Qarışqa yolu... Kiçik
addımların böyük nəticələri
Esse
Yol istər qısa, istər uzun olsun, istər hamar,
istər daş-kəsəkli olsun, istər dar, istər
geniş olsun, istər mülayim, istər sərt olsun,
bütün yollar ilk və kiçik addımla
başlayır. İstər dünyanın ən ucqar, ən
uzaq nöqtəsinə, istərsə də yan otağa get, hər
ikisi üçün etməli olduğun ilk hərəkət
o kiçik addımı atmaqdır...
Bəli, böyük dəyişikliklərin
arxasında böyük cəsarətlər yox, kiçik, tək-tək,
yavaş-yavaş atılmış addımlar dayanır. Bunu
"Qarışqa yolu teoriyası" da adlandıra bilərik.
Bu, kiçik varlıqların sonsuz səbr və inadla
yaratdığı nəhəng yolların, böyük
işlərin metaforası.
Siz heç qarışqanın yolunu müşahidə
etmisinizmi? Uşaq ikən qarışqaların o kiçik,
amma inadkar addımlarına, o uzun, amma xəyali bir xətt
boyunca çizilmiş kimi dümdüz olan yollarına
baxmağı sevərdim. Onların yol boyu addımları
sanki heç bir nəticə verməyəcəkmiş kimi
görünür. Qarışqa elə balacadır ki,
ayağının ağırlığı torpağa dəyməz.
Amma yüzlərlə, minlərlə qarışqa eyni istiqamətdə
irəlilədikcə, o balaca addımlar torpağın
üstündə izlər açır, cığırlar
yaranır, yollar formalaşır. Kiçikdən böyüyə
doğru gedən təsir budur. İnsan həyatında da
böyük dəyişikliklər əslində kiçik
addımların, təkrarlanan davranışların,
yığılan hissələrin nəticəsidir.
Qarışqa yolu görünməz səslərin,
kiçik cəsarətlərin, sabit xırda qərarların
gücünü anladan metaforadır.
lll
İnsanlar çox vaxt həyatı qəfildən,
bircə anda, özü də çox əziyyət çəkmədən
dəyişdirmək istəyirlər. Nə isə baş
versin, bir kəpənək qanad çırpsın, bir simurq lələyi
yandırılsın və hər şey tamamilə dəyişsin,
biz istəyən olsun. Qulağa heç də pis dəyməyən,
əksinə, olduqca cazibədar görünən bu istək,
təəssüf ki, sadəcə romantik bir gözləntidir.
Həqiqət isə heç də bu deyil. Həyatın ritmi
qarışqa ritmidir - yavaş, kiçik, ardıcıl.
Qarışqanın addımları kimi kiçik
addımların yaratdığı xırda dəyişikliklər
heç də gözə görünmür. Amma
qarışqa heç vaxt addım atmaqdan vaz keçmir. Bir
qarışqa bir illik qida deposu yarada bilməz, amma yüz
qarışqa birgə bundan artığını da
bacarır. Bir dəfə edilən yaxşılıq
insanı dəyişməz, amma bu təkrarlandıqca insanda səxavət
duyğusu formalaşar. Cəmi bir kitab oxumaqla insanın
düşüncəsində, taleyində elə bir
köklü dəyişiklik olmaz, amma yüz kitab oxumuş
insanın beyni bütün yolları dəyişə bilər.
İnsan həyatının böyük inqilabları, əslində
səssiz-səmirsiz, gündəlik kiçik addımların
yığılmış gücüdür.
Bu, qarışqa yolu teoriyasının ilk qanunudur:
"Kiçik addımlar görünmür, amma onlarsız
heç bir böyük nəticə mümkün deyil".
lll
Biz çox zaman filmlərdə
gördüyümüz "ani dönüş nöqtələrini"
həyatda idealizə edirik. Bir an gəlir və hər şey
dəyişir. Amma həqiqi dönüş nöqtəsi hələ
çox əvvəl balaca bir qərarda, balaca bir sözdə,
balaca bir cəsarətdə doğulmuş olur. Ən
böyük talelər ən kiçik qərarların
içində gizlidir.
Əslində, çox zaman hiss etmirik, amma həyatın
böyük dönüş nöqtələri həm də
çox kiçik titrəyişlərdən doğur.
Qarışqa yolu teoriyası deyir ki, taleyi dəyişdirmək
üçün böyük bir sıçrayışa, ya
da möcüzəyə gərək yoxdur, kiçik, amma
ardıcıl addımlar bizim ən böyük
silahımızdır.
Hətta bəzən insanın bütün həyatını
dəyişən hərəkət sadəcə 30 saniyəlik
bir qərarın içində olur. Amma nəzərə almaq
lazımdır ki, o 30 saniyəlik qərar illərlə
formalaşıb, insanın təkrarladığı vərdişlərdən,
düşüncələrdən, qorxulardan süzülüb
gəlib.
lll
Qarışqalar haqqında çox araşdırma
aparılıb. İnternet resursları bu kimi
araşdırmalarla zəngindir. Həmin
araşdırmaları oxuduqca görürsən ki, onların
həyat prinsipləri bizim üçün də inanılmaz
dərslər verir. Onların davranış mexanizmi "balaca
addım - böyük nəticə" prinsipinin canlı
sübutudur.
Qarışqalar heç vaxt tək hərəkət
etmirlər. Çünki tək qarışqa zəifdir, amma
birlikdə onlar çox böyük gücə sahibdirlər.
İnsan da ilk addımında çətinlik çəkə
bilər, amma kiçik addımlar bir-birini tamamladıqca
güc yaranır.
Qarışqalar səhv edəndə geri dönüb
yeni yol çəkirlər. Onların yol axtarışı
ardıcıl sınaqdır. Bir yol bağlananda yeni yol çəkilir.
Həyatda da kiçik düzəlişlər, kiçik cəhdlər,
kiçik təcrübələr böyük alternativlər
yaradır.
Qarışqalar davamlıdır, amma təlaşlı
deyil. Qarışqanı heç vaxt tələsən
görməzsən. Addım-addım, sakit-sakit, amma aramsız
hərəkət edirlər. Bu, həyat üçün
mükəmməl dərsdir: sakit irəlilə, amma heç
vaxt dayanma.
Qarışqalar həm özlərini, həm
başqalarını daşıyır. Yükü çox
olan qarışqa digərləri tərəfindən dəstəklənir.
İnsan üçün də psixoloji dəstəyin,
dostluğun, ruhən paylaşmağın gücü burada
görünür.
Qarışqa yolu kiçik addımların kollektiv
qüvvəsini göstərir. İnsan da öz həyatının
kollektiv yaradıcısıdır.
lll
Beyin böyük dəyişiklikləri sevmir. O,
radikal sıçrayışlardan qorxur, çünki təhlükə
görür. Amma xırda dəyişiklikləri məmnuniyyətlə
qəbul edir. Bizim "kiçik addımımız" beynin
təhlükəsizlik siqnalını aktivləşdirmir.
Əksinə, beynə belə bir mesaj verir: "Bu, təhlükəsizdir.
Bu, sənə ağır deyil. Davam elə".
Bu səbəbdən psixologiyada "mikro-vərdişlər"
texnikası var. İnsan əvvəlcə 1 dəqiqəlik dəyişiklik
edir. Sonra 2 dəqiqə. Sonra 5 dəqiqə. Və bir gün
görür ki, artıq o, tamamilə başqa insandır.
Kiçik addımlar beyni, beyin davranışı,
davranış isə taleyi dəyişir. Bu zəncir çox
sadə görünə bilər, amma təsiri nəhəngdir.
Yenə də qarışqanı xatırlayaq. O da bir dəfəyə
yüz metr getmir. Bir millimetr, bir millimetr, bir millimetr... nəticədə
yüz metr...
İnsan çox zaman dəyişmək
üçün böyük bir hadisə gözləyir. Məsələn,
yeni il, yeni ay, yeni yaş, hansısa "kəskin an",
hansısa möcüzə və sair. Amma nəticə dəyişmir:
insan həmin andan sonra yenə öz köhnə ritminə
qayıdır. Çünki dəyişiklik üçün
böyük ilham yox, kiçik addımlar lazımdır.
Qarışqa yolu teoriyası bunu deyir ki, həyatı dəyişdirən
ən böyük məqamlar çox zaman tamamilə adi
günlərdə baş verir. Yəni bəzən insanın
taleyini hansısa oxuduğu xəbər, yol ilə gedərkən
gördüyü bəsit bir hadisə, pəncərədən
baxarkən şahid olduğu kiçik bir nüans, kimdənsə
eşitdiyi təsadüfi bir söz dəyişə bilir.
Unutmaq olmaz ki, Böyük insan olmaq üçün
böyük həyəcan deyil, böyük səbr, inadkar
ardıcıllıq lazımdır.
Qarışqa səbirli varlıqdır. İnsan isə
çox vaxt səbirsizdir. Biz dərhal nəticə istəyirik.
Qarışqada isə hər şey əksinədir. Səbr
qarışqanın təbiətidir.
Əgər bir vərdişi yalnız yeddi gün
etdinsə, o, hələ yol deyil. Əgər bir dəyişiklik
iki həftə davam edibsə, o, hələ
cığırdır. Əgər bir addımı aylarla, illərlə
təkrar etmisənsə, bax onda o, yol olur və o yol bir
gün səni arzularına aparacaq.
İnsanların çoxu nəticəni görmədiyi
üçün dayanır. Qarışqa isə nəticəni
görmədən davam edir və sonda istəyinə nail olur.
Bu, səbrin gücüdür.
lll
Hər gün bizi taleyimizdən bir az sağa, ya sola
çəkən yüzlərlə kiçik qərar veririk.
Ən kiçik şeylər isə bəzən ən
böyük nəticələri oyadır. Həyatın gizli
nizamı da məhz budur ki, kiçik olan böyüyə xidmət
edir, böyük olan isə kiçikdən yaranır.
Qarışqa yolu da belədir. O yolu yaradan bir
qarışqa deyil, yüz qarışqadır, bir addım
yox, yüz addımdır.
Biz hər gün öz yolumuzu çəkirik. Amma həyat
bizə harada olduğumuzu göstərmir. Biz yalnız irəliləyirik
və addımlarımızın hara qədər yol
açdığını bilmirik. Bəzən aylar, illər
sonra, birdən-birə qarşımıza çıxan
böyük nəticədən çaşırıq.
Əslində o nəticənin bir günün deyil, yüzlərlə
günün, minlərlə kiçik addımın, səbr
yığınlarının məhsulu olduğunu unuduruq.
İnsanın həyat xəritəsi qarışqa yolları
ilə toxunur. Heç bir xəritə əvvəlcədən
hazır olmur, insan onu hər gün çəkir.
Çox insan dəyişiklikdən qorxur.
Çünki böyük bir sıçrayış təsəvvürü
adamı qorxudur. "Birdən bacarmaram?", "Birdən
baş tutmaz?", "Birdən yıxılaram?",
"Birdən rüsvay olaram" kimi suallar, qorxular, təlaşlar
yaxamızdan əl çəkmir. Bəli, böyük
sıçrayış, köklü dəyişiklik bizi
qorxuda, çaşdıra bilər, amma bir santimetrlik addım
bizi qorxutmaz, elə deyilmi? Axı bir santimetr də bir yoldur.
Önəmli olan atılan addımın
ölçüsü deyil, istiqamətidir.
lll
Qarışqa yolu teoriyası bizə üç
böyük həqiqət verir:
1. Taleyini dəyişmək istəyirsənsə,
balaca bir addım at. Çünki böyük dəyişikliklər
kiçik başlanğıclardan yaranır.
2. Ardıcıllıq təsadüfi cəsarətdən
daha güclüdür. Bir dəfə cəsarət etmək
çətindir, amma hər gün kiçik addım atmaq daha
böyük dəyişiklik yaradır.
3. Kiçik addımlar səssizdir, amma taleyin ən
gur səslərini onlar yaradır. Görünməz dəyişikliklər,
zamanla görünən nəticələr yaratmağa
qadirdir.
Həyat bir qarışqa yolu kimi görünməz,
amma möhkəm, yavaş, ancaq qaçılmaz, kiçik,
lakin böyük nəticələrə doğrudur.
Etiraf edək ki, insan bir ömrü bir gündə dəyişə
bilməz, amma bir gün bir ömrü dəyişdirəcək
addımın başlanğıcı ola bilər.
Qarışqanın cismi balaca, yolu isə
böyükdür. İnsanın addımı kiçik,
taleyi isə genişdir. Ona görə də bizim hansı yolu
seçdiyimizi atdığımız addım özü məyyən
edir. Biz hara gediriksə, kiçik addımlarımız bizim
yol xəritəmizi çəkir. Hər gün bir az, hər
gün bir az, hər gün bir az... Nəticədə bir
gün baxıb görəcəyik ki, qarışqa yolu bizi
tam başqa bir həyata aparıb. Arzularımızın həyatına...
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.18.