BALAŞIN MƏDİNƏSİ
Həkimlərdən
soruşmamışam ki, bu deyiş həqiqətə nə qədər
uyğundur. El dilində dolaşan sözdür ki, kimin
yumruğu nə boydadırsa, elə ürəyi də o
ölçüdədir. Balaş Azəroğluya və məsləkdaşlarına
müharibə təlatümü və siyasət
burulğanlarına bürünmüş 1940-cı illərdə
Güney Azərbaycanda, Ərdəbildə "Yumruq" qəzeti
buraxmağı zaman özü həvalə etmişdi və o
çağda elə işləri görməkçün gərək
özün boyda ürək, özün boyda yumruq olaydın.
İkinci
Dünya müharibəsinin dalğasında yaranan, Balaş Azəroğlu
demiş, "zidd-i faşist" məzmunlu olacaq
"Yumruq" qəzetinə redaktor təyin ediləndə o
və həmkarları ciddi bir müşküllə
qarşı-qarşıya qalmışdılar.
1942-ci
il idi, qəzeti ayda iki dəfə buraxmaq istəyirdilər,
ancaq bununçün yetərincə maddi imkanları yox idi.
O
dövrdə bir-birinin ardınca ictimai fəalların
yaratdığı çoxsaylı başqa təşkilatlar
kimi, öz nəşrini maliyyələşdirməli olan bu
antifaşist dərnək də (əslində bunlara elə təşkilatdan
daha çox məhz "dərnək" kəlməsi
uyğun gəlir) yenicə yaranırdı, istər Ərdəbildə,
istərsə də digər şəhərlərdəki
bölmələri də ilk addımlarını
atırdı, hələ yetərincə möhkəmlənməmişdilər,
maddi dayaqları da zəif idi.
İllər
sonra Balaş müəllimin xatırlamasınca, onu və
yoldaşlarını bu qəzet məsələsində
çox həvəsləndirən artıq ortadakı
yaxşı bir nümunənin varlığı idi. Həmin
vaxtlar Ərdəbildə azad düşüncəli,
savadı da mükəmməl, elə maddi vəziyyəti də
babat olan Həsən Cövdətin soyadı nəşrinin
adına çevrilmiş, ayda bir dəfə 4 səhifə
çıxan, camaat arasında da rəğbət
qazanmış "ruznamə"si vardı (1940-cı ilə
qədər sadə həyat yaşayan Həsən Cövdətin
ömründə 1940-cı illərin əvvəllərindən
əhəmiyyətli dəyişikliklər baş vermişdi
və o, dostlarının, rəğbət bəsləyənlərinin
təşviqi və həvəsləndirməsiylə siyasətə
qoşulmuş, 14-cü dövrə İran Milli Məclisinə
seçkilərdə iştirak etmişdi. Həsən
Cövdət demokratik qüvvələrin yanında yer alan bir
insan olduğundan İran Xalq Partiyasının da, "Kəndlilər
İttifaqı"nın da, "Zidd-i faşist" cəmiyyətinin
də fəallarına tapşırıq verilmişdi ki,
seçkilər gedişində Həsən Cövdətə
yardımçı olsunlar, kənd-kəsəkdə təbliğat-təşviqat
işi aparsınlar. Elə onlardan biri də Balaş
olmuşdu. Lakin seçkilərdə Cövdətin qalib
çıxması ehtimalının böyük olmasından
duyuq düşən hakimiyyət, seçki qutularını
oğurlamağa qədər, bütün aşkar-gizli vasitələrin
hamısından istifadə edir, nəticədə elə
"qutudan çıxan" da öz adamı olur. Ancaq hər
halda çox keçməyəcək, Həsən Cövdətin
bu istəyi gerçəkləşəcək: 1945-ci ildə,
artıq Azərbaycan Milli Məclisinə Həsən Cövdət
də Ərdəbildən nümayəndə seçiləcək).
Lakin o qəzetin tək əmması farsca olması idi və
onu hamının oxuması mümkünsüzdü. Balaş
və silahdaşlarınınsa niyyəti "Cövdət"dən
fərqli olaraq, "Yumruq"u ana dilində buraxmaqdı, həm
də oxucularla təmasları daha ardıcıl olsun deyə həcmi
kiçildib dövriliyi artlrmaq haqda, qəzeti ayda iki dəfə
2 səhifə çıxarmağı
düşünürdülər. Ancaq əlləri
aşağı idi, ona görə də ayaqlarını
yorğanlarına görə uzatmışdılar və ayda
bir dəfə 2 səhifə çıxarmaqla
başlamışdılar.
Balaş
müəllimin maqnitofon lentindən yorğun səsi gəlir.
"Yumruq" qəzetinin ilk əməkdaşlarını
yada salır.
Və
mən o adları yazmadan keçə bilmirəm. Bunlar Ərdəbildə
anadilli mətbuatın ilk qaranquşlarından olmuş
insanlardır, çoxdan unudulub gediblər, amma millət naminə
görülmüş şərəfli işdə azacıq
belə əməyi olanlar gərək hər macal düşəndə
hökmən anıla: Həsənağa Daneşcu, Teymur
Pirhaşimi, Ələkbər Səyyah, qəzetin ilk
sayının ilk məqaləsini yazmış və sonra da
imzası "Yumruq"da vaxtaşırı
görünmüş Əxlaqi...
Ya
Ələkbər Səyyah ki, gərək əsla unudulmaya,
unudulmaya nədir, hər məqamı düşüncə,
uyğun mövzulardan söhbət açılanda hökmən
xatırlana.
O,
Balaş müəllimin söyləməsincə,
çoxşaxəli qabiliyyətləri və fəaliyyətləri
olan insandı.
Həm
Təbrizdə və Ərdəbildə həvəskarların
təşkil etdiyi teatr tamaşalarında rollar
oynarmış, yaxşı kamança
çalırmış - Təbriz Filarmoniyası
açılanda xüsusi dəvət gözləmədən
kamançasını götürüb ora ilk yollanan elə
Ələkbər Səyyah olmuşdu, mahir xəttatmış
və hətta gəlib ona dükanların lövhələrini
yazmağı sifariş edərlərmiş, rəssamlığına
da söz yoxmuş - həm yağlı boya ilə qəşəng
tablolar yaradırmış, həm də qrafika
ustasıymış, "Yumruq" qəzetindəki
karikaturların dəyişməz müəllifi Ələkbər
Səyyahmış.
Balaş
müəllim bunu da deyirdi ki, bizim ovaxtkı gücümüz
məhz belə fədakar insanlarda idi. Çünki Ələkbər
Səyyah kasıbyana, bir qarın ac-bir qarın tox həyat
sürürmüş, bu qədər qabiliyyətləri ilə
ailəsini zorla dolandırırmış və son dərəcə
gözütox insanmış.
Rəvadırmı
belələrini unudasan?!
Ən
böyük inqilablar, yüksək amallar uğrunda mübarizələr
həmişə ilk növbədə belə safların
çiyinlərində gedir.
...Başlanğıcda
Balaşın da, həmkarlarının da qəzet buraxmaq təcrübəsi
yox idisə də, bir neçə aydan sonra, artıq
1943-cü ilin yazında ilk niyyətlərinə müvafiq
olaraq ayda iki dəfə çıxmağa hazır
olduqlarını duymuşdular. Di gəl, bu istəyi gerçəkləşdirməyə
mane olan ciddi bir səbəb vardı - imkansızlıq! Ona
görə də Balaş qət etmişdi ki, təşkilatın
Təbrizdəki mərkəzi qərargahına getsin, sədri
seçildiyi Ərdəbil bölməsinin və redaktoru
olduğu qəzetin adından işləri bundan sonra necə
qurmaq barədə məşvərət aparsın, maddi dəstək
istəsin.
Balaş
Təbrizə avtomobili olan yaxın dostu Artist Həsənlə
yollanmışdı. Azəroğlu yada salırdı ki,
1940-cı illərin başlanğıcında Ərdəbildən
Təbrizə aparan yol xeyli narahat idi, çala-çuxurlarla
dolu torpaq yol, hər yan qum, daş-kəsək. Maşın irəlilədikcə
arxadan toz dumanı qalxır, ətrafı bürüyür,
göz-gözü görmürmüş. Arada hiss etmişdilər
ki, ikisi də bərk yorulub, dayanaraq bir-iki saat gözlərinin
acısını almışdılar. Üstündən onillər
sovuşandan sonra Balaş müəllim həmin yolu xatirələrin
qanadında gedərkən əski əyyamlar ona yenə elə
əvvəlki kimi toz dumanı içərisində
görünürdü, yolda maşını saxlayaraq
dayandıqları bir-iki saatdakı çaparaq yuxu kimi gəlirdi.
Azəroğlu,
bu qəbildən olan bir çox insanlar həmin illərin
xatirələrini vaxtında qələmə almasaydılar,
daha həmin dumanın ardındakıları görmək bizə
heç nəsib olmaz, o dövrün bir çox hadisələrindən
bixəbər qalardıq.
Gəlib
yetişirlər Təbrizə.
Və
bu, Balaş Azəroğlunun əziz şəhərə
ikinci gəlişi idi. Hər halda burada ən azı ona məhrəm
olan bir ünvan vardı - "Vətən yolunda" qəzeti
- bir dəfə artıq orada olmuşdu.
Fikri
bu idi ki, "Yumruq"un məsələlərini həll edəndən
sonra hökmən "Vətən yolunda" qəzetinin
redaksiyasına da baş çəksin, köhnə
tanışlarla görüşsün. Hələ Ərdəbildəykən
bu qərara gəldiyindən özü ilə təzə
şeirlərini də götürmüşdü, onları
da bu ümidlə təqdim etmək istəyirdi ki, bəlkə
gələn saylarında "Vətən yolunda" da dərc
edilə.
Əvvəlcə
Həsənlə Təbrizdə antifaşit cəmiyyətinin
düzəltdiyi klub kimi fəaliyyət göstərən
"nümayişxana"ya gəlmişdilər. Bura o səbəbdən
"nümayişxana" deyirdilər ki, "Zidd-i
faşist" təşkilatı ilə bağlı olanlar
üçün həmin kluba haçan gəlsələr,
çoxlu qəzet-jurnalla tanış olmaq imkanı vardı,
yeni çıxan nəşrlərin hamısını burada
masa üzərində düzmüşdülər. Bu da
öz yerində ki, həmin "nümayişxana" həm
də müzakirələr, fikir mübadilələri
üçün münasib bir meydan idi.
Balaş
əvvəlcə həmin kluba gəlir və orada təşkilatın
məsulu Mirrəhim Vilayi ilə görüşür,
"Yumruq"un bir neçə sayını göstərir və
elə ayaqüstü dərdini açır.
Vilayi
qayıdır ki, birbaşa maddi olmasa da, qəzetinizə bir
ayrı cür kömək göstərə bilərəm,
baxıram ki, klişeniz də heç münasib deyil, dur gedək
mətbəəyə.
Orada
Mirrəhim Vilayinin xahişi ilə usta həm "Yumruq" qəzeti
üçün iki günə təzə klişe
hazırlamağı vəd edir, həm də Vilayinin təkidi
ilə mətbəədən Balaşa istifadə edilmiş,
amma hələ xeyli müddət də işlədilə biləcək
şriftlər verilir.
Mətbəədən
də durub gəlirlər təşkilatın mərkəzi qərargahına,
Azəroğlu orada sonralar neçə illərin mübarizə
yoldaşlarından birinə çevriləcək Sadıq
Padeqanla tanış olur və ayda iki dəfə
çıxmaq üçün ehtiyac duyduqları
kağız məsələsi də həllini tapır (Mirrəhim
Vilayinin, Sadıq Padeqanın adlarını təsadüfən
xatırlamıram. Üstündən lap az keçəcək,
1945-ci ilin bitəcəyində, 1946-cı ilin əvvəllərində
Təbrizdə Milli hökumət xoşbəxt günlərini
yaşamağa başlayacaq, millətin tarixində yeni bir səhifə
açılacaq. Mirrəhim Vilayi də, Sadıq Padeqan da, elə
Balaş Azəroğlu da Milli hökumətin aparıcı
qüvvələri sırasında yer alacaqlar - onlar vaxtın
balaları idilər, onları zamanın özü
yaratmışdı).
İşi
düzəlmiş Balaş indi xoş əhvalla "Vətən
yolunda" qəzetinə yollanmağa tam hazır idi. Bu
redaksiyadakı ən köhnə tanışı - Bakıda
məktəbdə ona dərs demiş Cəfər Xəndan elə
görüşüncə ondan Təbrizdə nə qədər
qalacağını xəbər alır və deyir ki, lap
vaxtında gəlmisən, buradakı "Şairlər məclisi"nin
iclası keçiriləcək, sən də iştirak edərsən.
Cümə
günü Balaş "Şairlər məclisi"nin
toplantısına qatılır, Cəfər Xəndan onu təqdim
edəndə yer-yerdən səslənirlər ki, "Azəroğlunu
qiyabi tanıyırıq, şeirlərini oxumuşuq".
Biroturuma bir yığın şairlə tanış olan
Balaş bildirir ki, bəs bizdə, Ərdəbildə də
"Şairlər məclisi" var, mütəmadi
toplaşırıq. Cəfər Xəndanın təklifi ləngimir:
"Elə isə gəlin yaxın vaxtlarda bu məclislə o
məclisin elə Ərdəbildə
görüşünü təşkil edək".
Həmin
görüş düz 1 il sonra, 1944-cü ilin baharında
baş tutacaq.
...Balaş
Azəroğlu orta təhsilli idi, ancaq onunla həmin dövrdə
ictimai-siyasi hərəkatlara qoşulanlar, aparıcı
mövqe tutanların əksərinin savadı bundan da
aşağı idi. Onlara zamanın özü universitetə
döndü.
O
sinli-cavanlı şairlər və ədəbiyyat aşiqləri
ki Təbrizdən, Ərdəbildən, Səlmasdan, Şəbüstərdən,
Güneyin digər şəhərlərindən
çıxmışdılar, o çağın qəzetlərində
dərc edilirdilər, ədəbi məclislərdə
çıxışlar edirdilər, onların bir qisminin həyatı
elə 1940-cı illərin ortalarında bitib,
hansılarısa sonralar da ədəbiyyatdakı
yollarını davam etdirib, bir qismi isə qələmdən
ayrılaraq tamam ayrı bir səmtə yönəlib.
Onların 1940-cı illər Təbrizinin, Ərdəbilinin hərarətini
artıran səsləri efir boşluqlarında əriyib-itib.
Ancaq kitaba zaval yoxdur. Həmin illərdən "Şairlər
məclisi" adlı bir neçə toplu qalıb. Bu gün
də, bütün sabahlarda da həmin yadigar toplular vərəqləndikcə
1940-cı illərin ortalarının arzulu, mübarizəli,
ümidli günləri təzədən canlanır və canlanacaq,
əksəri unudulmuş Güney şairlərinin isti nəfəsi
də, çırpınan nəbzi də bizimlə olacaq...
"Yumruq"
qəzeti indi kimin yadına düşər ki! Balaş müəllim,
onun nəslinin adamları getdi, qısa müddətdə,
tarixin fırtınalı dönəmində
çıxmış "Yumruq" da unuduldu.
O qəzetin
bir nömrəsi qalmışdı Balaş müəllimdə.
Elə o taydan bura əbədilik kimi görünən
köçünü edəndə evdən götürüb
cibinə qoyduğu əziz saxlanclardan biri həmin kiçicik
qəzet olmuşdu. Azəroğlu "Yumruq"un o təbərrük
sayını mənə göstərəndə 1990-cı illərin
ortaları idi və artıq yarım əsr idi ki, o qəzet
dünənin əks-sədası kimi şairlə birgə
idi. Bu onillər boyunca, yəqin ki, hər sətrini əzbər
bildiyi, çoxdan köhnəlmiş müharibə xəbərləri
ilə dolu bu qəzeti o qədər açıb
baxmışdı ki, səhifələr qat kəsmiş,
süzülmüşdü.
Nəşrini
1945-ci ilin mayına, faşizm üzərində qələbə
çalınanadək davam etdirmiş bu qəzetlə
bağlı yaddaşlarını söyləyərkən
Balaş müəllim bir düşüncəsini də
bölüşmüşdü.
Söyləyirdi
ki, illərdən yaxşı müəllim yoxdu, cavan
vaxtlarımda, başım inqilab havalı olan günlərdə
özümü od-alovun içərisinə atırdım.
Neçə dəfə ölüm təhlükəsi ilə
üz-üzə qalmışdım. İndi olsaydım, elə
eləməzdim. Çünki həyat insana bir dəfə
verilir. Gərək özünü təsadüflərə də
qurban etməyəsən.
Belə
deməyinə deyirdi, onun sözlərindəki səmimiyyəti
də qəbul edirdim, amma heç cürə inana bilmirdim
Danışırdı
ki, 1943-cü ildə müharibənin ən şiddətli
dövrü idi. Cəbhələrdə döyüşlər
şiddətləndikcə onların əks-sədası da
İrana, Güney Azərbaycana bir başqa cür gəlib
çatırdı. İranın içərisində
şahlıq rejiminə qarşı ciddi etiraz
günü-gündən artmağa başlayırdı,
insanlarda azadlıq eşqi coşurdu. Ancaq şah taxtında
oturmuşdu, ixtiyarında qüvvələr vardı, əhaliyə
istədiyi təzyiqi göstərə bilirdi. Gah Sərabdan,
gah Xoydan, gah Marağadan, gah Təbrizin, Ərdəbilin
ayrı-ayrı kəndlərindən, qəsəbələrindən
həyəcanlı xəbərlər gəlirdi. Soraqlar
yetişirdi ki, filan yerdə camaatın etiraz mitinqi oldu, filan
yerdə camaat toplaşıb səsini
qaldırmışdı, onları döydülər, cəzalandırdılar,
haradasa kimlərinsə öldürülməsi söhbətlərini
də eşidirdik.
Balaş
müəllim şəxsən öz başına gələni
nağıl edirdi. Deyirdi ki, mənim əlimdən də zəncir
çeynəyirdilər, "Yumruq" qəzetində dərc
edilən bir çox etirazçı, inqilab ovqatlı, kəskin
yazılar, əlbəttə ki, hökumətin
döşünə yatmırdı. Bir dəfə mitinqdə
alovlu-alovlu çıxış edirdim. Ancaq qarşımda da
Muğan bəyzadələrindən biri dayanmışdı, əlində
də tüfəngi. Görürdüm ki, mənə necə
qanlı-qanlı baxır. Ya başqa bir mitinqdə güllələr
atmışdılar. O güllələrdən biri də mənim
başımın üstündən keçmişdi.
Əlbəttə
ki, başının üstündən ötməyə də
bilərdi. An məsələsi idi, güllə onu tutardı
da, qəfilcə həyatını əlindən alardı,
sonralar bütün Azərbaycanın tanıyacağı
şair Balaş Azəroğlu da olmazdı. Onu elə həmin
"Şairlər məclisi" toplularında adları
keçmiş, tək-tək şeirləri dərc edilmiş
güneyli şəhid söz adamlarından biri olaraq nadir təsdaüflərdə,
yalnız bu dövr haqqında araşdırmalar dərin
aparılarkən yada salardılar.
(Balaş
Azəroğlu 1966-cı ildə ağır tibbi əməliyyatdan
sonra qalxıb onu müşayiət edən həkimlə birgə
ilk addımlarını atanda "Həyata
qayıtmışam" adlı bir şeir
yazmışdı. Amma Ərdəbildə bəyzadələrin
atdığı güllə ondan yan keçəndən sonra
da dünyaya təzədən gəlməsinə işarə
ilə "Mənim təvəllüd günüm"
adlı şeiri də olmuşdu.)
Məhz
belə-belə ani gələ biləcək ölümlər
haqqında düşünürkən artıq ixtiyar
çağlarında Balaş müəllim etiraf edirdi ki,
indiki ağlım olsaydı, əsla o təhər
çılğın ehtiyatsızlıqlar etməzdim.
Belə
deməyinə deyirdi, ancaq bu, inqilab yolunu tutmuş insanın
taleyi idi axı! Sənin içərin millət diləklərinin
ifadəçisinə çevriləndən sonra başqa
cür olmağın mümkünsüzləşir. Balaş
Azəroğlu olsun, ya onun ayrı məsləkdaşları.
Sonrakı düşüncəylə, artıq ömrün gələcəkdəki
illərinin hündürlüyündən baxarkən bəlkə
də dildə belə söyləmək olur. Ancaq məndə
bu inam da var, elə bunu o vaxt Balaş müəllimin
özünə də demişdim ki, siz, ya sizin kimi olmuş
başqa mübarizə yoldaşlarınızı hansı
möcüzəyləsə həmin dövrlərə
qaytarmaq mümkün olsaydı, yenə indiki
ağlınızla olan kimi yox, elə o vaxtlar etdiyiniz kimi
davranardınız.
Çünki
onlar həmin təlatümlü illərdə o alovlu hisslərlə
yaşamasaydılar, ağına-bozuna baxmadan həmişə
mübarizələrin ön cərgəsinə can
atmasaydılar, ayrı adam olardılar. Balaş Abizadə də
nə "Azəroğlu" olardı, nə misraları Vətən
sevgisi və mərdanəlik saçan solmaz şeirlərini
yarada bilərdi, nə də başqalarının da içərisinə
qığılcım atan inam və qətiyyətlə belə
söyləyə bilərdi:
Dağlar,
qayalar yıxan,
Coşub-daşan
bir selin
Kəsilməyən
səsiyəm.
Azadlıqçın
döyüşən
Bir
torpağın, bir elin
Bölünməz
zərrəsiyəm.
...Onlar
dünyadakı saysız cütlüklər kimi sadəcə ər-arvad
olmadılar. Mədinə ilə Balaş bir-birinə həm
mübarizə yoldaşı, həm könül dostu, həm
də qələm sirdaşı idilər.
Qələm
yoldaşı deyil, məhz sirdaşı. Çünki
Balaşın yazdıqlarının ilk oxucusu Mədinə
xanım, Mədinə xanımın qələm təcrübələrinin
birinci məhrəm münsifi Azəroğlu idi.
1983-cü
ildə Bakıda, "Yazıçı" nəşriyyatında
Mədinə Gülgünün şeirlər və poemalardan
ibarət "Ömrün payız dayanacağı"
kitabı işıq üzü gördü. O ilin iyununda Mədinə
xanım 21-ci dəfə xoşbəxt idi. Yəni o günəcən
özünü xoşbəxtlərin xoşbəxti hiss etdiyi
başqa günlər də olmuşdu. Bunlar ən çox ailə
ilə, uşaqlarla bağlı idi. Ancaq bu 21 xoşbəxtliyin
dadı büsbütün başqa idi və onu hər kəs
hiss etməz. Bu 21 bəxtiyarlıq onun dünyaya gələn
hər yeni övladı kimi əziz, sevimli, doyulmaz olan 21
kitabı idi.
Və
bu 21-ci övladı - 21-ci kitabı əvvəlkilərin və
sonra çıxacaqların hamısından fərqləndirən
bir cəhət vardı. O biri kitabların bir neçəsində
önsözlər vardı. Birini Bəkir Nəbiyev
yazmışdı, birini Nəriman Həsənzadə, birini
Mirvarid Dilbazi, digərini Bəxtiyar Vahabzadə... Yüzlərlə
başqa bu cür şeir və nəsr kitablarına
yazılan xatirə və təhlil qarışıq
yığcam müqəddimələr kimi önsözlər.
Bu 21-ci kitaba Mədinə Gülgün başlanğıc
sözü özü yazmışdı.
Və
bu onun qısa ömür hekayəti, şeirlə, qələmlə
sevdasının tarixçəsi idi.
Bu
bir hekayət idi ki, sətirlərində Mədinə
Gülgün şeirlərindəkilərdən də daha
çox özü idi.
"Ata-anamın
ilki idim, kiçik ailəmizdə məndən sonra altı
uşaq da dünyaya göz açmışdı. Gəlin
anamın beşik başında əyləşib öz
körpələrinə şirin layla deməsini indi də
xatırlayıram. Onun laylalı, bayatılı səsi qəlbimə,
yaddaşıma hopmuşdur. Mən çox-çox uzaqda qalan
o illərin - analı dünyamın şirinliyini, kövrəkliyini,
istiliyini indi də qəlbimdə duyuram. Minnətdaram
anamın şirin-şəkər, gül ətirli
laylalarına.
Hələ
otuz altı-otuz yeddi il bundan qabaq əlimə qələm
alıb şeir yazmaq həvəsinə düşəndə
məhz bu laylalar ilhamıma qanad vermişdir".
Balaş
müəllim danışırdı ki, Mədinə xanım
hər təzə yazısını bitirəndən sonra əgər
həmin dəqiqələrdə evdə olmasam, mənə zəng
çalardı. Əvvəl soruşardı ki, otaqda təksənmi,
dinləmək imkanın varmı? Hətta desəydim ki, tək
deyiləm, amma danışa bilirəm, söhbəti davam
etdirməzdi, "Yox, tək olanda özün zəng vur".
Ədəbiyyat
İnstitutunda, iş otağında yalqız qalanda Azəroğlu
tanış nömrələri yığarmış, dəstəyin
o başından tanış, doğma səs gələrmiş
və Mədinə xanım başlayarmış yeni
şeirini oxumağa. Şeiri oxuyub bitirərmiş, sonra da istəyərmiş
ki, Balaş fikrini, həm də təkid edərmiş ki,
düzünü desin, nəyi bəyənib, nədən
razı qalmadığını açıq söyləsin.
Balaş da Mədinəsinin xasiyyətini yaxşı bildiyindən
heç nəyi gizlətməzmiş, ürəyindən nə
keçir, açıqca söylərmiş. Mədinə səbirlə
dinləyər, ağlına batanı qəbul edər, nələrləsə
razılaşma, misrasının, ya bəndinin məhz bu
yazılışda gözəl olmasını əsaslandırmağa
çalışarmış.
Balaş
müəllim dəqiqləşdirirdi: "Mədinə mənə
bütün yazılarını oxuyurdu. İstisnasız,
hamısını. Mənə oxumasa, bir yazısını da
üzə çıxarmazdı".
O
minvalla, deməli, Mədinə xanım bu müqəddiməni
də Balaş müəllimçün oxuyubmuş. Balaş
müəllim də qulaq asdıqca, xəttin obiri
başında, Ədəbiyyat İnstitutunda təkcə əyləşdiyi
iş otağında, əməkdaşların təqribən
hamısının dağılmış olduğu axşam
saatında, təsəvvür edirəm ki, necə
duyğulanıbmış, dinləyə-dinləyə
neçə dəfə qəhərini udubmuş. Axı
adı çəkilməsə də, həmin sətirlərdə
o özü də vardı, telefondan birbaşa ürəyinə
axan doğma səsdə bir az aralıda, bir az yaxında onun
da surəti sayrışırdı.
"1945-ci
ildə Təbrizdə "Vətən yolunda", "Yeni
Şərq" qəzetlərində ilk dəfə nəşr
olunan şeirlərimə görə məhz bu qəzetlərin
qayğıkeş əməkdaşlarına minnətdaram.
1945-ci
il dekabrın 12-də baş verən 21 Azər hərəkatı
Cənubi Azərbaycan xalqının həyatında parlaq səhifə
açdı.
...Qadağan
olunan ana dilimiz günəş işığına
çıxdı. Musiqi, mədəniyyət ocaqlarımız
yarandı, ana dilində məktəblər
açıldı, dərsliklər çap olundu. Şəhərlərdə
fabriklər, zavodlar milliləşdi. Kəndlərdə torpaqlar
kəndlilər arasında bölündü. Milli
teatrımız oldu.
...Sadaladığım
bu xoşbəxtlik və nailiyyətlərə
qovuşmaqçün gedən milli mübarizədə
iştirak etmək səadəti mənə də nəsib
oldu. Bu, mənim həyatımda - tərcüme-yi halımda
iftixar etdiyim əlamətdar hadisələrin birincisidir. Mən
də xalqımla birlikdə arzularıma
qovuşmuşdum".
Əslində
Balaşı Mədinəyə, Mədinəni Balaşa
ürcah edən də elə həmin milli hərəkat oldu.
Ancaq
Mədinəylə qovuşanadək Balaşın bir evliliyi
olmuşdu. Balaş müəllim sabitqədəm, etibarlı
adam idi və ata-anasının məsləhəti ilə ailə
həyatı qurduğu da yad deyildi - doğmaca dayısı
Əmənin qızı idi.
1944-cü
ildə toyları çalınmışdı və
vaxtın gedişi, hadisələrin axarı bu cür ləngərli
olmasaydı, yəqin, elə axıracan birgə
qalacaqdılar.
1945-də
Balaşın bircə il doyunca görə biləcəyi,
sonra 45 il ayrı düşəcəyi və bir də
artıq ahıl qadın olduğu çağlarda
qucaqlayıb ağlayacağı Solmazı doğulmuşdu.
Elə
o kövrək bayatı deyən kimi olmuşdu:
Mən
səndən ayrılmazdım,
Zülm
ilə ayırdılar...
Balaş
müəllim danışırdı ki, Milli hökumət
devriləndən sonra bu taya pənah gətirməli
olduqları ilk aylarda hələ ümidlərini üzməyiblərmiş,
özlərini inandırmağa
çalışırlarmış ki, heç ola bilməz bu
boyda iş belə anidən zavala uğraya,
qayıdacağıq, yenə yolumuzu davam etdirəcəyik.
Ancaq o taydan yetişən dəhşətli xəbərlər,
həbslər, qətllər, sürgünlər haqda soraqlar
çatdıqca, beynəlxalq gedişatı diqqətlə izlədikcə
başqaları olmasa da, hər halda Balaş acı gerçəkliklə
daxilən barışmağa məcbur olmuşdu,
qayıdışın uzun çəkəcəyi, bəlkə
heç ola bilməyəcəyi qənaətinə gəlmişdi.
unu
da özü mənə söyləyirdi ki, ilk vaxtlar
özüm kimi başqa cənublu siyasi pənahəndələrlə
çox söhbətlərimiz, müzakirələrimiz,
qızğın mübahisələrimiz olurdu, bəzi - hələ
içərisinin atəşi sönməmiş köhnə
fədailərimiz reallıqla heç vəchlə
barışa bilməyərək təkidlə söyləyirlərmiş
ki, yox, mütləq tezliklə qayıdacağıq.
Balaşsa
vəziyyətə soyuq ağılla, ayıq baxmağı
bacarırdı və bir müddət sonra İrana, atası
Allahbaxışa xəbər ötürə bilir ki, ola
bilsin, bu xəmir çox su apardı, heç qayıda bilmədim,
qız məni gözləməsin, talağını verirəm,
cavan adamdır, ailə həyatı da qura bilər.
Allahbaxış
da xanımı ilə birgə getmişdi qızın
atasının yanına, oğlunun sözünü
çatdırmışdı və bircə xahişi
olmuşdu ki, körpəni verin biz saxlayaq, Balaşın
yadigarıdır...
Mədinə
iləsə Balaş tarixi bir gündə tanış
olmuşdu - Təbrizdə, 1945-ci ilin 12 dekabrında - azər
ayının 21-də, o gün ki, müqəddərat həll
olunurdu, Milli Məclis çağırılmışdı.
Aradakı
fasilələrdən birində Azəroğluya yaxınlaşırlar
ki, rəyasət heyətinin otağında ağa-yi Pişəvəri
sizi gözləyir.
Balaşla
mehriban görüşən Pişəvəri onu yanında əyləşdirərək
deyir ki, səni bir nəfərlə tanış etmək istəyirəm.
Sonra
da üz tutur yaxınlıqda oturmuş xanıma: "Bu
qız Mədinə Ələkbərzadədir, səni
görmək istəyirdi, mən də ona söz vermişdim
sizi tanış edəcəyəm".
Mədinə
təklif edir ki, lojada yanaşı otursunlar və ikilikdəki
ilk təmasları belə başlanır.
İclaslar
davam edirdi, ertəsi gün yenə görüşürlər
və Mədinə Balaşa deyir ki, sizin söhbətinizi evdə
açmışdım, Ərdəbil şairi olduğunuzu
söyləmişdim, nənəm də rica eləmişdi bizə
gələsiniz, sizinlə Ərdəbil söhbətləri
etmək niyyətindədir, anam da sizin adınıza Bakı
yeməyi bişirəcəyini vəd edib.
Balaş
gəlir Mədinəgilə, elə hal-əhvaldan sonra
Gövhər nənə Balaşın Ərdəbilin
özündən, ya kəndindən olmasını xəbər
alır.
Balaşgilin
Təbriz yolunun üstündəki Hacı Səlim
qışlağından, ana tərəfinin Sumadan olduğunu
bilincə Gövhər nənə başlayır cavan
şairin babaları ilə maraqlanmağa.
Balaşın
ata babasının Abı, ana babasının Haşım
olduğunu eşidincə xanım diksinən kimi olur, tez
soruşur ki, nənənin adı Xavərdirmi?
Balaş
təsdiq edincə Gövhər nənə sevincək dillənir
ki, biz qohummuşuq ki; belə çıxır, sən Mədinə
ilə əminəvəsisən, çünki bizim qız da
sənin babanın əmisi oğlu Əmənullanın nəvəsidir.
O
çağlarda yetərincə fəal gənclərdən
olan Mədinə həm "Azərbaycan" qəzetinin
xüsusi müxbiri, həm də Təbrizdəki
"Qadınlar klubu"nun sədri imiş. Balaşla
qohumluğundan agah olunca ona daha artıq səmimiyyət
göstərir, Azəroğlunun Təbrizdə
qaldığı günlərdə hər səhər ona
baş çəkər, birgə şəhərə
çıxar, bələdçilik edərmiş.
1946-cı
ilin iyununda Mədinə ilə yenə görüşürlər
- Təbrizdən Təqi Şahinin imzası ilə (bu nurlu
insan və dəyərli tarixçi alimlə 1970-1980-ci illərdə
neçə müddət Şərqşünaslıq
İnstitutunda birgə işlədik, onun Təbrizin istiqlal
havalı günləri ilə bağlı çox xatirələrini
dinlədim) Azəroğlunu baş vəzirliyə dəvət
edən teleqram gəlmişdi, Balaş ehtimal edir ki, onu nəsə
vəzifə təklif etmək məqsədi ilə
çağırırlar. Çünki Pişəvəri
daha əvvəllər özü ona "sənin kimi kadrlara
indi ehtiyac var" söyləmişdi. İş elə gətirir
ki, həmin günlərdə "Azərbaycan
Yazıçı və Şairlər Cəmiyyəti"nin
açılış mərasimi keçirilir və Balaş
yazıçıların yığıncağında Mədinə
Gülgünlə təzədən rastlaşır, bu dəfə
artıq köhnə tanışlar və qohumlar kimi
görüşürlər.
Balaş
oradan Tehrana, İran yazıçılarının
qurultayına nümayəndə kimi gedib təzədən Təbrizə
qayıdandan sonra bəlli olur ki, yaxın günlərdə
bura köçməli olacaq.
Baş
nazir Seyid Cəfər Pişəvəri Azəroğluya əvvəlcə
maarif nazirinin müavini işləməyi, nazir Biriyaya kömək
göstərməsini təklif edir. Balaş tərəddüd
edir ki, mən özümü o işə kifayət qədər
hazır hesab etmirəm. Belə olanda Pişəvəri Azəroğluya
yenicə fəaliyyətə başlamış Mirqasım
Çeşmazərin sədr olduğu Təbriz radiosunda
müavinliyi tövsiyə edir.
Balaş
razılaşır, bu xəbəri Mədinəyə də
söyləyir və Mədinə də qayıdır ki, onda
Ərdəbildə çox ləngimə, yoldaşını
da, qızını da gətir, kirayə qalmağa münasib
mənzil tapana qədər bizdə qalarsınız,
üç otağımız var, biri sizin.
...1947-ci
il aprelin 15-i idi, axşam qaranlığı təzəcə
qatışırdı, avtomobil Balaşı həbsdən,
sürgündən, dar ağacından, güllələnmədən
qurtarıb nicata, amma həm də bitməz həsrətlərə
doğru aparırdı və illər sonra xəyalən həmin
günə, həmin dəqiqələrə qayıdarkən
Azəroğlu olmuşları belə xatırlayacaq:
"Maşınımız Təbrizdən Şimala hərəkət
edəndə içimdə ilk dəfə
ayrılığın kədərini duydum. Bu kədər
haradan gəldi? Niyə birdən qəlbimə dolub onu
sıxmağa başladı? Ölümün pəncəsindən,
zindanın işgəncələrindən yaxa qurtarıb
getdiyim zaman bu nə kədərlənmək idi? Bəlkə
bu kədər ayrıldığım ailəmin, qoyub getdiyim
Təbrizin, itirdiyim azadlığın, şəhid olmuş
dostlarımın, gələcəkdə xatirəyə
dönəcək və xatırlandıqca mənə əzab
verəcək günlərin ilk əlaməti idi? Bəlkə
26 yaşında olan bir gəncin sonu olmayan tale səfərinin
ilk qaranquşu idi bu kədər?"
Təbrizdən
ayrılmasından 3 gün ötəndə Balaş Mərdəkanda,
hər halda dərdini xeyli azaldan bir əhatədə, köhnə
mübarizə yoldaşları ilə birgə idi. Onu daha
çox sevindirənsə bu olur ki, yenə Mədinə ilə
üzbəüz qalır.
Sən
demə, onun buraya yetişməsi xəbərini alınca
Bakıya digər siyasi mühacirlərdən daha əvvəl
təşrif gətirmiş, artıq oturuşmuş Mədinə
Gülgün Azəroğlunun gəlişini Səməd
Vurğuna çatdırıbmış, o da
tapşırıbmış ki, şairi Yazıçılar
İttifaqına gətir. Mədinə də vaxt itirmədən
şəhərdən Mərdəkana, "Yaşıl
bağ"a yollanıbmış ki, Balaşı özü
ilə aparsın...
"İnsan
cövrə tabedir" deyiblər və o sahildən bu sahilə
gələnlər asta-asta yeni şəraitə və
günün şərtlərinə uyğunlaşmağa
başlayırdılar. İnsafən, onların üzünə
də hər qapını açırdılar.
"Mədinə
çox mərd, xeyirxah, kövrək ürəkli, insanlara
çox tez uyuşan, xoşsöhbət,
yaxşılıqdan zövq alan bir qız idi. Mən hələ
Təbrizdə onunla ilk tanışlığımdan bunları
hiss etmişdim. Ona qarşı qəlbimdə oyanan ilk hisslər
Mədinənin bu keyfiyyətlərindən doğmuşdu və
məni ona bir qohumluq münasibətindən də çox
bağlamışdı. Hələ Təbrizdə ikən
ürəyimdən keçirdi ki, kaş adamın belə bir
həyat yoldaşı ola. Dünyagörüşümüz,
həyata münasibətimiz bir-birini tamamlayır. Ancaq bu, qəlbimin
dərinliyində bir arzu idi, bəlkə də mənimlə
qəbrə qədər gedəcəkdi. Məni evləndirən
atamı, anamı qınaya da bilməzdim, çünki mən
onların yeganə övladı idim, oğul toyu, nəvə
görmək istəyirdilər. Aramızda pərdə
olduğu üçün onlara deyə bilməzdim ki, mən
savadlı, bilikli, dünyagörüşümüz uyğun
gələn bir qız ilə evlənəcəyəm.
Özü də Ərdəbil kimi bir yerdə.
Mədinəyə
dostluq məhəbbətim vardı və bəlkə də
bu, uzun illər belə qalacaqdı".
Ancaq
qalmır. Bir gün Pedaqoji İnstitutda Cənubi Azərbaycan
şairləri ilə görüş varmış. Bu xəbəri
Balaşa elə həmin institutda işləyən Mədinə
çatdırıbmış.
Görüş
başlanır, zal ağzınacan doluymuş, Mikayıl Rəfili
hamını heyran qoyan parlaq bir məruzə edir, sonra müəllimlər
danışırlar, tələbələr güneyli
şairlərin seçmə şeirlərindən oxuyurlar.
Görüş
bitmişdi, Mədinəylə Balaş oradan yataqxanayadək
piyada gəlmişdilər, yol boyu xeyli susandan sonra Balaş
çətinliklə də olsa, hər kəlmə
arasında fasilələr verə-verə çoxdan ürəyində
gizli saxladığı istəyini dilə gətirmişdi.
Yüngülləşən kimi olmuşdu, amma onun ürəkaçmasından
sonra Mədinə yataqxanaya çatanacan dinməmişdi,
yataqxanada Balaşla birgə oturub kirimişcə şam
etmişdilər, Mədinə yenə kəlmə kəsməmişdi,
yalnız dəhlizdə rəfiqələrindən biri ilə
rastlaşandan sonra çiçəyi
çırtlayıbmış kimi, gülə-gülə
onunla şux danışmışdı.
Balaş
elə həyəcanlanıbmış ki, o axşam
ağzından qan açılıbmış, gecənin bir
aləmində ardınca "Təcili yardım" gəlibmiş
və onu xəstəxanaya yerləşdiriblərmiş. Ertəsi
gün Mədinə onu yoluxmağa gələndə
günahkar kimi dillənibmiş ki, dünəndən
özümü danlayıram, bizim söhbətdən sonra xəstələndin.
Və
o da ürəyini açır.
1952-ci
ildə qovuşdular və 1991-ci ilin fevralınadək,
ölüm Mədinə xanımı alıb aparanadək
"can" deyib, "can" eşitdilər, bir-biriylə nəfəs
aldılar.
Balaş
müəllim bunu da etiraf edirdi ki, Mədinə köçəndən
sonra neçə həftələr evdən
çıxmadım, özümdən ixtiyarsız səhərdən-axşamacan
ağlayırdım, elə zənn edirdim ki, həyat mənimçün
bitib...
Nə
yaxşı ki, ürəyimiz birgə vurdu,
Nə
yaxşı ki, el dərdini qoşa çəkdik.
Nə
yaxşı ki, yer üzündə sevgi vardı,
Bu
sevgisiz biz xəyala dönəcəkdik.
Bu
misralar Mədinə Gülgünün 1975-ci ildə, ilk
görüşlərindən 30 il keçərkən
könül hayanı Balaş Azəroğluya həsr etdiyi
"Torpaq üstdə qoşa qalır izlərimiz"
şeirindəndir.
Bu sətirlərisə
Balaş Azəroğlu 1957-ci ildə yazmışdı:
Mən
səni unutmaram, məktub yazsan, yazmasan.
Axı
hər vaxt, hər zaman
Mən
səni düşünmüşəm, sən də məni
anmısan,
Ağır
gündə, çətində arxamda dayanmısan.
Bu həyat
yollarını birgə vurmuşuq başa,
Yaşayacağıq
qoşa.
Mən
heç kədərlənmirəm, ömür keçir,
gün keçir...
Şəklin
başım üstədir.
Bu
şeir yazılanda onların birgəlik yolu təzəcə
başlayırdı, qarşıda yaşanası bütöv
ömür vardı.
Balaş
Azəroğlu bu şeirdən sonra da Mədinə xanıma həm
sağlığında, həm həyatda olmadığı
çağlarda çox şeirlər həsr etdi.
Və
sevgilisinin, bu dünyada elə müqəddəs Məkkə-Mədinə
kimi uca bildiyi əziz Mədinəsinin şəkli həmişə
başının üstündən əvvəl ürəyinin
içində oldu.
Mədinəsinin
şəklini ürəyində yaşaya bildiyi qədər
yaşatdı...
26
noyabr 2025
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.16-17;21.