratik
ziyalılar kimi, I Dünya müharibəsindən müsbət
gözləntilər Xoyskinin də əsəs istəklərindən
idi.
Proqressiv Azərbaycan ziyalıları, zahirən
hökumətə loyal münasibət göstərsələr
də, bu müharibənin nəticələrini öz
xalqı üçün mümkün qədər əlverişli
məcraya yönəltməyə ümid edirdilər. Bu
baxımdan gələcəkdə Azərbaycan
Respublikasının Baş naziri olmuş Fətəli xan
Xoyskinin 1915-ci ildə söylədiyi sözlər xüsusilə
səciyyəvidir. Xoyski yazırdı: "Müharibədən
sonra hər şey dəyişəcək, güclü
dövlətlər ondan zəifləmiş və
yaralanmış şəkildə çıxacaqlar və o
zaman bizim öz şərtlərimizi diktə etmək
dövrümüz yetişəcək ki, bu da bizim
üçün azadlıq deməkdir. Bu azadlıq isə
bizim gücümüzdən, sərvətlərimizdən və
neftimizdən qaynaqlanır. Buna görə də unutmayın:
dünya bizə, bizim dünyaya olduğumuzdan daha çox
möhtacdır".
Həqiqətən də Xoyskinin söylədiyi
perspektiv vəd edən bu siyasi fikirləri gerçək həqiqəti
əks etdirir, Rəsulzadə və digər milli-demokratik
ziyalıların fikirləri ilə səsləşirdi.
Ümumiyyətlə, Xoyskinin 1907-1917-ci illər siyasi
baxışlarını təhlil edərkən bu qənaətə
gəlirik ki, bu dövrdə konkret siyasi mənsubiyyəti
olmayan Xoyski, liberal-demokratik baxışları ilə
seçilmiş, çar Rusiyası hüdudları daxilində
yaşayan xalqların hüquq bərabərliyi, insan hüquq
və azadlığının təmini prinsiplərini
müdafiə etmiş, etnik və dini ayrı-seçkiliyə
qarşı mübarizə aparmışdı.
1917-ci il Oktyabr çevrilişindən sonra Fətəli
xan Xoyskinin siyasi baxışlarında müstəqillik
ideyaları daha qabarıq şəkildə özünü
göstərməyə başladı. Bu dövrdə o, Cənubi
Qafqazın vahid siyasi birlik kimi müstəqil olması fikrini dəstəkləyir
və bu mövqeyi öz çıxışlarında
xüsusi olaraq vurğulayırdı.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti
öz müstəqilliyini elan etdi. Bu tarixi hadisə Fətəli
xan Xoyskinin uzun illər ərzində formalaşan siyasi
dünyagörüşündə də yeni ideyaların əsasını
qoydu. Artıq bu dövrdən etibarən Xoyskinin
baxışlarında yeni mərhələ başlayır:
liberal-demokratizm mövqeyindən milli-demokratiya prinsiplərinə
keçid. Bu ideoloji mövqe onun dövlətçilik fəlsəfəsinin
əsasını təşkil edir və ilk müstəqil
milli Azərbaycan dövlətinin quruculuğunda mühüm
rol oynayırdı. Cümhuriyyətə qədərki
dövrdə Xoyski Rusiyada idarəçilik və qanunvericilik
sahəsində hüquqi və demokratik prinsipləri ön
plana çıxarırdısa, Cümhuriyyət qurulduqdan
sonra onun fəaliyyəti daha çox milli dövlətçilik
prinsiplərinin praktik olaraq həyata keçirilməsinə,
suverenliyin qorunmasına və müstəqil Azərbaycanın
beynəlxalq müstəvidə tanınmasına yönəlmişdi.
Bu baxış onun həm Baş nazir, həm də digər
dövlət vəzifələrindəki fəaliyyəti
dövründə həyata keçirdiyi siyasətdə
aydın şəkildə görünürdü.
Xoyskinin dövlətçilik fəlsəfəsinin əsasını,
fəaliyyəti dövründə əməli şəkildə
həyata keçirməyə
çalışdığı və hər zaman sadiq
qaldığı əsas prinsiplər - millətin hüququ,
istiqlalı və hürriyyəti təşkil edirdi. Bu
prinsipial mövqe 1918-ci ilin 7 dekabrında Azərbaycan
Respublikası Parlamentinin birinci iclasında Azərbaycan
Hökumətinin fəaliyyəti barədə hesabatı
zamanı bir daha özünü göstərmişdir.
Cümhuriyyətin hökumət başçısı nitqində
deyirdi: "Möhtərəm Azərbaycan parlamenti əzası!
Bu gün Azərbaycan üçün böyük mübarək
gündür ki, bunu yuxumuzda görməzdik, əqlimizə belə
gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə
aldınız. Hökumət vəkalətilə bu bayram
günü sizi və sizinlə bərabər,
özümüzü də təbrik edirəm. Bu qısa
zamanda qüvvəmiz qədər vəzifəmizi də ifa
etdik. Hələ çox şey edə bilməmişik, amma
bunu qətiyyətlə deyə bilərəm ki, hökumətin
nöqsanları ilə bərabər yol göstərən
işıqlı ulduzu bu şüar olmuşdur: Millətin
hüququ, istiqlalı, hürriyəti!"
Xoyski həmçinin dövlət strukturlarında
türk dilinin aparıcı dilə çevrilməsi istiqamətində
ciddi işlər görür, məktəblərdə tədris
proqramlarının milliləşməsini və milli dilin
qorunmasını vacib hesab edir, dil siyasətini dövlətin əsas
sütunu hesab edirdi. O, parlamentdəki
çıxışlarının birində deyirdi:
"Möhtərəm Məbuslar. Bunu deməliyəm ki, o
vaxt nə məktəb var idi, nə ədliyyə idarələri
var idi... Hökumət əldən gələn qədər
çalışaraq yox olan ədliyyə idarələrini təmin
etdi. İndi Allaha şükürlər, hər yerdə olamaz
isə də bir çox ədliyyə idarələrinə
türk dili bilən adamlar təyin edilmişlər...
...Möhtərəm Məbuslar! Maarif nəzarəti
haqqında da bir neçə kəlmə söyləməliyəm.
Maarif nəzarəti hər kəsə imkan verməlidir ki,
öz ana dilində məktəb açıb oxusun. Oxumaz mənim
sizin ilə danışdığım kimi olar..."
Fətəli xan Xoyski həm Zaqafqaziya Seyminin fəaliyyəti
dövründə, həm də Azərbaycan Xalq Cümhuriyyətinin
müstəqilliyi illərində Cənubi Qafqazın siyasi
birliyinin tərəfdarı kimi çıxış
etmişdi. 21 dekabr 1919-cu ildə Bakıda keçirilən Azərbaycan-Ermənistan
konfransındakı çıxışı da bu mövqeni təsdiq
edir: "...Bizim nümayəndə heyətimiz hesab edir ki,
Zaqafqaziya xalqlarının müstəqil
varlığının və gələcək
inkişafının əsasında dayanmalı olan əsas məsələ
- siyasi və iqtisadi birliyin müəyyən formasıdır.
Bu birliyi siyasi nəzəriyyədə müstəqil və
suveren dövlətlərin konfederasiyası adlandırmaq olar.
Biz inanırıq ki, konfederasiya ideyası Zaqafqaziya
respublikalarına müstəqillik ideyasını həm
formal, həm də faktiki cəhətdən möhkəmləndirmək
üçün lazımi siyasi çərçivə verə
bilər. Bu konfederativ sistem daxilində iqtisadi və ticarət
əlaqələrinin də təbii şəkildə tənzimlənməsi
mümkün olacaqdır".
Bu çıxış Xoyskinin regional əməkdaşlığı,
qarşılıqlı siyasi etimadı və iqtisadi
inteqrasiyanı Cənubi Qafqazda davamlı sülhün və
dövlətçilik sabitliyinin əsas şərtlərindən
biri kimi gördüyünü göstərir.
Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin
Paris Sülh Konfransı tərəfindən tanınmasına
həsr olunmuş Azərbaycan Parlamentinin 14 yanvar 1920-ci il təntənəli
iclasında xarici işlər naziri F.X.Xoyskinin
çıxışı isə dövlətçilik
düşüncəsinin yetkinliyini və siyasi məsuliyyət
hissini bir daha nümayiş etdirirdi:
"Bu gün ingilis nümayəndəsi bizə
bildirdi ki, lord Kerzon sülh konfransında təklif etmiş ki,
Azərbaycan və Gürcüstan istiqlaliyyətləri təsdiq
olunsun. Sülh konfransı nümayəndələri bu təklifi
qəbul etmişlər. Bu xəbər bizdən ötrü
böyük bayramdır. Bu yalnız bizim üçün
deyil, ümumi türk milləti və ümumi türk aləmi
üçün böyük bir bayramdır. Böylə bir
günü dərk etmək üçün qeyri millətlər
on illər ilə çalışmışlar. Biz isə onu
az müddətdə - bir il yarım içərisində -
qazandıq... Bugünkü bayram münasibətilə sizi
hökumət tərəfindən təbrik edirəm.
Özümü artıq dərəcədə xoşbəxt
hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da
hökumət başında mən idim. İndi isə onun təsdiqini
sizə mən elan edirəm".
Bu nitq Xoyskinin istiqlal ideyası ilə bağlı
siyasi ardıcıllığını, Azərbaycanın beynəlxalq
hüquq subyekti kimi tanınması uğrunda
apardığı fəaliyyətin uğurla nəticələndiyini
və onun bu tarixi prosesə şəxsi-siyasi məsuliyyət
hissi ilə yanaşdığını göstərən
mühüm mənbələrdən biridir.
Fətəli xan Xoyski şəxsiyyəti haqqında
dövrün bir çox xadimləri dəyərli fikirlər
səsləndirsələr də, onun fəaliyyətini və
xarakterinin mahiyyətini ən təbii, ən səmimi şəkildə
ifadə edənlərdən biri Cümhuriyyət
qurucularının görkəmli siması - Xəlil bəy
Xasməmmədov olmuşdur. Xasməmmədovun Xoyski barədə
söylədikləri sanki həm bir silahdaşın
etirafı, həm də bir dövlət adamının qəlbindən
süzülüb gələn həqiqət idi. Xəlil bəy
Xasməmmədli 1933-cü ildə "Azərbaycan Yurd
Bilgisi" jurnalındakı "28 Mayısın Büyük
Kurbanı Feth Ali Han" adlı məqaləsində
yazırdı: "Azərbaycanla doğulub, Azərbaycanla
sönən bir ulduz olan Fətəli xana Azərbaycanla bərabər
ağlamamaq mümkün deyildir. Əslən aristokrat, qəlbən
demokrat, dövlətşünas, qanunçu, dərin zəka
sahibi olan Fətəli xan səmimi milliyyətpərvər və
sınmaz iradəli bir dövlət adamı idi...
"Qırmızı imperializmin zorakı
işğalı" ilə "Azərbaycanın müstəqilliyinin
düşmənləri, Azərbaycanın ideallarının zəhərli
qatilləri, qanlı əllərini mərhuma uzatdılar. Onu
yalnız öz xalqına xidmət etdiyinə və ölkəsinə
olan dərin bağlılıq və məhəbbətinə
görə, ana torpağından uzaq, qürbət ellərin
küçələrində qəddarcasına qətlə
yetirdilər. Milli Cümhuriyyətimizin təməllərini
qoyanlardan biri, əziz dostumuz, qatil və məkruh millətin
gülləsi ilə istiqlaliyyətə gözünü
yumdu. Bu itki milli Cümhuriyyətin münəvvər zümrəsinin
bel sümüyünə endirilən zərbələrdən
bəlkə ən həssası və ilki idi".
Xəlil bəy Xasməmmədov həmçinin
böyük bir ürək yanğısı ilə arzu edirdi
ki, "Azərbaycan yenidən müstəqilliyinə
qovuşduqda, bu məmləkətin övladları mərhum Fətəli
xanın cəsədini - onun qəlbimizdə yaşayan əziz
ruhu ilə birgə - vətənə gətirəcək və
onun xatirəsinə layiq, qürurverici bir abidə
ucaldacaqlar".
Ümumiyyətlə, Fətəli xan Xoyski Azərbaycanın
Cümhuriyyət tarixində milli dövlətçilik
ideyalarının formalaşmasında aparıcı rol oynayan əsas
simalardandır. Siyasi fəaliyyətinin ilk mərhələsində
onun liberal-demokrat baxışları Rusiya imperiyası tərkibində
yaşayan xalqların hüquqlarının müdafiəsi,
milli, dini və sosial ayrı-seçkiliyə qarşı
mübarizə və azadlıq arzularının ifadəsi ilə
səciyyələnirdi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
elanından sonra isə Xoyskinin siyasi mövqelərində
liberal-demokratizm zəminindən milli-demokratiya prinsiplərinə
keçid aydın şəkildə nəzərə
çarpırdı. Bu dəyişiklik artıq müstəqil
dövlət quruculuğunun tələblərindən irəli
gələn və azərbaycançılıq
ideyasını dövlətçilik fəlsəfəsinin mərkəzinə
çevirən bir mərhələ idi. Azərbaycançılıq
Xoyski üçün yalnız milli kimliyi ifadə edən
düşüncə deyildi, həm də ölkənin siyasi
birliyini, ərazi bütövlüyünü, bütün vətəndaşların
bərabər hüquqlu şəkildə bir dövlət ətrafında
birləşməsini təmin edən ideya-siyasi baza idi.
Xoyskinin dövlətçilik fəlsəfəsi milli
dövlət quruculuğu, siyasi və sosial-iqtisadi islahatlar,
beynəlxalq hüquqa hörmət, daxili işlərə
müdaxilədən çəkinmək, suverenliyin
qorunması və qonşu dövlətlərlə dostluq
münasibətlərinin inkişaf etdirilməsi kimi prinsiplərə
əsaslanırdı. Onun diplomatik fəaliyyəti göstərirdi
ki, Azərbaycan hökuməti həm regionda sabitliyin təmin
olunmasına, həm də ölkənin beynəlxalq
tanınmasına böyük əhəmiyyət verirdi.
Beləliklə, Xoyskinin siyasi baxışları və
dövlətçilik fəlsəfəsi milli suverenliyin
qorunması, demokratik idarəetmə, azərbaycançılıq
ideyasının möhkəmləndirilməsi və
qonşularla qarşılıqlı əməkdaşlıq
kimi fundamental prinsiplərə söykənirdi. Bu isə onun
Azərbaycan dövlət quruculuğu və diplomatiyasında
oynadığı mühüm tarixi rolu daha aydın şəkildə
ortaya qoyur.
Mübariz AĞALARLI
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi
işçisi, ADPU-nun dosenti
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.20;21.